Məhkəmə qərarları › İş №2-1(103)-597/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-597/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-597/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 30 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir.

2. İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (reyestr nömrəsi; **********33-05101-093001 qeydiyyat nömrəsi; **********) sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsinə və yeni inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrindən çıxariş, texniki pasport verilməsinə etiraz etmir

3. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 3D bir hissəsində yerləşən 0,0018 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mənzilin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və mənzilin yerləşdiyi torpaq sahəsinə və yeni inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahədən kənarda, dıgər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun adına olan ******* saylı çıxarışın ləğv olunması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən yeni tikilmiş yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanımaqla həmin evə yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən fərdi yaşayış evinə ******* saylı çıxarış verilmişdir. O və ailə üzvləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də pasport qeydiyyatında olmaqla yaşayırdılar və hazırda da yaşayırlar. Lakin il yarım bundan qabaq o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən evi sökərək yenidən evi tikdirmişdir. Belə ki, ailə böyükdür, ona görə də evi böyütmək məqsədi ilə söküb yenidən tikdirmişdir. O, bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən xx.xx.2020-ci il tarixli 30 saylı sərəncam da almışdır və həmin sərəncama əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. Həmçinin mənzilin yenidən qurulma layihəsi təsdiq edilmişdir. Mənzilin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi də vardır. Bundan əlavə cavabdeh tərəfdən bildirmişlər ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahədən kənarda, digər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Qeyd edir ki, inşa etdirdiyi ev heç bir qonşunun ərazisinə düşmür.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən mənzil sökülmüşdür. Mənzilin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bundan əlavə, mənzilin yerləşdiyi torpaq sahəsinə və yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahədən kənarda, **********36-10301 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlak ilə üst-üstə düşür.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti fərdi yaşayış evinin yerləşdiyi yerdə daha əvvəl iddiaçının adına mənzilinin qeydiyyatdan keçmiş olması, həmin mənzilin sökülərək yerində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas ola bilməz. Yenidən qurulma ilə bağlı icra hakimiyyətinin razılığı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Çünki evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hüququmüəyyənedici sənədi olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələbləri ödənilmir.

11. İddiaçının istinad etdiyi Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 30 saylı sərəncamına münasibətdə məhkəmə qeyd edir ki, həmin sərəncamda evin yenidən qurulmasına razılıq verilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

12. Göründüyü kimi, hazırkı işdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinin tələbləri baxımından mənzil yenidən qurulmamış, mənzil tamamilə sökülməklə yerində yeni fərdi yaşayış evi inşa edilmişdir.

13. Belə olan halda, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır

14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3294/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 30 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev ünvanında yerləşən 2 saylı mənzilin (reyestr nömrəsi; **********33-05101-093001 qeydiyyat nömrəsi; **********) sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsinə və yeni insa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport verilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzil sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hakim qərarında göstərmişdir ki, evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hüququmüəyyənedici sənədi olmadığından "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələbləri ödənilmir.Bildiririk ki, iddiaçının istinad etdiyi “1487541 savlı çıxarış” “revester nömrəsi **********33-05101-093001” olan “Texniki pasport” Bakı səhəri. Sabunçu ravonu. Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 5 yerləşən torpaq sahəsinin onun qanuni istifadəsində olmasını təsdiqləyən aktlardır, habelə həmin sənədlər ləğv edilmədiyindən və etibarsız sayılmadığından, mötəbər sübut kimi qiymətləndirilir Bu halda. Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Həmçinin iddiaçı torpağa deyil evə dair yeni çıxarış almaq istəyir. Hakim qərarında qevd edir ki, yenidənqurma ilə bağlı iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir.Bu tamamilə yanlış əsaslanmadır. Belə ki, “Sabunçu Rayon İcra Hakimiyyətindən xx.xx.2020-ci il tarixli 30 saylı sərəncam” almışdır və həmin sərəncama əsasən Bakı şəhəri, Sabunçu ravonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. Həmçinin mənzilin yenidən qurulma layihəsi təsdiq edilmişdir. Mənzilin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi də vardır. Burdan da görünür ki, mənzilin yenidən qurulmasına razılıq verilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti dövlət orqanıdır və onun verdiyi sərəncam ləğv olunmamışdır və hal-hazırda da qüvvədədir.Saxta sənəd deyildir və tam qanuna müvafiq hesab edirik.Lakin hakim həmin sübutlara heç bir fikir bildirməmiş və nəzərə almamışdır. Hesab edirik ki. məhkəmənin gəldiyi nəticə tam əsassızdır və Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda evin hazırkı faktiki vəziyyətinə uyğun düzəliş edilərək reyestrdən yeni çıxarışın və hazırkı faktiki vəziyyətinə uyğun texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində yerləşən 5 saylı evin 2 saylı yaşayış evinə dair ’’Çıxarışın və texniki pasort”un olması həmin evə hüququn qeydiyyatının mövcudluğunu (“«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən əvvəlki qeydiyyat orqanı tərəfindən aparılmış qeydiyyat hüquqi qüvvəsini saxlayır) təsdiqləyir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 18. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

32. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı onun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəb küçəsi ev 5-də yerləşən yeni tikilmiş yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla həmin evə çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

33. İş materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda olmuş və mülkiyyətçinin iradəsi ilə sökülmüşdür. Cavabdeh inzibati orqanın mütəxəsissləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən daşınmaz əmlaka yerli baxış zamanı qeydiyyatdan keçmiş mənzil faktiki göstərilən ərazidə mövcud olmadığı və iddiaçının qeydiyyatdan keçmiş mənzilinin sökülməsi və torpaq sahəsində 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunması müəyyən olunmuşdur. Yəni iddiaçının 65.5 kv.m-lik sökülmüş mənzilinin yerində 531,64 kv.m-lik fərdi yaşayış evi inşa edilmişdir.

34. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları qeydə alınmış mənzilin halhazırda mövcud olmadığı (söküldüyü, yəni məhv olduğu) və həmin mənzilin yerləşdiyi topaq sahəsinə dair iddiaçının hər hansı hüquqlarının qeydə alınmadığı işin mübahisəsiz hallarına aiddir. Yəni iddiaçının 65.5 kv.m-lik sökülmüş mənzilinin və yerində inşa edilmiş 531,64 kv.m-lik daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin mövcud olmaması mübahisəsizdir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

36. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının istər əvvəllər mülkiyyət hüququnun qeydə alındığı mənzilin, istərsə də sonradan inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmadığından (buna dair hüquq müəyyənedici sənədi) hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

37. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

38. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.

39. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 30 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.

41. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

42. Lakin iş materialları ilə (səhifə 35) müəyyən olunmuşdur ki, mənzil yenidən qurulmamış, mənzil tamamilə sökülməklə yerində yeni fərdi yaşayış evi inşa edilmişdir.

43. Həmçinin iddiaçının istinad etdiyi Sabunçu Rayon İcra Hakimiyyətinin 11 fevral 2020-ci il tarixli, 30 nömrəli Sərəncam mənzilin yenidən qurulması ilə bağlı olduğu halda onun həmin inzibati akta əsaslanaraq fərdi yaşayış evi kimi mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.

44. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi yerdə daha əvvəl iddiaçının adına mənzilinin qeydiyyatdan keçmiş olması, həmin mənzilin sökülərək yerində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas ola bilməz. Yenidən qurulma ilə bağlı icra hakimiyyətinin razılığı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Çünki evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hüquq müəyyənedici sənədi olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələbləri ödənilmir.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

46. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

47. Beləliklə, mənzilin üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur.

48. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

49. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar