Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-598/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Təhsildə X2rşı “diplomun və diplom üzrə aldığı ixtisasın cavabdeh tərəfindən tanınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-112/2021 saylı 08.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Rusiya Federasiyası, Stavropol şəhərinin “X6 İnstitutu” tərəfindən 15.07.2017-ci il tarixində verilmiş 132605 ******* nömrəli bakalavr diplomu üzrə 38.03.01 İqtisadiyyat hazırlıq istiqaməti üzrə ixtisasın tanınması öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı 1912-ci ildə Rusiya Federasiyasında Ali təhsilin xüsusi təhsil müəssisəsi «X7 İnstitutu»nun “iqtisadiyyat” fakültəsinə qəbul olunmuş, ümumilikdə 5 il müdətində qiyabi təhsilalma formasında təhsil almış bitirmiş , dövlət imtahan komissiyasının 01 iyul 2017-ci il tarixli qərarı ilə ona İqtisadiyyat” üzrə ixtisas dərəcəsi üzrə “bakalavr” diplomu verilmişdir (i.v.20-36). O, diplom üzrə ixtisasın tanınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 07.01.2019-ju il tarixdə İnstitutun tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində oldundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkün olduğu əsas gətirilərək, AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və akvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n 3.7-ci bəndinə istinadən diplomun tanınması mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının sənədləri araşdırılarkən, təqdim etdiyi diplomun qeyd olunan «Qaydalarıa” uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. İddiaçı həmin ölkədə qısa müddət ərzində, (İ il - 2 gün, İİ il - 13 gün, İİİ il - 11 gün, İV il - 2 gün) olmuş, bununla da ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. İddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2021 saylı 08.07.2021-ci iltarixliqərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Cavabdehin fərziyyələri heç nəyə əsaslanmır. Ekspert qrupunun gəldiyi nəticənin sənəd formasında (rəy və ya sənəd forması) hər hansı bir sübut cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə tərəfindən də tələb olunmamışdır. Cavabdehin imtinasının hüquqi əsaslandırılması göstərilməli idi. Məhkəmə, üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının tərəfdar çıxdığı təhsil sahəsinə aid beynəlxalq Sazişlərə və Konvensiyalara diqqət yetirməmişdir. Cavabdeh əsassız olaraq diploma şübhə ilə yanaşaraq, Konvensiyanın tələblərini pozmuş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Təhsi prosesi uğurla başa çatdırılaraq təhsil müəssisəsi diplom vermişdir. Uydurma səbəblərə görə diplomun tanınmaması yolverilməzdir. Hazırda bütün iş yerlərinin tutulması müsabiqə və ya test üsulu əsasında həyata keçirilir. O, cavabdeh bütün sənədləri təqdim etmiş, hətta orada müsahibədən və imtihandan da uğurla keçmiş, ancaq imtinada göstərilir ki, guya ekspert rəyinə əsasən ixtisasın tanınması məqsədəuyğun deyil. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Muxtarova onunla razılaşmamış, ekspert rəyini məhkəməyə təqdim edərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 1912-ci ildə Rusiya Federasiyasında Ali təhsilin xüsusi təhsil müəssisəsi «X7 İnstitutu»nun “İqtisadiyyat” fakültəsinə qəbul olunmuş, 5 il müdətində oxumuş və həmin təhsil müəssisəsini bitirərək Dövlət imtahan komissiyasının 01 iyul 2017-ci il tarixli qərarı ilə ona «iqtisadiyyat” üzrə ixtisas dərəcəsi üzrə “bakalavr” diplomu verilmişdir (İşin mübahisələndirilməyən hallarıdır). İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ekspert qrupunun rəyinə istinadən iddiaçının təhsil aldığı İnstitun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu əsas gətirilərək, ekvivalentlik haqqında şəhadətnamə verilməsi məqsədəuyğun sayılmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhkəmə tərəfindən Beynəlxalq Sazişlərə və Konvensiyaya diqqət yetirilmədiyini mübahisələndirərək iddianın rədd olunması ilə razılaşmır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlıdır. Birincisi, işə əlavə olunmuş, iddiaçının sərhədkeçmə məlumatlarına əsasən müəyyyən olunur ki, onun təhsil aldığı 2012-2017-ci illərdə ayrı-ayrılıqda tədris illəri üzrə Rusiya Federasiyasında olma müddəti aşağıdakı kimi olmuşdur: 1-ci il 2 gün, 2-ci il 13 gün, 3-cü il 11 gün, 4-cü il 2 gün, 5-ci il 2 gün. Hazırkı mərhələdə cavabdehin nümayəndəsi tərəfindən məkəməyə təqdim olunmuş, ekspert komissiyasının 14 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, iddiaçının təhsil aldığı instututn tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında qeyd olunan qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü 240 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) yerinə yetirməsi qeyri-mümkün və ali təhsil sahəsində dövlət standartlarının tələblərinə uyğunsuz hesab olunmuşdur. Ekspert tərəfindən gəlinmiş həmin nəticə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li və 24.12.2013-cu il tarixli 348 №-li qərarlarından irləi gələn göstərişləri ilə əsaslandırılmışdır Məhkəmə kollegiyası ekspertin rəyi ilə razılaşır. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinin tələbinə görə dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti 1 il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın: 3.2.2.ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bu semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, təhsil aldığı 5 il ərzində, ümumilikdə ,12 gün təhsil aldığı ölkədə olmuşdur. Halbuki, işə əlavə olunmuş diploma əlavədə fənlər üzrə 240 saat ümumtəhsil proqramının, 856 saat müllimlərlə qarşılıqlı iş həcmini mənimsənilməsi nəzərdə tutulur. İddiaçının həmin ölkədə cəmi, 30 gün, (720 saat) olduğu halda, diploma əlavədəki həmin 240 saat ümumtəhsil proqramını, o cümlədən, 856 saat müllimlərlə qarşılıqlı iş həcmini mənimsəməsinin ağlabatan olmadığı aydın görünür. Qeyd olunanlardan onu deməyə əsas verir ki, iddiaçının Rusiya Federasiyasında aldığı təhsilin məzmunu, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Göründüyü kimi, iddiaçının sözügedən Konvensiyaya istinad olunan dəlilləri əsassıdır. Məhkəmə kollegiyası iddiaçının beynəlxalq Sazişə, o cümlədən, 13 may 2003-cü il, 455-İİQ №-li Azərbaycan Respublikası Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişə istinad olunan dəlilləri ilə də razılaşmır. Belə ki, həmin Sazişin 6-cı maddəsi nəzərdə tutur ki, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respubliekasında tanınır…» Sazişin qeyd olunan maddəsindən göründüyü kimi, onu imzalayan tərəflər əyani təhsilalma formasında bakalavr diplomları üzrə ixtisasın tanınması barədə razılığa gəlmişlər. İş materiallarının 31-36-cı vərəqlərinə əlavə olunmuş təhsil müssəsisəsinin arayışlarına əsasən isə müəyyən olunur ki, iddiaçı qiyabi təhsilalma formasında təhsil almışdır. Belə olan halda, Sazişin qeyd olunan müddəsinin ona münasibətdə tətbiq olunması istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ekspert rəyinə istinadən, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 3.6 və 3.7ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından iddiaçıya imtina olunması qanunmüvafiqdir. Belə ki, «Qaydaları»ın 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, cavabdeh inzibati orqanın ekspertin mənfi rəyini əsas götürməklə,iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-112/2021 saylı 08.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2021 saylı 08.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-598/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-598/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver