Məhkəmə qərarları › İş №2-1(103)-598/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-598/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-598/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən tərtib edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların 1994-cü il tarixli mənzil verilməsi siyahısında bərpa edilməklə mükafat olaraq dövlət hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilməsini və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən cox qüsursuz xidmət etmiş iddiaçı X1 mükafat olaraq dövlət hesabına mənzil ilə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan tibb xidmət mayorudur. 1994-cü il noyabr ayında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətinə çağırılaraq 20 ildən artıq qüsursuz xidmət etmişdir. Qüsursuz xidmətə qörə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunmuş və “usta” məharət dərəcəli həkim-mütəxəssis adını almışdır. 2015-ci ildə yaşa görə ehtiyyata buraxılmışdır. Hərbi hissə komandiri Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 20 ildən artıq qüsursuz xidmətinə görə iddiaçının sənədlərini mənzil verilməsi üçün Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərmiş və 2021-ci ilədək iddiaçının adı mənzil növbəsi siyahısında olmuşdur. Lakin 2022-ci ildə iddiaçıya mənzil verilməsindən imtina olunaraq səbəb kimi hərbçi olmuş ərinin mənzil aldığından iddiaçının adının siyahıdan çıxarılması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının əri ehtiyyatda olan tibb-xidməti polkovnik-leytenantı X5 döyüş bölqəsində xidmət etmiş, 1-ci Qarabağ Müharibəsi veteranı, “usta” məharət dərəcəli həkim mütəxəssis, iki övlad atasıdır. 2018-ci ildə ona qüsursuz xidmətinə görə Məhəmmədli qəsəbəsində 2 otaqlı mənzil verilmişdir. Cavabdehin Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadən nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmaqla həyat yoldaşı ilə birgə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququndan istifadə etməsi barədə mövqeyini qanunsuz hesab edir. Bununla baglı Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin güclləndirilməsi tədbirləri barədə“ 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın normativ hüquqi aktlarda hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin olunması halı digər hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin edilməsini məhdudlaşdıran norma kimi müəyyən edilməmişdir. Həmin Fərmanın tələblərinə görə Silahlı Qüvvələrdə 20 ildən cox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət vəsaiti hesabına mükafat kimi mənzil verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsiə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi (hakim Mehriban Qarayeva) prossesual və maddi normaları səhv şərh edərək, İddiaçı hüquqlarınin pozulmasına səbəb olan və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011 -ci il tarixli Fərmanına zidd olan, qanunsuz qərar çıxartmışdır. Məhkəmə çıxartdığı qərarda, “Hərbi qulluqçuların statusu haqqında” Qanununa istinad etmiş, halbuki, bu qanun hərbi qulluqçuların hüquqlarını müəyyənəşdirir və bu hüquqlardan, yeri qəlmişkən hərbiçiləri məhrum etmək yol verilməzdir və bu məsələ mübahisələnmir. Məhkəmə müəyyən edir ki, iddiaçı qüsursuz xidmət etmiş hərbi qulluqçu statusuna malikdir, vaxtılə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Müdafiə Nazirliyi hec bir məktubunda onun hərbi qulluqçu kimi statusunu şübhə altına almamış, 20 il qusursuz xidmət etmiş şəxs kimi ona Fərmanın şamil olunmamasına dair mövqey bildirməmiş, iddiaçı vaxtılə yaşayış sahəsinə ehtiyacı olan qismində yox, 20 il qusursuz xidmət etmiş şəxs kimi uçota alınmışdır və məhkəmənin istinad etdiyi bu “Hərbi qulluqçuların statusu haqqında” Qanunun hazır ki, mübahisəyə hec bir aidiyyatı yoxdur. Məhkəmə müəyyən edir ki, Fərmanın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi tapşırılmışdır. Daha sonra müəyyən edilmişdir ki, iddiaçının əri ehtiyyatda olan tibb-xidməti polkovnik- leytenantı X5 döyüş bölqəsində xidmət etmiş, 1-ci Qarabağ Müharibəsi veteranı, “usta” məharət dərəcəli həkim mütəxəssis, iki övlad atası, 2018-ci ildə, qüsursuz xidmətinə görə, Abşeron rayonu, Məhəmmədli qəsəbəsində, “Göy-Qurşağı Məmmədli” yaşayış kompleksində, ev 6, mənzil 53 ünvanında məhz ailə tərkibinə görə, mənzil normalarına əsaslanaraq 3 otaqlı, yaşayış sahəsi 82.10 kv.m, mənzillə təmin olunmuşdur. Halbuki, Daşınmaz Əmlakın Dövət Reyestrindən çıxarışda 82.10 kv.m mənzilin yaşayış sahəsi yox, ümumi sahəsi kimi göstərilmişdir, mənzil isə 3 otaq yox, 2 otaqdan ibarət olan kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il, 459 nömrəli Qərarında, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. 4 ailə üzvündən hərəsinə 16 kv.m. düşərsə bu 64 kv.m. sahə edir. İddiaçının ərinə ayrılan mənzil 2 otaqlıdır və yaşayış sahəsi, cəmi 34 kv.m-dir. Belə olan halda, məhkəmənin hansı mənzil normalarına istinad etdiyi sual doğurur və onun mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il, 459 nömrəli Qərarının tələblərinə ziddir. Tərəflərin izahatları : Məhkəmə kolleiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı 1994-cü il noyabr ayında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətinə çağırılaraq 20 ildən artıq qüsursuz xidmət etmişdir. Qüsursuz xidmətə qörə 3-cü, 2-ci və 1ci dərəcəli medallarla təltif olunmuş və “usta” məharət dərəcəli həkim-mütəxəssis adını almışdır. 2015-ci ildə yaşa görə ehtiyyata buraxılmışdır. Hərbi hissə komandiri Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 20 ildən artıq qüsursuz xidmətinə görə iddiaçının sənədlərini mənzil verilməsi üçün Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərmiş, lakin cavabdeh tərəfindən xahişi təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İddiaçıda məhz yuxarda qeyd edilən 569 №li, xx.xx.2011-ci il tarixli Fərmana istinad edərək, 20 təqvim ili qüsursuz xidmət etdiyini və buna uyğun olaraqda dövlət hesabına mənzillə təmin edilməli olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 22/387 nömrəli məktubdan görünür ki, iddiaçı onun həyat yoldaşı ehtiyatda olan tibb-xidməti polkovnik leytenantı X5 ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar, ailə üzvlərinin sayına uyğun olaraq (İddiaçı, X6 və X4) ünvan 1 ünvanında ümumi sahəsi 82,10 m2 olan 3 otaqlı mənzillə təmin olunmuşdur. “Mülki Məcəllənin” 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yuxarda qeyd edilən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının Fərmanın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Fərmanın mahiyyətindən aydın olur ki, qeyd edilən Fərmanın qəbul edilməsinin məqsədi hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. İş materiallarından da görünür ki, iddiaçının həyat yoldaşı X5 adıçəkilən Fərmana uyğun olaraq yaşayış sahəsi ilə təmin edilmiş və bu səbəbdən Kollegiyanın qənaətinə görə sonuncunun ailə üzvü olan birgə nikahda olduğu iddiaçıda dolayı yolla bu hüquqdan istifadə etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, “....iddiaçı isə hazırki iddia tələbi ilə cavabdehə müraciət edərək, yenidən onun mənzillə təmin edilməsini tələb etməklə, yəni Fərmanın mahiyyət etibarı ilə hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinin onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsini nəzərə almadan artıq istifadə edilmiş güzəştli hüquqdan, təkrarən istifadə etməyə çalışmaqla hüquqdan sui-istifadə etmiş olur.” İddiaçı apelyasiya şikayətində Daşınmaz Əmlakın Dövət Reyestrindən çıxarışda 82.10 kv.m-in mənzilin yaşayış sahəsi yox, ümumi sahəsi kimi göstərildiyini, 4 ailə üzvündən hərəsinə 16 kv.m. düşərsə bunun 64 kv.m. sahə etdiyini, onun ərinə ayrılan mənzilin isə 2 otaqlı olduğunu və yaşayış sahəsinin cəmi 34 kv.m olduğunu qeyd etmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il, 459 nömrəli Qərarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Kollegiya bildirir ki, qərarda qeyd edilən 16 kvadratmetrin yaşayış sahəsindən yox, ümumi sahədən hesablanması nəzərdə tutulmuşdur ki, iddiaçı və ailə üzvlərinə münasibətdə də həmin tələb ödənilmiş olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar