Məhkəmə qərarları › İş №2-1(103)-599/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-599/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-599/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X10 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3742/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarından görünür ki, həmin qərarla Ləiş 203 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, kooperativin 55 üzvü olmuş, siyahıda İddiaçıağa Fərzəli oğlunun adı 6-cı sırada qeyd olunmuşdur. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 6 nömrəli orderdən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən İddiaçıağa Fərzəli oğluna Ləhiş bağlar sahəsində 203 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 433 saylı bağ ayrılmışdır. xx.xx.1991-ci il tarixli 323371 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçıağa Fərzəli oğlu xx.xx.1991-ci il tarixdə ölmüşdür. X3 Bağlar idarəsinə ünvanladığı xx.xx.1992-ci il tarixli ərizədən görünür ki, mərhum atası İddiaçıağa Fərzəli oğlu rəhmətə getdiyinə görə onun adına olan bağın öz adına keçməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 179 nömrəli orderdən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 23 mart 1992-ci il tarixli 55 saylı protokoluna əsasən Ləhiş bağlar sahəsində 203 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 433 saylı bağ X4 ayrılmışdır. İddiaçı (mərhum babanın nəvəsi) Bakı şəhəri X1 və istismarı birliyinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş mərhum atası X3 istifadəsində olmuş Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha-dan ibarət 433 nömrəli bağ sahəsinin onun istifadəsinə verilməsini xahiş etmiş, ərizənin üzərində daxili pr. 196/2 barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyətinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 2 nömrəli orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 iyul 2005-ci il tarixli 1962 saylı protokoluna əsasən İddiaçı Ləhiş bağlar sahəsində 203 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 433 saylı bağ ayrılmışdır. İddiaçı həmin 433 saylı bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin ümumi ərazidə yerləşdiyi, bir hissəsinin isə (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). Həmçinin sahənin daxilindən torpaq yol keçir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsindən ibarət 433 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 433 saylı bağ sahəsi 203 nömrəli bağ tikinti kooperativi nəzdində xx.xx.1992-ci il tarixli, 179 nömrəli order əsasında mərhum atası X4 ayrılmışdır. Daha sonra atası X3 vəfatından sonra sözügedən bağ sahəsi xx.xx.2005-ci il tarixli ərizəsi əsasında xx.xx.2005-ci il tarixli, 02 nömrəli orderlə onun adına keçirilmişdir. Qeyd edilən faktlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-30/2-R-0101- 8/**********704233 nömrəli məktubu ilə də öz təsdiqini tapır. İddiaçıya məxsus 433 saylı bağ sahəsinin yanında 432 saylı bağ sahəsi yerləşir və həmin bağ sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır. Yanaşı (qonşu) torpaq sahələri olduğu halda torpaq sahəsinin ümumi ərazidə yerləşməsi, sahənin daxilindən torpaq yol keçməsi, ümumi ərazidə hasarlanma bağlarının bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirməyin mümkün olmaması 432 saylı bağ sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydə alınması üçün mane olmur, ancaq 433 saylı bağ sahəsinin dövlət reyestrində qeydə alınması zamanı mane olur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmiş və torpaq sahəsinin bir hissəsi (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanmış ərazi daxilində göstərilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Həmçinin sahənin daxilindən torpaq yol keçir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3742/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan “433” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsindən ibarət 433 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin ümumi ərazidə yerləşdiyi, bir hissəsinin isə (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğunun məlum olması (torpaq sahəsi istifadəsində deyil), sahənin daxilindən torpaq yol keçməsi, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirməyin mümkün olmaması və təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin ümumi ərazidə yerləşdiyi, bir hissəsinin isə (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğunun məlum olması (torpaq sahəsi istifadəsində deyil), sahənin daxilindən torpaq yol keçməsi, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirməyin mümkün olmaması və təqdim edilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi” ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarından görünür ki, həmin qərarla Ləiş 203 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, kooperativin 55 üzvü olmuş, siyahıda İddiaçıağa Fərzəli oğlunun (hazırki iddiaçının babasının) adı 6-cı sırada qeyd olunmuşdur. Sonradan Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 179 nömrəli orderə əsasən həmin bağ sahəsi iddiaçının atasının adına, daha sonra isə 2 nömrəli orderə əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsindən ibarət 433 saylı bağ sahəsinə dair hüquqmüəyənedici sənədləri mövcuddur. Həmin sənədlərin İdarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil deyil. Həmçinin sözügedən bağ torpaq sahəsinin sxematik xəritəyə uyğun olmaması ilə bağlı iddiaçının hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (məs: 2-1(102)-1415/2020 saylı və 2-1(102)- 2826/2019 saylı inzibati işlər). Cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi “torpaq sahəsinin daxilindən torpaq yol keçməsi, bir hissəsinin (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanması” barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilər iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas deyildir. Qeyd olunması vacibdir ki, həm işin birinci instansiya, həm də apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, mübahisəli bağ sahəsinin qonşuluğunda eyni yerləşmə mövqeyinə malik olan torpaq sahəsi üzərində hüquq cavabdeh qurum tərəfindən qeydə alınmışdır. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********91 nömrəli Çıxarışdan məlum oldu ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3155/2908 saylı 0.2388 ha bağ sahəsi (iddiaçının bağ sahəsi ilə eyni yerləşmə mövqeyində olan bağ) X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bu hal onu deməyə əsas verir ki, cavabdeh qurumun eyni yerləşmə mövqeyinə malik bağ torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınmasından imtina edərkən “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin normaya əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı tələbinin təmin olunması qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3742/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3742/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar