Məhkəmə qərarları › İş №2-1(103)-60/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-60/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-60/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 №-li qərarı ilə 1 saylı orderə əsasən ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan, hazırda faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-319/2021 nömrəli qərarına əsasən iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən 411/2 nömrəsinin bu yerə aidiyyəti yoxdur. Bundan əlavə, qeyd olunan sahə Abşeron inzibati ərazi vahidinin sərhədləri daxilindədir. Qeyd edilən hallar məhkəmə tərəfindən keçirilmiş ekspertizada və mütəxəssis rəyində də öz əksini tapmış və məhkəmə həmin sübutlara istinad etmişdir. Lakin, məhkəmə qərarın əsaslandırma hissəsində bu hallara münasibət bildirməmişdir. Apellyasiya baxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 №-li qərarına əsasən 3 №-li Əlavəyə görə 223 №-li Zirə bağ-tikinti kooperativi üzvü kimi İddiaçı Məsur oğluna bağ sahəsi ayrılmış, 1 №-li orderə əsasən 223 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 412/1 №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. İddiaçının həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, sxematik xəritəyə əsasən 411/2 nömrəsinin iddiaçının iddia etdiyi yerə aidiyyatı olmaması əsas gətirilərək təmin edilməmişdir. İddiaçı bildirir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügedən torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 6/387 nömrəli, 21 may 1991-ci il tarixli qərarına əsasən ona ayrılmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilən hallarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan orpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7). Hazırki işdə də iddiaçıya məxsus bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin imtinasının birinci dəlili ondan ibarətdir ki, mübahisəli bağ sahəsi Bakı şəhərinin deyil, Abşeron rayonunun inzibati ərazi vahidliyindədir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3331 №-li, xx.xx.2021-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021-ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən iddia edilən torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından 411/2 bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021-ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən, təqdim olunan torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik sovxozunun Abşeron rayonu İcra Hakimiyyətinin istifadəçiliyində qalan ərazilərdə yerləşdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində İddiaçı 1 nömrəli order ilə ayrılmış 223 nömrəli BTK nəzdində olan 411/2 nömrəli bağ sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə münasibət bildirilmədiyindən bu sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021-ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki 411/2 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 2042,0 kv.m təşkil etmişdir. Hazırki apellyasiya baxışı zamanı da Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 №-li qərarı ilə 1 saylı orderə əsasən İddiaçı ayrılmış və hazırda onun faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi hansı rayonun – Bakı şəhəri Xəzər rayonu və ya Abşeron rayonun inzibati ərazisində yerləşməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/4795 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki iş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Bakı şəhəri Sovet İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarı ilə 1 saylı orderə əsasən İddiaçı ayrılmış və hazırda onun faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən tanıdılan, faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncam ilə Abşeron rayonunun idarəçiliyində saxlanmış keçmiş Zirə Südçülük-Tərəvəzçilik sovxoz ərazisinin (kənd təsərrüfatı-təyinatlı) hüdudları daxilində olaraq Bakı şəhəri (Xəzər rayonu) inzibati ərazisində yerləşir. Göründüyü kimi İddiaçı tərəfindən tanıdılan, faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsinin Bakı şəhəri (Xəzər rayonu) inzibati ərazisində yerləşdiyi ekspert rəyi ilə tam təsdiq olunur. Həmin sahənin Abşeron rayonunun idarəçiliyində saxlanması isə inzibati ərazinin dəyişdirilməsinə səbəb olmur. Bundan əlavə, 223 nömrəli “Zirə” bağ-tikinti kooperativinə aid qovluğun, o cümlədən İddiaçı tərəfindən tanıdılan, faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin digər hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumatların, həmçinin həmin torpaq sahəsinin 223 nömrəli “Zirə” bağ-tikinti kooperativinə ayrılan bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün cavabdeh inzibati orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilən 223 nömrəli “Zirə” bağ-tikinti kooperativinə aid qovluqda kooperativin üzvlərinin siyahısında İddiaçı adının olduğu müəyyən olunmuşdur. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirdi ki, İddiaçı tərəfindən tanıdılan, faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsi digər hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Həmin torpaq sahəsinin 223 nömrəli “Zirə” bağ-tikinti kooperativinə ayrılan bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini isə uyğunsuzluq olduğuna görə dəqiq müəyyən edə bilmirlər. Bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi barədə dəlillər də əsassızdır. Belə ki, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin (qərar və order) mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin qərar və order hər hansı qaydada mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Eyni zamanda, cavabdehin qeyd etdiyi kimi faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş və formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin işin araşdırılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan kollegiya hesab edir ki, iddianın təmin edilməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar