Məhkəmə qərarları › İş №2-1(103)-60/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-60/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-60/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adının qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1536/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı adnın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1901 A saylı bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və arvadı Ağakərimova (Məmmədova) Elmira Səfər qızı Bakı Məişət Kondisionerləri zaodunda işləmişlər. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 sayı qərarı ilə bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayonu, Hövsan bağ massivində yerləşir. Bundan başqa onun adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsinin “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Kondisioner” bağçılıq birliyinin işçilərinin siyahısında iddiaçı 244-cü sırada yer almışdır və həmin siyahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı ona məxsus 1901 A saylı bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış və texniki sənədlər verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubla bunu etməkdən imtina etmişdir. Hesab edirlər ki, bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1536/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1901A saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd edilən “1901a” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə İdarənin arxiv məlumatlaırna əsasən İddiaçı adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsi “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən ayrılmış bağ sahəsinin bir hissəsi ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində düşür. Tərəflərin izahatları : Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 sayı qərarı ilə bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. İddiaçı ona məxsus 1901 A saylı bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış və texniki sənədlər verilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubla müraciətdə göstərilən tələbi təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan: - “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa əsasən, “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsi ilə qərara almışdır ki, sahəsi 500 kv.m olan, 1901 A nömrəli bağ sahəsi İddiaçı adına keçirilsin. İşdə olan bağ sahəsinin yerləşmə cizgisindən görünür ki, “Kondisioner” Bağçılıq Birliyi tərəfindən bağ sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. - Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 sayı qərarından görünür ki, bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun 600 nəfər işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. - “Kondisioner” Bağçılıq Birliyinin sədri tərəfindən təsdiq edilmiş bağçılıq üzvlərinin siyahısından görünür ki, həmin siyahıda İddiaçı adı 244-cü sırada qeyd edilmişdir. -Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış **********59 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının nümayəndəsinə bildirilmişdir ki, qeyd edilən “1901A” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsinin “Kondisioner” Bağçılıq-Yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Üzvlük kitabçasının surətindən görünür ki, bağçılıq cəmiyyətinin xx.xx.1987-ci il tarixli, 09 nömrəli protokoluna əsasən İddiaçı “Kondisioner” Bağçılıq-Cəmiyyətinə üzv qəbul edilmişdir. Ona bağçılıq birliyinin bağından sahəsi 500 kv.m olan “1901A” saylı bağ sahəsi verilmişdir. - “Kondisioner” Bağçılıq-Cəmiyyətinin sxematik xəritəsindən görünür ki, sözügedən sxematik xəritədə iddiaçıya ayrılmış “1901A” saylı bağ sahəsi öz əksini tapmışdır. - “Kondisioner” bağçılıq yoldaşlıq birliyi tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, İddiaçı və onun arvadı Ağakərimova (Məmmədova) Elmira Səfər qızı Bakı Məişət Kondisionerləri zavodunda işləmişlər. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı ilə bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hovsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "Kondisioner" bağçılığa ayrılmış və ayrıc aktına daxil olan 1901 saylı bağ torpaq sahəsi 1000,0 kv.m ibarət olmuşdur. 1901 saylı bağ torpaq sahəsinin 500.0 kv.m su basdığından həmin bağ torpaq sahəsinin sahibi ondan imtina etmişdir və 500.0 kv.m hissəsini rəsmiləşdirərək müvafiq çıxarış almışdır. 1901 saylı bağ torpaq sahəsinin su basmış 500.0 kv.m hissəsi 1901A nömrə altında “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayonu, Hövsan bağ massivində yerləşir. Bundan başqa, İddiaçı ona verilmiş 500.0 kv.m ibarət 1901 A nömrəsi altında olan bağ torpaq sahəsinin sudan qurudula bilmədiyindən ona 1553 nömrəli bağ sahəsi verilmişdir. Daha sonra İddiaçı adına verilmiş "1553” nömrəli bağ sahəsi "Kondisioner” bağçılıq-yoldaşlıq birliyin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Kondisioner" bağçılıq birliyinin işçilərinin siyahısında İddiaçı 244-cu sırada yer almışdır və həmin siyahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmişdir. Əlavə olaraq qeyd etmişlər ki, 1901A №-li bağ sahəsi 1901, 1922, 1922, 1923, 1924, 1925 və 1926 nömrəli bağlarla eyni cərgədə yerləşməklə qonşu bağlardır. Həmin bağlara dair “plan və ölçü" (kadastr planı) verilmiş və mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmışdır. Bundan başqa həmin cərgənin qarşısında olan cərgədə yerləşən bağlara dair mülkiyyət hüquqları reyestrdə qeydiyyata alınmışdır. Hesab edirlər ki, vətəndaş İddiaçı məxsus 1901A №-li bağa dair mülkiyyət hüquqlarının reyestrdə qeyda alınması məqsədə uyğundur. İş üzrə tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. – 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi zamanı belə qənaətə gəlinir ki, iddiaçı iddia tələbində haqlıdır və Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokolu ilə iddiaçıya ayrılan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “1901a” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən verilmiş “Kondisioner” bağçılıq yoldaşlıq birliyi tərəfindən təsdiq edilmiş bağların bölgüsünə dair sxematik xəritədən müəyyən edilmişdir ki, “1901 A” saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmışdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri isə elektron kadastr məlumatına əsasən ayrılmış bağ sahəsinin bir hissəsinin ayrıc aktından kənarda yerləşməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində düşməsi ilə bağlıdır. İşin obyektiv araşdırılması məqsədi ilə Kollegiyanın 2-1(103)-1663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Məhkəməyə göndərilən 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/6774 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 500.0 kv.m olsa da, faktiki olaraq 528.0 kv.m təşkil edir (sahə 3-4 daş hasar daxilindədir). Torpaq sahəsinin üzərində tikili yoxdur (sahədə dəmir vaqon var). Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Bağ sahəsinin nömrəsi bağçılıq-yoldaşlıq bölgü sxemində öz əksini tapmayıb. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi ayrıc aktından kənara düşür. Kənara düşən hissələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər hesab etməyərək qeyd edir ki, sözügedən rəydə tamamilə cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə istinad edilmişdir. Ekspert rəyinin təsviri hissəsində də qeyd olunmuşdur ki, mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualın həlli məqsədilə, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur. Kollegiya xüsusilə qeyd edir ki, 1901A nömrəli bağ sahəsi ilə qonşu olmaqla eyni cərgədə yerləşən 1901, 1922, 1922, 1923, 1924, 1925 və 1926 nömrəli bağ sahələrinə dair “plan və ölçü" (kadastr planı) verilmiş və torpaq sahiblərinin mülkiyyət hüquqlarının reyestrdə qeydə alınması təmin edilmişdir. Həmçinin həmin cərgənin qarşısında olan cərgədə yerləşən bağlara dair mülkiyyət hüquqları reyestrdə qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi ilə qonşu olan və eyni cərgədə yerləşən 1926 və 1927 nömrəli bağ sahələrinə dair vətəndaş X5 ilə hazırkı iş üzrə cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi arasında qeyd edilən bağ sahələrinə dair X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məhkəmə mübahisələri olmuşdur. Həmin qərarlardan görünür ki, cavabdeh eyni imtina əsasları ilə, yəni, göstərilən torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi və Dövlət Neft Şirkətinin ərazisinə düşməsi əsasları ilə çıxış etsədə, qeyd edilənlər öz təsdiqini tapmamış, mübahisəli məsələ X4 iddia tələbinin təmin edilməsi və tələbinin icra edilməsi ilə yekunlaşmışdır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, elcədə cavabdeh həmin dəlilləri təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən əsassızdır və mübahisələndirilən qərarın ləğvinə əsas vermir. İnzibati İcraat Haqqında Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1536/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar