Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-600/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə , İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarxidən bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5437/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1959-cu il tarixdə doğulmuşdur. 13 yanvar 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 5 iyul 1993- cü il tarixdən Yeni Bakı Neftayırma Zavodunda (Heydər Əliyev adına Bakı X9) fasiləsiz olaraq çalışır. Müraciəti əsasında işlədiyi müəssisədə ona 28 iyun 2016- cı il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Lakin bu yaxınlarda ona pensiya verilməsi dayandırıldığından, o, bunun səbəbini öyrənmək üçün ərizə ilə cavabdeh orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandıılması haqqında məktubla cavab verilərək bildirilmişdir ki, pensiya təyin edilərkən onun 1 may 2001-ci il tarixdən 23 may 2016-cı il tarixədək olan dövr ərzində qaz doldurma estakadasında hazır məhsulun doldurub boşaldılması üzrə süzücü-tökücü vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona güzəştli güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya ödənişinin dayandırılması qanunsuz və əsassızdır. Pensiya ödənişinin dayandırılması ilə bağlı cavabdehin məktubu 9 mart 2021- ci il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir. Ona işlədiyi müəssisədə qanuni əsaslarla güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək kitabçasından da görünür ki, iddiaçı texnoloji sexlərin, istehsalatların məişət təsərrüfatında kompressorquğu maşinisti, qazdoldurma sahəsində, qaz doldurma estakadasının avtosistemlərin doldurulması məntəqəsində, qaz doldurma estakadasında hazır məhsulun doldurubboşaldılması üzrə doldurucu-boşaldıcı, süzücütökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.5.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçı ona görə hesab edir ki, pensiya ödənişinin dayandırılması haqqında cavabdeh orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkəti qanunsuz hesab edilməli və ödənişi dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi vəzifəsi ona həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq, pensiya ödənişinin dayandırılması haqqında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətinin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında qeyd olunur ki, o, 12 yanvar 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyası ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Daxili Nəzarət Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim edilən sənədlərdə 1 may 2001-ci il tarixdən 23 may 2016-ci il tarixədək olan dövr ərzində Qaz doldurma estakadasında hazır məhsulun doldurub-boşaldılması üzrə süzücü-tökücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Göründüyü kimi, iddiaçıya 28 iyun 2016-cı il tarixindən DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF Daxili Nəzarət Departamenti tərəfindən iddiaçıya 28 iyun 2016-cı il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 13.062,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 22 fevral 2021-ci il tarixli **********4 nömrəli məktubla iddiaçıya artıq ödənilmiş pul vəsaitininın könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmaq xahiş edilmişdir. Əks halda iddiaçıya artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5437/2021, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5437/2021, 21 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun yaranması üçün mütləq şərtlərdən biri ki, onun AR NK-nin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda və ya 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən peşələrdə azı 12 il 6 ay iş stajının olmasıdır. Halbuki həmin siyahılarda “Neft emalı” sahəsində “süzücü-tökücü” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi müəyyən edilməmişdir. Bildirilmişdir ki, əmək kitabçasında “süzücü tökücü” eyni zamanda “doldurucu” qeyd edilmişdir. Məhkəmənin istinad etdiyi normativ aktlarda da neft emalı sahəsində “xammalın, yarımfabrikatların və hazır məhsulların, reagentlərin absorbentlərin, katalizatorların və yanacaqların, neft tələlərinin və quruducu kameraların doldurubboşaldılması və nəql edilməsində məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Onunla bir yerdə işləyən, eyni işi yerinə yetirən şəxsə məhz guya bizim peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən normativ aktlarda nəzərdə tutulmadığı əsasla imtina verən cavabdehə qarşı həmin şəxsin məhkəməyə müraciəti əsasında hər üç məhkəmə instansiyası imtinanı qanunsuz hesab etmiş və şəxsə pensiya təyin edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı da məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və iddia tələbinin dəqiqləşddirilməsi barədə ərizə təqdim edərək İddiaçı Fərman oğlunun pensiyanın dayandırılması ilə bağlı cavabdeh DSMF XŞT Təyinat İdarəsinin qanunsuz hesab edilməsi , peniyanın dayandırldığı vaxtdn yəni, 01 dekabr 2021-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi brədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iddiaçının apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “süzücü-tökücü” peşəsi göstərilsə də, həmin peşə Siyahının “Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin 11-ci “Ftor turşusu və onun duzlarının istehsalı” bəndində 1071300a – 18598 kodu ilə “turşunun tökülməsi ilə məşğul olan süzücülərtökücülər” peşəsi kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərlə iş stajı toplanmadığından, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçıya 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri «Əmək pensiyaları haqqında» AR Qanununun müddaəlarına, o cümlədən 37.8-ci maddəsinin tələblərinə zidd sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində 2130301a – 17531 kodu ilə “xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr”, 2130302a – 17531 kodu ilə 1-ci Siyahının X fəslində adları çəkilən istehsalatlarda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan adları aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər – “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “süzücü-tökücü (doldurucu)” peşəsinin AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda nəzərdə tutulmamasını bildirmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmiş və ona təyin edilmiş əmək pensiyasının bərpasını tələb etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Birincisi, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İddiaçının əmək pensiyasının dayandırılması üçün isə qanunvericiliyin sadalağı həmin hallardan hər hansı biri baş verməmişdir. Çünki, iş materiallarından görünür ki, pensiyanın ödənişin dayandırılması ilə bağlı iddiaçının 12 yanvar 2021-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nzirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şüphələr yarandıqda, həmçinin əmək pensyası və əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək Pensiyaları haqqında” AR Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim edilmiş sənədlərdə 01 may 2001-ci il tarixdən 23 may 2016-cı il tarixədək olan dövr ərzində Qaz doldurma estakadasında hazır məhsulun doldurub-boşaldılması üzrə süzücü-tökücü vəzifəsində işləməsi qeyd olunmuşdur. Həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və götəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Göründüyü kimi sizə 28.06.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 28.06.2016-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumullikdə 13062,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsaslara görə iddiaçıya pensiya ödənişini dayandırmasını tamamilə qanunsuz sayır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus İT-1№2275572 saylı 24 may 1995ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 1 sentyabr 1974-cü ildən 25 iyul 1977-ci ilədək Ermənistan SSR Qafan Rayonu 21№li Peşə Texniki Məktəbində oxumuş, 16 noyabr 1977-ci ildə 28 noyabr 1979-cu ilədək Sovet ordusu sıralarında xidmət etmiş, 13 yanvar 1980-ci ildən 18 iyul 1985-ci ilədək Qafan DPO-da boru təmizləyən, 4 sentyabr 1985-ci ildən 22 aprel 1987-ci ilədək Məişət Xidməti Kombinatında fəhlə, 23 iyun 1987-ci ildən 14 avqust 1988-ci ilədək “Keccaranstroy” Trestində yük boşaldan; 3 fevral 1989-cu ildən 10 oktyabr 1990-cı ilədək Azərbaycan SSR DPO X1 yükləyici (zaryadçik), 11 oktyabr 1990-cı ildən 20 avqust 1992-ci ilədək “İskra” yanğın texniki firmasında yükləyici (zaryadçik), 5 iyul 1993-cü ildən 1 may 2001-ci ilədək Heydər Əliyev adına X5 (keçmiş adı: Yeni Bakı Neftayırma zavodu), müxtəlif sexlərdə texnoloji qurğuların operatoru peşəsində işləmiş, 1 yanvar 2001-ci il tarixindən hazıradək həmin zavodda 3 №li İstehsalat sexində qaz doldurma sahəsinin estakadasında süzücü-tökücü (doldurucu) peşəsində işləyir. İş materiallarında olan Heydər Əliyev adına X9 tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə zərərli peşələrdə çalışmışdır: 05.07.1993-01.05.2001-ci illər - texnoloji qurğuların operatoru; 01.05.2001-10.06.2003 qaz doldurma sahəsinin estakadasında süzücü-tökücü (doldurucu); 10.06.2003-11.06.2008 qaz doldurma estakadasının dəmiryol sahəsində süzücü-tökücü (doldurucu) kimi çalışmış, 11.06.2008 tarixindən hazıradək də həmin peşədə işləməkdədir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarım bölməsi və 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5 bəndi ilə təsdiq olunuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın doldurub-boşaldılması, qablaşdırılması ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X7 mövcud ştat cədvəlində olan süzücü-tökücü (doldurucu) peşəsi ilə eynilik təşkil edir. Göründüyü kimi, iddiaçıya 2016-cı ilin iyun ayından, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan əsas şərtlər, yəni 2017-cı ilin iyul ayının 1-dək 25 ildən çox ümumi stajı, 12 il 6 aydan çox zərərli iş stajı mövcud olmuşdur. Onun işlədiyi “texnoloji qurğuların operatoru” peşəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Bölməsinin 2130301a-16081 kodu ilə nəzərdə tutulmuş texnoloji qurğuların operatorları peşəsinə, Heydər Əliyev adına Neftayırma Zavodunda işlədiyi qaz doldurma estakadasında süzücü-tökücü (doldurucu) peşəsi isə 23 yanvr 2007-ci il tarixli 12 nömrəli Qərarın 10.5-ci bəndi ilə təsdiq edillmiş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın doldurub-boşaldılması, qablaşdırılması ilə məşğul olan “fəhlələr” kategoriyasına uygun gəldiyindən və Heydər Əliyev adına X7 mövcud ştat cədvəlinə olan süzücü-tökücü (doldurucu) peşəsi ilə eynilik təşkil etdiyindən ona həmin vaxtdan düzgün olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh orqanın etirazından görünür ki, iddiaçıya 57 yaşının tamam olduğu 28 iyun 2016-cı il tarixindən ömürlük pensiya təyin edilmişdir. Lakin konkret halda işin mübahisələndirən hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın dayandırılması barədə müvfaiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə dayandırmışdır. Halbuki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə cavabdehin inzibati orqan olaraq qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh, inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. AR İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi, inzibati icraa və prosessual hüquq normalarına uyğun olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5437/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5437/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı oğlunun pensiyanın dayandlrılması ilə baglı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və dayandırıldığı vaxtdan pensiyanın bərpa edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-600/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-600/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver