Məhkəmə qərarları › İş №2-1(103)-600/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-600/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-600/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və tərcüməçi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)- 675/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncamı ilə Qaçaq Nəbi küçəsində, 12 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə təqdim etdiyi layihə əsasında tikdiyi mövcud sahəsi 12 kv.m olan təsərrüfat otağının iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır.

2. X2 İttifaqı "xxxx" MMC tərəfindən xx.xx.2009- cu il tarixdə tərtib edilmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası”nda qeyd edilmişdir ki, obyektin mülkiyyətçisi X3r (iddiaçının əri), obyektin inventar dəyəri 18696 manat təşkil edir. Bundan əlavə, torpağın ümumi sahəsi 188.13 kv.m göstərilmiş, həmçinin həmin sənədin “Tikinti təsviri” hissəsində ümumi sahəsi 12 kv.m olan tikilinin 1988-ci ildə tikildiyi, hazırkı inventar dəyərinin 16296 manat olduğu qeyd edilmişdir.

3. İddiaçının “istifadəsində olan bağ sahəsinin və təsərrüfat otağının söküldüyü, o cümlədən yararsız vəziyyətə salındığı üçün tədbirlər görülməsinə dair” müraciətinə cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işləri aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işləri görülmüş və ərazidə səliqə-səhman yaradılmışdır. Yaşayış binasının məhəllədaxili ərazisində iddiaçının istifadəsində olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəni təşkil edən təsərrüfat tikilisinin dəyərini, yəni 18696 (on səkkiz min altı yüz doxsan altı) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 18726 (on səkkiz min yeddi yüz iyirmi altı) manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Xətai rayon Bələdiyyəsi tərəfindən 2000-ci ildə yaşadığı mənzilin yanında həyat yoldaşı X4 Çernobil əlilliyi əsasında 2 sot torpaq sahəsinin sənədləşdirilməsinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsində yerləşən və uzun müddət iddiaçının istifadəsində olan 12 kv.m təsərrüfat otağının onun adına sənədləşdirilməsinə dair cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncam verilmiş, lakin çıxarış almaq məqsədilə uzun müddət ərzində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də, çıxarış ala bilməmişdir. Xətai MKTB-nin 75 saylı Mənzil İstismar Kontoru tərəfindən 2016-cı ildə isə iddiaçının faktiki sahibliyində olan həmin sahə dağıdılmağa başlanmışdır. Dəfələrlə onların bu özbaşınalığının qarşısını almaq üçün 75 saylı Mənzil İstismar Kontorunun məsul şəxslərinə, cavabdehə, eləcə də Xətai rayonunun həmin sahə üzrə polis bölmələrinə müraciət etməsinə baxmayaraq, bütün cəhdləri nəticəsiz qalmışdır və həmin sahədə dağıntı işləri hal-hazırda da aparılmaqda davam edir.

Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 18.696,0 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2- 1(103)-144/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən fotoşəkillər təqdim edilsə də, həmin şəkillərdən qeyd olunan ərazidə hər hansı tikilinin mövcud olması müəyyən olunmur

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1336/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023cü il tarixli, 2- 1(103)-144/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Proses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (1 saylı protokol): Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 nömrəli qərarı ləğv olunmalı, iddia qismən təmin edilməlidir.

28. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. İlk növbədə qeyd edilməlidir ki, işin araşdırılan hallarına əsasən, cavabdehin xx.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncamı və X2 İttifaqı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası” barədə Akt iddiaçının istifadəsində 12 kv.m təsərrüfat otağının olduğunu təsdiq edir. Eyni zamanda, iddiaçının istifadəsində olan 12 kv.m təsərrüfat otağının hazırda mövcud olmaması da işin tərəflər arasında mübahisələndirilməyən halıdır.

30. Hazırda iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəsi olan təsərrüfat tikilisinin sökülməsi nəticəsində ona maddi ziyan vurulduğunu iddia edir. Cavabdeh isə iddiaçıya məxsus təsərrüfat tikilisinin onun tərəfindən sökülmədiyini iddia etmiş, birinci instansiya məhkəməsi də cavabdehin dəlilləri ilə razılaşmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olan təsərrüfat subyektinin söküntüsü ilə bağlı işin halları birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.

32. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli (iş v. 7) və xx.xx.2018-ci il tarixli (iş v. 102) cavab məktublarında “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işlərinin aparıldığı, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işlərinin görüldüyü, ərazidə səliqə-səhman yaradıldığı, o cümlədən həmin ərazidə vaxtilə sakinlər tərəfindən zəbt edilmiş bağ sahələrinin söküldüyü qeyd edilmişdir.

33. Göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi ərazidə abadlıq və söküntü işlərinin aparılması cavabdeh tərəfindən etiraf olunur. Bununla yanaşı, cavabdeh məhz iddiaçıya məxsus tikilinin onun tərəfindən sökülmədiyini iddia edir.

34. Bu halın müəyyən edilməsi üçün isə işə yenidən baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən 2016-cı ildə sözügedən ərazidə abadlıq və söküntü işlərinin aparılmasına dair materialları tələb etmiş, iddiaçının təsərrüfat otağının cavabdeh tərəfindən sökülüb-sökülməməsi ilə bağlı halların müəyyən edilməsi üçün həmin ərazidə yaşayan sakinləri şahid kimi işə cəlb etmişdir.

35. Digər tərəfdən, iş materiallarında olan Xətai rayon Polis İdarəsinin xx.xx.2019cu il tarixli qərarının məzmunundan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinin əsası kimi iddiaçının ərizəsində göstərilən halların (iddiaçıya məxsus tikilinin 2016-cı ildə heç bir əsas olmadan Xətai rayon Mənzil Kommunal İstismar İdarəsi tərəfindən sökülməsi) mülki xarakterli mübahisəyə aid olmasına istinad edilmişdir.Odur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin icraatın materiallarını da tələb etmiş, lakin məhkəməyə yalnız Xətai rayon Polis İdarəsinin xx.xx.2019- cu il tarixli qərarı təqdim olunmuş və həmin qərarın məzmunundan mübahisənin mülki xarakterli mübahisəyə aid olması nəticəsinə gəlinməsi üçün konkret hallara istinad edildiyi də müəyyən olunmamışdır.

36. Eyni zamanda, iş materiallarında olan xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının sökülmüş təsərrüfat otağının yenidən bərpası üçün köməklik olunması ilə bağlı müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, sökülmüş olan təsərrüfat otağının yerləşdiyi torpaq sahəsi sakinlərin ümumi istifadəsində olan məhəllədaxili ərazidə yerləşdiyindən orada hər hansı tikinti-quraşdırma işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir.

37. Məhkəmə kollegiyası həmçinin, yeni apellyasiya baxışı zamanı xx.xx.2018-ci il tarixli məktubun verilməsinə əsas olmuş iddiaçının ərizəsini tələb edilmiş, həmin ərizədə qeyd olunanları təhlil edərək, iddiaçının əmlakının cavabdeh tərəfindən dağıdılması nəticəsinə gəlmişdir.

38. Belə ki, yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında şahid qismində ifadə verən iddiaçının qonşuları X7 və X1 da iddiaçının əmlakının cavabdehin tabeliyində olan mənzil istismar sahəsinin əməkdaşları tərəfindən dağıdılmasını təsdiq etmişlər.

39. Məhkəmə Kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilən hüquq normalarına (Bu qərarın 20-21-ci bəndi) əsaslanaraq hesab edir ki, iddiaçı onun əmlakının dağıdılmasına görə cavabdehə qarşı hazırkı tələblə çıxış etməkdə haqlıdır.

40. Lakin məhkəmə Kollegiyası vurulmuş zərərin məbləği hissəsində iddianı qismən- 16.296,0 manat hissədə əsaslı sayır.

41. Belə ki, X2 İttifaqı "xxxx" MMC tərəfindən xx.xx.2009- cu il tarixdə tərtib edilmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası”nda qeyd edilmişdir ki, obyektin mülkiyyətçisi X3r (iddiaçının əri), obyektin inventar dəyəri 18696 manat təşkil edir. Bundan əlavə, torpağın ümumi sahəsi 188.13 kv.m göstərilmiş, həmçinin həmin sənədin “Tikinti təsviri” hissəsində ümumi sahəsi 12 kv.m olan tikilinin 1988-ci ildə tikildiyi, hazırkı inventar dəyərinin 16296 manat olduğu qeyd edilmişdir. 42.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2- 1(112)-675/2022 nömrəli qərarı ləğv olunmalı, iddia qismən təmin edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 nömrəli qərarı ləğv olunsun. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən və hal-hazırda sökülmüş sahəsi 12 kv.m təsərrüfat tikilisinin dəyəri, yəni 16.296,0 manatın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar