Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-602/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5979/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-93/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Bamyan vilayəti Doabmix kəndində aldıqları torpaqdan iddiaçının ailəsi daş kömür ixrac edərək Kabulda satırmış. Əbdürrəhman adlı həmyerlisi həmin torpaq sahəsini saxta sənədlər düzəltdirərək ailəsindən məcburi almış, həmin torpaq sahəsini geri qaytarmaq istədikləri üçün Əbdürrəhman adlı şəxs tərəfindən təhdid edilir. Bu səbəbdən atasının məsləhəti ilə xx.xx.2020-ci il tarixdə Əfqanıstanı tərk etmişdir. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçınin torpaq mübahisəsinə görə Əbdürrəhman adlı həmyerlisi tərəfindən təqib edilməsi riskidir. Bundan əlavə, iddiaçı etnik mənsubiyyətinə görə həzaradır. İddiaçı həzara etnik qrupuna mənsub olmasına görə də təqib edilir. Əfqanıstana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən, bir çox hallarda torpağın mülkiyyətçisini müəyyənləşdirmək çətin olur və nəticədə torpaq mübahisələri Əfqanıstanda adi haldır və məlumatlara görə çox vaxt onlar zorakılıqlara çevrilir. Məlumatlara əsasən torpaqların zəbt edilməsi halları geniş yayılıb və çox zaman hökumətlə, eləcə də dövlət məmurları ilə əlaqələri olan nüfuzlu şəxslər də onların iştirakçısı olur. Torpaqların qeydiyyatı, paylanması və torpaq mübahisələrinin həlli mexanizmlərinin (istər rəsmi, istərsə də qeyri-rəsmi) hamısının korrupsiyaya uğradığı bildirilir. Geniş yayılmış korrupsiya ilə mübarizə üçün x xxxx 2017-ci il tarixli prezident fərmanı ilə “Torpaqların idarə olunması haqqında” yeni qanun qəbul edilmiş, bundan əlavə, xx xxxxxx 2018-ci ildə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində torpaqların zəbt edilməsi cinayət əməli kimi müəyyən edilmişdir. Torpaq üzərində mülkiyyət hüququ və torpaqlardan istifadə hüququ ilə bağlı münaqişələr çox vaxt tarixi köklərə və etnik çalarlara malik olur ki, bu da qismən əhali köçlərinin nəticəsidir. Köçdükləri yerdən evə qayıtdıqdan sonra torpaqlarını geri tələb etmək istəyən əfqanlar etnik çalarlı torpaq mübahisələri ilə əlaqədar olaraq xüsusilə əlverişsiz vəziyyətdə ola bilərlər. Vardak və Qəzni vilayətlərində xəzərlərin məskunlaşdıqları ərazilərdə heyvanları üçün otlaq yerləri axtaran köçəri kuçilərin illik miqrasiyası kuçilərlə xəzərlər arasında zorakılıqların təkrarən baş verməsinə səbəb olur. Hökumətin bu münaqişələrin həllinə yönələn səylərinə baxmayaraq, zorakılıqlar hər iki qrupun üzvləri arasında ölənlərin və yaralananların olmasına və xəzər mənşəli kəndlilərin köç etməsinə səbəb olmaqda davam edir. Göstərilənlərdən hasil olan nəticələrə görə, iddiaçı həzara etnik qrupuna mənsubdur, həzaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Həzaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir. Həzaralar digər etnik azlıqlar kimi hakimiyyət orqanları tərəfindən adekvat müdafiə edilmirlər. İddiaçı həzara kimi hakimiyyət orqanlarının müdafiəsindən məhrumdur və ikiqat diskriminasiya ilə qarşı-qarşıyadır. Odur ki, iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Əfqanıstanın Bamyan vilayətinin Pəncab ulusvaliliyinin Narges kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 8 yaşından etibarən Bamyanda məktəbə getdiyini, 1-11-ci sinifləri “Liseye Zokure mərkəz” məktəbində oxuduğunu, 12-ci sinfi Kabildə “X1-şohəda” məktəbində oxuduğunu, 2017-ci ildə məktəb təhsilini bitirdiyini, sonra 1 ilə yaxın müddətdə Kabildə “Kaosare daneş” kursunda universitet hazırlığı keçdiyini, lakin şəxsi problemləri yarandığı üçün təhsilini yarımçıq qoyduğunu, bundan sonra ayaqqabı emalatxanasında işləməyə başladığını, Əfqanıstanı tərk edənədək burada işlədiyini qeyd etmişdir. İddiaçı valideynləri və ailə üzvləri barədə məlumat verərək subay olduğunu, 4 qardaşı, 2 bacısı olduğunu, atasının əvvəllər təsərrüfat işləri ilə məşğul olduğunu, əvvəllər yaşadıqları Narges kəndi ucqar ərazidə yerləşdiyi üçün atasının buradakı torpağı sataraq ailə üzvləri ilə birlikdə Bamyan vilayətinin Doabmix kəndinə köçdüyünü (təxminən 2009-cu ildə) və burada torpaq sahəsi aldığını, 2017-ci ildən etibarən bu torpaq sahəsində daş kömür ixrac edərək Kabildə satışını təşkil etdiyini, Əbdülrəhman adlı bir şəxsin bu torpaq sahəsini satın almaq istədiyini, atası torpaq sahəsini satmadıqda həmin şəxsin saxta sənəd düzəldərək 2018-ci ildə məhkəmə yolu ilə bu torpağı ələ keçirdiyini, bundan sonra atasının işsiz qaldığını, valideynlərinin və bacı-qardaşlarının Əbdülrəhmandan ehtiyat edərək 1,5 il bundan əvvəl yaşamaq üçün Kabil şəhərinə köçdüklərini, hazırda da həmin şəhərin Şəhrəke Ettefaq məntəqəsində dayısına məxsus evdə kirayə qaldıqlarını qeyd etmişdir. Ölkəni tərk etməsinin səbəbindən danışarkən iddiaçı ailəsinin Əbdülrəhmanla torpaq üstündə mübahisəsinin olduğunu, atasının bu torpağı geri almaq niyyətində olduğunu, bu səbəbdən Əfqanıstanda təhdid olunduğunu, atasının məsləhəti ilə Əfqanıstanı tərk edərək Özbəkistandan keçməklə xx.xx.2020-ci il tarixdə Azərbaycana gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla yanaşı, iddiaçının Əfqanıstanı tərk etməsinin səbəbləri ilə bağlı gətirdiyi dəlillər inandırıcılıq baxımından qənaətbəxş hesab edilməmişdir. Belə ki, ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı iddiaçının dediklərindən məlum olmuşdur ki, onun atası ilə Əbdülrəhman arasında baş vermiş torpaq mübahisəsi məhkəmə prosesi nəticəsində Əbdülrəhmanın xeyrinə həll olunduqdan sonra onun ailə üzvləri Kabilə köçmüş, 1,5 il müddətində eyni ünvanda yaşamış və işləmiş, bu müddət ərzində heç bir təhdid və təqibə məruz qalmamışlar. Bundan əlavə, iddiaçının ailəsi daş-kömür ixracı ilə məşğul olarkən və torpaq mübahisəsinin olduğu zaman özünün Kabildə yaşamasına, bu problemlərlə onun deyil, məhz atasının və böyük qardaşının məşğul olmasına baxmayaraq mənşə ölkəsini onların deyil, məhz iddiaçının tərk etməsi onun həqiqətən təhdid və təqib olunmadığı qənaətinə gəlməyə imkan vermişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-93/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı bu qərardan inzibati şikayət vermiş, lakin həmin qərar cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 158 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. Vətəndaşı olduğu ölkəni tərk etməyə məcbur qalmasını və ölkəyə qayıtmaq istəməməsini atasının başqa şəxslə torpaq mübahisəsi ilə əlaqələndirmək istəyən iddiaçının müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində həzaralarla bağlı dini və etnik ayrıseçkiliyin hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir münasibətin nəticəsi kimi əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5979/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-602/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-602/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver