Məhkəmə qərarları › İş №2-1(103)-602/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-602/2022

07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-602/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6843/2021 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 57 yaşının tamam olduğu 02 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 40.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 28.390,79 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki: - İddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İB-nin Bakı X2 04 saylı 25.10.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək rabitə sahəsində çalışmışdır. 03.10.1983-cü il tarixindən 01.02.1993-cü il tarixinə kimi 3 saylı X7 Qovşağının X10 b.el.mexanik vəzifəsində işləmişdir. 01.02.1993-cü ildə X12 Xətləri Qovşağı yaradıldıqdan sonra köçürmə yolu ilə ora keçirilmiş və 01.01.1998-ci il tarixinə kimi 6 nömrəli X10 b.el.mexanik, el.mexanik vəzifələrində çalışmışdır. 01.01.1998-ci il tarixində MRRXQ-nın ləğvindən sonra köçürmə yolu ilə Teleradio İB-nin 6 nömrəli RR-na 8-ci dərəcəli el.mexanik vəzifəsinə işə qəbul edilmişdir. 01.02.1998-ci ildə Teleradio İB-nin tərkibində yaradılmış Cənub X1 Kürdəmir stansiyasında 6 nömrəli RRS-ə köçürmə yolu ilə keçirilmiş və orada 01.11.2000-ci il tarixinə kimi 8-ci dərəcəli el.mexanik vəzifəsində işləmişdir.01.11.2000-ci ildə həmin Mərkəzin ləğvindən sonra Teleradio İB-nin X8 Yayım müəssisəsinin Kürdəmir RRX və RTS-nda 5-ci, 4-cü, 3-cü dərəcəli el.montyor vəzifələrində fəaliyyətini davam etdirmişdir. 25.11.2008-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmişdir və 01.12.2008-ci il tarixindən 25.12.2008-ci il tarixinədək Bakı Teleqüllə müəssisəsinin (sonradan Bakı X4) Kürdəmir RRS-nda 3-cü dərəcəli el.montyor vəzifəsində çalışmışdır. 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək o, HAYT (X13 Tezlikli) şüalanma mənbələri olan istehsalat sahələrində işlə daim məşğul olmuşdur. Kürdəmir RRS-da istismarda oian avadanlıqlar HAYT şüalanma mənbəyidir və öz mənfi təsirinə görə digər şüalanma mənbələrindən daha təhlükəlidir (ona görə 8 % zərərli işə görə əlavə əmək haqqı alıb və məzuniyyətinə 6 gün əlavə edilib). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23.01.2007-ci il tarixli qərarının “Ümumi peşələr" bölməsinə əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır. - İddiaçıya məxsus 20 iyul 1977-ci il tarixli 01888 saylı diplomdan görünür ki, o, 01.09.1976 - 18.07.1977-ci illərdə Kürdəmir kənd texniki peşə məktəbindən üzümçü usta peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus 16.08.1982-ci il tarixli 690635 saylı diplomdan görünür ki, o, 01.01.1982 - 15.08.1982-ci illərdə Bakı şəhəri 86 №-li texniki məktəbində tokar peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 20.10.1979-cu il tarixdən 04.12.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Kürdəmir rayon Dövlət Arxivinin 18 saylı 27 may 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 19 mart 1983-cü il tarixli, 147 N-li əmrlə Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbinə gecə gözətçisi təyin edilmiş və 01 oktyabr 2015-ci il tarixli, 38 N-li əmrlə həmin işdən ərizəsinə azad edilmiş, 1983-cü ilin aprel, 1984-cü ilin noyabr, dekabr aylarında, 1985 – 2015-ci illərdə həmin vəzifəyə aylıq əmək haqqı almışdır. - Kürdəmir rayon İcra Hakmiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndliyinin 613 saylı 17 iyun 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbinə gecə gözətçisi vəzifəsində çalışmış və 2011 – 2015-ci ilin sentaybr ayının əhatə edən dövrdə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-113 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 3 №-li X3 və Televiziyası üzrə Texniki Qovşaq, “Aztelekom” İB MRRXQ-də işlədiyi 1983-cü ilin oktyabr, noyabr, dekabr ayları üçün, 1984-1988-ci illərdə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-114 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 3 №-li X3 və Televiziyası üzrə Texniki Qovşaq, “Aztelekom” İB-MRRXQ-də işlədiyi 1989, 1991-1995-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-115 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı “Aztelekom” İBMRRXQ, “Teleradio” İB, CRTVM-də işlədiyi 1996 - 2000-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-116 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı MRTYM-də işlədiyi 2001-2005-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-117 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı MRTYM, Bakı Teleqüllə Müəssisəsində işlədiyi 2006-2008ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 16.09.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 16.08.1977ci il tarixdən (Əmr № 128-a 23.08.1977) 10.10.1979-cu il tarixə qədər (Əmr №139 10.10.1979) “Şirvanmeleatorstroy” trestinin PMK-27-də birinci dərəcəli fəhlə, 15.09.1982-ci il tarixdən (Əmr № 261/k 13.09.82) 10.01.1983-cü il tarixə qədər Bakı Aqreqat Zavodunda 86 saylı TM-nin istiqaməti üzrə 1 saylı sexə 3-cü dərəcəli xarrat, 03.10.1983-cü il tarixdən (əmr №22 28.09.1983) 01.02.1993-cü il tarixədək 3 saylı X7 Qovşağının X10 böyük elektrik mexaniki, 01.02.1993-cü il tarixdən (əmr № 1 23.01.1993) 01.01.1998-ci il tarixinə kimi 6 nömrəli X10 böyük elektrik mexanik, 01.01.1998-ci il tarixindən (26.01.1998-ci il tarixli əmr № 28) MRRXQ-nin ləğvindən sonra köçürmə yolu ilə Teleradio İB-nin 6 nömrəli RR-na 8-ci dərəcəli elektrik mexanik, 01.02.1998-ci ildən (əmr № 28 26.01.1998) 01.11.2000-ci il tarixə kimi Teleradio İB-nin tərkibində yaradılmış Cənub X1 Kürdəmir stansiyasında 6 nömrəli RRS-də 8-ci dərəcəli elektrik mexanik, 01.11.2000-ci ildən (əmr 70, 27.10.2000) 25.11.2008-ci il tarixə qədər Teleradio İB-nin X8 Yayım müəssisəsinin Kürdəmir RRX və RTS-nda elektrik montyor vəzifəsində işləmiş, 25.11.2008-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmiş, 01.12.2008-ci il tarixindən 25.12.2008-ci il tarixinədək Bakı Teleqüllə müəssisəsinin (sonradan Bakı X4) Kürdəmir RRS-nda 3-cü dərəcəli el.montyor vəzifəsində çalışmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.04.2021-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 aprel 2021-ci il və 22 aprel 2021-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28390,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 57 yaşının tamam olduğu 02 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (X13 tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) peşələri təsbit olunmuşdur. İşin hallarından və apelyasiya şikayətindən də aydındır ki, cavabdeh tərəfindən iddiaçının ümumi və ya xüsusi iş satjı mübahisələndirilmir. Apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan pensiya kapitalı mövcud olmadığından iddia təmin edilə bilməz. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 02.04.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. İddiaçı işlədiyi 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək o, HAYT (X13 Tezlikli) şüalanma mənbələri olan istehsalat sahələrində işlə elektrik mexaniki və montyor vəzifələrində işləmişdir. İddiaçı 03.10.1983-cü il tarixdən 01.01.2006-cı il tarixdək 22 il 2 ay 29 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Onun ümumi iş stajı isə iş materiallarında sənədlərə (attestat, diplom, hərbi bilet və əmək kitabçaları) əsasən 01.01.2006-cı il tarixdə qədər tələb olunan 25 ilin qarşılığında 26 il 5 ay 11 gün olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tam əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6843/2021 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar