Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-602/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsində geriləmə halının aradan qaldırılması və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9121/2023 nömrəli, 07 avqust 2023-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsində geriləmə halının aradan qaldırılması, mənzillə təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə 1-ci qrup əlil kimi iddiaçı mənzil növbəsinə götürülmüşdür. 11 il ərzində hər dəfə ona mənzil uçotu sırası barədə məlumat əldə etmək istədikdə fərqli rəqəmlər deyilmişdir. Ona 2018-ci il tarixli məktubla rəsmi olaraq bildirilmişdir ki, uçot siyahısında 153 sıra nömrəsindədir. 2020-ci il tarixdə şifahi məlumata əsasən isə onun 74-cü sırada olduğu bildirilmişdir. 2023-cü il tarixli məktubla isə onun sıra nömrəsi heç bir əsaslı səbəb olmadan 154-cü sıraya çatmışdır. Göründüyü kimi növbə sırası irəliləmək əvəzinə geriləmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9121/2023 nömrəli, 07 avqust 2023-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı aid hissədə 1-ci qrup əlilliyi müəyyən edilmiş güzəştli mənzil uçotu siyahısında onun sıra nömrəsində geriləmə halının aradan qaldırılması öhdəliyi Cavabdehnə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində Baki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-9121/2023 saylı qərarının ləğv edilərək iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, cavabdehin sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə 1-ci qrup əlil kimi iddiaçı mənzil növbəsinə götürülmüşdür. 11 il ərzində hər dəfə ona mənzil uçotu sırası barədə məlumat əldə etmək istədikdə fərqli rəqəmlər deyilmişdir. Ona 2018-ci il tarixli məktubla rəsmi olaraq bildirilmişdir ki, uçot siyahısında 153 sıra nömrəsindədir. 2020-ci il tarixdə şifahi məlumata əsasən isə onun 74-cü sırada olduğu bildirilmişdir. 2023-cü il tarixli məktubla isə onun sıra nömrəsi heç bir əsaslı səbəb olmadan 154-cü sıraya çatmışdır. Göründüyü kimi növbə sırası irəliləmək əvəzinə geriləmişdir. Məhkəmə işi tam, obyektiv, hərtərəfli araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9121/2023 saylı qərarının iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın təmin edilmiş hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, İddiaçı yaşayış yeri üzrə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli, 373 nömrəli sərəncamı əsasında İ qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısındadır, sıra nömrəsi 154-dür. Azərbaycan Respublikası Prezidentinin mənzillə təmin olunma ilə bağlı sərəncamları ilə əhatə olunan imtiyazlı şəxslər (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; şəhid ailələri; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; gözdən əlillər) kateqoriyasından hesab olunmadığından hal-hazırda İddiaçı mənzillə təminatı mümkün deyildir. Həmçinin İ qrup ümumi əlillərin güzəştli mənzillə təmin olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmadığından qeyd olunan kateqoriya üzrə imtiyazlı şəxslərə hal-hazırda mənzillər verilmədiyindən növbəlik sırasında hər hansı irəliləmə mümkün deyildir. Eyni zamanda bildirirlər ki, İddiaçı yaşayış yeri üzrə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli, 373 nömrəli sərəncamı əsasında İ qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısının 154-cü sirada olması isə digər Rayon İcra Hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsində olan vətəndaşlar daimi qeydiyyat ünvanını ünvan 1ri aidiyyəti üzrə Cavabdehnə göndərilir və həmin şəxslərin mənzil növbəlilik tarixi saxlanılır. Bu səbəbdən İddiaçı növbəsində sıralamada dəyişikliklər yarana bilir. Məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, iddia tələbinin mənzillə təmin edilmə ilə bağlı hissəsinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün ilk öncə qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət vermədən öncə qeyd edir ki, işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur:
1. İddiaçı Calal qızının 1-ci qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısında geriləmə halının aradan qaldırılması
2. Həqiqətə uyğun siyahı üzrə iddiaçının mənzillə təmin edilməsi.
Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən, mənzil uçot siyahısında geriləmə halının aradan qaldırılması hissəsində təmin edilmiş, həqiqətə uyğun siyahı üzrə iddiaçının mənzillə təmin edilməsi hissəsində isə rədd edilmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən, yəni həqiqətə uyğun siyahı üzrə iddiaçının mənzillə təmin edilməsinin rədd edilməsi hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən, yəni güzəştli mənzil uçot siyahısında geriləmə halının aradan qaldırılmasının təmin edilməsi hissəsində mübahisələndirir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, qeyd edir ki, iddiaçının 1-ci qrup əlilliiyi olan şəxs kimi həmin kateqoriya şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsi üzə uçota durması və siyahı üzrə müəyyən edilən tarixdə mənzillə təmin edilmək hüququna malik olması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının 373 nömrəli, 16 avqust 2007-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Calal qızının ərizəsi və təqdim etdiyi sənədlər nəzərə alınmaqla, o, 2 nəfər ailə tərkibi (özü, oğlu) ilə 1-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş və 1-ci qrup əlillərin siyasına daxil edilmişdir. İddiaçının apellyasiya şikayətini əsassız hesab edən kollegiya qeyd edir ki, işin faktiki hallarından, o cümlədən yuxarıda göstərilən qanunvericilik aktlarından göründüyü kimi müəyyən kateqoriya şəxslərə mənzillərin verilməsi növbəyə götürülmə tarixi əsas götürülməklə verilir. Məhkəmə araşdırması zamanı iddiaçınıniradə ifadəsindən də aydın oldu ki, iddiaçının tələbi, faktiki növbədənkənar mənzilin təmin edilməsi ilə bağlıdır. Halbuki təqdim edilən siyahıdan da göründüyü kimi iddiaçının mənzil növbəsinə götürüldüyü tarixdən illər əvvəl, hətta 1980-ci illər tarixində 1-ci qrup əlilliyi müəyyən edilmiş şəxslər mövcuddur ki, həmin şəxslər nəzərə alınmadan iddiaçıya mənzilin verilməsi, bu dəfə mənzil növbəsinə götürülmə tarixi səbəbi ilə ondan üstün olan iddiaçı ilə eyni kateqoriyada olan şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozuntusuna səbəb olacaqdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçıya hazırki hal faktiki olaraq növbədən kənar mənzilin verilməsi hissəsində iddia tələbi əsassız olmaqla, həmin hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında mövqe bu cür olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-304/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki: İddiaçı cavabdehin yuxarıda qeyd edilən sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülmüşdür. Lakin hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu növbədənkənar yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, müvafiq şərait yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən, həm də ilk növbədə baxılacağını bildirmişdir. Hazırkı halda da siyahı üzrə növbədə olan şəxslərə, o cümlədən də iddiaçıya mənzilin verilmə imkanı öz təsdiqini tapmamışdır. Mənzil mövcud olsa belə, ondan öncə sırada olan şəxslər saxlanılmaqla növbədənkənar iddiaçıya mənzilin verilməsi barədə iddianın təminini istisna edən faktiki hallar kifayət qədərdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - cavabdehin imtina məktubundan görünür ki, iddiaçı 1-ci qrup ümumi əlil kimi güzəştli mənzil uçot siyahısındadır və sıra nömrəsi 154-dür. Həmin növbə üzrə də mənzil ilə təmin ediləcəkdir. - Cavabdehin 2018-ci il tarixli məktubdan görünür ki, 1-ci qrup əlillərin güzəştli mənzil-uçot siyahısında iddiaçının sıra nömrəsi 153-dür. Cavabdeh məktubunda qeyd etmişdir ki, digər rayon icra hakmiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsində olan vətəndaşlar daimi qeydiyat ünvanını ünvan 2ri onlara göndərilir və həmin şəxslərin mənzil növbəlilik tarixi saxlanılır. Bununla əlaqədar mənzil növbəsində sıralamada dəyişikliklər yarana bilir. - Cavabdehin sorğuya ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş X1 2-ci qrup ümumi əlillərin güzəştli mənzil növbəsindən 1-ci qrup ümumi əlillərin güzəştli mənzil növbəsinə keçirilmişdir. Bununla əlaqədar olaraq da iddiaçının mənzil növbəsi 154cü sıraya keçmişdir. Həmin məktuba 1-ci qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısı da əlavə edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən və apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh mənzil növbəsində geriləmə halının başqa rayonlardan daxil olmuş, qeydiyyat yerini dəyişmiş şəxslərin uçot sənədlərinin növbəyə götürülmə tarixi əsas götürülməklə uçot sənədlərinin yenidən tərtib edilməsi nəticəsində yarandığını, dəyişikliyin həmin hallarla əlaqədar olduğunu qeyd etmiş, eyni zamanda 1 nəfər şəxsin 2-ci növbədən 1-ci növbəyə keçməsi ilə əlaqədar mənzil növbəsində geriləmə halının yarandığını, nəticədə geriləmə halının yaranmasında hər hansı qanunsuzluğa yol verilmədiyini qeyd etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, adıçəkilən əsaslara istinad edilməklə geriləmə halı həm əsassız, həm də qanunsuz olmuşdur. Belə ki, başqa rayon üzrə mənzil növbəsinin mənzil növbəsinə götürülmüş şəxslər üzrə götürülmə tarixinin, Yasamal rayonu üzrə də həmin kateqoriya şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsində eyni tarixin müəyyən edilməsi, digər əlilliyi olan şəxslərin, indiki iddiaya uyğun isə iddiaçının hüquqlarının pozulması nəticəsi yaradır. Qeyd olunmalıdır ki, əlilliyi olan şəxslər əhalinin xüsusi kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər xüsusi olaraq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bərabərlik prinsipi baxımından hər bir əlil olan şəxsin hüquqlarının qorunması təmin olunmalıdır. Xüsusilə qeyd edilməlidir ki, mənzil növbəsi əvvəlki rayon üzrə əsas götürülməklə Yasamal rayonu üzrə mənzil növbəsinə daxil edilmə barədə inzibati akta və ya yerli icra hakimiyyətlərinin mənzil uçot sənədlərinin göndərilməsi üzrə inzibati akt xarakterinə malik məktublara münasibətdə həmin şəxslərin etimad hüququnun qorunması iddiaçının etimad hüququna müdaxilə xarakteri daşıyır. Siyahı üzrə mənzil növbəsinin sırası barədə konkret məlumatı olan və əlillik növbəsinin gəlməsini gözləyən şəxslərə, indiki halda iddiaçıya münasibətdə faktiki olaraq başqa icra hakimiyyətinin müəyyən etdiyi siyahıda növbədə olmuş şəxsin onun qeyd edilməsi növbə gözləyən şəxslərin hüquq və mənafelərinin pozulmasına, mülkiyyət hüququnun nisbətən gec realizə edilməsinə səbəb olacaqdır ki, hazırki halda cavabdehin həmin hərəkəti ictimai və dövlət maraqlarının tarazlığı, qanunvericiliyin tələbləri baxımından qanuni hesab edilə bilməz. Hazırkı iş üzrə də iddiaçıya 2018-ci il tarixli onun sıra nömrəsinin 153 olması barədə məlumat verilmiş, iddiaçı həmin məlumatlara etimad etmiş, həssas qrup təbəqə kimi həmin mənzil növbəsinin irəliləməsinə etibar etmiş, lakin cavabdehə müraciətində sıra nömrəsinin dəyişdirilməsi barədə ona məlumat verilmişdir. Halbuki, hazırkı halda iddiaçı yox, rayon dəyişikliyi səbəbi ilə öz ərizələri əsasında mənzil uçot sənədləri köçürülmüş şəxslər mənzil növbəsinə götürülmə barədə yeni sərəncamın qəbulu nəticəsində sıra nömrəsinin yenilənməsini gözləməli, əvvəlki növbə üzrə mənzil növbəsinə götürülmə tarixinə əsaslanmaqla mövcud olan siyahıda eyni kateqoriyada şəxsin sıra nömrəsinin geriləməsinə səbəb olmama barədə məlumatlı olub, qəbul etməli idilər. Lakin, cavabdehin qanunazidd hərəkəti səbəbindən həmin şəxslər mövcud olan şəxsin mənzil növbəsinin geriləməsinə səbəb olmuş, nəticədə iddiaçının hüququ kobud pozulmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qanuni qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9121/2023 nömrəli, 07 avqust 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov