Məhkəmə qərarları › İş №2-1(103)-603/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-603/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-603/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs qismində "xxxx" ASC Bank olmayan Kredit Təşkilatı, X13 və X6 cəlb edilməklə) “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, 1800.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-5770/2020 saylı 30.09.2020-ci il tarixli qərardadı ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, 2-1(112)-5770/2020 saylı 05.11.2020-ci il tarixli qərardadı ilə X13, 2-1(112)-1377/2021 saylı qərardadı ilə X6 iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırlmışdır ki, o, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”-nin onun adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bununla əlaqədar Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 28.02.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən onun tərəfindən ünvanladığı ərizəyə 30.04.2020-ci il tarixdə **********67 saylı cavabda bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamış və təqdim edilmiş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. Cavabdehin imtinasını qanunsuz və əsassızdır. Belə ki, onun istifadəsinə ayrılmış torpaq sahəsinə dair verilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.10.2018-ci il tarixli torpaq sahəsinin plan-sxemində torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr olmaqla 18 sot olaraq qeyd edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi digər üç hal isə ümumiyyətlə, imtinaya əsas ola bilməz. Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsi tərəfindən daş hasara alınmış və onun qanuni istifadəsindədir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya etiraz məktubunda qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır və təqdim olunmuş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********67 saylı, 30.04.2020-ci il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri” ərazisində 18 sot torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə iddiaçıya ayrılmışdır. Sərəncama əsasən Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri” olan ərazidə iddiaçıya ayrılmış 18 sot torpaq sahəsi indiyədək onun qanuni istifadəsindədir. Torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr təşkil edir. Həmin torpaq sahəsinin ayrılması AR Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 30.10.2018-ci il tarixli 3094 nömrəli arxiv sənədi ilə öz təsdiqini tapmışdır. Həmçinin, torpağa dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış N-55-091 saylı 30.10.2018-ci il tarixli arxiv məktubu ilə də təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi qərarında Sərəncamla ayrılmış torpağın eni və uzunluğunun göstərilmədiyini, torpağın plan-sxeminin isə 20 ildən sonra peyk vasitəsilə çəkilib-hazırlandığını qeyd etmişdir. Lakin, ünvanın dəyişdirilməsi iddiaçıdan asılı olmamışdır. Belə ki, 30.08.2019-cu il tarixli N 06 saylı Bakı şəhəri İcra hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvan olmuş və bu fakt arxiv sənədlərində öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən aşagıdakı sübutlar tədqiq olunmuşdur: -Səbail Rayon İcra Hakimiyyəti Başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “Bibiheybət” qəsəbəsi Salyan 32 saylı ünvanda yerləşən “Köhnə bağ sahələri İddiaçı adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30.10.2018-ci il tarixli 3094 nömrəli arxiv çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamı ilə Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri İddiaçı,... adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. -Səbail RİHB-nın 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə vətəndaş İddiaçı Salyan şossesi Bibiheybət qəsəbəsində Köhnə bağ sahəsində ( mövcud vəziyyətdə 1800 kvm) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 30.10.2018-ci il tarixdə razılaşdırılmışdır. -Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.09.2020-ci il tarixli **********66 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi ilə bağlı X8 müraciəti olmuşdur. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 25.01.2021-ci il tarixli 6-49 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı, 30.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə nümayəndəliyi tərəfindən ünvan 4 ünvanlanmış 07.02.2020-ci il tarixli 0-14 saylı məktubunda qeyd edilmişdir ki, Salyan 12 və 32 ünvanlarında yerləşən torpaq sahələri Səbail rayonu Bibiheybət qəsəbəsi icra nümayəndəliyinin xidməti ərazisinə daxil deyil. Bakı şəhəri, 26.09.2000-ci il tarixli 910 saylı sərəncamı ilə dəniz kənarından 130 metr məsafədə saxlanması şərti ilə Səbail bələdiyyəsinə təhvil verilib və ümumi torpaq sahəsi 262, 7285 ha müəyyən edilmişdir. Bunları nəzərə alaraq hal-hazırda Salyan 12 və 32 ünvanları Səbail bələdiyyəsinin mülkiyyətində və istifadəsindədir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30.08.2019-cu il tarixli N-06 nömrəli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli 506 saylı Sərəncamı ilə adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 7 ünvanda olmuşdur və bu fakt təqdim etdiyi arxiv sənədlərində də öz əksini tapmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 10.03.2021-ci il tarixli 09/3-38 saylı məktubundan görünür ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb-alınmaması barədə məlumatın verilməsinə dair müraciətlə bağlı bildirilmişdir ki, qeyd edilən sənədlər X5 aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.03.2021-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı X7 tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 1800,0 m2 təşkil edir, üzərində Stik.altı=6,0 m2 1 mərtəbəli tikili mövcuddur.Təqdim olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi qeyri-müəyyən olmaqla 1800,0 m2 sahəyə verilib (sxemdə istinad məlumatları oxunmur). Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur (sərəncamda ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ sahələri” kimi qeyd olunmuşdur, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir və Köhnə bağ sahələri olan ərazilər deyildir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.04.2021-ci il **********86 saylı məktubundan görünür ki, Səbail bələdiyyəsinin adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 iyul 2021-ci il tarixli **********78 saylı məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən“Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir).İddiaçı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bibiheybət qəsəbəsi, Səlyan 32 saylı ünvanda Köhnə bağ sahəsində yerləşən torpaq sahəsinin koordinatlarını qeyd edilən sənəd üzrə müəyyən etmək mümkün olmamışdır, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən iddia və istifadə etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nömrəli müqavilə ilə haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nomrəli müqavilə ilə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür.Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X8 istifadəsinə verilmiş torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü təqdim edilmədiyindən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsinə olan torpaq sahəsi ilə Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X8 istifadəsinə verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir.Elektron kadastr bazasında mübahisələndirilən, İddiaçı Tarverdı oğlunun istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. İddiaçı istifadəsində olan torpaq sahəsinə dair iş materialında olan situasiya planı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Sərəncamın verildiyi tarixə Bibiheybət qəsəbə nümayəndəliyinin balansında olmasını qeyd edilən və ya təqdim edilən (sual aydın deyil guman edək ki, qəsəbənin inzibati sərhəddi nəzərdə tutulur) sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Lakin hal-hazırda mübahisələndirilən ərazi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir. Bakı şəhəri və Bakı ətrafı bələdiyyələrin xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmaması səbəbindən sözügedən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı X7 tərəfindən göstərilən və Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur. İddiaçı torpaq sahəsinin ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli sərəncamını təqdim etsə də, həmin sərəncamda torpaq sahəsinin ölçüsü, planı qeyd edilməmişdir. Sərəncamda Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə çizgisinə istinad edilsə də, həmin yerləşmə cizgisi sərəncama əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da sərəncama belə bir yerləşmə cizgisinin əlavə edilməsi aşkar edilməmişdir. Həmçinin, iddiaçı 30.10.2018-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış qeydi aparılmış situasiya planına istinad edir ki, məhkəmə həmin situasiya planını-sxemi sərəncama əlavə hesab etmir. Belə ki, həmin sxem peyk görüntüsü olmaqla koordinatları dəqiq müəyyən etməyə imkan vermir. Həmçinin, belə bir sxemin sərəncamın verilməsindən 20 il müddət keçdikdən sonra tərtibi onun sözügedən sərəncama əlavə olmadığını aydın göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin qanun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçü əsaslardan hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi iddiaçı X7 tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 1800,0 m2 təşkil edir, üzərində Stik.altı=6,0 m2 1 mərtəbəli tikili mövcuddur. Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ sahələri” kimi qeyd olunsa da, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir. İddiaçı isə iddia tələbi və apellyasiya şikayətində göstərdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi daşınmaz əmlaka (torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə yanaşı (hazırki halda icra hakimiyyətinin sərəncamı), həmçinin torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli sərəncamını təqdim etsə də, həmin sərəncamda torpaq sahəsinin ölçüsü, planı qeyd edilməmişdir. Sərəncamda Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə çizgisinə istinad edilsə də, həmin yerləşmə cizgisi sərəncama əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da sərəncama belə bir yerləşmə cizgisinin əlavə edilməsi aşkar edilməmişdir. Həmçinin, iddiaçı 30.10.2018-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış qeydi aparılmış situasiya planına istinad edir ki, məhkəmə həmin situasiya planını-sxemi sərəncama əlavə hesab etməmişdir. Həmin sxem peyk görüntüsü olmaqla koordinatları dəqiq müəyyən etməyə imkan vermədiyindən, həmçinin, belə bir sxemin sərəncamın verilməsindən 20 il müddət keçdikdən sonra tərtibi onun sözügedən sərəncama əlavə olmadığını təsdiq etdiyindən iddianin təmin edilmısəsi üçün əsaslar olmamışdır. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsi ilə bağlı qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 4 avqust 2021-ci il tarixli qətnaməsinə istinad edərək göstərmişdir ki, onun tərəfindən cavabdeh X2 qarşı (üçüncü şəxslər Səbail Rayon İcra Hakimiyyəti Səbail Bələdiyyəsi və X15 işə cəlb edilməklə) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməinə müraciət edərək ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 5 mart 2021-ci il tarixli 2(009)-70/2021 saylı qətnaməsi ilə iddiası rədd olunsa da, həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsiinin 4 avqust 2021-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin həmin torpaq sahəsindən çıxarılmaları qət olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi qətnamə hazırkı işin həlli üçün preyudisual əhəmiyyət kəsb etmir. Belə ki, hazırkı iddia tələbində tərəflər müxtəlif olmaqla yanaşı, iddianın predmetini iddiaçı ilə cavabdeh Daşınmaz Əmlakın Xidməti arasında torpağın mülkiyyət kimi qeydiyyata alınmasından ibarət tələbi təşkil edir ki, bunun üçün iddiaçı tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanunun 8–ci maddəsində nəzərdə tutulmuş təqdim edilməlidir. İddiaçı həmin sənədləri inzibati organa təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və əlavə olaraq qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri), müvafiq torpaq sahəsinə dair «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd, həmçinin həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü inzibati orqana təqdim olunmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar