Məhkəmə qərarları › İş №2-1(103)-603/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-603/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-603/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «torpaq sahəsinin cizgisinin verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1987-ci il tarixli, 2/13 saylı qərarından görünür ki, iddiaçıya ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsi ayrılmışdır.

2. Fərdi yaşayış evinə dair tərtib olunmuş may 1989-cu il tarixli texniki pasportdan görünür ki, həmin ünvanda inşa olunan fərdi yaşayış evinə dair texniki pasport tərtib olunmuş, fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsinin göstəriciləri müəyyən olunmuşdur.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş və İdarənin arxivində mövcud olan texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.

4. Yerli icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir.

5. Cavabdehin 28 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilir ki, texniki pasporta əsasən əmlak dövlət qeydiyyatına alındığından yerləşmə cizgisinin verilməsi imkan xaricindədir.

6. Müayinə aktında qeyd edilmişdir ki, yaşayış evi və torpaq sahəsi texniki pasporta uyğundur, yaşayış evi mövcuddur, həyət tikililəri sökülmüşdür. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 1036 kv.m, faktiki 1296 kv.m sahə təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir.

8. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismindən çıxarılması, iddia tələbinin Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 78-də yerləşən torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi “Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 78-də yerləşən 10,36 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin Cavabdeh üzərinə qoyulması ” formasında icraata qəbul edilməsi qərara alınmışdır.

10. Lakin qeyd olunan qərardadın müəyyən etdi və nəticə hissəsində yanlışlığa yol verilərək iddia tələbi “Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 78-də yerləşən 10,36 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin Cavabdeh üzərinə qoyulması” göstərilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8372/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8372/2024 saylı qərardadının müəyyn etdi və nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilməsi, Bakı İnzibati Məhkəməsinin adıçəkilən qərardadın müəyyən etdi və nəticə hissəsində iddia tələbi “Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 78-də yerləşən torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin Cavabdeh üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1987ci il tarixli, 2/13 saylı qərara əsasən İddiaçı ayrılmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Lenin rayon XDS İK-nin qərarı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir.

14. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinin qeydiyyata alınmış və hər hansı bağ sahəsi ilə üst-üstə düşmədiyini müəyyən etmişdir. Göründüyü kimi hazırda torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi məsələsi hər hansı şəxsin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsi 37 ıl bundan öncə yəni 1987-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia eldiyi Maştağa qəsəbəsindən yerləşən 600 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın göriinür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamışdır. Məhkəmə torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordınatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş və İdarənin arxivində mövcud olan texniki pasport əvvəllər atası ilə əmisinə məxsus olmuş fərdi yaşayış evinə aid torpaq sahəsi ilə bağlıdır.

19. Cavabdeh “E-kabinet” vasitəsilə ərizə təqdim edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (hazırkı inzibati mübahisə yarandığı vaxt qüvvədə olmuşdur): 28-ci maddəsinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Belə ki, məhkəmə tərəfindən işin hallarına əsasən müəyyən edilmişdir ki, Lenin rayon XDS İK-nin qərarı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir.

29. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinin qeydiyyata alınmış və hər hansı torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən etmişdir.

30. Göründüyü kimi hazırda torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi məsələsi hər hansı şəxsin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmamışdır.

31. Cavabdehin 28 noyabr 2023-cü il tarixli məktubu ilə texniki pasporta əsasən əmlak dövlət qeydiyyatına alındığından, yəni yəni fərdi yaşayış evinə dair texniki pasport mövcud olduğundan yerləşmə cizgisinin verilməsindən imtina olunmuşdur.

32. Məhkəmə baxışı zamanı may 1989-cu il tarixli texniki pasportdan müəyyən olunmuşdur ki, həmin ünvanda iddiaçının atasından inşa olunan fərdi yaşayış evinə dair texniki pasport tərtib olunmuş, fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsinin göstəriciləri müəyyən olunmuşdur.

33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda isə qeyd edilmmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş və İdarənin arxivində mövcud olan texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.

34. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş və İdarənin arxivində mövcud olan texniki pasport əvvəllər atası ilə əmisinə məxsus olmuş fərdi yaşayış evinə aid torpaq sahəsi ilə bağlıdır.

35. İddiaçı isə Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1987-ci il tarixli, 2/13 saylı qərarı ilə iddiaçıya ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi ilə bağlı ayrılmış 600 kv.m torpaq sahəsinə cizginin verilməsini tələb edir.

36. Belə ki, iddiaçı Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 78-də yerləşən fərdi yaşayış evinə çıxarış alınması ilə bağlı müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi isə xx.xx.2024cü il tarixli imtina məktubunda qeyd edilmmişdir ki, Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1987-ci il tarixli, 2/13 saylı qərarı ilə iddiaçıya ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi ilə bağlı ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi səbəbindən müraciəti təmin olunmur.

37. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, Yerli icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir.

38. Apellyasiya şikayətində cavabdeh bildirmişdir ki, İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsi 37 ıl bundan öncə yəni 1987-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia eldiyi Maştağa qəsəbəsindən yerləşən 600 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın göriinür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamışdır.

39. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinə cizginin verilməsi səlahiyyətinin icra hakimiyyətinin səlahiyyətinə aid olmadığını qeyd etsə də, tətbiq edilən normativ hüquqi aktlardan da göründüyü kimi cavabdehin bu dəlili əsassızdır.

40. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etməklə hazırkı tələblə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamış, formal imtina vermişdir.

41. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olaraq nəzərə almışdır ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətidir və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.

42. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, şikayətin dəlilləri heç bir mötəbər sübuta söykənmir və formal mülahizələrdən ibarətdir.

43. Belə ki, torpaq sahəsi ayrılmasından uzun müddət keçsə də iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

44. Apellyasiya şikayətində cavabdeh həmçinin, bildirmişdir ki, məhkəmə torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordınatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir.

45. Apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1987-ci il tarixli, 2/13 saylı qərarında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlməməsi, yəni qərarın sözügedən sahəyə aid olmaması ilə bağlı cavabdeh heç bir sübut təqdim etməmişdir.

46. Məhkəmə Kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.

47. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar