Məhkəmə qərarları › İş №2-1(103)-604/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-604/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-604/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil) , cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sakit qızının (şəxsiyyət vəsiqəsinə əsasən Sakitovna) (ünvan 1 m. 12 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) qarşı çıxarışın verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4131/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sakit qızı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 40, 12 saylı mənzilə verilmiş MH seriyalı və 066319 saylı Qeydiyyat Vəsiqəsini "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2004-cü ildə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvanda yerləşən mənzilin ikinci mərtəbəsinin tikintisinə Bakı şəhərinin Baş planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyətinin xx.xx.1999-cu il tarixli, 704 saylı Sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin göstərişlərinə əsasən 1999-cu ildə başlanılmış və 2003-cü ildə tam təmir olunmaqla başa çatdırılmışdır. Tikinti ilə əlaqədar bütün müvafiq qurumların icazəsi və rəyləri alınmış və verilmiş layihə əsasında yerinə yetirilmişdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra 2004 - cü ildə aidiyyəti üzrə "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi"nə, tikinti ilə əlaqədar bütün hüquqi sənədlər (əsli) təqdim olunmaqla, müraciət olunmuş və xx.xx.2004cü ildə Reyestr kitabında qeyd olunmaqla Q. Abbasov küçəsi ev 40, 12 saylı mənzilə yeni Texniki Pasport verilmişdir. Qeydiyyat Vəsiqəsində mənzilin ümumi sahəsi (əvvəlki ümumi sahəsi 47,5 kv.m.) haqqında məlumat olmadığından və Texniki Pasport sənədinin 2004-cü ildə yenidən tərtib olunaraq 2 mərtəbəli mənzilin (sonuncu ümumi sahəsi 136,4 kv.m) göstəricilərinin bu Pasportda öz əksini tapdığından hazırkı Qeydiyyat Vəsiqəsinin yenisi ilə dəyişdirilməsinə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən məsləhət görülmədiyindən dəyişdirilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin aidiyyatı qrumlara müvafiq göstərişlərinə əsasən tikintisi başa çatmış, lakin hüquqi sənədləri tam qaydasında olmayan tikililərin sənədləri yerində araşdırılaraq yeni hüquqi sənədlərlə təmin olunmalıdır. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bütün hüquqmüəyyənedici sənədlərlə edilmiş müraciətə baxmayaraq bu sənədlər qəbul edilməmiş və xx.xx.2018-ci il tarixli və **********88 saylı "Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə BİLDİRİŞ” göndərilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4131/2019 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 40, 12 saylı mənzilə verilmiş MH seriyalı və 066319 saylı Qeydiyyat Vəsiqəsini "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2004-cü ildə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil dövlət reyestrindən iki otaq, yaşayış sahəsi 28,0 m2 , ümumi sahəsi 47,5 m2 qeydiyyatdan keçməsinə baxmayaraq, faktiki olaraq üç otaq, ümumi sahə 125,2 m2 təşkil edir. Belə ki, mənzilin dövlət reyestrində qeydiyyatdan keçən sahəsi ilə faktiki istifadə olunan sahəsi arasında fərq mövcuddur. Faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********88 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı layihəsi tərtib edilməklə təsdiqlənməlidir. Bundan sonra ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən istismara yararlı olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, Tikilinin istismara qəbul aktının çatışmadığını, birinci mərtəbə və ikinci mərtəbənin sahələrinin uyğunsuzluğun olduğunu, ikinci mərtəbənin sahəsinin daha çox olduğunu bildirdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq, o, 47.5 kv metrə qeydiyyat vəsiqəsi verildiyini, 2013-cü ilə qədər fərdi yaşayış evinin tikintisi ilə əlaqədar İcra Hakimiyyətinin sərəncamı əsasında tikinti işləri aparıldığını, tikilinin layihəsinin olduğunu,çıxarış verilməməsi üçün heç bir sənəd əskik olmadığını, İstismara qəbul aktı olmalıdır. Sədrlik edənin suallarına cavab olaraq, o, istismara qəbul aktının və onun surətinin onlarda olmadığını, cavabdeh orqana müraciət zamanı göndərdiklərini, göndərişin olmasını təsdiq edən sənədin surətinin də olmadığını, evin Bayıl ərazisində eniş və yoxuşun kəskin olduğu yerdə yerləşdiyini, bu səbəbdən ikinci mərtəbənin küçədən birinci mərtəbə kimi görsəndiyini, relyefə əsasən texniki pasportda ikinci mərtəbədə qarajın o səbəbdən qeyd edildiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 (etibarnamənin və nikah haqqında şəhadətnamənin surəti) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarına əsasən: -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 066319 nömrəli xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Q.Abbasov küçəsindəki 40 nömrəli yaşayış evinin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. -Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının (R.Allahverdiyev) “Mənzilin üstündə 2-ci mərtəbəsinin tikintisinə icazə verilməsi haqqında” 704 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Səbail rayonu, Q.Abbasov küçəsi, 40 saylı evin 12 saylı mənzilinin sakini İddiaçı Sakit qızının ərizəsini nəzərə alaraq, həmin mənzilin üstündə əlavə 2-ci mərtəbənin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. -ünvan 3 ünvanda yerləşən 12 saylı mənzilə dair xx.xx.2004-cü il tarixdə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Texniki Pasport tərtib edilmişdir. Həmin Texniki pasportun “Binanın (tikilinin) texniki təsviri ümumi məlumatlar” hissəsində mərtəbələrin sayı 2 (iki), otaqların sayı 3, ümumi sahəsi – 136,4 kv m., yaşayış sahəsi 65,8 kv.m, köməkçi sahə 70,6 kv.m göstərilmişdir. Texniki Pasporta əsasən İ mərtəbə - yaşayış otağı – sahəsi 19.8 kv.m, daxili hündürlüyü – 3.40 m ; pilləkən qəfəsəsi – 14.0 kv.m; mətbəx – 11.3 kv.m; hamam – 1.8 kv.m; açıq eyvan – 16.0 kv.m; İİ mərtəbə - Qaraj – 16.0 kv.m, daxili hündürlüyü – 3.20 m; yaşayış otağı – 27.0 kv.m; pilləkən qəfəsəsi – 11.5 kv.m; yaşayış otağı – 19.0 kv.m-dir. Binanın tikildiyi il 1924-2000. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 02-Bi/280 nömrəli xx.xx.2019-cu il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, vətəndaş X3, Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxx 1999-cu il tarixli, 704 nömrəli sərəncamının müvafiq tələblərinə uyğun olaraq, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 40 saylı evin 12-ci mənzilinin üstündə əlavə 2-ci mərtəbənin tikintisinə dair həcmi-planlaşdırma həlli, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxx 2000-ci il tarixli, 18/04r-351 nömrəli məktubu ilə razılaşdırılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 40 saylı evin 12-ci mənzilinin üstündə əlavə 2-ci mərtəbənin tikintisinə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 704 nömrəli xx.xx.1999- cu il tarixli Sərəncamı ilə icazə verilmiş və 2-ci mərtəbənin tikintisinə dair həcmiplanlaşdırma həlli, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxx 2000-ci il tarixli, 18/04r-351 nömrəli məktubu ilə razılaşdırılmışdır, həmçinin xx.xx.2004-cü il tarixdə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeyd edilən evə dair yeni Texniki Pasport tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı hal-hazırda Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 40, 12 saylı mənzilə verilmiş MH seriyalı və 066319 saylı Qeydiyyat Vəsiqəsini "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2004-cü ildə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsini xahiş edir. İşin apellyasiya baxışı zamanı iş materiallarına surəti əlavə edilmiş mübahisəli əmlaka dair sənədlərdən görünür ki, mənzilin dövlət reyestrində qeydiyyatdan keçən sahəsi ilə faktiki istifadə olunan sahəsi arasında fərq mövcuddur. Mənzil dövlət reyestrindən ümumi sahəsi 47,5 m2 qeydiyyatdan keçmişdir. Lakin mənzil faktiki olaraq üç otaq, ümumi sahə texniki pasporta əsasən 136,4 kv.m təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarına əsasən bu Qaydalar təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihə-planlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifi (tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. Həmin Qaydalara əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı layihəsi tərtib edilməklə təsdiqlənməli, ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən istismara yararlı olub-olmaması yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mövcud tikilinin istismara qəbul aktını məhkəməyə təqdim etməməklə yanaşı, aktın cavabdeh orqana göndərilməsini sübut edən hər hansı sənəd təqdim etməmiş, yəni istismara qəbul aktının mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarında nəzərdə tutulmuş normalara əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, mənzilin istismara icazə sənədi təqdim edilməmişdir. Bununla bağlı olaraq iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı mənzilin qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair hər hansı sənəd mövcud olmadığından iddia qanuni sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd edir ki, sədrlik edənin sualına cavab olaraq, iddiaçının nümayəndəsi əvvəlki vəsiqəyə əsasən həqiqətən İ mərtəbədə yaşayış otağının sayının 2 olduğunu qeyd etsə də, iş materiallarında olan ünvan 3 ünvanda yerləşən 12 saylı mənzilə dair xx.xx.2004-cü il tarixdə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Texniki Pasporta əsasən həmin Texniki pasportun “Binanın (tikilinin) texniki təsviri ümumi məlumatlar” İ mərtəbədə yaşayış otağının sayı bir ədəd qeyd edilmişdir. (19.8 kv.metr) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin mövcud olmamasını nəzərə almayaraq, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-99.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4131/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 40, 12 saylı mənzilə verilmiş MH seriyalı və 066319 saylı Qeydiyyat Vəsiqəsini "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2004-cü ildə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar