Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-604/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, 04.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalı əsasında, onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, 04.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, 04.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5- ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. İddiaçıya sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda qeyd olunmuşdur ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman ona yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, 04.10.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus əmək kitabçasına əsasən İddiaçı 05.08.1983-ci il tarixdən 12.09.2013-cü il tarixədək hərbi xidmətdə olmuş, həmin tarixdə hərbi xidmətdən tərxis olunmuş və onun təqvimi xidmət illəri 30 il 27 gün, güzəştli şərtlərlə xidmət illəri 13 il 07 ay təşkil etmişdir. - Bundaq sonra iddiaçı əmək müqaviləsinə əsasən 09.02.2014-cü il tarixdən 25.02.2014-cü il tarixədək Mərkəzin hərbiləşdirilmiş mühafizə bölməsində bölmə rəisinin köməkçisi vəzifəsinə 2 ay sınaq müddəti ilə işə qəbul edilmiş, 25.02.2014-cü il tarixdən 12.03.2016-cı il tarixədək Raket və artilleriya qoşunları kafedrasının raket qoşunları və döyüş işi silsiləsinin müəllimi vəzifəsində, 11.04.2016-cı il tarixdən 26.10.2019-cu il tarixədək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işləmiş 27.07.2020-ci il tarixdən Ümumqoşun təlim poliqonunun gözətçilər bölməsinin bölmə rəisi vəzifəsinə işə qəbul edilmişdir. - Müdafiə Nazirliyi tərəfindən İddiaçı barəsində 21.11.2013-cü il tarixdə MN01010 nömrəli məlumat vərəqi doldurularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına (əvvəlki Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə) göndərilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filial İddiaçı yaşa görə pensiya təyin etmişdir. - 21.11.2013-cü il tarixli Məlumat vərəqinə əsasən İddiaçı 04.09.2013-cü il tarixdən hərbi qulluqçu kimi tərxis olunmuş və onun təqvimi xidmət illəri 30 il 27 gün, güzəştli xidmət illəri 13 il 07 ay güzəştli şərtlərlə, cəmi 43 il 07 ay 29 gün təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanunun 1.0, 1.0.5, 1.0.6, 1.0.7, 1.0.8, 1.0.9, 1.0.10, 6.3, 9.6, 22.4, 37.3, 37.3.4, 45-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı Fərmanının 2.11-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı pensiyaya çıxdıqdan sonra işləyib qazandığı kapital əsasında pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.3.4-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu Qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmmaddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qeyd olunmalıdır ki, 2013-cü ildə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra 2014-cü ildən başlayaraq iddiaçı əmək müqaviləsinə əsasən işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 03.02.2014-cü tarixindən 03.02.2020-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonra dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə həmçinin işin materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsini təşkil edən bir neçə qərarına da uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, 04.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-604/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-604/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver