Məhkəmə qərarları › İş №2-1(103)-604/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-604/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-604/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-317/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarından iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (Əzizbəyov) Cavabdeh 30 dekabr 2005-ci il tarixli 830 N-li sərəncamı ilə X6 11 ha ərazidə istirahət məkanları tikmək üçün verilmiş sərəncamın ləğv edilib, həmin ərazinin Bakı şəhəri Nizami rayonu təhsil işçilərinə bağ sahəsi kimi verildiyini və hazırda mülkiyyətlərində olmasını nəzərə alaraq qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə iddianın “Bakı şəhəri Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamlarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Nizami rayonunun təhsil işçilərinə Əzizbəyov (hazırkı Pirallahı) rayonu Dübəndi ərazisində bağ sahələri ayrılmışdır. Həmin bağ sahələrindən Pirallahı rayonu, Dübəndi bağ massivi, 3-cü Şimal küçəsi, ölçüsü 0,098 ha olan 6 saylı bağ sahəsi İddiaçı3, 3-cü Şimal küçəsi, ölçüsü 0,05 ha olan 4 saylı bağ sahəsi İddiaçı1, 2-ci Şimal küçəsi, ölçüsü 0,05 ha olan 12 saylı bağ sahəsi İddiaçı2 məxsusdur və onların mülkiyyətindədir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 830 saylı sərəncamı ilə istirahət məkanlarının tikintisi üçün 11 ha ölçüdə ərazini X6 əsassız olaraq vermişdir. X9 tərəfindən həmin ərazidə ev tikilmiş, lakin tikinti işləri başa çatdırılmamışdır, həmçinin elektrik transformatoru quraşdırılmışdır. Tikili və transformator hazırkı iddiaçıların mülkiyyətindəki torpaq sahələrində yerləşdiyindən, onlara məxsus torpaq zəbt olunmuşdur və maneələr yaradır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 8 sentyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, iddiaçılar məhkəməyə təqdim olunnuş iddia ərizəsində Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 850 nömrəli sərəncamı ilə Pirallahı rayonu, Dübəndi bağ sahəsində vətəndaş X9 tərəfindən tikintisi başa çatmamış ev tikildiyini və elektrik transformatoru quraşdırıldığını bildirmişdir. Məlum olduğu kimi, 2009-cu ildə Pirallahı qəsəbəsi Xəzər rayonunun inzibati ərazisindən ayrılaraq ayrı rayon kimi təsis olunmuşdur. Bununla bağlı «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun həmin ərazidə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və digərlərinin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamları İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 3-cü Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 4 saylı bağ sahəsinə, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 0,098 ha ölçüdə sahəsi olan 6 saylı bağ sahəsinə, İddiaçı2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 2-ci Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 12 saylı bağ sahəsinə aid hissələrdə ləğv edilmişdir. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, qərarın təmin ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişlər. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, adıçəkilən sərəncamlar əlverişli inzibati akt kimi qanunvericiliyə zidd olduğundan və həmin sərəncamların qəbulu qismən iddiaçının mülkiyyət hüquqlarını pozduğundan sərəncamlar müvafiq hissələrdə qanunsuz qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, sərəncamlar qanunvericiliyə ziddir, lakin buna baxmayaraq sərəncamları qismən ləğv edir. Göründüyü kimi, məhkəmənin bu mövqeyində açıq-aşkar uyğunsuzluq vardır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçılara ayrılmış torpaq sahələrinin Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamları ilə hazırki inzibati iş üzrə 3-cü şəxs X5 istifadəsinə Gürgan qəsəbəsində (hazırda Pirallahı rayonunun inzibati ərazisində yerləşir) ayrılmış 11 ha torpaq sahəsi ilə hansı hissədə üst-üstə düşüb-düşməməsi məsələsi sübuta yetirilməmişdir. Bundan başqa, 2009-cu ildə Pirallahı qəsəbəsi Xəzər rayonunun inzibati ərazisindən ayrılaraq ayrıca rayon kimi təsis olunmuşdur. Bununla bağlı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq həmin ərazidə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı: Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Pirallahı rayonu Gürgan qəsəbə nümayəndəliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsivəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının təmin olunmayan hissədə ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutları nəzərdən keçirir: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 noyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 27 noyabr 2019-cu il tarixli A 455754 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 2-ci Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 12 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi “Nizami rayon XTŞK” b/y-nın bağçılıq kitabçası 12, 15 sentyabr 1996-cı il, protokoldan çıxarış 3, 15 sentyabr 1996-cı il göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 27 dekabr 2019-cu il tarixli A 457195 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 3-cü Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 4 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi “Nizami rayon XTŞK” b/y-nın bağçılıq kitabçası 4, 15 sentyabr 1996-cı il, protokoldan çıxarış 3, 15 sentyabr 1996-cı il göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 29 may 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 29 may 2018-ci il tarixli A 266206 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı3 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 0,098 ha ölçüdə sahəsi olan 6 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi 30 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş 3 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi (4Ə-38) göstərilmişdir. - Bakı şəhəri Cavabdeh 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamı ilə Qala- Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisindəki boş istifadəsiz qalmış 11 ha torpaq sahəsi abadlaşdırılaraq orada istirahət zonası təşkil edilməsi üçün vətəndaş X6 icarəyə verilmişdir. - Bakı şəhəri Cavabdeh 30 dekabr 2005-ci il tarixli 830 nömrəli sərəncamı ilə Qala- Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində vətəndaş X6 icarəyə verilmiş torpaq sahəsində fərdi layihə əsasında 2 inzibati binanın tikintisinə icazə verilmişdir. - İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayonunun təhsil işçilərinə Dübəndi qəsəbəsində ayrılmış və hazırda iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdeh X9 tərəfindən qanunsuz inşa edilmiş yarımçıq tikili, elektrik transformatoru və daş hasarın sökülüb çıxarılması tələbini irəli sürmüşlər. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin icraatında olan həmin (2(094)-244/2020 saylı) mülki iş üzrə icraat hazrkı iş üzrə icraat çərçivəsində yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli məktubu ilə məhkəməyə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat təqdim edilmişdir. Məlumatda bildirilir ki, iş üzrə məhkəmənin 7 iyun 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə 21 iyun 2021-ci il tarixli 10/2812 saylı vəsatət göndərilmişdir. Lakin Xidmətin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasında yaradılmışdır) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış 10 fevral 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş 8 fevral 2022-ci il tarixli arayışda bildirilir: Baxışda mütəxəssisin iştirakı təmin edilmişdir. Lakin Bakı şəhəri, Qala-Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamı ilə X6 ayrılmış 11 ha torpaq sahəsinə dair miqyaslı, koordinatlı hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən 3 noyabr 2021-ci il tarixli qərardadla qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin müvafiq sorğuları əsasında təqdim olunmuş: - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2-03906/2023 nömrəli məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 829 saylı sərəncamına cizgi əlavə edilməmişdir. - Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən 2005-ci il üzrə verilmiş sərəncamlar Milli Arxiv Fondunun Bakı filialına təhvil verildiyindən, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Gürgan qəsəbəsində X6 ayrılmış 11 ha torpaq sahəsinə dair plan-cizginin surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, vahid elektron kadastr baza məlumatlarına əsasən sənədlər toplusuna əlavə olunmuş **********40, **********32 və **********29 reyestr nömrəli torpaq sahələri “Nizami rayonu XTŞK" bağçılıq yoldaşlığın ərazisi olmaqla ayrıc aktı daxilində yerləşir (Ayrıc aktı daxilinə düşür). Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələri “Nizami rayonu XTŞK" bağçılıq yoldaşlığın ərazisi olmuş və həmin bağ sahələri 1996-cı ilə dair Nizami rayon XTŞK” b/y-nın bağçılıq kitabçalarına və protokoldan çıxarışlara əsasən iddiaçıların sahibliyinə verilmişdir. Hazırda iddiaçılar Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamları ilə vaxtilə onların sahiblik və istifadəsinə verilmiş, daha sonra isə mülkiyyətlərinə keçmiş bağ sahələrinin də yerləşdiyi 11 ha torpaq sahəsinin əsassız və qanunsuz olaraq 3-cü şəxs X6 ayrılmasını əsas gətirərək sözügedən sərəncamları mübahisələndirirlər. Məhkəmə kollegiyası isə əvvəla qeyd edir ki, işin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən araşdırılması zamanı iddiaçılar mübahisələndirdikləri sərəncamların birbaşa onlara aidiyyəti olmasını sübuta yetirə bilməmişlər. Hətta məhkəmələr tərəfindən xidməti vəzifəyə uyğun olaraq müvafiq mütəxəssis və ekspert rəyi alınması üçün aidiyyəti orqanlara sorğular verilmiş, həmçinin, müvafiq orqanlardan mübahisələndirilən sərəncamlarla bağlı cizgi-plan tələb edilmiş, lakin sözügedən sərəncamlara dair hər hansı cizgi-plan mövcud olmadığından, həmçinin, həmin sərəncamlarla ayrılan torpaq sahəsinin koordinatları olmadığından iddiaçıların mülkiyyətində olan torpaq sahələri ilə mübahisələndirilən sərəncamlarla ayrılan torpaq sahəsinin tam və ya qismən üst-üstə düşməsi müəyyən edilməmişdir. Belə olan halda iddiaçıların torpaq sahələrində 3-cü şəxs tərəfindən tikililərin olması hələ həmin torpaq sahələrinin üst-üstə düşməsi demək deyildir. Aydındır ki, həmin tikililər aidiyyəti olmayan sahədə özbaşına da aparıla bilər. Məhkəmə kollegiyasının qənaəti odur ki, 3-cü şəxs tərəfindən tikililərin aparılması hələ sözügedən sərəncamların birbaşa iddiaçıların hüquqlarını pozması anlamına gəlmir. İddiaçılar mülkiyyət hüquqlarından çıxış edərək, mülki icraat qaydasında aparılan tikililərin sökülməsini tələb edə bilərlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı iddiaçılara ayrılmış torpaq sahələrinin Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005ci il tarixli 829 və 830 nömrəli sərəncamları ilə hazırki inzibati iş üzrə 3-cü şəxs X5 istifadəsinə Gürgan qəsəbəsində (hazırda Pirallahı rayonunun inzibati ərazisində yerləşir) ayrılmış 11 ha torpaq sahəsi ilə hansı hissədə üst-üstə düşüb-düşməməsi məsələsi sübuta yetirilməmişdir. Digər bir tərəfdən aydındır ki, iddiaçıların mübahisələndirdikləri inzibati aktlar 2005-ci il tarixlidir. Bununla bağlı da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçılar irəli sürdüyü iddia üzrə inzibati aktların mübahisələndirilməsi müddətini buraxmışlar. Belə ki, işin hallarından da göründüyü kimi, İddiaçı2 mübahisli torpaq sahəsi üzərində mülkiyyət hüquqları 28 noyabr 2019-cu ildə, İddiaçı1 mülkiyyət hüquqları 28 dekabr 2019-cu ildə və İddiaçı3 mülkiyyət hüquqları isə 29 may 2018-ci ildə qeydiyyata alınmışdır. İddiaçıların məhkəmə iclasında verdikləri etirafedici izahatlarından məlum olur ki, onlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışı əldə etdikdən sonra Qala-Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində tikinti aparıldığından məlumatları olmuşlar. Bundan sonra tikilinin sökülməsi üçün mülki qaydada iddia qaldırmışlar, həmçinin, inzibati icraat qaydasında sərəncamları mübahisələndirmişlər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, iddiaçıların Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamlarını mübahisələndirmək üçün subyektiv hüquqları mövcud deyildir. Hətta subyektiv hüquqları olsa belə iddiaçılar Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamlarını xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Qeyd edilənlərə əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyasının qənaəti belədir ki, iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cəmilə Musayeva Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar