Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-605/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7293/2021saylı, 24.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 16.02.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m 33.1). İddianın əsaslarına iddiaçı xx.xx.1961-cü il tarixində doğulmuş, 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 10.09.2002-ci il tarixdən bu günə qədər “X4” MMC-də Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləmiş, güzəştli iş stajı 18 il, 4 ay, 25 gün təşkil edir. Belə ki, əmək fəaliyyətinin həmin hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsiri altına düşür. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ərizəsini təmin etməkdən imtina edərək ona ünvanlanmış **********2 nömrəli, 20.04.2021-ci il tarixli cavab məktubunda onun güzəştli iş stajının olmaması səbəbindən tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının “X4” MMC-də 10.09.2002- 01.03.2005-ci illərdə Qazan-Turbin sexində qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi operator və maşinist baxıcısı vəzifələrinin Siyahının elektrik stansiyaları, enerji qatarları və güc təsərrüfatı bölməsində nəzərdə tutulmadığından qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7293/2021saylı, 24.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 60 yaşının tamam olduğu 16.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşdirilir:yaş, staj və pensiya kapitalı. İddiaçı isə tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, “X4” MMC-də Qazan-Turbin sexində işlədiyi 10.09.2002-01.03.2005-ci illərdə qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi operator və maşinist baxıcısı vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının elektrik stansiyaları, enerji qatarları və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil G.Quluzadə birinci instansiaya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh iddiaçıya ünvanladığı imtina məktubuna və iddia ərizəsinə etirazında qeyd olunan əsaslarla, idiaçının 10.09.2002-01.03.2005-ci il tarixlərində “X4” MMC-də Qazan-Turbin sexində işlədiyi qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi operator və maşinist baxıcısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmadığını mübahisələndirərək hesab edir ki, onun güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün güzəştli stajı yoxdur. Birinci instansiya məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin arayışı, eyni zamanda, həmin sahə üzrə vahid tarif sorğu kitabçasında olan məlumatları diqqət mərkəzinə çəkərək iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 16.02.2021-ci il tarixə 15 ildən çox güzəştli iş stajının mövcud olduğunu hesab edərək ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan bütün şərtlər ödənildiyindən cavabdehin imtinası əsassız sayaraq iddiaçının hüquqlarını pozduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, sığortaolunana 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşı, azı 25 il ümumi və güzəştli pensiya hüququ verən 12 il 6 ay xüsusi stajı, habelə minimum əmək pensiysı almağa imkan verən pensiya kapitalı mövcud olmalıdır. İddiaçıda da məhz qanunun tələb etdiyi həmin şərtlər bütünlüyü ilə mövcuddur. İddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə (No0*******; Suraxanı RPİ 09.04.2012) əsasən müəyyən olunur ki, iddiaçının təvəllüdlü xx.xx.1961-ci ildir və onun 16.02.2021-ci il tarixində 60 yaşı tamam olmuşdur. Eyni zamanda, hazırkı mərhələdə əldə olunmuş, iddiaçının fərdi hesabından elektron çıxarışa və sosial arayışa əsasən müəyyən olunur ki, onun məcburi dövlət sosial sığorta haqlarından hesabının sığorta hissəsinə 48.272,96 manat pensiya kapitalı yığılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə pensiya məqsədləri üçün əmək pensiyasının minimum məbləği 200 məbləğində manat nəzərdə tutulurdu (2019-cu il 1 oktyabr tarixindən 2022-ci il yanvarın 1-dək olan müddətdə) “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndi ilə müəyyən olunan pensiya ödəniş müddəti (12 il) nəzərə alınmaqla iddiaçının 204 (144+60) aya bərabər olan pensiya ödənişi müddəti üçün tələb edilən pensiya kapitalı 40800 manat təşkil edirdi. Qeyd olunanlardan göründüyü kimi, güzəştli pensiya təyin edilməsi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutlan 60 yaşı və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı (48.272,96 manat) mövcuddur. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, onun pensiya yaş həddinə çatdığı tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusilə zərərli və ağır iş şəraitində sığorta sıtajı da mövcuddur. Belə ki, onun hərbi biletinin (No4053791 Xətai H/K.) və İT-İ ******* nömrəli 09.10.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən onun aşağıdakı kimi iş stajı müəyyən olunur: 25.09.1978-31.10.1979 Bakı Təcrüb-Eksperimental Zavodda ştamplayıcı (1 il 1ay 6 gün); 26.11.1878-01.11.1981 müddətli həqiqi hərbi xidmət (1 il 11 ay 5gün); 07.12.1981-07.09.1982 həmin zavodda ştamplayıcı (9 ay); 04.10.1982-22.06.1995 Bakı mebel fabrikində ”oboyçu (12 il 8 ay 18gün); 26.06.1995-05.09.2002 Bakı Neftqazma İdarəsi “Suraxanıneft” Qaz kompressor sexinə “kompressor qurğusunun maşinisti”(7 il 2 ay 9 gün); 10.09.2002-01.03.2005 “X4” MMC-də Qazan-Turbin sexində qaz kompressor və köməkçi qazan üzrə operator ( 2 il 5 ay 21gün); 01.03.2005-ci il tarixindən (indiyədək) – “X4” “Qazan-turbin sexində qazan avadanlığına (köməkçi qazan) maşinist baxıcısı (60 yaşı tamam olan 16.02.2021-ci ilədək 15 il 11 ay 15 gün); Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 25 ildən çox ümumi stajı var. Həmin stajın da 12 il 6 aydan çoxunu xüsusilə zərərli iş şəraitində işləmişdir. Belə ki, işə əlavə olunmuş "xxxx" ASC-nin “X4” MMC-nin 103/01-01-3 nömrəli, 03.02.2021-ci il tarixli güzəştli arayışında işəgötürən müəssisə bildirir ki, İddiaçı 10.09.2002-ci il tarixdən hal-hazıradək Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləyir, güzəştli əmək stajı 18 il, 4 ay, 25 gün təşkil edir. Eyni zamanda, adıçəkilən “X4” MMC-nin iş materiallarında olan 14.07.2021-ci il tarixli, 103/01-0176 nömrəli məktubunda müssəisə tərəfindən göstərilir ki: “...vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdimetməsi üçün əmək stajı barədə 103/01-01-3 saylı 03.02.2021-ci il tarixli arayış verilmişdir. Həmin arayışda qeyd edilir ki, Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcı vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən vəzifə üzrə 18 il, 4 ay, 25 gün əmək stajına sahibdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2008-ci il tarixli 199 saylı qərarının 24 nömrəli bəndinə “Elektrik stansiyaları, Enerji qatarları, buxar və güc təsərrüfatı fəslinə daxildir. “X5” MMC-də 10.09.2002-01.03.2005-ci il tarixləri arasındakı dövr ərzində QazanTurbin sexində qaz kompressoru və köməkçi qazan üzrə operator və maşinist baxıcı vəzifələrində işləmişdir. Vəzifənin adı «Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabcası»na (hissə 9) uyğun olaraq tərtib olunub. Həmin ixtisas sorğu kitabçası SSSR-in vaxtında qüvvədə olan - «Единый тарифноквалификационный справочник работ и профессий рабочих ( выпуск 9)» tərcüməsidir və «Машинист-обходчик по котельному оборудованию» -Qazanxana avadanlığı üzrə maşinist baxıcı kimi qeyd olunub (Əlavə-1). Qüvvədə olan qaydalara əsasən ölkəmizdə bütövlüklə enerji sistemi üzrə bütün fəhlə peşələrinin adları qeyd olunan kitabça üzrə təyin edilir. Həmin kitabça isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli 21.09.1998-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin təsdiqi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 30.09.1998-ci ildə qeydə almışdır. (Qeydiyyat nömrəsi 130). Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) vəzifənin adı qazanxana avadanlığı üzrə nəzarətçi maşinist kimi göstərilib. Yəni, Azərbaycan dilində olan sinonim sözlərdən istifadə etməklə texniki səhvə yol verilib. Qazanxana avadanlığı üzrə maşinist baxıcı adlı peşə ilə qazanxana avadanlığı üzrə nəzarətçi maşinist adlı vəzifə mahiyyəti üzrə eynidir və «Машинист-обходчик по котельному оборудованию» peşəsinin tərcüməsidir. Digər tərəfdən, «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»nda da həmin peşə maşinist baxıcı kimi qeyd olunub. Yuxarıda qeyd olunanları nəzərə alaraq «машинист-обходчик» sözün tərcüməsi texniki səhvdir...” İddiaçının çalışdığı “X5”nın tədqiq olunan arayışlarından göründüyü kimi, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlərlə, qazan avadanlığının maşinist baxıcıları - eyni əmək funksiyasını yerinə yetirsə də, Siyahıda fərqli peşə adının təsbit olunması tərcümədən səhvindən yaranan anlaşılmazlıqdan irəli gəlir. Bu halda onu da qeyd etmək yerinə düşür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli 21.09.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 30.09.1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə almış “Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçası”nda (hissə-9) “elektrik stansiyaları və şəbəkələrinin istismarı və enerji tələbatçılarına (istehlakçılarına) xidmət ilə məşğul olan fəhlə peşələrinin sırasında qazanxana avadanlığı üzrə nəzarətçi maşinist peşəsi də yoxdur. Həmin vahid tarif ixtisas sorğu kitabçasında sözügedən peşələr sırasında qazanxana avadanlığı üzrə maşinist-baxıcısı peşəsi mövcuddur ki, həmin tarixədək qüvvədə olan peşənin adı «mашинист-обходчик по котельному оборудованию” kimi olmuş və bu peşə üzrə işin xüsusiyyəti - qazanın yardımçı avadanlıqlarına; qaz-hava, qaz-mazut və drenaj sistemlərinə, odluq qurğularına, qazanın buxar-suyoluna kimyəvi reagentləri daxil edən qurğulara, qazanın qızmış səthinin üfürmə sisteminə və üfürmə üzrə qurğulara, reduksiya-soyuducu qurğular, çən təsərrüfatına, texniki su və sıxılmış hava sisteminə xidmət etməklə, onların işinə nəzarət edilməsi, qazanın yardımçı avadanlığının fasiləsiz işinin təmin edilməsi, Qazan aqreqatının iş rejiminin idarə olunmasında iştirak etmək, xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, yoxlanılması, qazan qurğusunun istilik sxemində dəyişdirmələr aparılması, avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması, qəza hallarının ləğv edilməsində iştirak etməkdən ibarətdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, peşənin adı qazanxana avadanlığı üzrə maşinist baxıcısı olsa da, həmin peşəni yerinə yetirən işçinin əmək funksiyalarından biri də qazanxana avadanlığına nəzarətt həyata keçirməkdər Məhz, formalaşmış məhkəmə təcrübəsində də işçinin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Burada söhbət - müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd ounanlar baxımından, iddiaçının çalışdığı müəssisənin izahlı arayışları və “Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçası”nda təsbit olunan movcud peşə adı, habelə məhkəmə praktikası nəzərə alınmaqla, iddiaçının “X4”nda işlədiyi “Qazanturbin sexində qazan avadanlığına (köməkçi qazan) maşinist baxıcısı kimi peşəsi, məhz, Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) vəzifənin adı qazanxana avadanlığı üzrə “nəzarətçi maşinisti” peşəsini ehtiva edir. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan bütün şərtlərin mövcudluğu sübuta yetirilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbindən isə görünür ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, cavabdehin iddiaçıya onun xüsusi stajının mövcud olmadığını əsas gətirərək, 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etməsi qanunsuz olduğundan onun qanunla qorunan pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7293/2021saylı, 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7293/2021 saylı, 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-605/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-605/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver