Məhkəmə qərarları › İş №2-1(103)-605/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-605/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-605/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı “şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı “şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən sahəsi 45.60 kv.m olan qeyri-yaşayış binası və 0.24 ha ibarət olan torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu arasında bağlanmış “Layihə məhsulunun yaradılması üçün” 9514 saylı xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, sonuncuya Bakı şəhəri, Qaradağ rayonu, Qılızdaş-Müşfiqabad yolunun 15 kmdə sol tərəfindən yerləşən 132 saylı yanacaqdoldurma məntəqəsinin şəhərsalma əsaslandırıması işlərinin yerinə yetirilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının X9 xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 286 saylı xx.xx.2016-cı il tarixli Qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. İddiaçı şəhərsalma əsaslandırılmasının düzgünlüyünə dair rəy verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmiş, bu barədə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə imtina məktubları göndərilmişdir. İmtinanın əsası kimi göstərilmişdi ki, tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş Planına əsasən rekreasiya zonasına aid edilir, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2014-cü il tarixli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, xiyabanları, meşə-parkları, sututarları, landşaf obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqədar olmayan sənaye, anbar, kommunal obyektlərininin, mənzilmülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Bununla yanaşı mövcud qanunvericiliyə əsasən layihələndirilən əraziyə nəqliyyat vasitələrinin giriş və çıxışının Qılızdaş-Müşfiqabad avtomobil yolu ilə əlaqələndirilməsinə dair Azərbaycan X12 Agentliyinin rəyinin təqdim edilməməsi göstərilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə rəsmi ərizə ilə müraciət edərək, ona Bakı şəhəri, Qaradağ rayonu ərazisində Müşfiqabad – Qızıldaş yolunun 15-ci kilometrliyində yerləşən, əvvəllər fəaliyyətdə olmuş 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiya olunmaqla və müasir avadanlıqlarla təchiz edilməklə tikintisinə icazə verilməsini xahiş etmişdir. Bu məqsədlə o, əvvəlcədən 132 saylı yanacaq-doldurma məntəqəsini qüvvədə olan obyekt kimi satın almış və həmin obyekti müasir avadanlıqlarla təzhiz etməyi planlaşdırmışdır. Obyektin torpaq sahəsinə dair daşınmaz əmlakı dövlət reyestrindən çıxarış iki şəxsin – iddiaçının və digər şəxs X5 adına verilmişdir. Onlar birgə şəkildə fəaliyyət göstərməyə qərar vermişlər. Odur ki, digər bütün sənədləşmə əməliyyatları hüquqi cəhətdən onların adından aparılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə alınmasının ilkin prosedurlarından biri sayılan şəhərsalma əsaslandırılması 4 fevral 2020-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa tabe strukturu olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanmış 9514 saylı “Layihə məhsulunun yaradılması barədə” müqaviləyə əsasən həmin qurum hazırlamalı idi. Sözügedən yanacaq-doldurma məntəqəsinin şəhərsalma əsaslandırılması işlərini yerinə yetirməyi (1.1-ci bənd) və alınmış nəticələri (1.2-ci bənd) nəzərdə tutulmuş qaydada 1 ay müddətində tam başa çatdıraraq təhvil verməyi həmin Layihə İnstitutu öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtləri tərəflər hər hansı şəkildə yerinə yetirmədikdə, yaxud qismən yerinə yetirdikdə, bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Layihə institutu da şəhərsalma əsaslandırılmasını şübhəsiz ki, Komitənin tələb etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər texniki normativlərin tələblərinə uyğun olaraq hazırlayaraq ona (iddiaçıya) təhvil vermişdir. Növbəti mərhələ olan tikintiyə icazə alınması məqsədi ilə 19 fevral 2020-ci il tarixdə verilən ərizəyə 2 mart 2020-ci il tarixdə Komitənin digər tabe strukturu olan hazırda cavabdeh qismində çıxış edən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 02/996 saylı məktubuna əsasən Layihə İnstitutu tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın tələblərinə uyğun olmaması əsası ilə imtina cavabı verilməklə geri qaytarılmışdır. Həmin Qaydaların 17-ci bəndinə əsasən bu qaydalar yanacaq-doldurma məntəqələrinə və bir sıra digər spesifik tikililərə şamil edilmir, onlar barəsində digər normativ aktlar tətbiq olunur. Layihəçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe qurumdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3.2-ci maddəsində göstərilir ki, layihəçi tikinti layihəsinin bu Məcəllənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. İddiaçı məsələ ilə bağlı Ərazi Tikinti-Planlaşdlrma Mərkəzində qəbulda olmuş, lakin müsbət nəticə əldə olunmamışdır. 4 fevral 2020-ci il tarixli 9514 saylı müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, iddiaçı tərəfindən həmin tarixdə 11 saylı hesabfakturaya əsasən İnstitutun "xxxx" ASC-nin Mərkəzi Filialındakı hesablaşma hesabına 4.000 manat (ƏDV ilə birlikdə) pul vəsaiti keçirilmişdir. Sonradan iddiaçı məcbur qalaraq, rəsmi şəkildə poçt vasitəsi ilə şəhərsalma əsaslandırılmasının əsassız olaraq təsdiq olunmamasını Ərazi Tikinti Planlaşdırma Mərkəzinə olan iradlarını qeyd etməklə, Komitənin rəhbərliyinə 22 aprel 2021-ci il tarixdə şikayət şəklində göndərmişdir. Həmin şikayətə cavab olaraq ünvanlanmış 8 may 2021-ci il tarixli məktubla cavabdehdən sənədlərin yenidən hazırlanaraq təqdim olunması təklifi gəlmişdir. İddiaçı həmin tarixdə cavabdehə tələb olunan sənədlərlə birlikdə yeni ərizə ilə müraciət etmişdir. 27 may 2021-ci il tarixdə cavabdehdən daxil olmuş digər məktubda isə, ona guya əvvəlki 8 may 2021- ci il tarixli məktubda məsələyə dair ətraflı izah verildiyi bildirilmişdir. Halbuki, əvvəki məktubda ona sənədləri yenidən təqdim etmək təklif olunmuşdu ki, iddiaçı da həmin sənədləri 8 may 2021-ci il tarixdə təqdim etmişdir. Yəni, əvvəlki əsassız imtina cavabı nəzərə alınmadan təkrar müraciət etmək məsləhət bilinmiş və bu müraciət təklifi də qəbul olunmuşdur. Bununla da, tikintiyə icazə icraatı qeyri-qanuni olaraq iddiaçının təqsiri olmadan bir ildən çox müddətə ləngidilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4 və 75.5-ci bəndlərinin tələblərinə əsasən icazə prosedurunun bu mərhələsində, onun müraciətindən ötən 2 – 3 gün ərzində şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmaması cavabdeh tərəfindən yoxlanılaraq, düzgün olduğu halda növbəti mərhələnin başlanması üçün həmin Məcəllənin 75.5.2-ci maddəsinə əsasən digər aidiyyati qurumlara rəsmi göndərilməli idi. Təqdim edilmiş sənədlərdə də qanuni tələblərdən kənar hər hansı xüsusat yox idi ki, əsassız olaraq növbəti mərhələlərə göndərilmədən imtina olunsun. İmtina edilən şəhərsalma əsaslandırılmasında ara məsafələrinə riayət olunmamasına dair tutulan iradlar tamamilə əsassız idi. Bu etiraz ilk öncə adıçəkilən Layihə İnstitutuna bildirdikdə, qurumdan “ara məsafələri”nə riayət olunması tələblərinə əməl olunması məqsədi ilə məlum reyestrdən çıxarışda qeyd olunan 0,24 ha-dan əlavə yanaşı ərazidən əlavə daha 0,20 ha torpaq alınması şərt kimi bildirilmişdir. Halbuki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan məlum layihəçinin nümayəndəsi bildirmişdir ki, həmin yanacaqdoldurma məntəqəsinin üç tərəfi dövlət ehtiyat fondunun torpaqlarıdır. Əgər əvvəllər qanuni fəaliyyət göstərmiş yanacaqdoldurma məntəqəsi üçün hazırda başqa normativlər tələb olunursa, bu normativlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təsdiq etdiyi 25 oktyabr 2001-ci il tarixli 2718 saylı “Dövlət Şəhərsalma Norma və Qaydaları”na (Az.DTN 2.6-1) ziddir. Məhz bu Qaydalar «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 17-ci bəndində nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.45-ci bəndinə görə yanacaq doldurma məntəqələri 1.200 minik avtomobilinə hər yanacaq paylama kolonkası hesabı ilə layihələndirilməli, onların torpaq sahələrinin ölçüləri aşağıdakı kimi qəbul edilməlidir: 2 kolonkalı məntəqə – 0,1 ha, 5 kolonkalı məntəqə – 0.2 ha, 7 kolonkalı məntəqə – 0,3 ha. Göründüyü kimi, ona (iddiaçıya) aid yanacaq-doldurma məntəqəsinin layihəsi ilə 3 kolonka, reyestrdən çıxarış üzrə mümkün olandan daha az torpaq sahəsi tələb olunur. Bundan əlavə, iddiaçıya aid torpaq sahəsinin yüz metrlərlə hər dörd cəhətində, məlum Qaydaların 8.46-cı bəndində sadalanan obyektlər mövcud deyildir. Həmin Qaydaların 8.46-cı bəndinin tələblərinə görə maye yanacaq saxlanan yeraltı çənləri olan yanacaq-doldurma məntəqəsindən məktəbəqədər tədris müəssisələrinin, ümumtəhsil məktəblərinin, internat məktəblərinin, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 metrdən az olmamalıdır. Göstərilən məsafə məntəqədəki yanacaqdoldurma kolonkaları və maye yanacaq saxlanan yeraltı çənlərdən təyin edilir. Sutkada 500 qədər minik avtomobilinə xidmət olunduqda, məsafəni 25 metrdən az olmamaqla qısaltmaq olar. Yuxarıda sözügedən 2718 saylı Qaydalardan daha sonra ölkə üzrə bu xüsusda yeni Qaydalar təsdiq olunmadığı halda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan strukturlar tərəfindən ciddi qanunsuzluqlara yol verilmişdir. Layihə İnstitutunun iddiaçıya ünvanlanmış 5 may 2021-ci il tarixli məktubunda göstərilir ki, şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün mövcud yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasını nəzərə almaqla, yerləşəcək yeraltı yanacaq çənləri və kolonkalardan 25 metr radiusunda olan torpağa dair müvafiq sənədlərin tələb olunmasına baxmayaraq, həmin torpaq sənədləri təqdim olunmamışdır. Layihə sənədlərində yaşıl rəngdə 25 metr radiusundakı çevrələrin mövcud ərazidən kənara çıxdığı göstərilmişdir. Göründüyü kimi, Ədliyyə Nazirliyinin təsdiq etdiyi qüvvədə olan yuxarıda ətraflı şərh olunmuş məlum 2718 saylı dövlət-tikinti normativlərinə zidd olan tələb qoyularaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birbaşa tabe Layihə İnstitutu tərəfindən ona (iddiaçıya) rəsmi məktub göndərilmişdir. Həmin məktubda məlum Layihə İnstitutu özü təsdiq edir ki, İnstitut tərəfindən çəkilən layihə səhvdir, çən və kolonkalardan 25 metr radiusda əlavə yeni, yəni iddiaçıya məxsus mövcud 24 kv.m-dən əlavə torpaq sahəsi tələb olunur ku, bu da sözügedən normativlərə ziddir. Belə ki, 25 metrlik məsafə AZ.DTN 2-6-1 qaydalarına əsasən çənlərdən hesablanaraq həmin qaydalarda sadalanan və yuxarıda adıkeçən obyektlərin sərhədlərinə qədər müəyyən edilərkən həmin məsafənin yanacaq-doldurma məntəqələrinin sərhədləri daxilində olması tələbi mövcud deyil və bu tam məntiqdənkənar haldır. Qurum tərəfindən 3 kolonkası olan yanacaq-doldurma məntəqəsinə əlavə 0,20 ha sahə (ümumilikdə təxminən 0.5 ha) tələb edilir. İddiaçı məsələ ilə bağlı 7 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Dövlət Turizm Ağentliyinə ayrı-ayrılıqda sorğu məktubları göndərmişdir. Nazirlər Kabineti həmin sorğu məktubunu aidiyyati üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmiş və həmin Xidmətdən daxil olmuş **********94 saylı 5 noyabr 2021-ci il tarixli elektron məktubda bildirilir ki, məlum ərazinin Bakı şəhərinin hazırda hazırlanmaqda olan Baş Planında turizm və rekreasiya zonası kimi nəzərdə tutulması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Nazirlər Kabineti sorğu məktubunu Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməkdə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnaməyə istinad etmişdir. Həmin Agentlik isə, Əmlak Məsələləri Dövlət Xidmətinin birbaşa tabe strukturudur. Həmin Əsasnamənin 3.04-cü bəndində qeyd olunur ki, torpaqların dövlət idarəetməsinin təşkili ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək Agentliyin müstəsna vəzifəsidir. Həmin Əsasnamənin 3.0.5-ci bəndində isə göstərilir ki, torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq, aidiyyati orqanlarla razılaşdırılması, əsaslandırılması istiqamətində tədbirlər görmək və təkliflər vermək də Agentliyin müstəsna səlahiyyətidir. Bununla da, görünən odur ki, turuzm və rekreasiya zonalarının Baş Plana salınması üçün mütləq X9 Nazirlər Kabinetinə rəsmi təklifi olmalı, Nazirlər Kabineti də öz növbəsində bu təklifin torpaq fondu ilə bağlı hissəsini razılaşdırmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi. X7 Nazirlər Kabinetinə təklif daxil olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətindən yuxarıda ətraflı qeyd edilən cavab məktubu gəlməzdi. X10 göndərilən rəsmi sorğuya cavab olaraq Agentlikdən verilmiş DİA/03-12/2-1650/2 saylı 5 noyabr 2021-ci il tarixli məktubda qeyd olunur ki, müvafiq ərazi Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. Deməli, Agentlik ümumiyyətlə 2016-cı ildən sonra yeni turuzm-rekreasiya zonaları yaradılması üçün torpaq sahəsi ayrılması barədə təkliflə Nazirlər Kabinetinə müraciət etməmişdir. Başqa sözlə, mübahisə predmeti olan ərazinin Bakı şəhərinin hazırlanmaq mərhələsində olan Baş Planına salınması üçün yeganə səlahiyyətli təklifverici və təsdiqedici orqan tərəfindən Baş Planın layihəçisinə heç bir sənəd daxil olmadan 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasına icazə verilməsinə mane ola biləcək ərazinin turizm və rekreasiya zonası elan olunması barədə rəsmi sənədlə iddiaçıya verilən məlumatlar da yanlışdır. Əlavə olaraq 16 oktyabr 2021-ci il tarixdə sonuncu dəfə cavabdehə tikintiyə icazə verilməsi üçün şəhərsalma əsaslandırılmasının təsdiq olunması xahişi ilə bütün aidiyyati sənədləri göndərməklə müraciət olunmuş və cavabdehdən daxil olan XO-03-0/2- 2021-04162 saylı 5 noyabr 2021-ci tarixli məktubla artıq 4-cü dəfə əvvəlki göndərilən imtina cavablarına istinad edilərək, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsindən imtina olunmuşdur. Beləliklə də, rekreasiya zonası adı ilə iddiaçıya məxsus obyektin şəhərsalma əsaslandırılmasının təsdiqindən imtina edilməsi, eyni ilə ara məsafələri adı ilə imtina qədər absurddur və hər iki halın baş vermə səbəbləri cinayət motivlidir. Cavabdedən gələn 5 noyabr 2021-ci il tarixli XO-03-0/2-2021-04162 saylı 4-cü imtina cavabı, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətindən və X7 5 noyabr 2021-ci il tarixdə daxil olan cavab məktubları artıq tam qənaət yaradır ki, onun (iddiaçının) hüquqları əsaslı şəkildə, hətta qərəzli və qəsdən pozulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasınən Konstitusiyasının 149-cu maddəsinin Vİİ, Vİİİ hissələrinə, Mülki Məcəlləsinin 7-ci maddəsinə, Mülki-Prosessual Məcəlləsinin 296, 297.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən tikintiyə icazə verməkdən əsassız olaraq qəsdən və qərəzli şəkildə imtina etməklə, Cinayət Məcəlləsinin 308-ci maddəsinin tələblərinə uyğun olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin tamah və sair şəxsi marağı üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində ona 200.000 manatdan çox zərər dəyə bildiyinə görə cavabdehin aidiyyati məsul şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsi, cavabdeh tərəfindən 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiya olunaraq tikilməsinə icazə məqsədi ilə rəsmi müraciətlərə verilən qərəzli imtina cavabları ləğv edilərək, 4 fevral 2020ci il tarixli 9514 saylı müqaviləyə əsasən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və cavabdehə təqdim olunmuş şəhərsalma əsaslandırılmasının düzgün olması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddiasında İPM-in 2-ci maddəsinə istinad etsə də, əsası düzgün seçməmişdir. Cavabdehin İPM-in 2-ci maddəsinin hansı tələbini pozması iddia ərizəsində aydın ifadə edilməmişdir. Cavabdeh tərəfindən İPM-in 2-ci maddəsinin tələbinin pozulması qeyrimümkündür. Çünki cavabdeh inzibati orqan deyildir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan kimi daxil edilməmişdir. İddia ərizəsində dəqiq ifadə edilməsə də güman edilir ki, iddiada İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən tələb edilir. Bu tələbin də hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ya inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, ya da cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda verilə bilər. Bu halda bir neçə sual yaranır: 1) Cavabdeh hansı inzibati aktı qəbul etməkdən imtina etmişdir? Bu sualın təbii ki, cavabı yoxdur. Çünki cavabdehin yuxarıda da qeyd edildiyi kimi, inzibati akt qəbul etmək səlahiyyəti yoxdur və cavabdeh tərəfindən iddiaçıya verilən 2 mart 2020-ci il tarixli 02/996 saylı, 8 may 2021-ci il tarixli XO-03-R-14-2021-01096 saylı və 5 noyabr 2021-ci il tarixli XO-03-0/2-2021-04162 saylı məktublar da imtina məktubu deyildir. Əksinə, həmin məktubda çatışmazlıqlar konkret olaraq sadalanmaqla aradan qaldırılması tövsiyyə edilmişdir. 2) Cavabdehin hansı hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməmişdir? Bu sualın da, cavabı yoxdur. Cünki Məcəllənin 33.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmədə Məcəllənin 33.2-ci maddəsinin tələbinin pozulmasını öz əksini tapsa və məhkəmə cavabdeh üçün müddət təyin etsə də, bu normanın necə və hansı formada tətbiq edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təşkil edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə, müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdeh isə, müvafiq xidmətləri göstərərkən qanunvericiliyə istinad edir və yalnız qanunun tələblərinə uyğun şəkildə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətini həyata keçirir. İddiaçı tərəfindən yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə, nöqsanlar mövcuddur və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsi tövsiyyə olunmuşdur. Qanunvericilikdə nöqsanların mövcud olduğu, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətinin həyata keçirilməsi prosedurları mövcud olmadığından, cavabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir. İddiaçı öz iddiasında cavabdehin aidiyyəti məsul şəxsləri barəsində xüsusi qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu tələb əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 265-ci maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məcəllənin həmin maddəsinin tələbindən aydın şəkildə bəlli olur ki, yalnız məhkəmə baxışı zamanı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, məhkəmə, bu barədə xüsusi qərardad çıxarmalıdır. Məhkəmə baxışı həyata keçirilmədən xüsusi qərardadın çıxarılması proseduru qanunvericilikdə müəyyən edilməmişdir. Eyni zamanda da, məhkəmə baxışı zamanı şəxslərin əməlində cinayətin əlamətləri mütləq şəkildə aşkar olunmalıdır ki, məhkəmə xüsusi qərardad çıxara bilsin. İddiaçının qardaşı X3 Nəsimi rayon prokurorluğuna 12 oktyabr 2021-ci il tarixli müraciətinə (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının rüşvət tələb etməsi barədə) əsasən prokurorluqda müvafiq müraciət üzrə araşdırılmanın aparılmasına başlanılmış və araşdırılmanın gedişində iddiaçının da izahatı alınmışdır. Araşdırılmanın nəticəsi olaraq şəxslərin əməlində cinayət hadisəsi müəyyən edilməmiş və 22 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilərək tərəflərə təqdim edilmişdir. İddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız MPM-in bu işə heç bir aidiyyəti olmayan və ləğv edilmiş maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki, bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin imtinasının qanunsuz sayılaraq, İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın əsassız hesab edilərək rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinin pozulması qeyri-mümkündür. Çünki cavabdeh inzibati orqan deyildir və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, cavabdeh qurum inzibati orqan kimi təsnifata daxil edilməmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qərar tamamilə ədalətlidir. Cavabdeh tərəf yanacaq doldurma məntəqəsinin tikintisinə icazə verilməməsini aşağıdakı 3 arqumentlərlə əsaslandırmağa çalışırdı.1..Azərmemarlayihə Dövlət Baş Layihə institutu tərəfindən işlənmiş layihənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72№-li Qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl qaydaların" tələblərinə uyğun olmaması. 2.Tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsinin hal-hazırda işlənməkdə olan Bakı şəhərinin baş planına əsasən rekreasiya zonasına aid edilməsi qeyd olunur. 3.X12 Agentliyinin yanacaq doldurma məntəqəsinə giriş-çıxışa icazə alınması əsas gətirilir. Birinci məsələ ilə bağlı qeyd edilir ki, 132 saylı yanacaq doldurma məntəqəsi alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş və həmin obyektin torpaq sahəsinə çıxarışı vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə alınmasının ilkin proseduru-Azərmemarlayihə" Dövlət Baş Layihə institutu" ilə 9514-saylı layihə məhsulunun yaradılmasınnan başlanır ona görə də onların Kapital Bankın mərkəzi filialındakı hesabına 4000 manat pul vəsaiti köçürülərək həmin layihə hazırlanmışdır. Sonra növbəti proseduru həyata keçirmək üçün həmin layihə ilə birgə sənədləri Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə təqdim edərək şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsini xahiş etmişəm. Ərazi Tikinti- Planlaşdırma Mərkəzi müsbət rəydən imtininanı onunla əsaslandırmışdır ki, güya layihə Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2014-cü il tarxili 72№-li Qərarı ilə təsdiq edilmiş "Ara məsafələri ilə bağlı müfəssəl qaydaların" tələblərinə uyğun gəlməməsini göstərmişdir.Halbuki yuxarıda qeyd olunmuş 72№-li Qərarın 17-ci bəndində göstərilmişdir ki, bina və qurğularla mühəndis-kommunikasiya təminatı obyetkləri, xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaq doldurma məntəqələri və digər istehsal təyinatlı obyektlər arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir. Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənmiş layihənin giriş hissəsində müəllif tərəfindən qeyd olunmuşdur ki, layihə Azərbaycan Dövlət Tikinti Normalarının 2.6-1- normativinə və onun 8.45 və 8.46cı maddələrinin tələblərinə uyğun işlənilmişdir. Deməli burada söhbət ondan gedir ki, cavabdeh tərəfin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli 72№-li Qərarı əsas kimi götürülə bilməz.Çünki həmin qərarın 17-ci bəndində ara məsafəsinin Azərbaycan Dövlət Tikinti Normalarının 2.6-1-ci normativinə və onun 8.45 və 8.46-cı maddələrinə uyğun həll edilməsi qeyd olunur. Beləliklə normativ aktlar bir-biri ilə ziddiyət təşkil etmir. Bir normativ akt digər normativ akta istinad edilməsini tövsiyə edir. Belə olan halda cavabdeh tərəfin bu hissədə istinad etdiyi norma ictimai münasibətləri tənzimləyə bilməz. ikinci hal isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda öz əksini tapmışdır. Həmin məktubda qeyd olunur ki, tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş Planına əsasən rekreasiya zonasına aid edilmişdir. Burada da Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və digər turizm məqsədləri üçün nəzərdə tutulur. Azərbaycan Respublikası X9 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddia ərizəsində sözü gedən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 286-№ Qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən respublikamızın torpaq fondu 7 kategoriyaya bölünür. 4-Yuxarıda qeyd olunan torpaq sahəsi-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.Məcəllənin tələbinə əsasən hər bir kategoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır.Torpaqların bir kateqoriyadan digərinə keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu səndədlər yerli və mərkəzi icra hakimiyyəti orqanlar tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün ƏMDK-nə təqdim olunmalıdır.Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra torpağın kateqoriyasının dəyişdirilməsinə yol verilə bilər. Digər hallar qanunsuz hesab edilir. Azərbaycan X12 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, həqiqətən də Azərbaycan X12 Agentliyi tərəfindən H.Z.Tağıyev- Sahil avtomobil yolunun 16-cı km-da yolun sol tərəfində yerləşən yanacaq doldurma məntəqəsinə giriş-çıxış yolunun tikintisinə razılıq verilməsinə dair texniki şərt alınmışdır. Cavabdeh tərəf apellyasiya şikayətində işin əsl mahiyyətini kənarda saxlamaqla diqqəti başqa məsələlərə yönəltməyə çalışıb.Bakı inzibati Məhkəməsində bu mülki iş üzrə məhkəmə araşdırılması aparılarkən cavabdeh tərəf yuxarıda qeyd etdiyim bu 3 əsas hallara münasibətdə mövqe bildirməkdə israrlı idilər.Amma nədənsə apellyasiya şikayətində həmin halların üzərindən sükutla keçərək mahiyyətdən kənara çıxılmışdır. Məqsəd sadəcə olaraq heç bir perspektivi olmayan apellyasiya şikayəti verməklə zaman qazanmaq və məqsədyönlü şəkildə maneə yaratmağa hesablanmış bir addımdır. Bundan əlavə cavabdeh tərəfin Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinin pozulmasının qeyrimümkünlüyünü qeyd edərək Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan deyildir və həmin Mərkəzin inzibati akt qəbul etmək səlahiyətinin olmamasını əsas gətirərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2-1(112)- 3811/2022№ Qərarının ləğv edilməsi barədə vermiş olduğu apellyasiya şikayətində qeyd olunanlar absurddur,qərəzlidir və qeyri obyektiv xarakter daşıyır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin bazası əsasında yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136№-li Qərarı ilə inzibati orqanların təsnifatı verilmişdir.Həmin təsnifatın 22-ci sıra nömrəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 22.1-ci sırada isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsnifatı verilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının iddiaçı tərəindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. Cavabdeh orqanın “cavabdehin inzibati orqan hesab olunmaması” barədə gətirdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 48.3.2-ci maddəsinə əsasən layihəçi tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.3.2) tikinti layihəsi; (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikası Prezidentinin 597 nömrəli 19 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Ərazi Tikinti-X1»nə görə: - (1.1-ci bənd) Ərazi Tikinti-Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir; - (3.1.6-cı yarımbənd) Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək Mərkəzin vəzifələri sırasına daxildir. Həmin Fərmanla təsdiq edilmiş «Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı»nın 4-cü bəndində “təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bəndində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqan qismində nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə cavabdeh qurum iddiaçının tələbinə cavab verən publik hüquqi şəxs olmaqla yanaşı, inzibati icraatda inzibati orqan kimi çıxış edir. Ona görə də iddia bu baxımdan da mümkün sayılır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı tələbi, “şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş Planına əsasən rekreasiya zonasına aid edilməsi, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2014-cü il tarixli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, xiyabanları, meşə-parkları, sututarları, landşaf obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanınfəaliyyəti ilə əlaqdəar olmayan sənaye, anbar, kommunal obyektlərininin, mənzilmülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Bununla yanaşı mövcud qanunvericiliyə əsasən layihələndirilən əraziyə nəqliyyat vasitələrinin giriş və çıxışının Qılızdaş-Müşfiqabad avtomobil yolu ilə əlaqələndirilməsinə dair Azərbaycan X12 Agentliyinin rəyinin təqdim edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 17-ci bəndinə əsasən bina və qurğularla mühəndis-kommunikasiya təminatı obyektləri (qurğuları, xətləri), xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaqdoldurma məntəqələri və digər istehsal (istismar) təyinatlı obyektlər, həmçinin müxtəlif növ meydançalar (idman, təsərrüfat və s.) arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları» təsdiq edilmişdir. Sənədin 9.1-ci bəndinə görə təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır: - (9.1.5) maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Hazırki işdən görünür ki, iddiaçının müraciəti üzrə inzibati icraat zamanı cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»nın müddəalarına istinad etməklə imtina vermişdir ki, həmin imtina da birinci instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilmişdir. Belə ki, həmin Qaydaların 17-ci bəndi nəzərdə tutur ki, yanacaqdoldurma məntəqələri ilə bağlı məsafələr digər normativ sənədlərlə tənzimlənir. Həmçinin nəzərə alımalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları», eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1» təsdiq edilmişdir. Bu baxımdan işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın qismən təmin edilərək, cavabdehin verdiyi imtinaların qanunsuz sayılması və iddiaçının müraciətinə məhkəmənin qərarındakı hüquqi mövqe nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının hazırki iddia tələbi üzrə etdiyi müraciət ilə bağlı inzibati orqanın apardığı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi ilə cavabdehə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən hüquqi şəxsdir və ona yönələn ofertaya müsbət aksepti yalnız layihədəki şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahəsindəki çatışmazlıqlar aradan qalxdıqdan sonra ola bilər. Mərkəz ofertanı aksept etdiyi təqdirdə isə tərəflər arasında xidmətlərin göstərilməsinə dair müvafiq müqavilə bağlanır və Mərkəz göstərdiyi xidmətin nəticəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə əsasən təsdiq edilməsi, yəni inzibati aktın qəbul edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edir. 19 fevral 2020-ci il tarixli müraciəti üzrə: İddiaçı 19 fevral 2020-ci il tarixli müraciəti və həmin müraciətə qoşma edilmiş şəhərsalma əsaslandırılması 20 fevral 2020-ci il tarixdə Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması (araşdırılması) üçün Ərazi planlaşdirmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Daxil olmuş şəhərsalma əsaslandırılmasına və təqdim edilmiş sənədlərə baxılan zaman məlum olmuşdur ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektləri, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərin, mənzil- mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən layihələndirilən əraziyə nəqliyyat vasitələrinin giriş və çıxışının Qızldaş-Müşfiqabad avtomobil yolu ilə əlaqələndirilməsinə dair Azərbaycan X12 Agentliyinin müvafiq rəyi təqdim edilməmişdir, habelə Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları-AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədin 8.46-cı bəndinə əsasən yanacaqdoldurma məntəqəsindən (YDM) yaşayış və ictimai bina və qurğuların divarlarına qədər məsafə 50 metrdən az olmamalıdır. Sutkada 500 qədər avtomobilin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən bu məsafəni 25 metrdən az olmamaq şərtilə azaltmaq olar. Belə ki, təqdim olunmuş şəhərsalma əsaslandırılmasında yanacaqdoldurma məntəqəsinin layihələndirilən yeraltı çənlərin və kolonların 25 metr radiusluq yanğın təhlükəsizlik zolağı İddiaçı və X5 mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hazırlanmış şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olmadığından, təqdim edilmiş şəhərsalma əsaslandırılması Mərkəzin 12 mart 2020-ci il tarixli 02/996 nömrəli məktubu ilə razılaşdırılmadan İddiaçı geri qaytarılmışdır. 22 aprel 2021-ci il tarixli elektron müraciəti üzrə: İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunun sol tərəfində yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilməsi barədə 22 aprel 2021-ci il tarixli elektron müraciəti 24 aprel 2021-ci il tarixdə Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdirmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. İddiaçı müraciəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunun sol tərəfində yanacaqdoldurma məntəqəsinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması təqdim edilmədiyindən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin surəti və tikintisi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinə dair qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmış şəhərsalma əsaslandırılması təqdim edildikdən sonra qaldırılan məsələyə müvafiq qaydada baxılması barədə Mərkəzin 08 may 2021-ci il tarixli XO-03-R-14-2021-01096 nömrəli məktubu ilə məlumat verilmişdir. 16 oktyabr 2021ci il tarixli müraciəti üzrə: İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunun sol tərəfində yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilməsi barədə 16 oktyabr 2021-ci il tarixli müraciəti 20 oktyabr 2021-ci il tarixdə Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdirmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 iyul 2021-ci il tarixli XO-01-09-0-08- 2021-04624 nömrəli və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 22 sentyabr 2021-ci il tarixli XO-02-03-O-11-2021-03134 nömrəli məktubları ilə İddiaçı Mərkəzin 05 noyabr 2021-ci il tarixli XO-03-O/2-2021-04162 nömrəli məktubu ilə məlumat verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanlanmış məktubları müvafiq arayışa əlavə edilir. 21 iyun 2022-ci il tarixli müraciəti üzrə: İddiaçı 21 iyun 2022-ci il tarixli müraciəti və həmin müraciətə qoşma edilmiş şəhərsalma əsaslandırılması 21 iyun 2022-ci il tarixdə Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdirmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 iyul 2021-ci il tarixli XO-01-09-0-08- 2021-04624 nömrəli və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubları ilə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının müraciəti üzrə cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»nın müddəalarına istinad etməklə imtina verməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının müvafiq müraciətinə cavabdeh inzibati orqan adı çəkilən Qaydalar daxilində baxıb qiymət verməliydi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları», eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1» sənədi təsdiq edilmişdir. İddiaçının hazırki iş üzrə cavabdeh inzibati orqana ünvanladığı müraciətə qeyd olunan normativ aktlar əsasında baxılmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 24-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Bundan başqa, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq reyestrdən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində “Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolu, 132 saylı YDM” kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi iki şəxsin – İddiaçı və X5 ümumi paylı mülkiyyətindədir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat onlardan yalnız birinin (hazırki iddiaçının) ərizəsi üzrə və iştirakı ilə aparılmışdır. Digər şəxsin inzibati icraatda hər hansı (ərizə ilə müraciət etmiş şəxs və ya iştirakçı kimi icraata cəlb olunmuş şəxs) qisimdə iştirakı təmin olunmamışdır. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 36.1, 36.3, 36.4-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən bu qərarın əsaslandırıcı hissəsində göstərilən hallar üzrə tədbirlər görülmədiyindən, inzibati icraatda yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tələbi əsasında müəyyən konkret qərarın hazırki vəziyyətdə qəbul edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyini qoymuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar