Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-605/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, İddiaçı1 iştirakı ilə, İddiaçılar X4, İddiaçı3 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) “mənzilin özəlləşdirilməklə hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8418/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar X4 və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 011499 nömrəli Order əsasında - iddiaçılara və üçüncü şəxsə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 nömrəli mənzilinin mülkiyyət hüquqlarının qeydə alınması (özəlləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslarındırılmışdır ki, iddiaçılar və üçüncü şəxs 011499 nömrəli Orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 nömrəli mənzildə yaşayırlar. İddiaçılar hal-hazırda həmin mənzili özəlləşdirmə niyyətində olsalar da, üçüncü şəxsin bu barədə razılıq verməməsi səbəbindən bunu həyata keçirə bilmirlər. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina verərək bildirmişdir ki, mənzil hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizənin əlavə edilməsi zəruridir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı2 müvafiq tələblə xx.xx.2022-ci il tarixdə idarəyə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8418/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı əsassızdır. Belə ki, qərarın əsaslandırılmasında qeyd edilmişdir ki, mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Lakin iddia ərizəsi üzrə iddiaçılardan başqa həmin evdə qeydiyyatda olan üçüncü şəxs Maraqlı şəxs da olması və onun münasibətini bildirməməsi səbəbindən iddia ərizəsi təmin edilməmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, üçüncü şəxsin münasibət bildirməməsi iddiaçıların hüquqlarını məhdudlaşdırmağa əsas vermir. Belə ki, üçüncü şəxsin fikri öz payına münasibətdə nəzərə alına bilər, yəni 3 iddiaçının payına sərəncam vermək hüquqları qalmaqdadır və onlar öz paylarını seçdikləri bir adamın, ya da hərə öz adına özəlləşdirə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdfaiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi Hüseyn Allahverdiyev isə onunla razılaşmamış, orderdə göstərilən bütün şəxslərin razılığı əsasında məzlin özəlləşdirilə biləcəyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər . Digər iddiaçılar və üçüncü şəxs məhkəməyə gəlməmiş, İPM-in 30.4-cü və 62.3-cü maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baıxlmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə 011499 nömrəli order əsasında yaşadıqdarı - Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 nömrəli mənzilinin mülkiyyət hüquqlarının qeydə alınması (özəlləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, onların həmin tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur. İddiaçıların apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, onlar məhkəmənin qərarı ilə razılaşmayaraq hesab edir ki, evdə qeydiyyatda olan üçüncü şəxs Maraqlı şəxs özəllşdirməyə münasibət bildirməməsi onların hüquqlarını məhdudlaşdırmağa əsas vermir. Onun fikri öz payına münasibətdə nəzərə alına bilər, yəni, 3 iddiaçının payına sərəncam vermək hüquqları qalmaqdadır və onlar öz paylarını seçdikləri bir adamın, ya da hərə öz adına özəlləşdirə bilər. Məhkəmə kollegiyası iddiaçıların qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, Dövlət Arxivinin Bakı Filalının məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 45 saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş 011499 nömrəli xx.xx.1994- cü il tarixli Orderinə əsasən müəyyən olunur ki, iddiaçı X3 5 nəfər ailə üzvü ilə birlikdə (1. P.İsgəndərova, 2. İddiaçı3, 3. T.Qurbanov, 4. İddiaçı1, 5. Maraqlı şəxs) Qarabağ küçəsi, ev 22, mənzil 28 ünvanında 7 mərtəbəli binada yerləşən sahəsi 64,45 kv.m olan 4 otaqdan ibarət məzil verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, həmin ailə üzvləri, T.Qurbanov istisna olmaqla, qeyd olunan mənzildə qeydiyyatdadırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərədə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, özəlləşdirilməsi üçün müraciət edilən anda, mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı olduqda, yalnız mənzilin onlardan birinin və ya bir neçəsini adına özəlşşədirilə bilər. Konkret halda isə iddiaçılar özləri də etiraf edir ki, mənzilə hüququ saxlanılan Maraqlı şəxs mənzilin özəlləşdirilməsinə razılıq vermir, onun notarial qaydada təsdiq olunmuş müvafiq ərizəsi işdə mövcud deyil və məhkəmə iclaslarına da gəlməməsi bir daha məhz, belə razılıq verməkdən çəkindiyini təsdiq edir. Ən azından İPM-in 14.3-cü maddəsinin tələbi baxımından belə razılığın mövcüdlüğünü sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Beləliklə də, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan şərtlər (o cümlədən, mənzildə qeydiyyatda olan iddiaçı ilə birlikdə yaşayan və mənzilə hüququ saxlanılan üçüncü şəxsin razılığı) ödənilmir. Belə olan halda, iddiaçıların həmin mənzilə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “legitim” (qanuni) gözlənti”sindən söhbət gedə bilməz. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıların mənzilin adına özəlləşdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina olunması qanuni olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz . İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçıların apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8418/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8418/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-605/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-605/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver