Məhkəmə qərarları › İş №2-1(103)-607/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-607/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-607/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3797/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh orqanın xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə ona imtina cavabı verilməklə təqdim etdiyi sənədlər geri qaytarılmış, imtinaya əsas kimi isə göstərilmişdir ki, hərbi xidmətdən ehtiyata buraxılması barədə sənəd olmadığından ona veteran vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Halbuki Füzuli Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, xx xxxx N2-ci il tarixdən mart N3-cü il tarixədək N () saylı hərbi hissədə olması faktı müəyyən edilmişdir. Beləliklə cavabdeh orqanın imtinasına əsas olan hal preyudisial əhəmiyyət kəsb edən qətnamə ilə tam olaraq aradan qalxır. Habelə ərizəyə əlavə etdiyi sənədlərdən də aydın olur ki, barəsində cinayət təqibi üzrə icraat ümumiyyətlə aparılmamışdır və məhkumluğu yoxdur. Bu halda ona imtina edilməsi tamamilə qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3797/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3797/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş İ20758 saylı, xx.xx.2017-ci il tarixli arayışa əsasən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 iddiaçının məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 17/5259 saylı məktuba əsasən iddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-2267/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçının xx xxxx N2-ci il tarixdən mart N3-cü il tarixədək N () saylı hərbi hissədə hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 9/2-5535 saylı arxiv arayışa əsasən iddiaçının hərbi komissarlıqdan göndərilmiş İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 73 saylı əmrilə (əsas: səh-52, sıra - 4) hissəyə daxil olmuşdur. N saylı hərbi hissə komandirinin mart N3-cü ilə qədər olan tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi hissədən tərxis olunması barədə məlumat aşkar olunmamışdır. İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətinə əsasən iddiaçı xx xxxxx 1980-ci il tarixdən xx xxxx 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1/İ2349 saylı imtina məktuba əsasən iddiaçının ərizəsinə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2016-cı il və təkrar xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə sənəd olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə sorğusuna cavab olaraq Füzuli Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 310-3451-1220 saylı məktuba əlavə edilmiş tələbnaməyə əsasən Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında iddiaçının məhkumluğu barədə məlumat yoxdur. Birinci instansiya məhkəməsi işin hallarına “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndini, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndini, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, işdə olan qanuni qüvvəsini almış Füzuli Rayon Məhkəməsinin 2(064)-2267/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxxx N2-ci il tarixdən mart N3-cü il tarixədək N () saylı hərbi hissədə hərbi xidmətdə olması faktı müəyyən edilsə də, lakin onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə müvafiq əmrlərin aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 326 saylı məktubdan görünür ki, Füzuli rayon sakini İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3797/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3797/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar