Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-607/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5367/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarı əsasında təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində iddiaçıya pensiya təyin edilməsində müvafiq qanunauyğunsuzluqlar olduğu müəyyən edilmiş, araşdırmanın nəticəsinə qədər pensiya ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı Mövsümov Əzizağaya təyin edilmiş pensiya ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmış, bununla bağlı сavabdeh tərəfindən iddiaçıya pensiyanın verilməsinin müvafiq araşdırmanın aparılması səbəbindən dayandırıldığı bildirilmişdir. İddiaçı pensiyanın bərpa edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(82)-3703/2017 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmiş, caavbdeh orqan tərəfindən 01.01.2020-ci il tarixdəki dayandırılmaya qədər ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının pensiya ödənişini dayandırması qanunsuz olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı qanuni qüvvəyə minmiş və hələ də qüvvədə olan məhkəmə qərarı əsasında icra edilmişdir. Qanunvericiliyə əsasən isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalıdır. AR MPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya pensiya təyin edilməsi icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən, həmin pensiya təyinatının qanunauyğunluğunun mübahisələndirilməsi, dayandırılması və ya ləğv edilməsi yalnız həmin məhkəmə qərarının ləğv edilməsi halında mümkün olar. Hazırki iş üzrə cavabdeh orqanın iddiaçıya məhkəmə qərarı əsasında təyin edilmiş pensiya ödənişini məhkəmə qərarının icrasının əksinə olaraq dayandırması, AR Konstitusiyası və digər sadalanan qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini müəyyən edən normaların tələblərinə ziddir. Belə ki, yalnız cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş yuxarıda sadalanan müvafiq şərtlərin mövcudluğu sübuta yetirildiyi halda məhkəmə qərarı ilə qət edilmiş icranın həyata keçirilməməsindən söhbət gedə bilər. Eyni zamanda, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Cavabdeh orqan mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsilə əsaslandırsa da, kollegiya qeyd edir ki, normada qeyd edilən pensiya verilməsi şərtlərinə uyğun olmayan halların mövcudluğu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 7.3cü maddəsində göstərilən şərtlərə tabe edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 7.3-cü maddəsinə əsasən, aşağıdakı elektron informasiya sistemlərində və ehtiyatlarında pensiya ödənişinin dayandırılmasına və yenidən hesablanmasına səbəb ola biləcək hallar aşkar edildikdə PAS tərəfindən pensiyanın ödənişi dayandırılır: 7.3.1. MEİS-də: 7.3.1.1. sosial müavinət alan şəxslər barədə məlumat; 7.3.1.2. əlil şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar barədə məlumat; 7.3.1.3. əmək müqaviləsi bildirişi üzrə məlumat; 7.3.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində; 7.3.2.1. ölüm haqqında şəhadətnamə üzrə məlumat; 7.3.2.2. nikah haqqında şəhadətnamə üzrə məlumat; 7.3.3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Şagird-məzun və “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində: 7.3.3.1. təhsil müəssisələrində təhsil alan şəxslər barədə məlumat; 7.3.3.2. dövlət qulluqçuları barədə məlumat; 7.3.4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində: 7.3.4.1. vətəndaşlıqdan çıxan şəxslər barədə məlumat. Kollegiya qeyd edir ki, iddiaçıya pensiya ödənişinin dayandırılması üçün əsas olan yuxarıda göstərilən halların mövcud olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmiş, sadəcə şübhəli hallarla bağlı araşdırılma aparıldığı üçün qanunsuz olaraq pensiya ödənişi dayandırılmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh orqanın İddiaçı pensiya ödənişinin dayandırılmasına dair hərəkəti onun hüquqlarını və qanunuvericiliyin tələblərini pozmuş olduğundan, qanunsuz hesab edilməlidir. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq, kollegiya bidirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin hallarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-5367/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-607/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-607/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver