Məhkəmə qərarları › İş №2-1(103)-608/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-608/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-608/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2110/2023 nömrəli, 07 iyul 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış 40%-i nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və sonra səhhəti işləməyə imkan vermədiyi üçün işdən azad edilmişdir. Aldığı xəsarətlə əlaqədər 2016-cı ildə ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Hazırda 2-ci dərəcə əlil kimi əmək pensiyası alır. Ona pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbinə görə pensiya təyin edilərkən vətəndaşın pensiya kapitalının 50 faizi nəzərə alınırdı. 2017-ci ildə Qanuna dəyişiklik edildi və məbləğin miqdarı 90 faizə qədər artırıldı. Deməli, pensiya təyin edilən zaman istifadə edilməmiş pensiya kapitalının 50 faizi deyil, 90 faizi nəzərə alınaraq vətəndaşlara pensiya təyin edildi. Qanunda olan bu dəyişikliyə istinad edərək Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş və hesablanmamış pensiya kapitalının 80 faizi artırılaraq pensiya məbləğinin yenidən hesablanmasını Dövlət Sosial Müdafiə Fondundan xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu onun ərizəsinə aidiyyəti olmayan 22 iyul 2022-ci il tarixli cavab məktubu vermiş, həmin məktubda pensiya məbləği barədə ona məlumat vermiş və onun xahişinə heç bir münasibət bildirilməmişdir. Əksinə onun pensiya məbləğinin azaldılması qeyd edilmiş və pensiyasından tutulacaq məbləğ barədə məlumat verilmişdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndində deyilir ki, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 2017-ci il martın 10-da Əmək pensiyaları haqqında Qanunun 27-ci maddəsinə axırıncı cümlə əlavə edildi və həmin cümlədə deyilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 2017-ci il iyulun 1-dən etbarən fərdi hesabın sığorta hissəsində toplanan məbləğin 50 faizi dəyişdirildi və hesablamada 50 faiz deyil, kapitalın 90 faizi nəzərə alınmaqla vətəndaşlara pensiya təyin edilməsi nəzərdə tutuldu. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsində isə deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cü bəndi onun pensiya məbləğinin daha yüksək hesablanmasını təmin etdiyi üçün həmin qayda onun pensiya məbləğinin hesablanmasına tətbiq edilməli və onun pensiya məbləği yenidən hesablanaraq artırılmalı idi. Lakin cavabdeh onun ərizəsinə aidiyyəti olmayan cavab verməklə pensiya hüququnu pozmuşdur. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, orqanizmin funksiyalarının 31-80 faiz pozulmuş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma aparılan zaman xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı İddiaçı pensiya məbləğinin xx.xx.2006- cı il tarixədək sosial sığorta stajı 10 il 02 ay 29 gün olduğu halda, 20 il 03 ay 21 gün sığorta stajına əsasən hesablandığı müəyyən edilmişdir. Nəticədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998,67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq pensiya məbləğindən 85,08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fondun hesabına bərpa olunmaqdadır. İnzibati icraat materiallarına əlavə edilən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 №li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında əmək pensiyasının hazırkı məbləğinin 549,45 manat olduğu və əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022 - xx.xx.2023-cü illər ərzində pensiya məbləğinin 485,63 manat müəyyən edildiyi, bununla yanaşı 3998,67 manat məbləğində artıqödəmə olduğu qeyd edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun müvafiq maddəsinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixdən 485,63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamının 1.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun sosial sığorta stajı 10 il 02 ay 29 gün olduğu halda, 20 il 03 ay 27 gün olmaqla staja daxil edilərək pensiya təyin edilmiş və nəticədə ona artıqvermə məbləği müəyyən edilmişdir. Belə olan halda İddiaçı iddia tələbi təmin edilməməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2110/2023 nömrəli, 07 iyul 2023-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, 2017-ci il iyulun 1-dən etbarən fərdi hesabın sığorta hissəsində toplanan məbləğin 50 faizi dəyişdirildi və hesablamada 50 faiz deyil, kapitalın 90 faizi nəzərə alınmaqla vətəndaşlara pensiya təyin edilməsi nəzərdə tutuldu. Həmin Qanunun 27.1-ci maddəsinin axırıncı cümləsində aydın şəkildə bu dəyişikliyin aid olduğu şəxslər və “nəzərə alınmamış” ifadələri izah edilir. Qanun “sığortaolunanlar” və “İşləyən əmək pensiyaçıları” ifadələrini ayrı-ayrılıqda nəzərdə tutmaqla təsdiq edir ki, bu dəyişiklik artıq pensiya təyin edilmiş və işləməyən pensiyaçılara, yəni “sığortaolunanlara”, eyni zamanda “hazırda işləyən əmək pensiyaçılarına” aid edilir. Bu o deməkdir ki, Qanunun bu tələbi 2006-cı ildən 2017- ci ilədək əmək pensiyası təyin edilmiş bütün pensiyaçılara aiddir. Gələcəkdə pensiya alacaq vətəndaşlar bu maddədə yazılmır, ona görə ki, 2017-ci il iyulun 1-dən pensiya təyin ediləcək şəxslərin pensiyaları onsuz da pensiya kapitalının 90 faizi nəzərə alınmaqla, yəni 27.1-ci maddəyə edilən dəyişiklik nəzərə alınmaqla hesablanacaq. Məhkəmə bu Qanunu nəzərə almalı olduğu halda nəzərə almamış və beləliklə də iş üzrə tətbiq edilməli Qanunu tətbiq etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi maddələrinin şərh olunmasına dair Qəararına istinad edərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə münasibətdə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamiledilməsimüddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyil. Əvvəla məhkəmə nəyə istinad edib belə bir fikir bildirir məlum deyil. Məhkəmənin bu fikrini əsas götürsək onda belə nəticəyə gəlmək olur ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumiyyətlə fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdırmır. Onda sual olunur: bəs belə haldə Vİİ bənd kimlərin vəziyyətini yaxşılaşdırmağa təsir edir. Məhkəminin bu fikrini araşdırsaq məlum olur ki, məhkəmə Konstitusiya məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qərarını diqqətlə oxumamış və qərarı səhv təfsir edərək qanunsuz qərar qəbul etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qərarında deyilir ki, Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olmuş münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Qərarda daha sonra yazılır: “Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Hüquq nəzəriyyəsində “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür” Plenumun bu göstərişini mövcud məsələyə tətbiq etsək, məlum olur ki, pensiyaçıların hüquq və azadlıqlarına qoyulmuş məhdudiyyət aradan götürülmüşdür. Belə ki, onların pensiya kapitalının əvvəl 50 faizi pensiya təyinatı üçün istifadə edilirdisə, Qanuna edilmiş dəyişiklikdən sonra pensiya kapitalını 90 faizi pensiya təyinində nəzərə alınır. Yəni pensiya kapitalının 40 faizinə pensiya hesablanmasında qoyulmuş məhdudiyyət aradan qaldırıldı. Məhkəmə isə Plenumun qərarını təhrif etmiş və qərarda yazılan “Birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cü maddəsinin Vİİ hissəsində təsbit olunmuş”hüquqi vəziyyəti yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”ifadəsini pensiya təyinatına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, pensiya ödənişi də birdəfəlik ödənişdir və Qanunda edilən dəyişiklik fiziki və hüquqişəxslərin vəziyyətini yaxşılaşdıran hal hesab edilmir. Plenumqərarına görə birdəfəlik ödənilən məbləğin artırılması vəziyyəti yaxşılaşdıran hal hesab edilə bilməz. Məhkəmə isə qərarda yazılan bu cümlənitəhrif edərək bu halı pensiya məbləğinin yenidən hesablanması halına da aid etmiş və bununla da pensiya ödənişini də birdəfəlik ödəmə kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Bununla məhkəmə Plenumun qərarını də səhv təfsir etmişdir. Məhkəmə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası maddəsinin 7-ci maddəsinə istinad edərək pensiya məbləğinin hesablanması qaydasını izah etmiş və bununla yenə də qanunun tətbiqində səhv etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, əlilliyə görə təyin edilən pensiyalar Qanunun 7-cimaddəsində nəzərdə nəzərdə tutulan SH = PSK/T və ya YH = PYK/T düsturları əsasında deyil, Qanunun 13-cü maddəsində nəzərdə tutulan SH= PSK/(TxK) düsturuna əsasən hesablanır. Məhkəmə burada da iş üzrə tətbiq edilməli olmayan maddəni tətbiq etməklə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: -Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən isə 485.63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Xidməti araşdırma zamanı xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı İddiaçı pensiya məbləğinin xx.xx.2006-cı il tarixədək sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda 20 il 3 ay 21 gün sığorta stajına əsasən hesablandığı məlum olmuşdur. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998.67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq əmək pensiyasının məbləğindən 85.08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi Fondun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********2 saylı xx.xx.2022-ci il tarixli məktubla iş üzrə inzibati icraat materialları göndərilmişdir. - İddiaçı İT-İ seriyalı ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki: 1. xx.xx.1992-ci il tarixdə 94 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən Salyan rayonu MİH-də RSQ-ya 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. 2. xx.xx.1993-cü il tarixdə 2 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 3. xx.xx.1993-cü il tarixdə 7 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən REŞ-ə 4-cü dərəcəli elektromontyor vəzifəsinə qəbul edilmişdir. 4. xx.xx.1994-cü il tarixdə 14 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 5. xx.xx.1995-ci il tarixdə 434 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən Ələt-Novaya Azərbaycan Dəmir Yolunun refrijerator vaqon deposuna refrijerator seksiyasının dublyor mexaniki vəzifəsinə qəbul edilmişdir. 6. xx.xx.1995-ci il tarixdə 722 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən refrijerator seksiyasının dublyor mexaniki müstəqil işə buraxılmışdır. 7. xx.xx.1998-ci il tarixdə 56 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən kuzovların təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. 8. xx.xx.1999-cu il tarixdə 64 saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-2-ci maddəsinə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. 9. xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Milli Orduda xidmət etmişdir. 10. xx.xx.2001-ci il tarixdə 01 saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən kuzovların üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. 11. xx.xx.2001-ci il tarixdə 174 saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 12. xx.xx.2002-ci il tarixdə 74/k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən N.Nərimanov adına NQÇİ-nin 1 saylı NQÇSə 2-ci dərəcəli neft və qazçıxarma üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 13. xx.xx.2005-ci il tarixdə 54/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 1 saylı NQÇS-də 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 14. xx.xx.2008-ci il tarixdə 87/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən 1 saylı NQÇS-də 5-ci dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 15. xx.xx.2013-cü il tarixdə xx.xx.2013-cü il tarixli əmrə əsasən vahid tarif ixtisas sorğu kitabçasına uyğun olaraq neft və qazçıxarma üzrə operator neft və qaz hasilatı üzrə operator hesab edilmişdir. 16. xx.xx.2014-cü il tarixdən 1 saylı Neft-Qazçıxarma sexi 1 saylı Neft-Qazçıxarma sahəsi adlandırılmışdır. 17. xx.xx.2015-ci il tarixdə 263-k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1-ci maddəsi, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - И seriyalı ******* saylı diploma əsasən İddiaçı xx.xx.1990-cı ildə TPM-nə dail olmuş, xx.xx.1993-cü il tarixdə soyuducu qurğular üzrə çilingər peşəsi üzrə tam kursu bitirmişdir. xx.xx.1993-cü ildə ona 3-cü dərəcəli soyuducu qurğular üzrə çilingər ixtisası verilmişdir. - AO seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi hissəyə göndərilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasından SER TSE-01 seriyalı 094976 saylı çıxarışa əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə xx.xx.2016-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 513 saylı xx.xx.2015-ci il tarixli qərara əsasən xx.xx.2016-cı il tarixə kimi 185,07 manat pensiya təyin edilmişdir. -İddiaçı barədə pensiya alt sistemindən çıxarışdan görünür ki, aylıq pensiya məbləği 549,4507 manatdır. Pensiya hüququnun yaranma tarixi xx.xx.2015-ci ildir. Güzəştli iş stajı yoxdur (işləmir). -Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2015-ci il tarixli sərəncama əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 327,35 manat pensiya verilməsi müəyyən edilmişdir. -Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2016-cı il tarixli sərəncama əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2027-ci il tarixədək 346,44 manat pensiya verilməsi müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli sosial ödənişlərdə artıq ödənilmiş məbləğin müəyyən edilməsi haqqında xidməti məktubda bildirilmişdir ki, İddiaçı müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı pensiya məbləği xx.xx.2006-cı il tarixədək sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda, 20 il 3 ay 27 sığorta stajına əsasən hesablanmışdır. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vətəndaşa artıq ödənilmiş məbləğ barədə məlumat verilməsi və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında **********5 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 549,45 manat pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 485,63 manat məbləğdə yenidən pensiya hesablanmışdır. 3998,67 manat artıqvermə müəyyən edilmişdir. - Dövlət Sosial Müdafiə Fondu İri sığortaedənlərlə iş üzrə Departament tərəfindən təqdim edilmiş 93/xx/xx-13246 saylı xx.xx.2015-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək 09 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10693,95 manat pensiya kapitalı var. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 126048/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İ.X2 xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002- ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla 10 il 3 ay 20 gün iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (3 + 20: 30 gün): 12 ay) x 170 = 1751,94 manat. Həmin məbləğin 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 3250,4 manat. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 11070,63 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il tarixində sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda adıçəkilən şəxsə münasibətdə xx.xx.2015-ci il tarixində vətəndaşın 39 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur ((39-15)x4=96). K-96/184=0,52 KT — 0,52x144=75,13 SH - (3250,4+11070,63):75,13=190,61 manat Nəticədə, xx.xx.2015-ci il tarixinə iddiaçının əmək pensiyasının əsas məbləği; BH-100 +SH-190,61 =290,61 manat hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2015 - 190,61+100 (baza hissə)=290,61 manat xx.xx.2016 - 190,61+190,61 x4%+100 (baza hissə)=298,23 manat xx.xx.2016 - 198,24+110 (baza hissə)=308,23 manat xx.xx.2017 - 198,23+198,23x12,4%+110 (baza hissə)=332,81 manat xx.xx.2018 - 332,81+332,81x5,7%=351,78 manat xx.xx.2019 - 351,78+351,78x3%=362,35 manat xx.xx.2020 - 362,35+16,6%=422,48 manat xx.xx.2021 - 422,48+11,4%=470,66 manat xx.xx.2022 - 470,66+3,4%=486,66 manat xx.xx.2023 - 486,66+16,6(maddi yardım)+14,7%=577,3 manat -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın 3-17-1/3-1-35877/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubunda bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığınız xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-31406/2023 nömrəli xidməti məktuba aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilkin pensiya təyin edilən zaman sosial sığorta stajı hesablanarkən onun sığorta stajının başlanğıc tarixi xx.xx.1992-ci il olduğu halda, səhvən xx.xx.1982-ci il kimi qeyd edilmiş və bunun əsasında 20 il 3 ay 21 gün sığorta stajı hesablanmışdır. İ.X2 xx.xx.2022ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1999-cu il tarixindən 15.11,2000-ci il tarixinədək 1 il 7 ay 8 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 8 il 7 ay 24 gün əmək fəaliyyəti dövrü olmaqla cəmi 10 il 3 ay 2 gün ümumi iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (2 + 29: 30 gün): 12 ay) x 170 = 3204,29 manat kapital (2015-ci il tarixinə indeksləşdirilmiş məbləğ) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 11071,91 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə emək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il tarixində sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda adıçəkilən şəxsə münasibətdə xx.xx.2015-ci il tarixində vətəndaşın 39 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur ((39-15)x4=96). K - 96/184=0,52x144=75,13 SH - (3204,29+11071,91):75,13=190,02 manat Nəticədə xx.xx.2015-ci il tarixinə iddiaçının əmək pensiyasının əsas məbləği; BH-100 +SH-190,02=290,02 manat hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək: xx.xx.2016-cı ildə- 100+197,62=297,62 manat xx.xx.2016-cı ildə- 110+197,62=307,62 manat xx.xx.2017-ci ildə- 110+222,12=332,12 manat xx.xx.2018-ci ildə- 351,05 manat xx.xx.2019-cu ildə- 361,58 manat xx.xx.2020-ci ildə- 421,60 manat xx.xx.2021 -ci ildə- 469,66 manat xx.xx.2022-ci ildə- 485,63 manat xx.xx.2023-cü ildə- 576,13 manat hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normaları diqqətə çatdırır: Məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilərək hesablanmış və iddiaçıya ödənilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla 10 il 3 ay 20 gün iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (3 + 20: 30 gün): 12 ay) x 170 = 1751,94 manat. Həmin məbləğin 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 3250,4 manat. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 11070,63 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. İddiaçı hazırki iddiasında faktiki olaraq 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə emək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.(sonuncu cümlə 3 may 2017-ci il tarixdən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışında icraat zamanı cavabdehin nümayəndəsi-mütəxəssisi T.Ə.İsmayılov pensiya işinin əsli üzrə izahat verərək qeyd etdi ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası o dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilmişdir. Pensiya təyini zamanı iddiaçının xx.xx.2006-cı ilədək 10 il 3 ay 20 gün iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək qeydə alınmış 11070,63 manat pensiya kapitalı nəzərə alınmışdır. İddiaçının istinad etdiyi hal xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən qanunda nəzərdə tutulmuşdur. Hansı ki, iddiaçıya pensiya təyini zamanı qeyd edilən norma qüvvədə olmamışdır. Belə ki, Qanunda edilmiş sözügedən dəyişikliyə qədər mdss haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş mdss haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Qanunda edilmiş dəyişiklik xx.xx.2017-ci ildən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Mütəxəssis həmçinin izahatında bildirdi ki, iddiaçının pensiya kapitalı haqqında məlumatda pensiya kapitalının məbləği bugunki günə olan məbləğdir. İddiaçı vaxtilə pensiyaya çıxarkən yığılmış kapitalından istifadə etmişdir. Hazırda pensiya kapitalının artıq göstərilməsi səbəbi avtomatik olaraq bütün pensiya kapitallarının indeksləşdirilməsi nəticəsində yaranan məbləğdir. Hansı ki, bunu kompüter avtomatik müəyyən edir. Lakin biz hüququ yaranan tarixə pensiya kapitalını hesablanamaq üçün indeksləşdirilmələr nəzərə alınmaqla geriyə hesablama aparıb tapa bilərik. Beləliklə, kollegiya müəyyən edir ki, iddiaçının pensiyasının xx.xx.2017-ci ildə Qanunda edilmiş sözügedən dəyişikliyə əsasən yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. İddia ərizəsində və apellyasiya şikayətində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddesirın Vİİ hissəsinə münasibətdə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən fikir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.20 14-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, "hüquqi vəziyyət” anlayışına aydınlıq gətirmək, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2110/2023 nömrəli, 07 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar