Məhkəmə qərarları › İş №2-1(103)-609/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-609/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-609/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1946-cı il tarixində Sabirabad rayonunun Poladtoğay kəndində anadan olmuş, Əli-Bayramlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1 A, mənzil 12 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2710/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 27.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.03.2003-cü il tarixdən, 57 yaşdan pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndinə əsasən əmək haqqına əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Sabirabad rayonu Poladtoğay kəndində anadan olmuşdur. Ona 18.03.2003-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki cavabdeh təşkilat ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə əsasən həmin tarixdə aldığı əmək haqqına əsasən pensiya təyin etməli idi. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən o, 01.08.1997-ci ilə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğuna görə 01.01.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşələrə aid olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən işlədiyi peşə 01.01.2006-cı tarixinə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»-nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: 2. Neft-qaz və qaz kondensatının hasilatı; “quyuların əsaslı təmirinin qazmaçıları (2130200a—11292)”, “quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870)” və XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “dülgərlər (22901 OOa—16671)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajını və 25 ildən çox ümumi əmək stajını toplamışdır. Belə olan halda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam əmək stajına malik olduğudan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni 18.03.2003-cü il tarixdə aldığı əmək haqqına əsasən təyin edilməlidir. Cavabdeh ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17.5-ci bəndinə əsasən aldığı əmək haqqına əsasən əmək pensiyası təyin edilməsindən imtina etməsinin səbəbi kimi əmək haqqına uyğun hesablanmanın 01.01.2010-cu il tarixdən ləğv edildiyini və bu səbəbdən də əmək haqqına əsasən pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Cavabdehin bu yanaşması düzgün deyil və “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinin şərtlərinin tətbiqi baxımından səhv şərh etməsidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinin tələbləri ondan ibarətdir ki, 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüququ yaranmış şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən, bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdehin isə qeyd etdiyi halların mövcud qanunvericiliyin tələblərinə (27.1) əsasən tətbiq edilməsinə aidiyyatı yoxdur. “Əmək pensiyaları haqqında” Qanununun 01.01.2010- cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi də belə tətbiq edilməsi, məhz Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən tətbiq edilmiş Siyahıda qeyd edilən peşə və vəzifələrin və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya yaşı çatmış şəxslərə şamil edilir. Belə ki, həmin dövrdə tətbiq edilən qanunvericiliyə əsasən mümkündür və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün əmək haqqına məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə qısa şərh verdikdə görürük ki, həmin maddədə bir mənalı olaraq qeyd edilir ki, bu Qanun, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi gündən, yəni 01.01.2006-cı il tarixdən, bu Qanunun “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində göstərilən işlərdə, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstərilən işlərdə çalışan şəxslərə güzəştli şərtlərə pensiyalar yaşa və staja görə, yəni 01.01.2006-cı il tarixə kimi həmin şəxslər ki, kişilər ümumi 25 il, xüsusi 12 il 06 ay və qadınlar ümumi 20 il və xüsusi 10 iş stajı toplamalı və hüquq verən yaşı çatmalı, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, yəni 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə, yəni həmin Qanunun tələbləri ki, 17-ci maddənin 5-ci abzasına əsasən, həmin Qanunun 13-cü maddənin “b” bəndinə əsasən Nazirlər Kabinetinin 2 nömrəli Siyahısı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin orta aylıq əmək haqqının 90 %-dən az olmayaraq və 100 %- dən çox olmayaraq, həmin maddənin “b” bəndinə əsasən Nazirlər Kabinetinin 2 nömrəli Siyahısı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin orta aylıq əmək haqqının 85 %-dən az olmayaraq və 90 %-dən çox olmayaraq tətbiq edilməlidir. 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun əhatə dairəsinə düşən şəxslərin hamısı birmənalı olaraq həmin Qanununun 17.5-ci bəndinə, yəni həmin tarixdə əmək haqqına əsasən pensiya təyin edilməklə ödənilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2710/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 04.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2710/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın baxılmasının mümkün hesab edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilən vaxt qüvvədə olsa da, 01.01.2006-cı il tarixdən qüvvədən düşdüyündən, həmin dövrədək iddiaçı ona pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndi üzrə əmək haqqına əsasən təyin edilməsi ilə bağlı müraciət etmədiyindən, həmçinin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2006-cı il tarixədək təyin edilmiş əmək pensiyasının əvvəlki qanunvericiliyə əsasən yenidən orta aylıq əmək haqqına uyğun hesablanması ilə bağlı müddəaları qüvvədə olan tarixədək iddiaçı bununla bağlı müraciət etmədiyindən, hazırkı qanunvericiliyə əsasən əmək pensiyasının əvvəlki qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqına uyğun yenidən hesablanması ilə bağlı müddəa müəyyən edilmədiyindən, iddiaçının hazırda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi Bakı İnzibati Məhkəməsinin 30.08.2020-ci il tarixli, 2-1(112)-5004/2020 saylı qərardadının poçt vasitəsilə 12.08.2020-ci il tarixdə alması barədə dəlilinə əsasən qeyd edir ki, qərardad 28.10.2020-ci il tarixli məktubla iddaçıya göndərilmiş, 26.11.2020-ci il tarixində iddiaçı tərəfindən qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi Bakı İnzibati Məhkəməsinin 30.08.2020-ci il tarixli, 2-1(112)-5004/2020 saylı qərardadı hazırkı iş ilə əlaqəli deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtləri yenidən yoxlanılmalı olduğundan, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2710/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2710/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.03.2003-cü il tarixdən, 57 yaşdan pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndinə əsasən əmək haqqına əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar