Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-609/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6316/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qeyri-qanuni qərarın ləğv edilməsi və pensiyanın dərhal verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 2016-cı ilin dekabr ayından güzəştli şərtlərlə yaşa görə işlədiyi "xxxx" MMC-dən pensiyaya çıxmışdır. 2021-ci ilin yanvar ayından Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qeyri-qanuni olaraq, ona dövlət tərəfindən verilən pensiya heç bir hüquqi əsas olmadan dayandırılmışdır. Belə səthi qərarın qəbul edilməsini həmin İdarə tərəfindən guya onun işləmiş olduğu itiləyici vəzifəsinin metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun olmaması göstərilmişdir. Pensiyaya çıxdığı "xxxx" MMC-nin pensiya üçün zəruri sənədlərin toplanması zamanı hələ 08 dekabr 2016-cı il tarixdə vermiş olduğu “arayış – açılış” sənədimdə onun işlədiyi müddət ərzində daimi zərərli əmək şəraitində çalışdığı, tam iş günü ərzində fəhlə peşələri və işlərin “Vahid tarif ixtisas sorğu kitabçası”nda uyğun müxtəlif kəsici alətlətlərin quru üsulla abraziv dairələrin köməyi ilə kəsilməsi, itilənməsi ilə məşğul olduğu göstərilmişdir. Bundan əlavə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən 11-ci bölmə, “Metal emalı”, 11.14-cü bənd “Metal emalının digər peşələri”, a) fəhlələr, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə onun işlədiyi itiləyici peşəsi tamamilə eyni olması müəyyən edilmişdir. 2021-ci ilin yanvar ayından indiyədək DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun pensiyasının verilməsinin dayandırmaq barədə verdikləri qeyri- qanuni qərar indiyədək ləğv edilməmiş, yazılı ərizə cavabsız qalmışdır. Göstərilənlərə əsaslanaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsinin onun qanuni pensiyasının verilməsinin dayandırılması barədə qeyri-qanuni qərarının ləğv edilməsi və pensiyanın dərhal tam həcmdə verilməsi (bərpa edilməsi) barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq bildirmişdir ki, onun işlədiyi itiləyici vəzifəsi yuxarıda qeyd olunan metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Araşdırma zamanı ona 30 noyabr 2016-cı il tarixdən DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən DSMF Daxili Nəzarət Departamenti tərəfindən iddiaçıya 30 noyabr 2016-cı il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 9.581,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya ünvanlanmış 5 mart 2021ci i! tarixli məktubla artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6316/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılmasının aradan qaldırılması və həmin pensyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.4) fəhlələr yarımbəndində (a) metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Vaxtilə vətəndaşa pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 10.10.1980-03.03.1987-ci il və 18.07.1991-13.06.1994-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də itiləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi itiləyici vəzifəsi yuxarıda qeyd olunan metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı olmadığından qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 30 noyabr 2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “itiləyici” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilməməsini göstərmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona pensiya ödənişinin bərpa olunmasını tələb etmişdir. İşə baxan məhkəmə idiiaçının işlədiyi "xxxx" MMC-nin verilmiş 9 iyul 2021-ci il tarixli güzəştli arayışa istinad edərək iddianı təmin etmişdir. Arayışa əlavə olaraq verilmiş “Arayış-açılış”da bildirilmişdir ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin (hazırki vaxtda "xxxx" MMC) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olan zərərli əmək şəraitli işlərdə: 23 iyul 1980-cı il tarixdən 10 oktyabr 1980-cı il tarixədək itiləyici şagirdi; 10 oktyabr 1980-ci il tarixdən 3 mart 1987-ci il tarixədək və 18 iyul 1991-ci il tarixdən 13 iyun 1994-cü il tarixədək itiləyici peşəsində işləmişdir. İddiaçı həmin müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin Vahid tarif-ixtisas sorğu kitabçası”na uyğun quru üsulla abraziv dairələrlə işləyən 3B642 markalı universal itiləmə və 3601 markalı itiləyici dəzgahlarında müxtəlif kəsici alətlərin quru üsulla abraziv dairələrin köməyi ilə soyulması (kobud cilalanması), itilənməsi, kəsilməsi, cilalanması işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşə AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən (2 nömrəli siyahı, XİV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) və AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən (11-ci bölmə “Metal emalı” 11.14-cü bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Qanunun tələbindən ğöründüyü kimi 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya yaşına çatması və müvafiq tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə olunmayan hallarına daxildir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən və apellyasiya şikayətinin dəlili olan iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV Metal emalı” bölməsində (Metal emalının digər peşələri) 2151200a – 1753a kodu ilə “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan iddiaçının işlədiyi müəssisənin qeyd olunan arayışından görünür ki, onun peşəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV Metal emalı” bölməsində 2151200a – 1753a kodu ilə göstərilən “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin müvafiq arayışı onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası tərəfindən 24 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-yə sorğu göndərərək İddiaçı işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (2 nömrəli siyahı, XlV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a)fəhlələr: “2151200a- 1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) peşələrlə üst üstə düşüb-düşmədiyini müəyyən edən, eyni zamanda işlədiyi peşələrin xüsusiyyətləri haqqında məlumatları əks etdirən güzəştli arayışın (işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri və əmrlərin təsdiq olunmuş surətləri əlavə olunmaqla) məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Sorğuya AR Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 100/106-214 nömrəli cavab məktubunda bildirilmişdir ki, Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin (hazırki vaxtda "xxxx" MMC) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olan zərərli əmək şəraitli işlərdə: 23.07.1980-cı ildən 10.10.1980-cı ilə qədər itiləyici şagirdi; 10.10.1980-ci ildən 03.03.1987-ci ilə qədər və 18.07.1991-ci ildən 13.06.1994-cü İlə qədər itiləyici peşəsində işləmişdir. İddiaçı müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin Vahid tarifixtisas sorğu kitabçası”na uyğun quru üsulla abraziv dairələrlə işləyən 3B642 markalı universal İtiləmə və 3601 markalı itiləyici dəzgahlarında müxtəlif kəsici alətlərin quru üsulla abraziv dairələrin köməyi ilə soyulması (kobud cilalanması), itilənməsi, kəsilməsi, cilalanması işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən ( 2 nömrəli siyahı XİV bölmə “Metal emalı” 12-ci bənd, "Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sİyahısı”na əsasən (11-ci bölmə “Metal emalı” 11.14-cü bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) müəyyənləşdirilmişdir. Eyni zamanda məktuba əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 sentyabr 1995-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kİtabçası’’ndan(hissə 2) müəyyən olunur ki, itiləyici peşəsinin xüsusiyyətlərinə aiddir: Sadə normal kəsici alətin kəsən kənarının düzxətt görünüşü olan verilmiş bucaqlara görə 11-13-cü kvalitetlər üzrə universal avadanlıqda itilənməsi. Kəsici alətin 7-11-ci kvalitetlər üzrə ixtisaslaşdırılmış, müəyyən aləti itiləmək üçün uyğunlaşdırılmış və sazlanmış yarımavtomat, yaxud avtomat dəzgahlarda itilənməsi və tamamlanması. Tərtibatlar və kopirlər tətbiq etməklə emal olunan alətin müxtəlif bucaqlar altında dəzgaha qurulması. Böyük sayda və müxtəlif görünüşdə kəsən üzü olan kəsici alətin 8-11-ci kvalitetlər üzrə və ;Ra 2,5-0,63 parametri üzrə itiləmə dəzgahlarında itilənməsi və tamamlanması, müstəqil olaraq dəzgahların əlavə sazlanması. Ərzağı və tütünü kəsmək üçün olan müxtəlif alətlərin, fıabelə kəsmə və digər oxşar maşınlar üçün olan alətlərin itilənməsi. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı 57 yaşının tamam olduğu vaxtdan 25 ildən artıq ümumi və 12 il 06 ay güzəştli iş stajına malik olduğundan, məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6316/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-609/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-609/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver