Məhkəmə qərarları › İş №2-1(103)-61/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-61/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə qarşı “hesablanmış məbləğin silinməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)-4311/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12074.75 manat məbləğində cərimənin silinməsi və qanunsuz silinmiş 5032.09 manat məbləğin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 iyul 2017-ci il tarixdə İddiaçı MMC-yə hesablanmış 12074.75 manat məbləğin silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC 27.10.2004-cü il tarixdə dekorativ və tikinti daşlarının hasilatı fəaliyyəti ilə vergi orqanında qeydiyyata alınmış və daim şəffaf qaydada fəaliyyətini həyata keçirmişdir. Bakı Vergilər Departamenti tərəfindən keçirilmiş sonuncu səyyar vergi yoxlaması zamanı **********994428 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarı çıxarılaraq həm əsas vergi məbləği, həm də maliyyə sanksiyası hesablanmışdır. Səyyar Vergi yoxlamasında hesablanmış məbləğlərin əsassız olması ilə bağlı tərəflərindən məhkəməyə müraciət edilmişdir. Məhkəmənin bütün instansiyaları tərəfindən müəssisənin lehinə qərar çıxarıldıqdan sonra 01.06.2017-ci il tarixdə səyyar vergi yoxlaması nəticəsində hesablanmış məbləğlər şəxsi hesab vərəqindən silinmişdir. Artıq hesablanmış vergi məbləğlərininin silinməsindən və büdcəyə heç bir borcunun olmamasından sonra 25.07.2017-ci il tarixdə vergi orqanı tərəfindən müəssisəyə Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474 VQ nömrəli Qanununa əsasən dürüstləşmə adı altında 12074,75 manat əlavə vergi məbləği hesablanmışdır. 20.06.2017-ci il tarixdə İddiaçı MMC-nin hesabında olan 10785,59 AZN məbləğində artıq ödəmədən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş 06.03.2017-cı il tarixli icra vərəqəsi əsasında İddiaçı MMC-nin 17.08.2016-cı il tarixdə olan 5000 AZN məbləğində vergi borcu silinmişdir. Beləliklə, bu tarixdən sonra onların hesabında 5785,59 AZN məbləğində artıq vergi ödənişi qalmışdır. Onların xəbərləri olmadan heç bir bildiriş göndərilmədən 25.07.2017-ci il tarixdə 5032,09 AZN məbləğ dürüstləşmə adı altında 12074,75 manat əlavə vergi məbləğinə aid edilərək silinmişdir. Beləliklə, bu günə onların guya 7042,66 AZN borcu qalmışdır. Hal-hazırda qeyd edilən məbləğ və üzərinə qanunsuz olaraq hesablanmış cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi tələb olunur. Göstərilən səbəblərdən vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız hesab edilməlidir: - Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474 VQ nömrəli Qanununa əsasən ölkədə fəaliyyət göstərmiş sahibkarlara kömək və fəaliyyətlərində müsbət istiqamətdə dönüş yaradılması üçün 01.01.2017-ci ilə faiz borcu olan ödəyicilərdən faiz borcları silinmişdir. Lakin Vergilər Nazirliyi 14.01.2017-ci il tarixdə onların şəxsi hesab vərəqindən sildiyi 12074,75 manat faiz məbləğini 25.07.2017-ci il tarixdə əsas məbləğdə borc olaraq eynisi ilə hesablamışdır. Vergi orqanı tərəfindən 12.12.2016-cı il tarixdə 5000 manat məbləğində vergi borcu ilə bağlı məhkəmə tərəfindən çıxarılmış qətnamə müəssisənin şəxsi hesab vərəqəsinə 06.03.2017-ci il tarixdə işlənilmişdir. Daha sonra səyyar vergi yoxlaması qərarı ləğv olunarkən şəxsi hesab vərəqində yaranmış artıq ödəməni onlara heç bir məlumat vermədən qətnamə borcu ilə əvəzləşdirmişdir. Qətnamə borcu faktiki olaraq müəssisənin cari fəaliyyətinə təsir etmədiyi halda vergilər üzrə vərəqədə olan borc təsir etməkdədir. Çünki qətnamə borcuna görə bank hesablarına sərəncamın göndərilməsi nəzərdə tutulmadığı üçün göndərilmir. Lakin vergi orqanının əsassız borcuna görə halhazırda bank hesablarında sərəncam mövcuddur. Silinmiş faiz şəxsi hesab vərəqinə əsas vergi borcu kimi qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4311/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.04.2019-cu il tarixli 2-1(103)-657/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4311/2018 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2261/2019 saylı 10.07.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-657/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia ərizəsi qaldırılanadək MMC-nin şəxsi hesab vərəqəsində 7978 manat (5392,98 vergi üzrə + 40,0 manat maliyyə sanksiyası üzrə + 2580,81 faiz üzrə) vergi borcu mövcud olmuşdur. Səyyar vergi yoxlaması üzrə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” qəbul edilənədək, yəni 28.01.2016-cı il tarixədək MMC-nin şəxsi hesab vərəqəsində 579,46 manat artıq ödəmə məbləği mövcud olmuş, həmin tarixdən (28.01.2016-cı il tarixdən) iddia ərizəsinin tarixinədək olan dövrdə 94776,65 manat hesablama (o cümlədən 6688,79 manat cari hesablamalar) aparılmış, 19786,42 manat ödəniş olunmuş, 69017,79 manat məbləğində hesablamalar azaldılmışdır (hesablamalar üzrə 94776,65 - 579,46 manat artıq ödəmə - 19786,42 manat ödəniş - 69017,79 manat azaldılmış məbləğ = 5392,98 manat). Başqa sözlə, keçirilmiş səyyar vergi yoxlaması üzrə dəqiqləşdirilmə aparıldıqdan sonra MMC barəsində 18829,4 manat məbləğində (12.552,94 vergi məbləği + 6276,47 manat maliyyə sanksiyası) vergi hesablanmışdır. Bu dövr ərzində 6688,79 manat məbləğində cari hesablamalar aparılmış, o cümlədən MMC tərəfindən 19.786,42 manat məbləğində ödəniş olunmuşdur. Yəni aparılmış hesablamar və edilmiş ödənişlər nəzərə alındıqdan sonra MMC-nin dövlət büdcəsinə vergilər üzrə borcunun qaldığı aydın olur. 25.07.2017-ci il tarixdə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 01.06.2017-ci il tarixli **********097144 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC barəsində çıxarılmış 28.01.2016-cı il tarixli **********994428 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla hesablanmış vergi məbləğləri ləğv edildiyindən həmin məbləğlər üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış və müvafiq qərara əsasən silinmiş 12074,75 manat borc yenidən müəssisənin şəxsi hesab vərəqəsinə silinmə tarixinə bərpa edilmiş, faiz borcun hesablanmasını şərtləndirən hesablamaların ləğv edilməsi səbəbindən məbləğ faiz borcu kimi bərpa edilməmiş, digər borclara aid edilmişdir. Lakin MMC iddia ərizəsində heç bir əsas gətirmədən qanunvericiliyin tələblərinə uyğun şəkildə bərpa edilmiş məbləğin azaldılmasını tələb edir. Belə olan halda, yəni vergi ödəyicisinin iddia tələbi təmin edildiyi təqdirdə vergi üzrə büdcədən qanunsuz olaraq vergi məbləği azaldılacaqdır ki, bu da arzuolunmaz haldır. 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldığı təqdirdə, digər sözlə iddia tələbi təmin ediləcəyi təqdirdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranacaqdır. Artıq ödəmənin yaranması vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergilərin hesablanmalı və ödəməli məbləğindən daha artıq məbləğdə vergilərin ödəməsindən yarandığını və hazırkı vəziyyətdə MMC tərəfindən dövlət büdcəsinə artıq məbləğdə vergiləri ödəmədiyi (28.01.2016-cı il tarixə mövcud olmuş 579,46 manat artıq ödəmə istisna olmaqla) nəzərə alınsa, məhkəmə tərəfindən qanunsuz qərar qəbul edildiyi daha da aydın olar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 04.05.2015-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş, nəticələri 18.12.2015-ci il tarixli aktla rəsmiləşdirilmişdir. 28.01.2016-cı il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama nəticəsində 45030,24 manat məbləğində vergidən yayınma aşkar edilmiş və 23172,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddiaçıya səyyar vergi yoxlaması ilə aşkar olunmuş vergidən yayındırılmış borc məbləğinə 01.01.2017-ci il tarixə 12074,75 manat məbləğində faizlər hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30.12.2016-cı il tarixli 474-VQ nömrəli qanuna əsasən iddiaçının şəxsi hesab vərəqəsindən 12074,75 manat vergi borcu silinmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 01.06.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində çıxarılmış 28.01.2016-cı il tarixli qərarla tətbiq edilmiş vergi məbləğləri və maliyyə sanksiyası ləğv edilərək 18829,41 manat (12552,94 manat vergi məbləği və 6276,47 manat maliyyə sanksiyası) vergi yenidən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, vergilərə hesablanmış faizlərin silinməsi məsələsinə düzgün baxılması üçün 01 yanvar 2017-ci il tarixdən 30 dekabr 2016-cı il tarixli, 474 saylı “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanununa görə “faiz hesablanmasının açıqlanması barədə” şəxsi vərəqə tələb edilərək araşdırılmalı, çünki məhz həmin sənəd həmin qanunun tətbiqi barədə məlumatı əks etdirir ki, iş materiallarında isə “faiz” hesablanmasının açıqlanması barədə” şəxsi vərəqə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız həmin sənəd tələb edilərək araşdırıldıqdan sonra faiz məbləğlərin dürüst və dəqiq hesablanması mümkün olacaq və düzgün nəticə əldə ediləcəkdir. Digər tərəfdən cavabdehin kasasiya şikayətində qeyd etdiyi 49373,77 manat məbləğinin azaldılması verildiyi halda, bu məbləğə aid olan faizin məbləğinin azalması da müəyyənləşdirilməlidir, əks halda 12074,75 manat məbləği bərpa edildikdən sonra iddiaçı məbləğin 2 dəfə silinməsi hüququnu əldə etmiş olur ki, bu da qanuna görə yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 12 dekabr 2016-cı il tarixli, 2-1(81)-4357/16 saylı qətnamə üzrə 06 mart 2017-ci il tarixdə 5000 manat məbləğinin və həmin məbləğə faizin hesablanması yanlışdır, belə ki, qətnamə ilə tutulan məbləğ yenidən hesablanıb və onun üstünə faiz yenidən hesablana bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını tam və hərtərəfli araşdırmadan səhv qərar qəbul etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd edilənlərə əsasən cavabdeh tərəfindən İddiaçı MMC barəsində faiz hesablanmasının açıqlanması barədə şəxsi hesab vərəqəsi təqdim edilmişdir. Həmin sənəddən müəyyən edilir ki, İddiaçı MMC-yə hesablanmış faiz məbləği 14.01.2017-ci il tarixdə 30.12.2016-cı il tarixli 474-VQ saylı qanuna əsasən silindikdən sonra 25.07.2017-ci il tarixdə yenidən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərara əsasən mövcud borc məbləğinə hesablanmışdır. Həmçinin iddiaçının nümayəndəsinin vəsatətinə əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08.04.2020-ci il tarixli 29429 nömrəli ekspert rəyindən qeyd edilir ki, təqdim edilmiş İddiaçı MMC-nin şəxsi hesab vərəqində 31.12.2016-cı il tarixə olan faiz borcu öz əksini tapmadığından tədqiqat zamanı müəssisənin 21.12.2016-cı il tarixə olan əsas borc və faiz borcu üzrə qalığı qeyd edilmişdir. Bu səbəbdən 25.07.2017-ci il tarixdə 30.12.2016-cı il tarixli 474-VQ nömrəli qanunun tələblərinə uyğun olaraq dürüstləşmə adı altında 12074,75 manat məbləğində faiz məbləğinin düzgün hesablanıb-hesablanmadığını hazırkı tədqiqatla müəyyən etmək mümkün olmadı. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair vəsatətlə bağlı qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirmədən cavabdeh inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia tələbi irəli sürmüşdür. İnzibati Prosessual Məcəllədə öhdəliyin icrası haqqında iddia tələbinə iddia müddəti şamil edilməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia müddəti tətbiq edilməsi barədə vəsatət əsassızdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apelyasiya şikayətinindəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4311/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4311/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar