Məhkəmə qərarları › İş №2-1(103)-61/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-61/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1604/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, Dİ seriyalı, 048952 nömrəli ali təhsil haqqında bakalavr diplomunun tam qanuni əsaslarla alındığından, ölkə qanunvericiliylə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ildə Ukrayna Respublikasının İ.İ.Meçriikov adna Odessa Milli Universitetinin İdarəetmə ixtisasını bitirmiş və bu barədə xx xxxx 2015-ci il tarixində Dİ 048952 saylı diplom verilmişdir.Həmçinin diploma əlavədən də göründüyü kimi ali təhsil aldığı müddətdə onun qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur.Diplomun Azərbaycan Respublikasında nostrifıkasiya olunması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuşdur. Ali təhsil alması haqqında diplomun nostrifikasiya olunması üçün lazım olan digər sənədlər də həmin sənədləri ilə birlikdə Təhsil Nazirliyinə təqdim edilmişdir. Lakin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx xxxxxx 2016cı il tarixli, 1355/ANi saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarının, 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etməküçün səbəbdir. Bu məktubdan o nəticəyə gəlmək olur ki, iddiaçının əldə etdiyi biliklər ölkə ərazisində müəyyən olunan standartlara uyğun gəlmir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddia ərizəsində qeyd etdiyi bu halları araşdırmadan tez-tələsik qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil almağı haqqında olan diplomunu tanımamışdır. Bu isə onun gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqa töhvələr verməyinə ciddi maneə törədir. Bütün bu qeyd olunanlardan belə məlum olur ki, iddiaçı ali təhsil haqqında diplomun tam olaraq qanuni əsaslarla əldə edildiyindən ölkədə tanınmalı və rəsmiləşdirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 2.1-ci, 2.2.2-ci, 33-cü,35-ci və 47-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.7-ci, 27.2-ci, 43-cü və 44-cü maddələrinə istinad edərək Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən verilmiş xx xxxx 2015ci il tarixli, Dİ seriyalı, 048952 nömrəli ali təhsil haqqında bakalavr diplomunun tam qanuni əsaslarla alındığından, ölkə qanunvericiliylə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 1604/2019 saylı qərarı ilə iddia təmin edilərək Ukrayna Respublikası İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, Dİ 048952 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qət edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan tədris dilini bilmədiyi halda diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçının tədris dilini bilməməsi bu sahədə keçirilən dərslərin öyrənilməsini, habelə diplom üzrə lazım olan fənləri mənimsəməsi və müvafiq biliklərə yiyələnməsini istisna edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1604/2019 saylı, xx xxx 2019cu il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2055/2019 saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə kollegiyası 2-1(103)-724/2020 saylı xx.xx.2020-ci il tarixli aralıq qərardadı ilə İddiaçı diplom üzrə ixtisasının tanınması ilə bağlı müraciətinə AR Təhsil Nazirliyi tərəfindən yenidən baxılması ilə əlaqədar bir aylıq müddət təyin edilmişdir. AR Təhsil Nazirliyi xx.xx.2020-ci il tarixli, 18-18-62/12 nömrəli məktub ilə məhkəməyə müraciət edərək İddiaçı AR Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-724/2020 saylı qərardadının icra edildiyi və iddiaçıya məxsus sənədlərin araşdırılaraq imtinanın qüvvədə saxlanıldığı bildirilmişdir. Növbəti Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, universitetdə əyani oxuyub. 702 saat rus dili fənni keçib. Dövlət imtahanında Rus dilindən yaxşı qiymət alıb. Moskva şəhərində yaşadığına görə Rusiya Federasiyasında müvəqqəti yaşamağa icazə almaq üçün rusların qarşısında imtahan verib. Rus dilini, Rus tarixini və Rusiya qanunvericiliyini bildiyinə görə ona icazə verilib. Hal-hazırda Moskva şəhərində yaşayıır və rus dilində əhaliyə xidmət edir. Apellyasiya şikayətinin təmin olunmamasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2-1(82)-1604/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2-1(82)-1604/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı2015-ci ildə Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin İqtisadiyyat və Hüquq Fakültəsinin “İdarəetmə” ixtisasını bitirmiş və ona 2015-ci il 30 iyun tarixli, Dİ 048952 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx xxxxxx 2016-cı il tarixli məktubla iddiaçının həmin diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya şikayətini təmin etmiş, birinci intansiya məhkəməsinin qərarını ləğv edilməsi, iddianın təmin olunmamasına dair qərara almışdır. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edildiyinə istinad etmiş, apellyasiya məhkəməsi də öz növbəsində bununla razılaşmışdır. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, şəxsin tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. Lakin məhkəmə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halından çıxış edərək iddianı təmin etmədən əvvəl bununla bağlı işin hallarını dəqiq müəyyən etməlidir. Bunun üçün isə məhkəmə ilk növbədə iddiaçının hansı dildə tədris aldığını dəqiq müəyyənləşdirməli, daha sonra isə onun həqiqətən sözügedən dili mənimsəmədiyini təsdiq edən sübutların iş materiallarında olub-olmadığını yoxlamalıdır. Bununla bağlı işin hallarından görünür ki, iddiaçı əyani formada təhsil aldığını, tədris dilinin rus dili olduğunu və ilkin olaraq Təhsil Nazirliyində onunla rus dilində müsahibə aparıldığını bildirmişdir. Lakin cavabdeh həm müraciəti təmin etməkdən imtina edərkən, həm də apellyasiya şikayəti verərkən iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığına istinad etsə də, onun məhz hansı dili bilmədiyini göstərməmişdir. Cavabdeh orqanın iş materiallarında olan ekspert rəyində də bu hala aydınlıq gətirilməmişdir. Beləliklə, cavabdehin iddiaçının hansı dildə tədris aldığı ilə bağlı mövqeyi qeyri-müəyyəndir. Bu mövqe isə öz daxilində olduqca ziddiyyətlidir. Belə ki, cavabdeh iddiaçının hansı dildə təhsil aldığını müəyyənləşdirmədən onun tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi isə bu ziddiyyətli halın aydınlaşdırılmasını təmin etməmişdir. Məhkəmə yalnızca formal olaraq diploma əlavədə rus dilinin xarici dil kimi qeyd edildiyini və iddiaçının rus dili fənnindən dövlət imtahanı verdiyini bildirmişdir. Belə görünür ki, məhkəmə iddiaçının aldığı təhsilin dilinin rus dili olmadığını qəbul etmişdir. Bu halda, məhkəmə iddiaçının aldığı tədrisin dilinin hansı dil olduğunu müəyyən etməli idi. Lakin bu edilməmiş, məhkəmə tərəfindən işin hallarının müəyyənləşdirilməsinə dair xidməti vəzifəsinin tələblərinə riayət olunmamışdır. Bundan başqa, iş materiallarından müəyyən edilmir ki, cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəlmişdir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının hansı dil üzrə biliklərini yoxladığı bəlli deyildir. Eləcə də, bu yoxlamanın nəticələrini əks etdirən sübut (məsələn, CD və.s) da işdə yoxdur. Nəzərə almaq lazımdır ki, bu işlər üzrə yerləşmiş inzibati praktika ondan ibarətdir ki, cavabdeh əksər hallarda tədris dili üzrə biliklərin qənaətbəxş olmadığı halına istinad etdikdə vətəndaşlarla müsahibəni əks etdirən müvafiq CD-ləri təqdim edir. Lakin hazırkı işdə cavabdeh bu sübutu təqdim etməmişdir. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı halına istinad etdiyi üçün bu halı təsdiq edən mötəbər sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Apellyasiya məhkəməsi isə sübutetmə yükünü düzgün bölüşdürməmiş, İPM-in 14-cü maddəsinin ziddinə olaraq qeyd edilən halları sübut etmə vəzifəsini iddiaçının üzərinə qoymuşdur. Beləliklə, təkrar apellyasiya baxışı zamanı ilk növbədə iddiaçının İ.İ.Meçnikov adına Odessa Milli Universitetində aldığı tədrisin forması (əyani və ya qiyabi) və hansı dildə tədris aldığı dəqiq müəyyənləşməli, eləcə də iddiaçının tədris dili üzrə biliklərinin səviyyəsinə mötəbər sübutlar əsasında qiymət verilməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası 2-1(103)-724/2020 saylı xx.xx.2020-ci il tarixli aralıq qərardadı ilə İddiaçı diplom üzrə ixtisasının tanınması ilə bağlı müraciətinə AR Təhsil Nazirliyi tərəfindən yenidən baxılması ilə əlaqədar bir aylıq müddət təyin edilmişdir. AR Təhsil Nazirliyi xx.xx.2020-ci il tarixli, 18-18-62/12 nömrəli məktub ilə məhkəməyə müraciət edərək İddiaçı AR Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-724/2020 saylı qərardadının icra edildiyi və iddiaçıya məxsus sənədlərin araşdırılaraq imtinanın qüvvədə saxlanıldığı bildirilmişdir. İddiaçı məhkəmə iclası zamanı təhsilin və müsahibənin rus dilində aparıldığını bildirmişdir. Göründüyü kimi ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün rus dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı qərara alınmışdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2- 1(82)-1604/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 1604/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar