Məhkəmə qərarları › İş №2-1(103)-61/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-61/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 4208/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 04.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Zəngilan rayonu Alıbəyli kəndində doğulmuşdur. 29.05.1975-ci ildən 14.06.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 1977-1979-cu illərdə isə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, təhsilini bitirdikdən sonra 15.08.1979-cu ildən 01.11.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmişdir. Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə 01.11.1993-cü ildən 01.02.1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almışdır. 02.02.1996-cı ildən 31.07.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində, 01.08.2006-cı ildən 19.10.2006-cı ilə qədər “Azneft” İB “Azərdənizneftinşaat” X2 Xidməti üzrə Filialında sürücü, 01.11.2006-cı ildən 29.07.2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, 30.07.2009-cu ildən 03.11.2014-cü ilə qədər “Neftqaztikinti” Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu vəzifəsində, 04.11.2014-cü ildən 27.08.2015-ci ilə qədər “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifəsində işləmişdir. 28.08.2015-ci ildən hal-hazıra qədər isə “Neftqaztikinti” Tresti 5 saylı Tikinti-Quraşdırma Bölməsində asfaltbetonçu vəzifəsində işləyir. Onun 12 il 6 ay zərərli iş stajı 04.05.2019-cu il tarixdə tamam olmuşdur. Zərərli iş stajını təsdiq edən “Neftqaztikinti”Tresti tərəfindən müvafiq Arayış verilmişdir. 04.05.2019-cu il tarixə qədər isə ümumi iş stajı təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. 04.05.2019-cu il tarixdə isə 62 yaşı artıq tamamlanmışdır. Yəni, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələbləri ona münasibətdə tətbiq olunmalıdır. Nəhayət güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 26.07.2019-cu il tarixli **********4 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 15.08.1979-cu ildən 01.11.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində və 02.02.1996-cı ildən 31.07.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrün əmək kitabçası qeydlərinin heç bir sənədə istinadən yazılmadığı göstərilmişdir. Məlum olduğu kimi Zəngilan rayonu 29.10.1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Həmin dövrdə bütün arxiv sənədləri orada qaldığından sonradan Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən adına yeni əmək kitabçası tərtib edilmiş və işlədiyi dövrlər ora qeyd olunmuşdur. Buna dair Zəngilan rayon Təhsil Şöbəsində müvafiq arayış əldə edib cavabdeh inzibati orqana təhvil vermişdir. Eyni zamanda işğal səbəbindən heç bir idarə-müəssisənin sənədlərinin Arxivə təhvil verilmədiyinə dair Zəngilar rayon Dövlət Arxivindən də arayış əldə etmişdir. 1996-2006-cı illərdə işlədiyi müəssisə ilə bağlı onu qeyd etmişdir ki, AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Əmək kitabçasında olan məlumatlara əsasən 1996-2006-cı illərdə, eləcə də 1979-1993-cü illərdə işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. AR ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən 01.01.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4208/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 04 may 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2- 1(103)-336/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1502/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)-336/2020 nömrəli qərarı ləğv edimiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi 25 il ümumi stajı olmasını təsdiqləyən sübut olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hala və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa, Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı işdə iddiaçının təqdim etdiyi və cavabdehin də qismən (1979-2006-cı illərə aid hissədə) mübahisələndirdiyi, “bərpa” qeydi ilə tərtib edilmiş əmək kitabçasında onun tərtib edildiyi 1 avqust 2006-cı il tarixədək olan müddətə dair qeydləri apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələbləri nəzərə alınmaqla tədqiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında 1 fevral 1996-cı ildən 1 avqust 2006-cı il tarixədək 3 saylı Təmir-Tikinti İdarəsində sürücü işləməsi barədə qeydə münasibətdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinadla qeyd etmişdir ki, iddiaçının 1996-2006-cı illərdə işləmiş olduğu İdarə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları həmin Qanunla 01.04.2018-ci il tarixdən silinmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, hazırkı halda müəyyən edilməli olan məcburi sığorta haqlarının ödənilib-ödənilmədiyi deyil, iddiaçının 1996-2006-cı illərdə 3 saylı Təmir-Tikinti İdarəsində işləməsi faktının özüdür. Apellyasiya instansiyası məhkəməsi həmin faktın yoxlanılması üçün müvafiq sorğular versə də, həmin sorğulara verilmiş cavablar onların verilməsi məqsədləri üçün tədqiq olunmamışlar. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx xxxx 1957-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində doğulmuş, 29.05.1975-ci ildən 14.06.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, VT020767 №-li 02.07.1979-cu il tarixli diploma əsasən, İddiaçı 1977-ci ildən 1979-cu ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almışdır. O, 15.08.1979-cu ildən 01.11.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmiş, Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə 01.11.1993-cü ildən 01.02.1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, 02.02.1996-cı ildən 31.07.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində, 01.08.2006-cı ildən 19.10.2006-cı ilə qədər “Azneft” İB “Azərdənizneftinşaat” X2 Xidməti üzrə Filialında sürücü, 01.11.2006-cı ildən 29.07.2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, 30.07.2009-cu ildən 03.11.2014-cü ilə qədər “Neftqaztikinti” Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu vəzifəsində, 04.11.2014-cü ildən 27.08.2015-ci ilə qədər “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfaltbetonçu vəzifəsində işləmiş, 28.08.2015-ci ildən hal-hazıra qədər isə “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləyir. İddiaçı onun 04.05.2019-cu il tarixinə 25 ildən artıq ümumi stajı olduğundan, 12 il 6 ay xüsusilə zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı pensiya hüququnun yarandığı 04.05.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixə qədər iddiaçının ümumi iş stajı 25 ildən artıq olsa da, 12 il 6 ay güzəştli iş stajı mövcud olmamışdır. Belə ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən peşədə 01.11.2006-cı ildən 29.07.2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, 30.07.2009-cu ildən 03.11.2014-cü ilə qədər “Neftqaztikinti” Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu vəzifəsində, 04.11.2014-cü ildən 27.08.2015-ci ilə qədər “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifəsində, 28.08.2015-ci ildən 04.05.2019cu il tarixədək “Neftqaztikinti” Tresti 5 saylı Tikinti-Quraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləməklə 12 il 6 ay güzəştli stajını toplamışdır. İddiaçı pensiya hüququnun yarandığı 04.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hərbi xidmət dövrü və təhsil müddəti sığorta stajına daxil edilməlidir. Belə ki, hərbi xidmət dövrünün sığorta stajına (əvvəllər isə iş stajına) daxil edilməsi həm “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndində, həm də hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqlənir. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Cavabdeh orqan iddiaçının 15.08.1979-cu ildən 01.11.1993-cü ilə qədər Zəngilan rayonunda müəllim işlədiyi və 01.02.1996-cı ildən 01 avqust 2006-cı il tarixləri arasındakı dövr ərzində 3 saylı Təmir-Tikinti İdarəsində yük maşını sürücüsü işlədiyi dövrlərə dair əmək kitabçalarındakı qeydləri mötəbər saymamışdır. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Zəngilan rayon Dövlət Arxivinin verdiyi 11 saylı, 06 avqust 2019-cu il tarixli arayışında göstərilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr aynın 29-da erməni birləşmələri tərəfindən işğal edilməsi səbəbindən Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır; Zəngilan rayon Təhsil Şöbəsinin 26 noyabr 2002-ci il tarixli 283 saylı arayışında göstərilmişdir ki, İddiaçı 01 sentyabr 1979-cu il tarixdən Keçikli kənd orta məktəbində bədən-tərbiyəsi müəllimi kimi fəaliyyətə başlamış, 1993-cü ilin noyabrından 1996-cı ilin 01 oktyabrınadək Zəngilan RTŞ-dən orta aylıq əmək haqqı almışdır. İddiaçının 01.02.1996-cı ildən 01 avqust 2006-cı il tarixləri arasındakı dövr ərzində 3 saylı Təmir-Tikinti İdarəsində yük maşını sürücüsü işləməsinə gəldikdə, bununla əlaqədar olaraq apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə “3 saylı Təmir-Tikinti İdarəsi” adı altında qeydə alınmış hüquqi şəxslər barədə ətraflı məlumatın və müvafiq sənədlərin təqdim olunması ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq 29.09.1994-cü il tarixində dövlət qeydiyyatına alınmış “3 saylı Təmir-Tikinti İdarəsi”nin (VÖEN **********) qeydiyyat sənədləri təqdim edilmişdir. İddiaçı məxsus ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində qeyd edilmiş 02.02.1996-cı ildən 31.07.2006-cı ilə qədər yük maşını sürücüsü vəzifəsində çalışmış olduğu Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsi tərəfindən vurulmuş möhürdə qeyd edilən “3 saylı Təmir-Tikinti İdarəsi”nin yaradılması barədə 06 iyun 1994-cü il tarixli əmr, sərəncam və “3 saylı Təmir-Tikinti İdarəsi” haqqında nizamnamə mövcuddur. Bundan başqa yeni apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 öz izahatında bildirmişdir ki, 3 nömrəli rayonlararası istehsalat təmir-tikinti trestinin baş idarəsində işləmiş, mühasib kimi fəaliyyət göstərmiş, iddiaçı ilə 1999-2001-ci illərdə işləmiş, iddiaçı 3 nömrəli rayonlarası istehsalat təmir-tikinti trestinin 3 nömrəli təmir-tikinti idarəsində işləyirdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə kollegiya qeyd edir ki, əmək kitabçasındakı qeydin əsaslı olması işdəki digər sübutlar (şahid ifadəsi, 3 saylı Təmir Tikinti İdarəsinə məxsus qeydiyyat sənədləri) ilə təsdiq olunur. Eyni zamanda, cavabdeh inzibati orqan qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya, bundan başqa, qeyd edir ki, hətta həmin dövrlər nəzərə alınmasa belə, hərbi biletin, diplomun və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 04 may 2019-cu il tarixinədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 30 ildən artıq sığorta stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 05.04.2019-ci il tarixə 25 ildən ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası, həmçinin arxiv arayışı ilə öz təsdiqini tapır. Cavabdehin imtinasından və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddia olunan tarixə (04 may 2019-cu il tarixinə) iddiaçının 12 il 6 ay xüsusi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. “Neftqaztikinti” Tresti №-li Arayışına əsasən, İddiaçı asfalt betonçu peşəsi üzrə iş stajı 12 il 7 ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bölməsi olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”nin “A” yarımbəndində “asfalt-beton döşəyənlər” və “asfalt-beton bişirənlər” peşələri qeyd olunmuşdur. İşin materiallarına, iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiq edilmiş Peşə təlimatı təqdim olunmuşdur. X6 “Asfaltbetonçu” işinin xüsusiyyəti kimi “asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası” qeyd olunmuşdur. İddiaçının işlədiyi peşənin iş funksiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bölməsi olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”nin “A” yarımbəndindəki “asfalt-beton döşəyənlər” peşəsinə uyğundur. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı 04.05.2019-cu il tarixə və hal-hazıra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nə qədər təşkil etdiyi, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 04.05.2019-cu il tarixə mövcud olan pensiya kapitalının kifayət edib-etməməsi, yetərli olmadığı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi üçün nə qədər pensiya kapitalının lazım olduğu barədə sorğu ünvanlanmış, sorğuya 05 avqust 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 04.05.2019-cu il tarixinə 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1933,53 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 64382,46 manat olmaqla cəmi pensiya kapitalı 66315,99 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilməsi nəzərə alınaraq İddiaçı hal-hazıra 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1570,03 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 60279,67 manat olmaqla cəmi pensiya kapitalı 61849,70 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 30600,00 manat məbləğində hesablanmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş hər üç şərt- qanunla müəyyən edilmiş yaş həddinə çatması; ümumi və xüsusi iş stajının olması;) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi iddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 04.05.2019-cu il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının 62 yaşı olmuş, lakin o, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan şərtləri həmin tarixdə tamamladığından, ona 04.05.2019-cu il tarixdən pensiya təyin olunmalıdır. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun hüququnun yarandığı (04.05.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 4208/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar