Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiаçı “İddiaçı” şirkətinin Cavabdeh qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “artıq ödəmələrin qaytarılması barədə rəy verilməsi təəbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7980/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “İddiaçı” şirkəti Cavabdeh qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - X3 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Dəqiqləşdirilmiş iddia ərizəsi, 1-ci cild i.v.168). İddia aşaığıdakılarla əsaslandırılmışdır: “ X3 rezidenti “Cboss Orient FZ-LLZ” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti “Azərfon MMC” arasında bağlanmış texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlər göstərilmiş və Şirkətin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Azərbaycan Respublikasının Hökuməti və X9 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcuddur. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən razılığa gələn dövlətin müəssisəsinin mənfəəti yalnız həmin dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini razılığa gələn digər dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə həyata keçirməsin. Bundan əvvəl, iddiaçı “ Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019cu il tarixli qərar ilə həmin qərar qüvvəsində saxlanmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyasına göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 08 iyun 2018-ci il tarixli ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır. Ali Məhkəmə qeyd olunan qərarının 6-cı vərəqəsinin 5-ci və 6-cı abzasında qeyd edilmişdir ki, cavadeh inzibati orqanın iddiaçı şirkətin müraciətlərinin təmin edilməsindən imtina etməsi şirkətin qanunla qorunan hüquqlarını pozduğundan əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarına əsasən ərizə ilə cavabdehə dəfələrlə müraciət edilmiş və qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmiş, lakin sonuncu tərəfindən verilmiş cavabında ərizəyə vergilərin ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir. Halbuki, cavabdehə müraciət edilən zaman və şirkətdən vergilər tutulan zaman Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydaları qüvvədə olmuş və həmin qaydalarda qeyd edilən sənədlərin notarial təsdiq edilmiş surətlərinin əlavə edilməsi nəzərdə tutulmamışdır.Əlavə olaraq bildirilir ki, təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilən surətlərinin ərizəyə əlavə edilməsi həmin qaydalara xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdən sonra nəzərdə tutulmuşdur. Bu səbəbdən də cavabdeh əsassız olaraq sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin ərizəyə əlavə edilməməsi əsası ilə müraciətlərinə baxmaqdan imtina etmiş və bununla da beynəlxalq konvensiya ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanının cavab məktublarında qeyd olunan nöqsanları aradan qaldırmamış, o cümlədən, sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiqlənmiş surətlərini təqdim etməyərək yeni ərizə ilə müraciət etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7980/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı iddia təmin edilmiş, X3 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, hazırkı mərhələdə isə apellyasiya şikayətinə əlavə verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İlk növbədə məhkəmə mümkünlük barədə qanunvericiliyin tələblərini pozaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mümkün hesab edilməmiş eyni tərəflər arasında, eyni iddia üzrə yeni qərar çıxarmışdır. Belə ki, iddiaçı hal-hazırki iddia ərizəsinə əsas olmuş vergi orqanının cavab məktubu ilə əlaqədar əvvəllər məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən həmin iddia mümkün hesab edilməmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı yeni müraciət olmamışdır. Vergi orqanına yeni müraciət daxil olmadığı halda, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan əvvəlki müraciət üzrə qərar qəbul etmişdir. Azərbaycan dilində olmayan sənədlər üzrə heç bir araşdırma aparılmadan iddia olunan məbləğin məhz Sazişdə nəzərdə tutulan güzəşt və ya azadolunan gəlir məbləği olduğunun necə müəyyən edildiyi aydın deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 21.1-ci, Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun 1.4-cü və Vergi Məcəlləsinin 71.3-cü maddələrinin tələblərinə əsasən dövlət orqanlarına və digər təşkilatlara təqdim olunan sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Məhkəmə dövlət dilində olmayan və mahiyyəti aydınlaşdırılmayan sənədlər üzrə cavabdeh vergi orqanının üzərinə mexaniki olaraq vergiləri qaytarmaq barədə rəy vermək öhdəliyi müəyyən edərkən dövlət dili haqqında qanunvericiliyin nəyə görə tətbiq edilməli olmadığına qiymət verməmişdir. 2017-ci il 12 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”ında (əvvəlki Qaydalar) sənədlərin dövlət dilinə tərcümə edilməsi ilə bağlı ayrıca bəndin olmaması dövlət dili haqqında qanunun tələblərini qüvvədən salmır və ya dəyişdirmir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın (sonrakı Qaydalar) 8.13-cü maddəsinə əsasən müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir. Əlavə olaraq qeyd edilir ki, “X9 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Saziş (bundan sonra Saziş) gəlirin iki dəfə vergiyə cəlb olunmasının qarşını almaq məqsədi daşımaqla, Sazişə tərəf dövlətlərin daxili qanunvericiliyinin tələblərini yerinə yetirməkdən yayınma halını istisna edir. Sazişdə nəzərdə tutulan azadedilmənin və güzəştlərin prosedur qaydaları Sazişin özündə deyil, gəlirin yarandığı dövlətin daxili qanunverciliyi ilə müəyyən edilir. Hökumətlər arasındakı Konvensiyanın preambulasında Konvensiyanın məqsədi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasıdır. Göründüyü kimi Konvensiya eyni gəlirin iki ölkə tərəfindən vergiyə cəlb olunmasını istisna edir. Konvensiyaya istinad edərək tutulmuş vergilərin geri qaytarılmasını tələb edən iddiaçının ikiqat vergitutmaya məruz qalması sübuta yetirilmir Hazırkı iş üzrə verginin iki ölkədən birində - Azərbaycan Respublikasında ödənilməsi işin faktiki halıdır. Belə ki, iddiaçının müvafiq dövr ərzində Azərbaycan mənbəyindən əldə etdiyi gəlirin X5 bəyan etməsi və həmin gəlirin vergiyə cəlb olunmasını sübut edən müvafiq sənədlər nə məhkəməyə, nə də vergi orqanına təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan dilində təqdim edilən ərizənin 10-cu bəndində qeyd olunan məlumata əsasən iddiaçı vergisiz zonada qeydiyyata alınmaqla vergi öhdəliklərində güzəştlər əldə etmişdir.. İddiaçının hüquqi ünvanı “vree zone” olaraq müəyyən edilir. Həmin ərizənin 15-ci bəndi üzrə məlumatlarınbəyan edilməsi müəyyən olunur. Belə ki, iddiaçının rezidenti olduğu ölkədə xüsusi vergi güzəştlərinin olması ilə bağlı bənd doldurulmamışdır. Həmin bənd üzrə iddiaçı “Hə” qrafasını təsdiqlədiyi halda əldə edilmiş güzəştlər vergi orqanına açıqlanmalıdır. “Yox” qrafası seçildiyi halda isə rezident olduğu ölkədə vergilərin ödənilməsini təsdiq edən müvafiq sənədlər təqdim edilməlidir. Göründüyü kimi, iddiaçı Azərbaycanda vergi tutmaya qalmamasını əsaslandıran heç bir dəlil təqdim edə bilmir,əksinə,müvafiq məlumatları təqdim etməkdən yayınmaqla qanunla müəyyən edilmiş vergi öhdəliyindən yayınır. Bundan başqa, təqdim olunan sənədlərə rezidentliyi təsdiq edən sənədin əlavə edilmədiyi də müəyyən olunur. Halbuki, həm xx.xx.2013-cü il, həm də xx.xx.2017-ci il tarixli Qaydalarda rezidentliyi təsdiq edən sənədin təqdim edilməsi tələb kimi müəyyən edilmişdir. Həmin Qaydaların 2.0.9-cu bəndinə əsasən “Rezidentlik Sertifikatı” vergi məqsədləri üçün Azərbaycan Respublikasının və ya digər dövlətin rezidentliyini təsdiq edən sənəddir...” Məhkəmə, kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Əsgərova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir, Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 isə cavabdehin imtinasının əsası sənədlərin Azərbaycan dilinə tərcümə olnmaması ilə bağlı olduğunu, hazırda isə cavabdeh başqa bir əsasdan çıxış etdiyini bildirərək, vergi orqanının nümayəndəsinin izahatında və apellyasiya şikayətinə əlavədə göstərilənlərlə razılaşmamış və sənədlərin azərbaycan dilinə tərcümə olunmuş surətlərinin məhkəməyə təqdim olunması barədə məhkəmənin təklifi ilə bağılı yazılı izahatını təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir.” İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, konkret halda iddiaçı, cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq, xx.xx.2012 - xx.xx.2016-cı illər ərzində ödəmə mənbəyindən Şirkətdən tutulmuş vergilərin ona qaytarılması barədə rəy tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Həmin qərardan narazı qalan cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci növbədə mübahisələndirir ki, iddiaçının bundan əvvəl qaldırdığı iddia məhkəmə qərarı ilə mümkün sayılmamış, bundan sonra hazırkı iddianı qaldırarkən isə vergi orqanına onun ilkin müraciəti mövcud olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, hazırkı mərhələdə məhkəməyənin tapşırığı ilə cavabdeh tərəfin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçının Milli Gəlirlər Departamentinə təqdim olunmuş – xx.xx.2017-ci il tarixli müraciətinə ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçı həmin tarixdə cavabdehə “Azərbaycan Respublikasında əldə etdiyi gəlirdən ödəmə mənbəyində tutulmuş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri və ərizə forması (DTA-06) təqdim edildikdən sonra, onun həmin müraciətinə baxılacağı bildirilərək, dolayısı ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Beləliklə də, inzibati prosessual qanunvericiliklə öhdəliyin icrası haqqında iddialarda iddia müddətinin tətbiq edilməsi nəzərdə tutulmadığı, iddiaçının qeyd olunan müraciətinin və cavabdehin onun həmin müraciətinə ünvanladığı imtina məktubunun, habelə, iddiaçının formal olaraq əsaslandırılmış iddia ərizəsinin mövcudluğu nəzərə alınmaqla, İPM-in 35.1ci maddəsinin tələbləri baxımından, qeyd olunan həmin hallar, hazırkı iddianın mümkün sayılmasını təmin edir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması əsaslıdır. Cavabdeh apellyasiya şikayətinin ikinci bir dəlilində mübahisələndirir ki, iddiaçı ödəmə mənbəyində ondan tutulan vergilərin geri qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizəsinə əlavə etdiyi əsaslandırıcı sənədlərin azərbaycan dilinə tərcüməsini vergi orqanına təqdim etməli olduğu halda, həmin sənədlər ingilis və rus dilində təqdim edilmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə aşağıdakılara görə razılaşmır. Birincisi məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəfindən nəinki cavabdehə, hətta məhkəməyə belə təqdim etdiyi, iddia ərizəsinə əlavə olunmuş sənədlər (iddia tələbini əsaslandırdığı müqavilə və i.a.) ingilis və rus dillərində təqdim olunmuşdur. Məhkəmənin həmin sənədlərin azərbacan dilində tərcüməsinin təqdim olunması barədə yazılı təklifinin isə icrasının iddiaçı tərəfi yazılı izahatında qeyri-mümkün olduğunu qeyd edərək, bunun qanunvericilikdə nəzərdə tutulmadığını bildirmişdir. Birincisi, Azərbaycan Respublikasınının Əsas Qanunu -1995-ci il noyabrın 12-də referendumda qəbul edilmiş (noyabrın 27-də qüvvəyə minmiş) Azərbaycan Respublikası Konstitusiyasının 21.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Eyni zamanda, Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci il 365-İİQ №-li Qanun ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən, kargüzarlıq işləri dövlət dilində aparılır. Eyni zamanda, 11 iyul 2000-ci il tarixli 905-İQ nömrəli Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasınının Vergi Məcəlləsinin 71.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın (sonrakı Qaydalar) 8.13-cü maddəsinə əsasən müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir. xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasınının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin tələbi baxımından, 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə görə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Qanunvericiliyin qeyd olunan tələbləri birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı, onun tələbi üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, onun həm vergi orqanına, həm də iddia ərizəsi ilə birlikdə istinad etdiyi sənədlərin azərbaycan dilində tərcüməsini (notarial) təqdim etməyə və azırbaycan dilinə tərcümə olunmuş həmin sənədlərlə ödəmə mənbəyindən ondan tutulumuş artıq ödəmənı sübut etməyə borcludur. İddiaçının tələbinin mahiyyətinə gəldikdə də, cavabdehin bu sarıdan iddiaçının tələbinin əsasız olduğunu vurğulayan dəlilləri ilə razılaşır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırkı mübahisənin predmetini X3 rezidenti “Cboss Orient FZ-LLZ” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti “Azərfon MMC” arasında bağlanmış texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlər nəticəsində Şirkətin əldə etdiyi gəlirlərindən vergi orqanı tərəfindən Azərbaycan Respublikasında ödəmə mənbəyindən verginin tutulması ilə bağlıdır. Azərbaycan Respublikasının 10 aprel 2007-ci il tarixli 295-İİİ Q№ -li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və X9 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın : 4 -cü maddəsinin 1-ci hissəsinə əsasən Bu Konvensiyanın məqsədləri üçün "Razılığa gələn Dövlətin rezidenti" termini:
1. (a) Azərbaycana münasibətdə: həmin Dövlətin qanunvericiliyinə müvafiq olaraq yaşayış yerinə, daimi olduğu yerə, qeydiyyat yerinə, idarəetmə yerinə və ya oxşar xarakterli digər meyarlara əsasən orada vergiyə cəlb edilə bilən şəxsi;
2. (b) X6 münasibətdə: X4 yaşayış yerinə malik olan və X3 milli şəxsi olan fiziki şəxsi və X4 inkorporasiya edilmiş şirkəti bildirir. 15-ci maddəsinin 1-ci hissəsinə əsasən Razılığa gələn Dövlətin rezidenti tərəfindən peşəkar xidmətlərdən və ya müstəqil xarakterli digər fəaliyyətlərdən əldə edilən gəlirlər onun öz fəaliyyətini həyata keçirmək üçün Razılığa gələn digər Dövlətdə müntəzəm istifadə etdiyi daimi bazaya sahib olduğu hallar istisna edilməklə, yalnız həmin Dövlətdə vergiyə cəlb edilə bilər. 24-cü maddəsinə əsasən:
1. Azərbaycanda ikiqat vergitutmanın qarşısı aşağıdakı kimi alınır: Əgər Azərbaycanın rezidenti, bu Konvensiyanın müddəalarına müvafiq olaraq X4 vergiyə cəlb edilə bilən gəlir əldə edirsə və ya əmlaka sahibdirsə, həmin şəxs tərəfindən bu cür gəlirə və ya əmlaka görə X4 ödənilmiş vergi məbləği həmin şəxsdən həmin gəlir və ya əmlaka münasibətdə Azərbaycanda hesablanan verginin məbləğindən çıxılmalıdır. Bununla belə, bu cür çıxılma Azərbaycanın qanunvericiliyinə və vergitutma qaydalarına müvafiq olaraq bu cür gəlirə və ya əmlaka hesablanmış verginin məbləğindən artıq olmamalıdır.
2. X6 münasibətdə ikiqat vergitutmanın qarşısı aşağıdakı kimi alınır: Əgər X3 rezidenti bu Konvensiyanın müddəalarına müvafiq olaraq Azərbaycanda vergiyə cəlb edilə bilər gəlir əldə edirsə, X9 həmin şəxsin gəlir vergisindən Azərbaycanda ödənilmiş gəlir vergisinə bərabər məbləğin çıxılmasına yol verəcəkdir. Bununla belə, bu cür çıxılma, çıxılma verilməzdən əvvəl hesablanmış və gəlir vergisinin X4 vergiyə cəlb edilə bilən gəlirə aid edilən hissəsindən artıq olmamalıdır.” Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”n 2.0.9-cu bəndinə əsasən “Rezidentlik Sertifikatı” vergi məqsədləri üçün Azərbaycan Respublikasının və ya digər dövlətin rezidentliyini təsdiq edən sənəddir...” Adıçəkilən Konvensiyanın və Qaydaların qeyd olunan tələblərinə uyğun iddiaçının təqdim etdiyi sənədlər nəzərədən keçirildikdə, eləcə də, hazırkı mərhələdə məhkəməyə təqdim edilən, iddiaçının vergi orqanına təqdim etdiyi ondan tutulmuş verginin qaytarılması barədə DTA-06 formalı ərizəsi təhlil olunduqda iddiaçı şirkətin X1ması müəyyən edilmir. Ümumiyyətlə, iddiaçı tərəfindən Əmirliyin “Rezidentlik sertifikatı” təqdim olunmamışdır. Onun hazırkı mərhələdə azərbaycan dilində vergi orqanın təqdim olunmuş DTA-06 formalı ərizəsinin 15-ci bəndində də belə bir məlumat bəyan edilmir. Daha konkret , iddiaçı tərəfindən rezidenti olduğu həmin ölkədə xüsusi vergi güzəştlərinin olmasına dair həmin bənd doldurulmamışdır. Digər tərəfdən, sözügedən Hökumətlərarası Konvensiyanın qeyd olunan müddalarından göründüyü kimi, Konvensiy ikiqat vergitutmanı, yəni, eyni gəlirin iki ölkə tərəfindən vergiyə cəlb olunmasını istisna edir. Lakin konkret halda, iddiaçı həmin Konvensiyaya istinadən, ondan cavabdeh tərəfindən ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması barədə rəy verilməsini tələb etsə də, onun tərəfindən ikiqat vergitutmaya məruz qalması, o cümlədən, cavabdeh vergi orqanı tərəfindən hansı məbləğdə ondan vergi tutulduğu onun tərəfindən sübuta yetirilmir. Belə ki, mübaisələndirilən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəlirin X5 bəyan etməsi və həmin gəlirin vergiyə cəlb olunmasını sübut edən müvafiq sənədlər nə məhkəməyə, nə də vergi orqanına təqdim edilməmişdir. Hazırkı mərhələdə isə iddiaçı tərəfi Azərbaycan dilində təqdim edilən DTA-06 formalı ərizəsinin 10-cu bəndində təsbit olunmuş məlumatda isə şirkətin “vergisiz zona”da (“vree zone”) qeydiyyata alınmaqla, onun vergi öhdəliklərində güzəştlər əldə etdiyi və hüquqi ünvanı “vree zone” olaraq müəyyən edilməsinə isə aydınlıq gətirməmiş, təkzib verməmişdir. Beləliklə də iddiaçı tərəfindən cavabdehin qanunvericiliklə üzərinə düşən öhdəlyini yeyerinə yetirmədəyi və onun hüquqlarını pozduğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsi isə onu ehtiva edir ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən işin hallarını hərtərəfli və obyektiv araşdırılmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozulduğunu mübahisələndirən dəlilləri əsaslıdır. Bu baxımdan , məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7980/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, “İddiaçı” şirkətinin iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7980/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. “İddiaçı” şirkətinin iddia tələbi təmin edilməsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.