Məhkəmə qərarları › İş №2-1(103)-61/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-61/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçıya əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmənin 23 sentyabr 2021-ci il və 7 iyun 2022-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspetlər qarşısında aşağıdakı sullar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 həvalə olunmuşdur.

2. xx xxxx 1967-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişin doldurulmasının tam aparılıb-alparılmaması, müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacın olub-olmaması, onda halhazırda hansı xəstəlik və qüsurların aşkar olunması, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verib-verməməsinin müəyyən edilməsi.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 məhkəməyə ünvanlanmış 12 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təsdiq olunması təmin edilmədiyindən, ekspertizanın başa çatdırılması mümkün olmamışdır, bu səbəbdən sənədlər icrasız geri qaytarılır. Bununla da məlum olur ki, məhkəmə tərəfindən təyin edilmiş ekspetizanın keçirilməsi sırf formal məsələlərlə bağlı mümkün olmamışdır.

4. Apellyasiya baxışı zamanı Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspetlər qarşısında iddiaçının müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacın olub-olmaması, onda hal-hazırda hansı xəstəlik və qüsurların aşkar olunması, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verib-verməməsinin müəyyən edilməsi sullaı qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 həvalə olunmuşdur..

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə iddiaçının əmək fəaliyyətinin məhdudlaşdırılmadığı müəyyən olunmuşdur.Həmçinin, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyalarının səlahiyyətlərinə aid oldu bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nuriyev X5 rayonunun Məmişlər kəndində yaşayır və orada da qeydiyyatdadır. 13 noyabr 2006-cı il tarixdən “Xroniki xoralı kolitlər. Eroziv xoralı siqmoidit, Psevdomimbranoz kolet, tez-tez qanaxmalar” (kod 51.8), “Dəmir defisitli anemiya” (kod D50), “Operasiya olunmuş mədə sindromu. Qidalanmanın aşağı enməsi” (kod 91.1), “Ürəyin hipertenzin xəstəliyi, Arterial hipertenziya İİ mərhələ” (kod İ11) diaqnozlu xəstəlikdən əziyyət çəkir. İddiaçının xəstəliyi – “Ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikdir. Bu xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.5-ci bəndinə əsasən İİ dərəcə əlillik deməkdir. 8 yanvar 2015ci il tarixdə TSEK tərəfindən ona 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinə vaxtı 8 yanvar 2021-ci il tarixə təyin edilmişdir. Bu müddət ərzində iddiaçı ölkə mühüdudlarından kənarda ixtisaslaşmış tibb müəssisələrində konservativ müayinə və müalicədə olmuşdur. Müalicə dərmanlarını İİR-dan əldə edə bilmirdi. Son bir il ərzində isə, pandemiya səbəbindən ölkə hüdudlarından kənara getmək mümkün olmadığından, müalicə üçün təyin olunan dərmanların keyfiyyətsizlərini almağa məcbur olmuşdur. Bunun nəticəsində onun müalicəsi heç bir effekt vermir və səhhəti hər gün ağırlaşır. Xəstəliyi xronikidir, sağalmazdır, 8 yanvar 2021-ci il tarixə təyin olunmuş növbəti müayinə ilə bağlı iddiaçı 26 fevral 2021-ci il tarixdə Sabirabad Mərkəzi Rayon X8 Komissiyası vasitəsilə ******* AADD2 saylı göndərişlə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agebtliyinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-Sosial Ekspert komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisələrinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçıya elektron göndəriş qaydasında ünvanlanmış müraciətinə 8 mart 2021-ci il tarixli ******* AARD2 saylı bildirişlə əlillik dərəcəsinin təyin edilməsində imtina olunmuşdur. Buna səbəb kimi aşağıdakılar göstərilmişdir: “TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi. İmtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacı olması. Ətraflı: Diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir. 3 mart 2021-ci il 0311003AARD2 Diaqnoz: Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolet, tez-tez qanaxmalarla ikincili anemiya, Qidalanmanın aşağı enməsi. Arterial hipertenziya İİ mərhələ. Cavabdehin hərəkətləri qanunsuz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cə maddələrinə, İPM-in 2.1, 2.2-ci maddələrinə əsaslanaraq, iddiaçıya 8 yanvar 2021-ci il tarixdən növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsinin İPM-in 47ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, iddiaçı X4 əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 28 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalarla qarışıq toksiki urlll-İV dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 8 mart 2021-ci il tarixli 0311003AARD2 saylı göndərişi əsasında baxılmış və “X1:XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolit, tez-tez qanaxamalarlall-li anemiya Qidalanmanın aşağı enməsi. Arterial hipertenziya İİ mərhələ; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir. 4 iyun 2021-ci il tarixdə sözügedən xəstəxananın 0311003AASH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50- K52 - Qeyri-infeksion enterit və kolit => K51 - Xoralı kolit => K51.8 - Digər xoralı kolitlər; Diaqnozun mətni: Digər xoralı kolitlər, Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolit; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı stasionar müalicəsi yetərli deyil. İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarlan»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi, İddiaçı 8 yanvar 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. İmtinada göstərilən “ətraflı müayinə məsləhətdir” dəlilinə gəldikdə isə, cavabdeh tərəf bunun zəruriliyinin hansı xüsusatlar üzrə yaranması ilə bağlı heç bir dəlil və sübut təqdim eymir. Odur ki, bu dəlil formal şəkildə təqdim olummuş kimi sayılır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “Əlavə müalicəyə və müayinəyə ehtiyacın olması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə iddia ərizəsilə oxşar məzmunda yazılı etiraz təqdim edilmişdir.

e) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz etmişdir.

Tətbiq edilən hüquq

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

26. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 8 yanvar 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

27. Cavabdeh isə iddianı qəbul etmir və bildirir ki, iddiaçı X4 əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 28 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalarla qarışıq toksiki urlll-İV dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 8 mart 2021-ci il tarixli 0311003AARD2 saylı göndərişi əsasında baxılmış və “X1:XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolit, tez-tez qanaxamalarlallli anemiya Qidalanmanın aşağı enməsi. Arterial hipertenziya İİ mərhələ; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi ilə imtina verilmişdir. 4 iyun 2021-ci il tarixdə sözügedən xəstəxananın 0311003AASH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50- K52 - Qeyri-infeksion enterit və kolit => K51 - Xoralı kolit => K51.8 - Digər xoralı kolitlər; Diaqnozun mətni: Digər xoralı kolitlər, Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolit; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı stasionar müalicəsi yetərli deyil. İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir.

28. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi əlillik əlaməti təyin edib-etməməsini, yəni imtina qərarının əsaslılığını yoxlamaqdır.

29. Belə ki, iş üzrə təyin edilmiş tibbi ekspertizalar iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1677/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

30. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərlə razılaşmamaq üçün əsaslar görmür.

31. Tətbiq edilən qanunvericilik normaları da iddiaçının ötən müddətdə reablitasiya olubolmamasını, reablitasiya potensialını müəyyən etmək üçün məhz yenidən tibbi müayinələrin aparılmasını şərtləndirir.

32. Belə vəziyyətdə məhkəmə Kollegiyası cavabdehin öz vəzifələrini qanunun tələblərinə uyğun olmayan tərzdə həyata keçirdiyini, bununla da iddianın təmin olunması üçün də yetərli dəlillər və sübutlar olmasını müəyyən etmir və nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra- Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 33.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar