Məhkəmə qərarları › İş №2-1(103)-61/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-61/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-61/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması»na dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-561/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 7 iyun 2021-ci il tarixli **********22 saylı qərara əsasən iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş, 27 mart 2019-cu il tarixdən 1 iyul 2021ci il tarixədək artıq ödənilmiş 206,05 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, 7 iyun 2021-ci il tarixli **********22 saylı qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarda hansı səbəbdən 27 mart 2019-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək iddiaçıya artıq pensiyanın hesablanması, hesablamanın hansı qaydada aparılması, artıq pensiya ödənişi aparıldığı halda bunun hansı şəxsin səhvindən hesablanması barədə heç bir məlumat verilməmişdir. Bundan başqa, iddiaçıya artıq məbləğ hesablansa belə, həmin məbləğin onun əmək pensiyasından razılığı olmadan tutulmasını da qanunsuz hesab olunur. Yəni, cavabdeh məhkəmə qərarı olmadan öz üzərinə icra məmurunun səlahiyyətini götürərək iddia etdiyi məbləği onun razılığı olmadan əmək pensiyasından tutmaq barədə qərar qəbul etmişdir. Qərarın qəbulunda həm də «İnzibati icraat haqqında» Qanunun tələbləri və prisinpləri pozulmuşdur. Həmin qərar iddiaçının hüquqlarının pozulması ilə yanaşı, maddi vəziyətini də pisləşdirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 68-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 39-cu maddəsinə, İPM-in 8, 32, 33, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 7 iyun 2021-ci il tarixli **********22 saylı qərarının ləğv edilməsi, iddiaçının təhsil illəri nəzərə alınmaqla, ödənilməyən 7 il 3 ay məcburi siğortanın ödənilməsini pensiyanın baza hesabının düzgün hesablanması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 28 mart 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bundan sonra məhkəmə icraatının gedişində iddiaçı yenidən məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 7 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının 2006 – 2019-cu illər üzrə yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 27 sentyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin onun müraciəti əsasında 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı həm 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının 6 illik yenidən hesablanması zamanı, həm də 27 mart 2019-cu il tarixdə vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçərkən əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır. Nəticədə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərlir ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Qanunun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1 oktyabr 2016-cı il tarixə 110 manat müəyyən edilmişdir). Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı = 144 ay. Həmin Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-cj il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. “«Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, iakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci İİ iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 1 iyul 2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, iddiaçının 27 mart 2019-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 1 aprel 2019-cu il tarixdən 1 avqust 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 631,79 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 1 yanvar 2021-ci il tarixdən 334,33 manata çatdırılmışdır. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilərək 1 yanvar 2018-ci il tarixdən 1 oktyabr 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının həm 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının 6 illik yenidən hesablanması zamanı, həm də 27 mart 2019-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi vaxt əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması səbəbindən əmək pensiyasının məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə vətəndaşa təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır. 27 sentyabr 2019-cu il tarixdən 1 yanvar 2020-ci il tarixədək 263,78 manat (hesablandıqdan sonra 257,39 manat), 1 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək 307,57 manat (hesablandıqdan sonra 300.12 manat, 1 yanvar 2021-ci il tarixdən 342,63 manat (hesablandıqdan sonra 334,3 manat). Nəticədə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 7 iyun 2021-ci il tarixli **********22 nömrəli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği dəyişdirilərək 334,33 manat müəyyən edilmişdir. «İnzibati İcraat haqqına» Qanunun 63.1-ci maddəsinə əsasən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 iyun 2021-ci il tarixli qərarı ilə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə hesablanmış və hər ay pensiya məbləğindən 41,21 manat tutulma aparılmışdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-561/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi, İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alındı. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, Z.M.Hüseynovnanın işdən azad olması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasına dair Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xətai rayon şöbəsinə daxil olmuş xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən onun əmək pensiyası xx.xx.2019-cu il tarixdən yenidən hesablanmışdır. Lakin pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən iddiaçının əmək pensiyası səhvən 21,95 manat (PSK-1580,4 : 72 = 21,95) artırılaraq 260,68 manata çatdırılaraq ödənilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən əmək pensiyası xx.xx.2006-cı il tarixdə təhsil illəri nəzərə alınmaqla 21 il 10 ay 06 gün ümumi iş stajına (PSK 2019-cu il vəziyyətinə 8763,84) və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2012-ci il tarixinədək 2146,24 manat pensiya kapitalına (2019-cu il vəziyyətinə 50%-lə), Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 il işlədiyi üçün xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixdək 3968,44 manat pensiya kapitalına (90%-lə) və işdən azad olunduğu üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək 486,39 manat pensiya kapitalına (90%-lə) əsasən xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq: xx.xx.2019-cu il tarixdən BH-119,76 + SH-60,86(8763,84:144) + SH-14,90 (2146,24:144) + SH-55,12 (3968,44:72) + 6,75 (486,39:72) = 257,39 manata, xx.xx.2020-ci il tarixdən 300,12 manata, xx.xx.2021-ci il tarixdən 334,33 manata çatdırılmışdır ki, yenidən hesablanma nəticəsində vətəndaşa xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə dək 206,05 manat artıq ödənilmiş vəsait aşkar edilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək hər ay 41,21 manat olmaqla əmək pensiyasından tutulmuşdur. Beləliklə, iddiaçı Z.M.Hüseynovnanın əmək pensiyasının məbləği xx.xx.2022ci il tarixdən 345,70 manat, xx.xx.2023-cü il tarixdən 415,62 manat düzgün hesablanmaqla ödənişi davam etdirilir. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-561/2023 nömrəli qərarının “İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsindən cavabdehin apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya şikayəti digər hissədə qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2021-ci il tarixli inzibati akt xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Mübahisələndirilən inzibati aktın iddiaçıya çatdırılması vaxtı barədə sübut məhkəməyə təqdim edilməmiş, həmçinin, həmin inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından İnzibati İcraat haqqında Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən 6 aylıq müddət ötürülməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, İddiaçı (1954-cü il təvəllüdlü) «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına (58 yaş 6 ay) çatdığı 27 sentyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası 1 yanvar 2006-cı il tarixədək 20 il 9 ay 04 gün ümumi iş stajına əsasən müəyyən edilmiş 6.253,92 manat pensiya kapitalı və 1 yanvar 2006-ci il tarixdən 1 fevral 2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.092,69 manat pensiya kapitalı nəzərə alınmaqla 136,02 manat məbləğində hesablanmışdır. Sözügedən Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH + YH burada: P – pensiyanın əsas məbləği; SH – yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir (qeyd edək ki, iddiaçının yığım hissəsində qeydə alınmış sosial sığorta haqqı yoxdur). Əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144). «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınırdı. İddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 il 09 ay 04 gün ümumi iş stajına əsasən sığorta kapitalı aşağıda verilmiş qaydada hesablanmışdır: (20 il tam iş stajı x 170 manat) + (170 manat: 12 ay x 9 ay) + (170 : 12 ay : 30 gün x 04 gün) = 3.529,38 manat; 3.529,29 manatın 27 sentyabr 2012-ci il tarixədək indeksləşdirilmiş məbləği 6.253,92 manat təşkil edir. Həmçinin Qanunun 1.0.8,-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. İddiaçı 1 yanvar 2006-cı il tarixdən 1 fevral 2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 1.092,69 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajına əsasən müəyyən edilmiş 6.253,92 manat pensiya kapitalı və həmin tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin məbləği (PSK-6.237,73 + PSK – 1.092,69 = 7.346,61 : 144 = 51,02) 27sentyabr 2012-ci il tarixə 51,02 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının məbləği 27 sentyabr 2012-ci il tarixdən BH - 85.0 + SH 51,02 = 136,02 manat təşkil etmişdir. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə və «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Sərəncəma uyğun olaraq artırılaraq 1 yanvar 2018ci il tarixdən aylıq 182,44 manat olmaqla ödənilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 6 il işlədiyi üçün əmək pensiyasının yenidən hesablanmasına dair DSMF-nin keçmiş Xətai rayon şöbəsinə daxil olmuş 13 sentyabr 2018-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası 1 oktyabr 2012-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.552,31 manat pensiya kapitalına əsasən 49,34 manat (3.552,31 : 72 = 49,34) artırılaraq 1 oktyabr 2018-ci il tarixindən 231,78 manata çatdırılmışdır. İddiaçının əmək pensiyası Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 3% indeksləşdirilərək 01.01,2019-cu il tarixindən 238,73 manata çatdırılmışdır. İddiaçının işdən azad olması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasına dair DSMF keçmiş Xətai rayon şöbəsinə daxil olmuş 1 aprel 2019-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası işdən azad olunduğu 27 mart 2019-cu il tarixdən yenidən hesablanmışdır. Lakin 1 oktyabr 2018-ci il tarixdən 1 may 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən iddiaçının əmək pensiyası səhvən 21,95 manat (PSK – 1.580,4 : 72 - 21,95) artırılaraq 260,68 manata çatdırılaraq ödənilmişdir. İddiaçının 5 may 2021-ci il tarixli ərizəsinə əsasən əmək pensiyası 1 yanvar 2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla 21 il 10 ay 06 gün ümumi iş stajına (PSK – 2019- cu il vəziyyətinə 8.763,84) və 1 yanvar 2006-cı il tarixdən pensiya yaşına çatdığı 27 sentyabr 2012-ci il tarixədək 2.146,24 manat pensiya kapitalına (2019-cu il vəziyyətinə 50%-lə), «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 il işlədiyi üçün 1 sentyabr 2012-ci il tarixdən 1 oktyabr 2018-ci il tarixədək 3.968,44 manat pensiya kapitalına (90%lə) və işdən azad olunduğu üçün 1 oktyabr 2018-ci il tarixdən 1 may 2019-cu il tarixədək 486,39 manat pensiya kapitalına (90%-lə) əsasən 27 mart 2019-cu il tarixdən yenidən hesablanaraq: 27 mart 2019-ci il tarixdən BH – 119,76 + SH – 60,86 (8.763,84 : 144) + SH - 14.90 (2.146,24 : 144) + SH - 55,12 (3.968,44 : 72) + 6,75 (486,39 : 72) = 257,39 manata, 1 yanvar 2020-ci il tarixdən 300,12 manata, 1 yanvar 2021-ci il tarixdən 334,33 manata çatdırılmışdır. Yenidən hesablanma nəticəsində vətəndaşa 27 mart 2019cu il tarixdən 31 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödənilmiş vəsait aşkar edilərək 1 avqust 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək hər ay 41,21 manat olmaqla əmək pensiyasından tutulmuşdur. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği 1 yanvar 2022-ci il tarixdən 345,70 manat, 1 yanvar 2023-ci il tarixdən 415,62 manat düzgün hesablanmaqla ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsi əmək pensiyası məbləğinin azaldılmasına dair iddiaçının razılığının olmamasına, azaldılma zamanı aparılmış inzibati icraatın qanunvericiliyin tələblərinin pozulması ilə aparılmasına istinad edərək iddia tələbini qərarın ləğvi hisssəsində təmin etmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya səhv pensiya məbləğinin hesablanması halında, yenə cavabdeh özü iddiaçının pensiya məbləğini aşağı salmışdır. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya kapitalı düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi isə iş üzrə ətraflı araşdırma aparmış inzibati orqanın qərarının ləğv edilməsi nəticəsinə gəlmiş, İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati atın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı bildirir ki, cavabdeh inzibati orqanın 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Belə ki, nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Apellyasiya icraatı zamanı məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, Ekspertin qarşısında - İddiaçı 27 sentyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyinatı zamanı pensiya məbləği düzgün hesablanmışdırmı? - İş materiallarına, iddiaçının pensiya işinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması (yığılmış kapital nəzərə alınmaqla) düzgün aparılmışdırmı? - İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanmaları zamanı hesablama hansı dövrlər (illər) nəzərə alınmaqla həyata keçirilib? sualları qoyulmuş, məhkəməyə təqdim edilmiş ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarına əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 345.70 manat, xx.xx.2023-cü il tarixindən 415,62 manat, xx.xx.2024-cü il tarixindən 462.17, xx.xx.2025-ci il tarixindən 499.61 manat olmasının müəyyən edildiyi qeyd edilmişdir. Cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqa bvş nın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında (★★★) öz əksini tapmışdır. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan 2019-cu ildə pensiya yenidən hesablanmasında səhvə yol verildiyini bildirərək 2021-ci il inzibati aktı ilə həmin səhvin düzəldiyini qeyd edir. Lakin İnzibati icraat haqqında qanunun 68.4-cü maddəsindəki 1 illik müddətin nə zaman başlanması və ötürülməməsinə dair mülahizələrini təqdim etmir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-561/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar