Məhkəmə qərarları › İş №2-1(103)-610/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-610/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-610/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı “ödənilmiş məcburi sosial sığorta pulunun fərdi sosial sığorta hesabına köçürülməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının xx.xx.2006- cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdə başlayaraq halhazıradək işləyir. xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD şirkətində kran maşınçısı vəzifəsində işləmişdir. Lakin “AJ CRANE” LTD şirkəti İngiltərə krallığına məxsus olduğundan şirkət Azərbaycan Respublikasında işlərini bitirdikdən sonra 2008-ci ilin fevral ayından Azərbaycan Respublikası ərazisini tərk etmiş, lakin buna baxmayaraq şirkət tərəfindən işlədiyi aylar ərizində əmək haqqı iddiaçının “X14” Azərbaycan QSC-də olan hesabına köçürülmüşdür. İddiaçı qeyd edir ki, “AJ CRANE” LTD şirkətində xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək işlədiyi müddət ərzində qanunla müəyyən edilmiş qaydada 2006-cı ilin yanvar ayının 1-dən işdən azad olunduğu günədək, yəni xx.xx.2008-ci ilədək ona ödəniləcək sosial sığorta pulu işlədiyi müəssisə tərəfindən "DSMF-nin İri Sığortaedənlərlə İş Departamenti” indiki cavabdeh qurum Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülsə də, həmin pullar iddiaçının fərdi sığorta hesabıma köçürülməmişdir. Təxminən 4 il əvvəl iddiaçı ilə birlikdə “AJ CRANE” LTD şirkətində kran maşinisti vəzifəsində işləmiş şəxslərdən X1, X3, X4 və X9 DSMFnin İri Sığortaedənlərlə İş Departamentinə müraciət edərək hesablanmış sosial sığorta pulunun onların fərdi sığorta hesabına köçürülməsini xahiş etmişlər, lakin qeyd olunan qurum onlara imtina vermiş, həmin imtinadan adlarını göstərdiyi şəxslər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İndiki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət etmşlər və məhkəmə onların iddia ərizəsini təmin edərək xx.xx.2006-cı ildən xx.xx.2008- ci ildədək hesablanmış sığorta pullarının onların fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə həvalə etmiş və həmin qərarlar əsasında DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinin mütəxəsisləri əmək haqqı barədə X13 Azərbaycanda olan bank hesabında olan çıxarışlara əsasən yenidən hesablayaraq onlar üçün müəyyən edilmiş sosial sığorta pullarını onların fərdi sığorta hesablarına köçürmüşlər. İddiaçı qeyd edir ki, onun tərəfindən cavabdeh qurumdan əldə etdi arayışlardan da göründüyü kimi işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ondan tutulan vergi, sosial sığorta və s, ödənişləri tam olaraq hesablanmış və cavabdeh qurumun hesabına ödənilmiş, lakin cavabdeh qurum həmin pulları iddiaçının fərdi sığorta hesabıma köçürməmişdir. Həmin arayışa əsasən iddiaçının işlədiyi müddətlərdə, yəni xx.xx.2006-cı ildə m.d.s.s cəlb olunan gəlirlər ******* manat, 2007-ci ildə ******* manat və 2008-ci ildə isə 285436,8 manat təşkil etmişdir. Onun tərəfindən iddia ərizəsinə əlavə etdiyi sənədlərlə birlikdə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə və cavabdeh Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ərizə ilə müraciət edilərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildədək işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə köçürülmüş sosial sığorta pullarının “əmək haqqı barədə bank tərəfindən ona verilmiş çıxarışa müvafiq olaraq hesablanıb onun fərdi sığorta hesabına köçürülməsi və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək hər il, aylar üzrə nə qədər pul vəsaitinin köçürülməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini xahiş etmişdim. Cavabdeh qurumun nümayəndələri tərəfindən bir neçə dəfə ona telefonla zəng edilərək xx.xx.2006cı ildən xx.xx.2008-ci ildədək olan dövrlər ərzində işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq İri Sığortaedənlərlə İş Departamentinə köçürüldüyünü, lakin həmin qurumun işçiləri tərəfindən “səhlənkarlıq" edildiyi üçün onun fərdi sığorta hesabıma köçürlmədiyini, həmin pulların onlar tərəfindən hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi üçün baş idarələrindən icazə verildiyi halda yenidən hesablanaraq həmin pulların onun fərdi hesabına köçürüləcəyini ona bildirmiş, lakin buna baxmayaraq Dövlət Vergi Xidmətindən ona rəsmi cavab verilərək sosial sığorta ödənişlərinin xx.xx.2019-cu ildən Dövlət Vergi Xidmətinə verildiyindən həmin tarixədək olan mübahisələrin həlli onların səlahiyyətində olmadığı bildirilmiş, cavabdeh qurum isə bu günədək iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir Cavabdeh iddia ərizəsinə dair mülahizəsində iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd etdiyi məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər sığortaolunanın gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əmək haqlarının ümumi məbləğidir. Əlavə olaraq, sığortaedən “AJ Crane” LTD şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyi üçün şirkətdə çalışan sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları onların fərdi şəxsi hesablarında əks olunmamışdır. Sığortaedən tərəfindən qeyd olunan hesabatların təqdim olunacağı təqdirdə sığortaolunan İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması təmin olunacaqdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdehin hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilsin, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq fərdi sığorta hesabına köçürülməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə həvalə edilmişdir. Cavabdeh Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər iddiaçının gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əmək haqqlarının ümumi məbləğidir. İddiaçının işlədiyi AJ Crane LTD şirkəti 2006-2008-ci illər üzrə «Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) (FormaB1) uyğun təqdim edilməli olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim etməmiş, nəticədə hesabat olmadığına görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi şəxsi hesabına əlavə edilməsi mümkün olmamışdır. Forma B1 verdikdə,həmçinin Forma B3 və verməli idi ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunanların hesabına və hansı məbləğdə ödənilməsi müəyyən edilsin. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» AR Qanunun mübahisələndirilən dövrdə qüvvədə olan 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta haqqında sistemdə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək və 9.2.2-ci maddəsinə əsasən hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığortv haqqınjda sistemində fəaodi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək işəgötürənin vəzifələridir. Müəssisə qanunla üzərinə qoyulan vəzifələri yerinə yetirməmiş, qanunvericiliyin tələbələrini pozaraq müvafiq hesabatları (sığortaolunanlar barədəməlumatları) təqdim etməmişdir.Əlavə olaraq «YapıKredi Bank» Azərbaycandan verilmiş arayışda iddiaçının 2006-2008-ci illərdə aldığı əmək haqqı (net məbləğ) qeyd edilmişdir.Qanunun 15-ci maddəsi ilə sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadlanmışdır. Əmək haqqı arayışı ilə həmin dövrdə sosial sığortaya cəlb olunmayan məbləğlərin olubolmaması,olmuşdursa hansı məbləğdə olmasını, həmçinin məcburi dövlət sosial sığorta haqqı üzərindən hesablandığını nəzərə alaraq icbari və ya varsa digər tutulmaların hansı məbləğdə olmasını da dəqiq müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qurbanova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının xx.xx.2006- cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304.1-ci maddəsinə əsasən Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə on'arın itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1997-ci il tarixli sərəcamı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. İddiaçının işə əlavə olunmuş İT-1257523 №-li əmək kitabçasından görünür ki, xx.xx.1999-xx.xx.2008-ci illərdə “AJ CRANE” LTD şrkətində kran maşınçısiı vəzifəsində işləmişdir. Eyni zamanda, işə əlavə edilmiş, iddiaçının - xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD şirkətindən aldığı əmək haqqı barədə “X14” ASC hesabından çıxarışdan görünür ki, iddiaçının 2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayınadək işlədiyi müddət üçün müəyyən edilən əmək haqqı işəgötürən “AJ CRANE" LTD şirkəti tərəfindən onun bank hesabına köçürülmüş və iddiaçı həmin əmək haqqını almışdır. İddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, iddiaçının qeyd olunan əmək haqqından işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tutularaq, sığortaçı təşkilatın, o cümlədən, hazırkı cavabdehin hüquq sələfi DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinin hesabına köçürüldüyü və “AJ CRANE” LTD şirkətinin Azərbaycan Respublikasında fəaliyyəti yalnız 2008-ci ilədək mövcud olduğu, 2008-ci ildən sonra fəaliyyətini dayandıraraq respublikanı tərk etdyi işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Konkret halda, cavabdeh mübahisələndirir ki, işəgötürən tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinədək işəgötürən “AJ CRANE” LTD şirkətində işlədiyi müddət üçün hesablanmış sığorta haqqları həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülərkən, məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) «Forma B1» hesabatları təqdim edilsə də, sığortaolunanlar haqqında məlumatları ehtiva edən «Forma B3» hesabatı təqdim edilməmiş, nəticədə hesabat olmadığına görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi şəxsi hesabına əlavə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının işlədiyi həmin dövrün məcburi sosial sığorta haqlarının 2008-ci ildən etibarən hesablanmıb iddiaçının fərdi hesabının sığorta hissəsinə köçürməməsi tamamilə qanuna zidd olmaqla yanaşı həm də onun sosial sığorta hüququnu və ən azından, yaxınlaşmaqda olan yaşa görə pensiya təminatı hüququnu əsaslı surətdə pozur. Birincisi ona görə ki, cavabdehin hüquq sələfi zamanında, qanunla üzərinə düşən vəzifəni lazımınca yerinə yetirilməmiş, bu isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, «Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə sığortaedənin vəzifələri bölümündə qeyd edilir ki, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqları, özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək isə vəzifəsidir. İkincisi, Əmək Məcəlləsinin 9-cu maddəsinin İ bəndinə əsasən sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hər bir vətəndaşın hüququdur. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsi isə nəzərədə tutur ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Göründüyü kimi, birmənalı olaraq iddiaçının tələbində haqlı olduğu, cavvabdehin isə işəgötürən tərəfindən «Forma B3» hesabatın təqdim edilmədiyini əsas tutraq onun 2005- 2008-ci illərdə işləjdiyi dövrün sığorta haqlarını hesablayaraq müəyyən edilmiş məbləğin sığortaolunan iddiaçının fərdi hesabının sığorta hissəsinə köçürülməsindən imtina etməsi – bir sığortaçı kimi qanunla üzərinə düşən öhdəlikləri və iddiaçının qanunla qorunan hüquqları baxımından, qanunsuz əsassızdır, iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh nəzərə almalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsi nə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsin qərarı ilə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq onun fərdi sığorta hesabına köçürülməsinin cavabdehə həvalə edilməsini qanuni və əsaslı sayır. İPM-in 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Onu da iş materiallları əsasən müəyyən etmək mümkündür ki, oxşar hal üzrə iddiaçı «Z.K.X» cavabdeh Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı başqa bir məhkəmə işində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-90/2018 saylı 28 mart 2018-ci il tarixli qərarı ilə iddiaçının2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayınadək işlədiyi “AJ CRANE” LTD şrkəti tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının hesablanaraq müəyyən edilmiş məbləğin sığortaolunan hesabına köçürülməsi vəzifəsi cavabdeh idarəyə həvalə edilmişdir (Həmin qərarın qanuni qüvvəsini aldığı və cavabdeh tərəfindən icra olunduğu mübahisələndirilmir). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir kn, onun appellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar