Məhkəmə qərarları › İş №2-1(103)-610/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-610/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-610/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X15, X14 və X17) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili ( nümayəndəsi) Vəkil, 3-cü şəxslər X14 və X12 qanuni nümayəndəsi X5 nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.

2. Arayışdan görünür ki, iddiaçının nəvələri olan üçüncü şəxslər (X15, X14 və X17) həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır.

3. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 7 saylı MKİS tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, üçüncü şəxslər sözügedən ünvanda yaşamırlar.

4. Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin məktubunda qeyd edilmişdir ki, üçüncü şəxslərin mülkiyyət və istifadə hüquqlarının həmin yaşayış sahəsi ilə bağlı qeydiyyatı aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə “qarşı qeydiyyatdan çıxarılma”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı qeyd edir ki, üçüncü şəxslər onun nəvələridir. Onlar həmin mənzildə hazırda yaşamırlar. Həmin şəxslərin qeydiyyatda qalması onun hüquqlarının pozuntusuna səbəb olur.

7. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X15, X14 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Abdullayeva Natəvan X1 və X12 qanuni nümayəndəsi qismində tanınmışdır.

9. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.

10. Üçüncü şəxslərin etirazı onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hazırki mərhələdə onların qeydiyyatsız qalmalarına səbəb olacaqdır ki, bu isə onların təhsil almaqları və hərbi xidmət ilə bağlı müəyyən çətinliklərə səbəb olacaqdır.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər X14 və X12 qanuni nümayəndəsi X5 nümayəndəsi X13 apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Üçüncü şəxs X15 və cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

21. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən, işin faktiki halları tam araşdırılmamış, mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbi əsassız olaraq təmin edilməmişdir.

30. Kollegiya qeyd edir ki, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan mənzildən nəvələrinin pasport qeydiyyatdan çıxarılmasını arzulayır.

31. Birinci instansiya məhkəməsi üçüncü şəxs qismində çıxış edən iddiaçının nəvələrinin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına münasibətdə iddianı rədd edərkən bildirir ki, üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxslərin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması- yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil.

32. Məhkəmə Kollegiyası Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymır.

33. Belə ki, apellyasiya baxışı zamanı tərəflərin izahatından və təqdim olunan məhkəmə aktlarından aşağıdakılar müəyyən olunur:

34. İddiaçı X7 cavabdeh X19, X25, İddiaçı, X20 qarşı mənzil köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

35. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-872/2007 saylı 19 iyun 2007-ci il tarixli qətnaməsi ilə (hakim Alim Namazov) X2 ünvan 2 ünvanına yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət olunmuşdur.

36. Həmin qətnamədən cavabdeh X22 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X22 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2- 872/2007 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdeh X19, X25, İddiaçı, X20 qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

38. Həmin qətnamədən iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu kassasiya şikayəti vermişdir.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)- 777/2023 nömrəli qərardadı ilə iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

40. Daha sonra cavabdehin hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-872/2007 saylı 19 iyun 2007-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsini xahiş etmişdir.

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)- 777/2023 nömrəli qərardadı ilə cavabdehin hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilmişdir.

42. İddiaçı X3 nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)- 777/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlunun ərizəsinin rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 saylı 05 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2024-cü il tarixli, 2(103)- 777/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)- 777/2023 nömrəli qərardadından iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

45. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 nömrəli, 02.10. 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlunun ərizəsi rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 777/2023 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadından iddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Kazımov Osman Əlişirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır.

46. Həmçinin, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-(009)-179/2021 saylı, 18.01. 2021-ci il tarixli qətnaməsi ilə X4 cavabdeh X19 ilə aralarındakı nikahın pozulması və uşaqları xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013cü il təvəllüdlü X8 anaları X4 yanında qalması, həmçinin cavabdehdən uşaqların xeyrinə aliment tutulması qət olunmuşdur.

47. Beləliklə, yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən görünür ki, hazırkı iş üzrə 3-cü şəxslər xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları X4 yanında qalması, Həsənəliyeva (Abdullayeva) Natəvan Əfsəl qızının isə ünvan 2 ünvanına köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

48. Yəni, hazırkı iş üzrə 3-cü şəxslər xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 mübahisəli ünvan 2 ünvanına istifadə hüquqlarının olması və onların iddiaçının mülkiyyətindəki sözügedən ünvanda yaşaması ilə bağlı mübahisə olması müəyyən olunmur.

49. Əksinə üçüncü şəxslərin etirazı onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hazırki mərhələdə onların qeydiyyatsız qalmalarına səbəb olacaqdır ki, bu isə onların təhsil almaqları və hərbi xidmət ilə bağlı müəyyən çətinliklərə səbəb olacaqdır.

50. Məhkəmə Kollegiyası qeyd edir ki, Qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında həmçinin, göstərilmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

53. Qərarda daha sonra qeyd edilmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.

54. Qərarda eyni zamanda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

56. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə Kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

57. Məhkəmə Kollegiyası qeyd edir ki, iş üzrə 3-cü şəxslər xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 mübahisəli ünvan 2 ünvanına istifadə hüquqlarının olması və onların iddiaçının mülkiyyətindəki sözügedən ünvanda yaşaması ilə bağlı mübahisə olması müəyyən olunmur.

58. Mübahisə 3-cü şəxslər xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 pasport qeydiyyatından çıxarılma ilə bağlıdır.

59. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

60. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gəlməyərək maddi və prosessual hüquqa uyğun olmamaqla mübahisələndirilən qərarı qəbul etmişdir.

61. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Üçüncü şəxslər X9, X8 və X12 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar