Məhkəmə qərarları › İş №2-1(103)-611/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-611/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-611/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızının və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddiaçı barəsində olan vəkilliyə şifahi imtahan nəticələrinin qanunsuz hesab etməklə, Vəkillər Kollegiyasına bərpa olunması (qəbul olunması) vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 11282/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddiaçı barəsində olan vəkilliyə şifahi imtahan nəticələrinin qanunsuz hesab etməklə, Vəkillər Kollegiyasına bərpa olunması (qəbul olunması) vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər Vəkillər Kollegiyasının üzvü olmuş, yenidən Kollegiyaya qəbulla bağlı müraciət etmiş, lakin müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir. Belə ki, o, uzun müddət məsul vəzifələrdə işləmiş, hakim və məhkəmə sədri, 10 il ərzində isə Vəkillər Kollegiyasının üzvü olmuşdur ki, onun qiymətləndirilməsinin qeyri-məqbul hesab edilməsinin əsası mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11282/2024 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia ərizəsi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iş üzrə tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş 11 iyun 2024-cü il tarixli çıxarışından görünür ki, iddiaçının bilik səviyyəsi, hüquqi nəticələr çıxarmaq qabiliyyəti və ümumi dünyagörüşü üzrə aparılmış qiymətləndirməsi nəticəsində şifahi imtahan nəticəsi qeyri-məqbul hesab edilərək üzvlüyə qəbuldan imtina edilmişdir. Vəsiqədən görünür ki, iddiaçı müharibə veteranı statusundadır. Şəhadətnamədən görünür ki, iddiaçının soyadı Zeynalovdan Məmmədova dəyişdirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə əvvəllər vəkil kimi fəaliyyət göstərmiş, eləcə də hakim kimi fəaliyyət göstərmiş iddiaçının Vəkillər Kollegiyası üzvlüyünə yenidən təyin edilməli olub-olmaması ilə əlaqədardır ki, iddiaçı keçmiş hakim kimi peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə birbaşa-test imtahanına cəlb edilmədən şifahi müsahibəyə cəlb edilmiş, şifahi müsahibə nəticəsində isə şifahi imtahan qeyri-məqbul kimi qiymətləndirilərək Kollegiya üzv qismində qəbulundan qərəzli şəkildə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında məhkəmə kollegiyasına bildirdi ki, o, Vəkillər X2nin iş üzrə mövqeyini qərəzli hesab edir. Belə ki, o, 1982-ci ildən etibarən müstəntiq vəzifəsində fəaliyyət göstərmiş, 31 yaşında isə artıq İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2000-ci ildə ən yüksək balla Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 2007-ci ildə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və məhkəmə sədrinin əvəzi vəzifələrinə təyin edilmişdir. Bununla yanaşı, həmçinin 10 il Vəkillər Kollegiyasının da üzvü olmuşdur. Ümumilikdə isə 42 il stajı var. Lakin Vəkillər X2 tərəfindən onun 42 illik təcrübəsi nəzərə alınmadan rəy verilib. Həmçinin digər namizədlərə təxminən 3 dəqiqə ərzində müsahibə aparılmış, lakin iddiaçı isə təqribən 1 saat 30 dəqiqə ərzində sorğu-sual olunmuşdur. Bu isə Vəkillər X2nin qərəzli mövqeyinin göstəricisidir. İddiaçı hakim vəzifəsindən səhhəti ilə bağı öz istəyi ilə ayrılmış, yəni o, vəzifədən kənarlaşdırılmamışdır. Xahiş edir ki, onun konstitusion hüquqları bərpa olunsun və Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(112)-11282/2024 saylı qərarı ləğv edilsin. İddiaçı ona verilən suallara cavab olaraq bildirdi ki, səhhəti ilə bağlı bəzi suallara məqbul cavab verməmiş ola bilər, lakin buna baxmayaraq Vəkillər X2 tərəfindən onun 42 illik təcrübəsi nəzərə alınmalı idi. Həmçinin iddiaçı birinci instansiyası məhkəməsində tədqiq edilmiş şifahi imtahanın video yazısının yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilməsinə ehtiyac olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə izahatında məhkəmə kollegiyasına bildirdi ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşıyır. İddiaçı digər namizədlərin 3 dəqiqə, onun isə 1 saat 30 dəqiqə ərzində sorğu-sual olunduğunu qeyd edir. Lakin bu həqiqətə uyğun deyil. Ümumiyyətlə, şifahi müsahibə mərhələsində heç kəs 3 dəqiqə ərzində sorğu-sual olunmur. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Həmçinin, ixtisas imtahanları Vəkillər X2 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X2, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim olan üzvləri, hüquqşünas alimlər isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. Yəni göründüyü kimi, Vəkillərin İxtisas Komissiyası təkcə vəkillərdən ibarət deyil. Vəkillər Kollegiyası tərəfindən isə İxtisas Komissiyasına hər hansı bir müdaxilə edilə bilməz. Qarşı tərəf qeyd edir ki, Vəkillər X2 tərəfindən onun 42 illik təcrübəsi nəzərə alınmadan rəy verilib. Lakin bu məqam da həqiqətə uyğun deyil. İddiaçının uzun müddət məsul vəzifələrdə işləməsi məqamı nəzərə alınaraq o, test imtahanı mərhələsindən azad edilmiş, birbaşa şifahi müsahibə mərhələsində iştirak etmişdir. Şifahi müsahibə mərhələsinin video-yazısına birinci instansiyası məhkəməsində baxılıb və həmin videoyazıdan da görünür ki, iddiaçının cavabı qeyri-məqbuldur. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının cavablarının hal-hazırda qeyri-məqbul hesab edilməsi onun bir il sonra yenidən şifahi imtahanda iştirakının qarşısını almır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş 11 iyun 2024-cü il tarixli çıxarışından görünür ki, iddiaçının bilik səviyyəsi, hüquqi nəticələr çıxarmaq qabiliyyəti və ümumi dünyagörüşü üzrə aparılmış qiymətləndirməsi nəticəsində şifahi imtahan nəticəsi qeyri-məqbul hesab edilərək üzvlüyə qəbuldan imtina edilmişdir. Çıxarışdan görünür ki, iddiaçıya “mülkiyyət hüququnun müdafiəsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı əmək münasibətləri; vəkillik fəaliyyətinin əsasları; hüquqi islahatların inkişaf tendensiyası” sualları verilmiş və Vəkillərin İxtisas Komissiyasının 9 üzvü həmin suallara cavabları üç meyar üzrə qeyri-məqbul qiymətləndirmişlər. Qanunvericilik məcburetmə haqqında iddiaya dair iki norma müəyyən edir. Birincisi, ümumi normadır (lex generali) və sübutetmə vəzifəsini iddiaçının üzərinə qoyur. Bu normanın tələbi odur ki, əlverişli inzibati aktın faktiki şərtlərinin mövcudluğunu iddiaçı sübut etmək vəzifəsi daşıyır. İkincisi isə, xüsusi normadır (lex specialis) və sübutetmə vəzifəsini cavabdehin üzərinə qoyur. Həmin qaydanın tələbi isə budur ki, inzibati orqan əlverişli aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdikdə, sübutetmə yükü ona keçir. Əgər inzibati orqan mübahisələndirici mövqe alırsa, onda sübutetmə yükü ona keçir. Hazırkı işin hallarına baxdıqda görünür ki, cavabdeh şifahi müsahibənin nəticələrinə (iddiaçının cavablarının qeyri-məqbul hesab edilməsi) istinad edərək iddiaçının Kollegiyaya qəbulu üzrə proseduru davam etdirməkdən imtina edib. Başqa sözlə, cavabdeh iddiaçının arzuladığı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edib. Cavabdehin istinad etdiyi faktiki şərtlər şifahi müsahibənin nəticələridir. Buna müvafiq olaraq o nəticəni hasil edilə bilər ki, hazırkı iş üzrə xüsusi normanın tətbiqini şərtləndirən amillər mövcuddur. Buna müvafıq olaraq hazırkı iş üzrə lex specialis derogat legi generalı, yəni xüsusi qayda ümumi qaydanı istisna edir əsası mövcuddur. Ona görə də bu iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə keçir. Buna müvafiq olaraq cavabdeh sübut etməlidir ki, iddiaçı ona verilmiş suallara məqbul cavab verməyib. Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi tərəfindən şifahi imtahanın video görüntülərinə baxılmış və qərarda göstərilmişdir ki, “video-materiallardan da göründüyü kimi yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq 30 dəqiqəyədək müəyyən edilmiş həddə, hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar iddiaçıya ünvanlanmış, yekun nəticə isə qeyri-məqbul hesab edilmişdir”. Həmin video görüntülərə baxış keçirildikdən sonra məlumatlar məxfi olduğundan görüntülərin olduğu yaddaş kartı cavabdehin nümayəndəsinin vəsatəti əsasında ona qaytarılmış, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında iddiaçıya həmin video yazının yenidən tələb edilərək baxılması təklif edilsə də, iddiaçı buna ehtiyacın olmadığını bildirmiş və bəzi suallara səhhəti ilə bağlı məqbul cavab verməməsi ehtimalını qəbul etmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Vəkillər X3 07 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda aşağıdakılar göstərilmişdir: " ... İxtisas imtahanları Vəkillər X2 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X2, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. ... Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir". “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı verilmişdir (İnzibati Prosessual Məcəlləsinin 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na daxil edilməsə də, hüquqşünas namizədlərin vəkilliyə qəbulunu həyata keçirən yeganə qurum olduğundan və fəaliyyətinin hüquqi əsasını müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən özünün və yaratdığı qurumun qəbul etdiyi qərarlar hüquqi nəticə yaratdığından, hazırki iş üzrə inzibati orqan funksiyası daşıyır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İnzibati Prosessual Məcəllənin 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qanun məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi mövqe ilə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü də məhkəmə iclasında sualların hamısına məqbul cavab verməsinə istinad etməmiş, onun əsas arqumenti ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən onun təcrübəsi və işlədiyi vəzifələr nəzərə alınmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma qanunvericiliyin tələblərinə ziddir və cavabdehə münasibətdə belə bir tələb irəli sürülə bilməz. Şifahi imtahanlar istənilən halda Azərbaycan Respublikası Vəkillər X3 07 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na və digər qanunvericilik normalarına uyğun, bərabərlik prinsipi gözlənilməklə keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının cavablarının xx.xx.2024-cü il tarixdə qeyriməqbul hesab edilməsi onun hüquqlarını məhdudlaşdırmır və yenidən şifahi imtahanda iştirak etmək imkanlarının qarşısını almır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddiaçı barəsində olan vəkilliyə şifahi imtahan nəticələrinin qanunsuz hesab etməklə, Vəkillər Kollegiyasına bərpa olunması (qəbul olunması) vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 11282/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11282/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar