Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-612/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin DSMF-yə göndərilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5256/2021 saylı 20.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 13.11.2020-ci il tarixli 10/135 saylı imtina məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və 01.09.2017-ci il tarixdən hazırkı vaxta qədər vəzifə maaşının düzgün hesablanaraq ona ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m 34.1.) İddianın əsaslarına görə İddiaçı 31.05.2009-cu il tarixdən Dövlət Sərhəd Xidməti “Sahil Mühafizəsi” Maliyyə Bölməsinin sabiq rəisi vəzifəsindən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmış və həmin tarixdən də təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 saylı Qərarı ilə 1 nömrəli əlavənin XXİ hissəsinin “Sahil Mühafizəsi” Hərbi birləşməsinin bölmə rəisinin vəzifə maaşı 880 manat təsdiq olunub. Buna baxmayaraq, təqaüdü 735 manat vəzifə maaşı ilə hesablanır. Bununla əlaqədar olaraq onun adına yeni məlumat vərəqəsini DSMF-yə göndərilməsini və təqaüdünün yeni vəzifə maaşı ilə təsdiq olunmuş tarixlərdən hesablanması və artımla ödənilməsi üçün müraciət etmiş, lakin sonuncu Xidmətin idarə rəisi Ceyhun Mirzəyev tərəfindən göndərilən 13.11.2020-ci il tarixli 10/135 saylı məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliyin aparılması nəticəsində hərbi birləşmələr yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetininn 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının XXİ hissəsinin 7-ci bəndində qeyd edilmiş bölmə rəisinin vəzifə maaşı 880 manat hərbi birləşmənin bölmə rəisinə şamil edilmişdir. Ehtiyata buraxılarkən sahil mühafizəsi (korpus səlahiyyəti) olduğu üçün vəzifə maaşınız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının İİİ hissəsinin 10-cu bəndi əsas götürülərək bölmə rəisinin vəzifə maaşı 735 manat olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Çünki, vəzifələr dəyişdirilmədiyi halda hansı əsasla eyni adda vəzifə üzrə iki fərqli maaş tətbiq edilə bilər. İxtisara düşmüş vəzifələr yeni vəzifələrlə (vəzifələrə) uyğunlaşdırılmalı idi. Hal-hazırda vəzifələr ixtisara düşməmiş və uyğunlaşdırma aparılmamışdır. Vəzifə borcları və səlahiyyətlər eynidir, dəyişməyərək qalmışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidmətinin ştat strukturunda 2017-ci ildə edilmiş müvafiq struktur dəyişikliyindən sonra “Sahil Mühafizəsi” hərbi birləşmə yaradılmışdır. Eyni zamanda, “Sahil Mühafizəsi” (korpus səlahiyyətli) rəis vəzifəsi dəyişilməmiş və ləğv olunmamışdır. Hər iki vəzifəni “Sahil mühafizəsi” Hərbi birləşmənin bölmə rəisi icra edir. 2017-ci ildə struktur dəyişikliyindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə yalnız 21-ci hissə deyil, eləcə də 17-ci hissə və 3-cü hissədə nəzərdə tutulmuş “Sahil Mühafizəsi”nin hərbi qulluquçuları göstərilən vəzifə maaşı ilə pul təminatı alırlar. 2017-ci ildə birləşmə yarandığına və ehtiyata buraxılanlar əvvəlki vəzifə maaşı ilə buraxıldığına görə təminat xərcliyi də həmin vəzifə maaşına uyğun olaraq hesablanır. Dövlət Sərhəd Xidməti Aparatında təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçulara şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5256/2021 saylı 20.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunula əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, mühüm əhəmiyyəti olan faktiki hallar araşıdırılmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Belə ki, hal-hazırda xidmətini davam etdirən həmin vəzifədə olan (maliyyə şöbəsinin rəisi) vəzifə maaşı 880 manat, ehtiyatda və ya istefada olan zabitə 735 manat olaraq fərqli-fərqli vəzifə maaşı ödənilir. Məhkəmə araşdırması zamanı hüquqi əsaslandırma nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda dəyişikliklər nəticəsində onun sonuncu çalışdığı vəzifə maaşında baş vermiş artım, yəni vəzifə maaşının XXİ hissəsinin 7-ci bəndinə uyğun olaraq 880 manat olması nəzərə alınmaqla, cavabdeh tərəfindən yeni məlumat vərəqəsi tərtib olunaraq ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı işin hazırkı apellyasiya mərhələsində iddia tələbini dəqiqləşdirərək, təminat xərcliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 saylı Qərarına uyğun 1 nömrəli Əlavənin XXİ hissəsinə «Sahil Mühafizəsi» bölmə rəisi vəzifəsinin vəziəfə maaşına (880 manat) uyğun olaraq, məlumat vərəqinin tərtib edilərək ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən, qərardad qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, iddiaçının tutduğu bölmə rəisi vəzifəsinin halhazırda da olduğu kimi bir ştat olaraq qaldığını və XXİ hissə üzrə 880 manat məbləğində vəzifə maaşı aldığını israrlayaraq hesab etmişlər ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin olunmalıdır. Məhkəmə kollegiyasının əvvəlki (28.04.2022-ci il tarixli) iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X2 hazırda Dövlət Sərhəd Xidməti “Sahil Mühafizəsi” Maliyyə Bölməsinin rəisi vəzifəsinin XXİ hissə çərçivəsində bir ştat olmaqla vəzifə maşşşının 880 manat təşkil etdiyini, iddiaçı ehtiyata buraxılsa da İİİ hissə üzrə bölmə rəisi vəzifəsinin də ləğv olunmadığını boş olsa da, ehtiyatda olanlara və təqaüdə çıxanlara şamil edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsələr də məhkəməyə gəlməmişlər. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşin aşkar olunan hallarına görə İddiaçı 31.05.2009-cu il tarixindən Dövlət Sərhəd Xidməti “Sahil Mühafizəsi” Maliyyə Bölməsinin rəisi vəzifəsindən, polkovnik-leytenant rütbəsində ehtiyata buraxıldığı və həmin tarixdən də onun təqaüdə çıxması işin mübahisəlndirilməyən halıdır. İş materiallarının 43-cü vərəqlərinə əlavə olunmuş cavabdehin tərtib etdiyi 22.07.2009-cu il tarixli məlumat vərəqinə və hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəmə sorğuları əsasında təqdim etdiyi məlumatlara əsasən müəyyən olunur ki, 2009cu ildə təqaüdə çıxarkən, iddiaçının bölmə rəisi kimi vəzifə maaşı 400 manat təşkil etmiş, sonrakı artımlar zamanı isə onun vəzifə maaşı aşağıdakı kimi dəyişmişdir: 2012-ci ildə 485 manata, 2013-ci ildə 530 manat, 2018-cu ildə 585 manat, 2019-cu ildən isə 735 manata yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamənin 3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: “3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, X4, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.” Həmin Əsasnamənin 13-cü bəndinə əsasən isə Dövlət Sərhəd Xidmətinin strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Dövlət Sərhəd Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2959 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” təsdiq edilmişdir. Daha sonra, zərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanı və Sərəncamından irəli gələn struktur dəyişikliklər çərçivəsində - “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar qəbul olunmuşdur. Daha sonra həmin Qərarına Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarı ilə aşağıdakı dəyişiklir edilmişdir:
1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).*
2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) nmaaşlarının məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) və rütbə maaşlarının artırılması ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət etmiş hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.
6. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 sentyabr tarixli 205- 24 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilsin.
7. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296- 14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 iyun tarixli 280 nömrəli Qərarı) 1-ci və 2-ci hissələri ləğv edilsin.
8. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.” İş materiallarına və hazırkı mərhələdə məhkəmə sorğusuna əsasən əldə olunmuş sənədlərə əsasən isə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə təsdiq olunmuş 1 nömrəli əlavədə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri: -İİİ hissə “Sahil Mühafizəsi” (korpus səlahiyyətli) üzrə “10 bölmə rəisi nin aylıq vəzifə maaşı 735 manat; -XXİ hissə (“Hərbi Birləşmələr (Sərhəd Qoşunları, X4, Sərhəd Nəzarəti, Sahil Mühafizəsi”) üzrə 880 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə, cavabdehin iddia ərizəsinə etirazına və tərəflərin nümayəndələrinin mübahisələndirilməyən izahatlarına əsasən müəyən olunmuşdur ki, faktiki olaraq iddiaçının Dövlət Sərhəd Xidmətinin “Sahil Mühafizəsi” qürumunda bir Maliyyə Bölməsinin rəisi vəzifəsi mövcuddur ki, onun da vəzifə maaşı, XXİ hissəyə aid edilməklə 2019-cu ilin sentyabr ayının 1-dən etibarən 880 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, iddia ərizəsində iddiaçı hal-hazırda vəzifələr ixtisara düşmədyini və səlahiyyətlər eyni olaraq dəyişmədəq qaldığını, cavabdeh isə iddia ərizəsinə etirazında Xidmətinştat strukturunda 2017-ci ildə edilmiş müvafiq struktur dəyişikliyindən sonra hər iki vəzifəni “Sahil mühafizəsi” Hərbi birləşmə”nin bölmə rəisinin icra etdiyi təsdiq olunur. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının 28.04.2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndələri də izahatında bildirmişdir ki, iddiaçının bölmə rəisi kimi aid edildiyi “İİİ hissə” üzrə vəzifə maaşı ehtiayata çıxan hərbi qulluqçulara münasibətdə saxlanılır. Belə olan halda, İİİ hissə üzrə “Sahil Mühafizəsi”ndə bölmə rəisi vəzifəsinin aktiv və fəaliyyətdə olmadığı halda, faktiki olaraq, həmin vəzifə 880 manat vəzifə maaşı ilə XXİ hissə üzrə “Sahil Mühafizəsi”nin “bölmə rəisi” icra etdiyi halda, cavabdeh tərəfindən konkret halda iddiaçının vəzifə maaşının bu vəzifə maaşına uyğunlaşdırılmadığı və müvafiq təminat xərcliyi barədə yeni məlumat vərəqinin dolurulub DSMF-yə göndərilməməsi Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun hesab oluna bilməz. Ən azından on görə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. - 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 9.5-ci maddəsi ilə nə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular əmək pensiyasına əlavələr almaq hüquqna madlikdirlər. Həmin Qanunun 29.2-ci maddəsi isə nəzərədə tutur ki, 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (AR-in Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına əsasən:
4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
6. Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır.
7. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının – “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli, 406 saylı qərarına uyğun 1 nömrəli Əlavənin XXİ hissəsinə «Sahil Mühafizəsi» bölmə rəisi vəzifəsinin vəzifə maaşına (880 manat) uyğun məlumat vərəqinin tərtib edilərək DSMF-yə göndərilməsini nətəlb etməkdə haqlıdır. Beləliklə də iddiaçının hazırkı (dəqiqləşdirilmiş) iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Odur ki, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə cavabdeh tərəfindən yeni məlumat verəqəsiinin verilməsindən imtina olunması iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan, səhv nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, bu qəbildən olan dəlillri və məhkəmə tərəfindən işin əhəmiyyətli hallarının araşdırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşır. Ona görə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5256/2021 saylı 20.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməli və İddiaçı təminat xərcliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli, 406 saylı Qərarının 1 nömrəli Əlavəsinin XXİ hissəsi üzrə “Sahil Mühafizəsi” “bölmə rəisi” vəzifəsinin vəzifə maaşına (880 manat) uyğun hesablanmaqla, yeni məlumat vərəqinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5256/2021 saylı 20.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı təminat xərcliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019cu il tarixli 406 saylı Qərarının 1 nömrəli Əlavəsinin XXİ hissəsi üzrə “Sahil Mühafizəsi” “bölmə rəisi” vəzifəsinin vəzifə maaşına (880 manat) uyğun hesablanmaqla, yeni məlumat vərəqinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vüsalə Baxışova