Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-612/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış və hərbi hospitala gətirilmiş, bir müddət hərbi hospitalda müalicə almışdır. Bundan sonra dəfələrlə Respublikanın müxtəlif psixiatriya xəstəxanalarında müalicə davam etdirmişdir. Hazırda da Lənkəran şəhər Psixiatriya Xəstəxanasında intensiv amblator müalicə almaqdadır. İddiaçıya xx.xx.2021-ci il tarixdə “Postkontuzion sindromu, kəskin dərəcədə ifadə dissositiv komversion pozuntulu, ləaratravma (xx.xx.2020) iki tərəflə koxlear nevrit, iki tərəfli neyrosensor ağır eşitmə pısıltı nitqinin sağ qulaqda 5.5 metr, sol qulaqda 2 metr məsafədən eşitmə” diaqnozu qoyulmuş və üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik və sağlamlıq imkanlarımımn məhdudiyyət müddəti xx.xx.2026-ci il müəyyən edilmişdir. Həmin dövrdə hospitaldan çıxdıqdan sonra stansionar və amblator müalicələrdə olmuş, Respublikanın müxtəlif psixiatriya xəstəxanalarında müalicə almışdır. Dəfələrlə ağrılardan özünü öldürmək dərəcəsinə gəlmiş, affektiv pozuntuların periodikliyinin intensivliyi səbəbindən ətrafına xüsusilə ailə üzvlərinə zərər yetirmiş, istirablar yaşatmışdır. xx.xx.2023-cü il tarixli Psixiatr komissiyasının rəyi ilə də iddiaçıya “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar disspsisativ əlamətlər F 06.3 diaqnozu verilmişdir. Lakin heç bir əsas olmadan iddiaçının əlillik dərəcəm ləğv edilmiş, səbəb kimi isə tam reabilitasiya olmağı qeyd edilmişdir. Pensiyanın ödənilməsi isə dekabr 2023-cü ildən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya əlilliyin təyinatından imtina barədə (Tam reabilitasiya olma barədə) 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçıya təyin edilmiş 12 avqust 2021-ci il tarixli üçüncü dərəcə 05 il müddətinə təyin edilmiş əlilliyinin tam reabilitasiya olunması barədə qərarı qanunsuz hesab edilməklə həmin əsasla dayandırıldığı əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir.Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı.Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 7825/21 nömrəli Çıxarışında diaqnoz “Partlayış nəticəsində qapalı kəllə-beyin travması, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ifadə olunmuş depressiv sindrom. Retrograd amneziya, tez-tez baş verən funksional tutmalarla” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır.Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2023cü il tarixli 185 nömrəli Çıxarışında diaqnoz “Kəskin ifadə olunmuş dissosiativ konversion pozuntu, tez-tez təkrarlanan tutmalarla (1-2 dəfə), isterik monoparez, şəxsiyyət dəyişikliyp’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 11871/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ əlamətlərlə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6408/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Hazırkı işin hallarından müəyyən edilir ki, ddiaçıya 5 il müddətinə xx.xx.2021-ci il tarixdən əlillik təyin edilmiş, daha sonra cavabdeh ilkin olaraq 12 avqust 2026-cı il tarixədək iddiaçının müddətli əlilliyinin olmasını gözləmədən onun tam reabilitasiya olunması barədə qərara gəlmiş, aparmış olduğu müxtəlif tarixli tibbi müayinələrin nəticəsində də iddiaçıya əlilliyin təyinatından imtina etmişdir . Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçının tam reabilitasiya olunması nə qədər ki, əlilliyin təyinatına dair qərar qanunsuz və əlverişsiz inzibati akt kimi müəyyən edilməklə ləğv edilməyib, təyin edilmiş əlilliyin hüquqi nəticələrinin aradan qaldırılması əsası qismində çıxış edə bilməz. Cavabdeh 12 avqust 2026-cı il tarixdə, yəni əlilliyin müddəti bitdikdə şəxsin reabilitasiya vəziyyətini yoxladıqdan sonra növbəti təyinatın aparılıb-aparılmaması barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur ki, cavabdeh isə həmin halı nəzərə almadan, ilkin təyinatın qanunsuz və əsassızlığına qiymət vermədən tam reabilitasiya olma barədə mövqeyə gəlmişdir Həmçinin tam reabilitasiya olma barədə qərar qanuni və əsaslı olmadığından, iddiaçı barəsində sonradan əlillik təyinatından imtina barədə mövqeyidə əsassız olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya ilkin əlilliyin təyinatına əsas olan qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi və ya digər formada əlillik statusunun itirilməsi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun əlillik təyinatından 5 il müddətində səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi faktiki olaraq ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamış, iddiaçının növbəti müayinə tarixinə kimi sağalması, vəziyyətinin yaxşılaşması kimi hallarının mövcud ola biləcəyi, həmin halın hər bir halda mövcudluğunun əlilliyin ləğv edilməsinə səbəbiyyət verməməsi kimi hallarını nəzərə almamışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı oxşar iş üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin də aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi. Cavabdeh isə nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan, iddiaçının vəziyyətini ağırlaşdıran digər bir qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün 30 yanvar 2020-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən, iddiaçının müraciəti əsasında onun vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki, qərarda növbəti müayinə tarixi konkret olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, həmin müayinə tarixi iddiaçıya növbəti əlillik təyin edilməsinə əsas verən halların olub-olmamasının həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun 2025-ci ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin təyin edilməsinə zərurət yaranmazdı ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-612/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-612/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver