Məhkəmə qərarları › İş №2-1(103)-613/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-613/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-613/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə əmrin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5020/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 01.05.2020-ci il tarixli **********1 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa olunmağı, dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat ziyanın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehin 01 may 2020-ci il tarixli **********1 nömrəli əmri 2 saylı Bakı Ərazi Şöbəsinin yaradılması üçün Nazirlik tərəfindən 26 fevral 2020-ci il tarixli **********1 saylı Əmrin 11.1-ci bəndinin icrasını təmin elmək məqsədilə imzalanmışdır. Həmin əmrin 1-ci bəndindən aydın görünür ki, 2 saylı Bakı Ərazi Şöbəsi Xəzər və Pirallahı rayon şöbələrinin bazasında yaradılmışdır. 2-ci bəndində isə göstərilir ki, 2 saylı Bakı Ərazi Şöbəsi Xəzər və Pirallahı rayon şöbələrinin hüquqi varisidir. Buradan aydın görünür ki, heç bir ləğvetmədən söhbət gedə bilməz. Əmrin əsası olan 11.1-ci bəndində 2 saylı Bakı Ərazi şöbəsinin işçilərinin komplekləşdirilməsini təmin etsinlər dedikdə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq xitam verilməsi kimi qiymətləndirmişdir. Heç bir ləğvetmə prosesi olmadığına baxmayaraq, sadəcə olaraq DSMF-nin Xəzər rayon şöbəsi 2014-cü ilin may ayında iki təşkilata (DSMF Xəzər rayon və DSMF Pirallahı rayon şöbələrinə) ayrılmış, 2020-ci ilin may ayında isə yenidən 2 saylı Bakı Ərazi Şöbəsi adında birləşdirilmişdir. Bu maddəyə (33.1.2) istinad etmək onları ona görə məcbur etmişdir ki, artıq başqa seçim qalmamışdır. Ona görə ki, cavabdeh etirazından və imzaladığı əmrdən də aydın görünür ki, birləşmə (çevrilmə) zamanı sadəcə olaraq ixtisar aparılmışdır. İxtisarın düzgün aparılıb-aparılmaması və işçinin işdən çıxarılması qaydası barədə Ali Məhkəmənin iddiaçı haqqında olan qərarlarını iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ona görə 33.1.2-ci maddəyə istinad edir ki, Əmək Məcəlləsində yalnız müəssisə ləğv edildikdə xəstə və müalicədə olan işçinin əmək müqaviləsinə xitam vermək icazəsi vardır. Bütün bunlara baxmayaraq işəgötürən bu maddənin belə tətbiqində də qanunsuzluğa yol vermişdir. Bu barədə iddia ərizəsində geniş qeyd etmişdir. Belə ki, 01 iyun 2020-ci ilədək əmək qabiliyyətini itirmiş, bülletendə olmuşdur. 31.05.2020-ci ildə Nazirə, aparat rəhbərinə və 2 saylı Bakı Ərazi Şöbəsinin rəhbərliyinə 01.06.2020-ci il tarixdən etibarən məzuniyyətə buraxılmağı barədə rəsmi ərizə ilə müraciət etmişdir. Müraciət etməyinin əsası işdən azad olmağı barədə onda heç bir məlumatın olmaması və işdən azad olmuş şəxsə cavabdeh tərəfindən verilməsi vacib olan 3 amilin - işdən çıxma əmrinin, əmək kitabçasının və son haqq-hesabın verilməməsi olmuşdur. Əmrin 5-ci hissəsində qeyd edilən dövlət qulluqçuları, 2020-ci il 01 may tarixdən cavabdehdə 2 il müddətə ehtiyat kadr kimi saxlanılsınlar və bu barədə AR X2 məlumat verilsin. Bildirir ki, AR Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş şəxslərin işdə saxlanılmasına üstünlük verilir. Qeyd edir ki, o, 2001-ci ildən etibarən DSMF-də əmək fəaliyyətinə başlamışdır. 2007-ci ildə belində yaranmış xəstəliklə əlaqədar müayinə və müalicə olunduqdan sonra İİİ qrup əlil dərəcəsi almışdır, 20 ilə yaxın müddətdə sosial-təminat orqanlarında stajı vardır. Əlavə sübut olaraq bildirmək istəyir ki, DSMF-nin digər 78 şöbəsində ləğvetmə olmamışdır. Məhkəmə iclasında bu fikirləri desə də, hakim qərarında bu barədə heç bir qeyd aparmamışdır. Bundan əlavə, məhkəmə qərarına diqqət yetirdikdə aydın görünür ki, məhkəmə cavabdehin etiraz ərizəsinin məzmununun təsiri altında qalmış və qərarı qəbul etdikdə istinadlardan biri kimi cavabdehin özünmüdafiə (“etiraz”) ərizəsini rəhbər tutmuş, bununla da əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə işin əsas mahiyyəti hesab edilən ləğvetməyə toxunmamış, həmin məsələdən yan keçmişdir. Halbuki, əmrdə qeyd edilmişdir ki, DSMF Xəzər və Pirallahı rayon şöbələrinin bazasında 2 saylı Bakı Ərazi şöbəsi yaradılsın, 2 saylı Bakı Ərazi şöbəsi Xəzər və Pirallalıı rayon şöbələrinin hüquqi varisi hesab edilsin. Həmçinin, AR Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar imperativ qaydada göstərilmişdir. Belə ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsini işəgötürən tərəfindən pozulması yolverilməzdir, qadağandır. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Onun işdən çıxarılmağı qanuni deyil, qərəzlidir. Ona görə ki, cavabdeh işdən çıxarılmağı bir yana, heç pensiyasını da (əlillik) ödəmir. Əlilliyini ləğv elmək istəyir. İşə 01.06.2020-ci ilədək xəstəlik vərəqələri təqdim etmişdir. İşdən çıxma əmrinin surətini 04.06.2020-ci ildə Nazirliyin foyesində atılmış formada götürmüşdür. Əmək kitabçası hələ bu günə kimi verilməyib, son haqq-hesabı 02.06.2020-ci ildə Azərikart vasitəsilə köçürülüb. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 23.07.2021-ci il tarixli qərardadı ilə iddia, “dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat ziyanın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi” tələblərinə dair hissədə, mümkün sayılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyi üçün ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia cavabdehin əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa olunması tələblərinə aid hissədə rədd edilməlidir. Belə ki, iddiaya dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat ziyanın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi tələblərinə dair hissədə mahiyyəti üzrə baxılmamalı və həmin tələb mümkün sayılmamalı idi. İşdən müəyyən olunur ki, cavabdehin 28 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri ilə 2019-cu il 28 dekabr tarixdən DSMF-nin yerli orqanlarının yeni ştat cədvəlləri təsdiq edilmiş, 2019-cu il 02 dekabr tarixli **********0 nömrəli əmrlə təsdiq edilmiş DSMFnin yerli orqanlarının ştat cədvəlləri 2019-cu il 28 dekabr tarixdən qüvvədən düşmüş hesab edilmiş, 01 may 2020-ci il tarixli **********2 nömrəli əmrlə isə DSMF-nin yerli orqanlarının yeni ştat cədvəlləri təsdiq edilmiş, 28 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmr qüvvədən düşmüş hesab edilmişdir. Cavabdehin 26 fevral 2020-ci il tarixli **********1 nömrəli əmri ilə DSMF Xəzər və Pirallahı rayon şöbələrinin bazasında 2 saylı Bakı ərazi şöbəsi yaradılmışdır. Cavabdehin 01 may 2020-ci il tarixli **********1 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar DSMF Xəzər rayon şöbəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə əsasən, dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasi Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə görə, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. İşin araşdırılan hallarından məlum olur ki, ləğv edilmiş Xəzər və Pirallahı rayon şöbələri 68 ştatdan (Xəzər 48, Pirallahı 20) ibarət olmuş, yeni yaranmış 2 saylı Bakı ərazi şöbəsi isə 35 ştat təşkil etmişdir. Şöbələrin əməkdaşlarının bir qismi peşəkarlığı və idarəçilik təcrübəsinə uyğun olaraq yeni yaradılmış idarələrdə işlə təmin edilmişlər. Bu əsasla, iddiaçı ilə yanaşı digər əməkdaşlar adıçəkilən Qaydaların 4-cü hissəsinə əsasən, 1 may 2020-ci il tarixdən Naziriliyin ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə X2 məlumat verilmişdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birincisi, AR Mülki Məcəlləsinin “Hüquqi şəxsin ləğvi” adlı 59-cu maddəsi mübahisəyə tətbiq edilə bilməz. Çünki, DSMF Xəzər rayon şöbəsi hüquqi şəxs sayılmırdı. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.” DSMF Xəzər rayon şöbəsinin hüquqi statusu isə Mülki Məcəllənin 54-cü maddəsində anlayışı verilən idarəyə uyğun gəlirdi. Həmin normaya görə, “54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.” Bununla yanaşı, DSMF Xəzər rayon şöbəsi həmin dövrdə “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi mənada inzibati orqan idi ki, bu fakt da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 14.1.4-cü bəndində təsbit olunmuşdu (Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri). İkincisi, cavabdehin 26 fevral 2020-ci il tarixli **********1 nömrəli əmrində DSMF Xəzər və Pirallahı rayon şöbələrinin ləğv edilməsi göstərilməsə də, bu əslində həmin inzibati orqanların (şöbələr) buna səlahiyyəti olan yuxarı inzibati orqan (Nazirlik) tərəfindən ləğv edilməsi və məhz onların bazasında yeni inzibati orqanın (şöbə) yaradılması deməkdir. Üçüncüsü, AR Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, “Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.” Azərbaycan Respublikasi Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası” isə iş üzrə mübahisəli sayılan hüquqları bütünlüklə əhatə edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24.04.2019-cu il tarixli Qərarında isə qeyd etmişdir ki, “Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir. Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Belə ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddianın ilk tələbi növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının müddəalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. İddianın ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (işə bərpa) tələbi də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçının dövlət qulluğunda xidmətinə xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmənin mümkün sayılmayan iddia tələbinə mahiyyəti üzrə baxaraq, tələbi rədd etməsi ilə prosessual hüquq normaları pozulmuşdur. Odur ki, dəlilləri işin halları və qanunvericiliklə təkzib olunan apellyasiya şikayəti mahiyyətcə əsassız olsa da, şikayətin özü qərarın ləğvinə səbəb olan əsas kimi çıxış edir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5020/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin 01 may 2020-ci il tarixli **********1 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa olunması öhdəliyinin qoyulması tələblərinə dair iddiası təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar