Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-614/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Mursaqulov Vaqif Ənvər oğludan ibаrət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4076/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 51 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə “İddiaçı” MMC-nin adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4076/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 51 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərar alınmışdır (hakim X.İmanov). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi məlumat daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Belə ki, iddiaçı iddia tələbində İdarəyə müraciət etdiyini qeyd etsə də, lakin bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qərarında qeyd olunanlardan görünür ki, müvafiq qeyri-yaşayış binası istismara qəbul edilməmişdir. Göründüyü kimi, müvafiq qeyri-yaşayış binasına dir inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə əsassız olaraq qeyd olunan halları nəzərə almamış, işi ətraflı və düzgün araşdırmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinin dənillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, iştə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş; - İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2001-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN verilmiş, MMC-nin təsisçisi və qanuni təmsilçisi X4r. - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2010-cu il tarixli 170 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhər Memarlıq və və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03-8/7837 nömrəli razılıq məktubu və Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 17 saylı sərəncamı ilə Xətai prospekti, 51 nömrəli ünvanda yerləşən Taekvando Federasiyasının inzibati binasının və idman zalının qarşısındakı sahədə, idmançıların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə fərdi layihəyə uyğun ictimai məişət evinin, “xxxxxx” MMC tərəfindən tikinti işlərinin aparılmasına icazə verilmişdir. Lakin ictimai məişət evinin lahiyələndirilməsi və tikinti işləri “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilmişdir. “xxxxxx” MMC-nin xx.xx.2010-cu il tarixli, 10/24 nömrəli və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2010-cu il tarixli, 18/10 nömrəli razılıq ərizələri nəzərə alınaraq, RİHB-in “İctimai məişət evinin tikintisinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 17 nömrəli sərəncamında “xxxxxx” MMC ifadələri “İddiaçı” MMC ifadələri ilə əvəz edilməsi qərara alınmışdır. Sərəncamın 2-ci bəndində ictimai məişət evinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbay-can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müracit edilməsi “İddiaçı” MMC-yə tövsiyə edilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 51 ünvanında yerləşən “Günaydın” restoranının eskiz layihəsindən müəyyən edilir ki, sifarişçi “İddiaçı” MMC, layihəçi təşkilat “xxxxx” layihə inşaat istehsalat MMC-dir. Tikili 2 mərtəbəlidir. Həmçinin, birinci instansiya məhkəməsi qərarında iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən və sifarişli ekspress poçt xidmətinin xəbərnaməsinə istinad edərək, göstərmişdir ki, iddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 51 ünvanında yerləşən “İddiaçı” MMC-yə məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə “İddiaçı” MMC-nin adına çıxarışın verilməsini cavabdehdən xahiş etmiş, ərizə xx.xx.2019-cu ildə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində onun tərəfindən zəruri hesab edilən sənədlərin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi, həmin sənədlərin araşdırılmadan onlara imtina edilməsi, əsas kimi ərizəyə hüquqmüyyənedici sənədlərin əlavə edilmədiyini göstərsə də, qeyd edilən ərizəni və imtina cavabını iddia ərizəsinə əlavə etməmişdir. Həmin sənədlər iş materiallarında mövcud deyil. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi məlumatın daxil olmaması və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi dəlillərini qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının sürdüyü tələbin növü - öhdəliyin icrası haqqında tələbdir. Öhdəliyin icrası haqqında iddia iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkilmə tələb olunur. Bu növ iddia əsasında normativ hüquqi aktın və ya inzibati aktın qəbul edilməsindən başqa istənilən növ hərəkətin edilməsi tələb oluna bilər. İddianın predmeti iddiaçı tərəfindən tələb olunan hərəkətin edilməsi və ya hərəkətdən çəkinmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianı əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsi hüququn pozulması ilə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və hüquqi nəticənin baş verməsi şərtini iddianın mümkünlüyü şərti kimi müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçının inzibati orqana müraciət edilməsi, inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün fiziki və ya hüquqi şəxsin ərizəsi olmalıdır. Qanunun 30.2.7-ci maddəsinə əsasən ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir. Qanunun 30.3-cü maddəsinə əsasən təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur. Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüqular arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatındn imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını ( yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin yuxarıda qeyd edilənləri birinci instansiya məhkəməsi nəzərə almamış və iddianı təmin etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4076/2019 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4076/2019 saylı qərarı ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №2-1(103)-614/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-614/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver