Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-614/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X4) “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-166/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.metr sahəsi olan 285 nömrəli bağa dair iddiaçının adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778.0 kv.m sahəsi olan 285/T nömrəli bağa dair iddiaçının adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının 21.02.1994-cü il tarixli, 243 saylı sərəncamına əsasən Pirşağı bağ sahəsində 218 nömrəli X1 tərəfindən 0,12 ha sahəsi olan 285 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ onun və ailəsinin istifadəsindədir, hasara alınmışdır. İddiaçı bağ sahəsinə dair adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu 07.05.2019-cu il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, bağ sahəsi sənədlə 1200.00 kv.m, faktiki isə 778.0 kv.m təşkil edir və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmiş, həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285t” saylı bağ sahəsinin ərazisinə uyğundur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-166/2021 saylı il tarixli qərarı ilə iddia təmin edilərək qərara alınmışdır ki: - “Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778.0 kv.m sahəsi olan 285/T nömrəli bağa dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin.” Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarının əhəmiyyyətli dərəcədə pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, bağ sahəsi sənədlə 1200.00 kv.m, faktiki isə 778.0 kv.m təşkil edir və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmiş, həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285 t” saylı bağ sahəsinin ərazisinə uyğundur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (və üçüncü şəxs) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan baxılması mümükün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəçi R.Əzimov iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda məhkəmənin suallarını cavablandırarkən bildirmişdir ki, Bakı şəhər İcra akimiyyətinin sərəncamına əsasən Bağlar İdarəsi tərəfindən ona Pirşağı bağ sahəsində 218 nömrəli X1 tərəfindən 285 saylı bağ sahəsi ayrılmış, bağ sahəsinin bir hissəsi yol tikintisinə düşmüş, faktiki olaraq 778 kv m torpaq sahəsi istifadəsindədir ki, həmin sahənin də üçüncü şəxs K.Sultanovun torpağına heç bir aidiyyəti yoxdur, ondan xeyli aralıda yerləşir. İddia tələbini sonradan, məhkəmənin təklifi ilə “285 t” saylı bağ sahəsinə texniki pasportun və reyestrdən çıxarışın verilməsi tələbinə dəqiqləşdirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsiiş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, Fərdi və bağ evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən Pirşağı bağlar sahəsindəki 218 kooperativinə ayrılan 61 №li Orderin notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 21 fevral 1994-cü il tarixli 243 saylı Qərarına əsasən X5 218 №li BTK nəzdində İddiaçı 0,12 ha torpaq sahəsi olan 285 №li bağ ayrıldığını müəyyən etmişdir. Eyni zamanda, qərarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən məhkəmə sorğusuna 18 may 2020-ci il tarixli məktubunda 285 №li bağ sahəsinin köhnə Pirşağı bağ massivi ünvanında qeydiyyata alınması, faktiki göstərilən sahənin isə təzə Pirşağı bağ massivində olması və bağın nömrəsinin 285/t olmasını bildirilmiş, eyni zamanda Pirşağı bağ massivində yerləşən 280 saylı bağ sahəsi ilə 290 saylı bağ sahəsi arasında yerləşən bağ sahələrinin sxematik xəritənin sözügedən sahələrə aid olan hissəsi məhkəməyə təqdim edilmişdir. Eyni zamanda qərarında məhkəmə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “285” saylı bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə 05.03.2015-ci il tarixində üçüncü şəxs X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunan həmin sübutlarla müəyyən edilən hallar heç də onu deməyə əsas vermir ki, iddiaçı tələbini 285 saylı bağ sahəsinə deyil 285 t saylı bağ saəhsinə dair dəqiqləşdirməlidir. Çünki, Bakı şəhər İcra Hakimiyyətinin qeyd olunan sərəncamına və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş orderə əsasən iddiaçının “285” saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. “285 t” saylı bağ sahəsinin başqa bir sahibi də ortaya çıxması da istisna deyil. Həəm də “285 t” saylı bağ sahəsinə iddiaçının subyektiv hüququ mövcud deyil. Onun sənədləri 285 saylı bağ sahəsinədir. Belə olan halda, iddiaçı tələbinin məhz həmin “285 t” saylı bağ sahəsinə münasibətdə dəqiqləşdirməsi düzgün hesab edilən münasib iddia tələbi kimi qəbul oluna bilməz. İddiaçının izahatından və işin digər materiallarından görünür ki, həmin bağ massivində üçüncü şəxsin adına da “285” saylı bağ sahəsi mövcud olsa da, faktiki olaraq həmin bağ sahəsi iddiaçıya məxsus “285” saylı bağ sahəsindən aralıda yerləşir. Deməli, iki bağ sahəsinin nömrələri arasında uyğunsuzluq mövcuddur. Mövcud olan bu uyğunsuzluğun aradan qaldırılması isə cavabdeh orqanın səlahiyyətinə aid olan bir məsələdir. Digər tərəfdən, torpaq sahəsinə dair texniki pasport deyil, plan və ölçüsü tərtib olunur. İddiaçı isə tələbində texniki pasportun tərtib edilib ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddiaçıya iddia tələbini, onun məqsədinə uyğun olan iddia tələbi ilə əvəz olunmasında yardım göstərməmiş, göstərmişsə də düzgün olan bir yardımı göstərməmiş, bütün bunların nəticəsi olaraq da iddiaçı tərəfindən münasib iddia tələbi irəli sürülməmişdir. Halbuki, İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanlar aradan qaldırılmadan və iddiaçının tələbi onun məqsədinə və subyektiv hüququna uyğun gələn iddia tələbi ilə əvəz olunmadan, iddianın uğurluluq ehtimalı istisna edilir. Həmin nöqsanların aradın qaldırılmaqla irəli sürülmüş yeni iddia tələbi isə yalnız birinci instansiya məhkəməsinin predmetini təşkil edə bilər. İPM-in 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən əhəmiyyətli dərəcədə prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-166/2021 saylı qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi və məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli 2-1(112)-166/2021 saylı qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-614/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-614/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver