Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-614/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5563/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci ilin iyul ayı daxil olmaqla əsassız varlanma - vurulmuş maddi ziyan kimi hesablanmış və hər ay 68.15 manat pensiyadan tutulmaqla ümumi hesablanmış 2587.84 manatın pensiyadan tutulması qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının Azərbaycan Dövlət Pedoqoji İnstitutunda 1972-1977-ci illərdə əyani təhsil aldığı müddət və Suraxanı rayonu 104 N-li məktəbdə 1980-1992-ci illərdə işlədiyi müddət sosial sığorta stajı kimi qəbul edilərək ümumi iş stajının 44 il hesab edilərək işlədiyi illərə görə iş stajını və işlədiyi axırıncı iş yerlərinin vəzifə maaşlarını götürməklə iddiaçının 60 yaşının tamam olduğu vaxtdan pensiyasının səhv hesablanması, pensiyaya əlavələrin, təhsil müddətinin hesablanmadığını və maddi ziyan olan ümumi 2587.84 manat daxil edilməklə pensiyanın kompensasiya daxilində yenidən hesablanaraq, pensiyanın xx.xx.2016-cı il tarixindən məhkəmə qətnaməsi icra olunduğu müddət (yəni, gün, ay il) daxil olmaqla ödənilməmiş pensiya məbləğinin və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərarın qəbul edilməsi, bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması, iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün, ümumilikdə 44 il 5 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1956-cı il təvəllüdlü İddiaçı Həsən qızı (qız soyadı Pənahova) 1972- 1977-ci illərdə əyani olaraq Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika bölməsində təhsil almışdır. Daha sonra 1980-ci ilin yanvar ayından (indiki Suraxanı) rayonu 104 N- li orta ümumtəhsil məktəbində fizika müəllimi işləməyə başlamışdır və işlədiyi müddətdə V İ.Lenin adına Qırmızı əmək bayrağı ordeni ilə mükafatlanmışdır. Həmin məktəbdə 1992-ci ilin sentyabr ayı daxil olmaqla ixtisas üzrə fizika müəllimi kimi işləmişdir. 1986-cı ildə xx.xx.1986-cı il tarixli əmrlə Baş müəllim adını qazanmışdır. Fasilə verilmədən 1992-ci ilin oktyabr ayından Binəqədi rayonu 115N-li məktəbdə fizika müəllimi kimi işləməyə başlamışdır. Həmin məktəbdə 2021-ci ilin mart ayınadək fizika müəllimi kimi işləmişdir. 10 fevral 2021-ci il tarixində 65 yaşının tamam olması səbəbindən işəgötürən onunla əmək müqaviləsini uzatmaqdan imtina etdiyindən işdən çıxmalı olmuşdur. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı azı 39 il 2 ay fizika müəllimi kimi işləmişdir. Həm də 70-ci illərdə 5 il əyani təhsil aldığından ümumilikdə azı 44 il əmək stajına malikdir. Onun sağlamlığında ciddi problemlər olduğundan müxtəlif müalicələr almış və əməliyyat olunmuşdur. Nəticədə, 2003-cü il tarixində İİ qrup əlil hesab edilərək Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyi tərəfindən əlil pensiyası almağa başlamışdır. Lakin, 115N-li təhsil müəssisəsində fizika müəllimi kimi işləməyi davam etmişdir. 115 N-li Təhsil müəssisəsində fizika müəlliməsi işində işlədiyi müddətdə 2018-ci il tarixində yaşa görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq Xidməti İdarəsinə müraciət etmişdir. Onu yaşa görə pensiya növündə pensiyaya keçirtdilər və yaşa görə pensiya hesablamağa başlamışdır. Həmçinin, yazılı şəkildə 2021-ci ilin mart ayında “işdən çıxarılması ilə bağlı verdiyi sənədlərə əsasən pensiyanın yenidən hesablanması ilə bağlı” AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq Xidməti idarəsinə müraciət etmişdir. Sonuncu dəfə 04 may 2021-ci il tarixində “fərdi şəxsi hesabında toplanmış pensiya kapitalının və əyani təhsil dövrünün pensiya stajına hesablanıb pensiyanın üzərinə əlavə edilməsi və əvvəlki əlillik ilə bağlı pensiyanın bərpa edilməsi ilə bağlı" AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin, müraciətinə məlum olmayan səbəb imtina edilmişdir. Əvəzində bilinməyən 3033.33 manat artıq ödəmə - dəymiş ziyan kimi hesablanmış və hər ay ödənilən pensiyadan bilinməyən məbləğlərdə çıxılma qərarı verilmişdir. Nə baş verdiyini və hansı səbəblərdən onun pensiyasının məbləğinin aşağı olmasını aydınlaşdırmaq üçün sorğular ilə pensiya qurumlarına müraciət etsə də, sorğulara gec və natamam və anlaya bilmədiyi formada cavab verilib. Sorğu əsasında ona məlumat verildi ki, ona artıq hesablanmış 3033,33 manat səhv hesablandığından 2587,84 manata endirilmiş və hər ay 68,15 manat ona təyin edilmiş pensiyadan çıxılır. Həm də qeyd edilib ki, ona 2021-ci ilin fevral ayında pensiya az hesablandığından pensiya yenidən hesablanaraq 393,16 manata qaldırılmış və oktyabr ayından həmin pensiya təyin edilmişdir. Belə aydın olur ki, ona əslində 2021-ci ilin fevral ayından noyabr ayınadək ödənilməyən hissədə pensiya kompensasiya kimi geri ödənilməli idi. Lakin, iddiaçıya nə yeni məbləğdə pensiya verilir, nə kompensiya ödənilir, nə də artıq ödəniş kimi hesablanmış 2587,84 manat silinməyibdir. Həm də, dəqiq cavab verilmədiyindən hazırki vaxtadək aydın deyil ki, həmin 3033,33 və ya 2587,84 manat necə və hansı qaydalara əsasən hesablanıb. Həm də sonuncu sorğuya cavablardan məlum olub ki, yaşa görə pensiya iddiaçıya xx.xx.2016-cı il tarixindən 60 yaşının tamam olması ilə bağlı təyin edilib. Hesab edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün pensiya kapitalı çox az hesablanıb, belə ki, ölkə prezidentinin Fərmanına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2017ci illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirildiyindən pensiya kapitalı ən aşağı məbləğdə və səhv hesablanıb. Həm də iş stajı 25 il 4 ay qeyd edilməklə səhv hesablanıb. Lakin, əyani təhsil aldığı müddət ilə birgə ümumi iş stajı 44 il təşkil edir. İddiaçının narazılığı odur ki, ona təyin edilən yaşa görə pensiya növü az və səhv hesablanıb, pensiya həddən artıq aşağıdır. O cümlədən, 2018-ci il tarixində pensiya hesablanan zaman ödənilməli olan əlavələr (staja əlavələr, təhsil müddəti, müəllimlər üçün tibbi siğorta pulu maaşdan ödənildiyi halda) hesablanmayıb, həm də 2021-ci ilin fevral ayında səhv hesablanmış pensiya həmin vaxtdan artırılsa da kompensasiya ödənilmir, həm də guya ona pensiya kimi ödənilmiş artıq 2587,84 manat ziyan silinmir, hər ay ödənilən pensiyadan 68,15 manat əsassız olaraq çıxılır. Bununla əlaqədar iddiaçı AR Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Lakin, 05 oktyabr və 22 oktyabr 2021-ci il tarixində ona natamam cavab verilib. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2003-cü il tarixdə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Lakin sözügedən yerdəyişmə zamanı AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 1,3-cü yarımbəndi nəzərə alınmamış, yaşa görə əmək pensiyasının məbləği əlilliyə görə əmək pensiyası məbləğinin üzərinə əlavə edilərək 307,02 manat məbləğində müəyyən edilmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixdə yarandığından yaşa görə əmək pensiyasının məbləği Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaları əsasında yenidən hesablanmışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği 01.01,2006-cı il tarixədək 25 il 04 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10760 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 234,15 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 241,717 manata, xx.xx.2020-ci il tarixdən 281,20 manata və xx.xx.2021-ci il tarixdən 312,26 manata çatdırılmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin düzgün hesablanmaması nəticəsində ona xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2797,52 manat məbləğində artıq vəsait hesablanıb ödənilmişdir. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6791,87 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 393,16 manat, ötən dövr üçün hesablanmış əmək pensiyasının fərq məbləği 209,68 manat müəyyən edilmişdir. İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçmiş müddət üzrə ödəniləcək 209,68 manat fərq məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq hesablanıb ödənilmiş 2797,52 manat əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmədən sonra qalıq borc 2587,84 manat müəyyən edilmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01.012019-cu il tarixdən 241,717 manata, xx.xx.2020-ci il tarixdən 281,20 manata və xx.xx.2021-ci il tarixdən 312,26 manata çatdırılmışdır. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin düzgün hesablanmaması nəticəsində ona xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2797,52 manat məbləğində artıq vəsait hesablanıb ödənilmişdir. İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçmiş müddət üzrə ödəniləcək 209,68 manat fərq məbləği 01,04.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq hesablanıb ödənilmiş 2797,52 manat əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmədən sonra qalıq borc 2587,84 manat müəyyən edilmişdir. İddiaçı 1972-1977-ci il tarixlərdə 4 il ali təhsil aldığı müddətin və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə işlədiyi 15 il 02 ay sosial sığorta stajının nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən çalışdığı illərdə son vəzifə maaşının nəzərə alınmaqla ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair tələbinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə əlilliyə görə əmək pensiyası 48 il 10 gün sosial sığorta stajı və 25228.8745 manat pensiya kapitalı əsasında təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6791,87 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 393,16 manat, ötən dövr üçün hesablanmış əmək pensiyasının fərq məbləği 209,68 manat müəyyən edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək 25 il 04 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10760 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 234,15 manat müəyyən edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyinatı aparılarkən onun əyani təhsil aldığı müddət və əmək kitabçası ilə işlədiyi bütün dövrlər nəzərə alındığından, 1972-1977-ci il tarixlərdə ali təhsil aldığı müddətin və xx.xx.2006-xx.xx.2021 -ci il tarixlərdə işlədiyi 15 il 02 ay sosial sığorta stajının nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən çalışdığı illərdə son vəzifə maaşının nəzərə alınmaqla ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5563/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya İddiaçı xx.xx.2003-cü il tarixdə əlilliyə görə əmək pensiyası 48 il 10 gün sosial sığorta stajı və 25228.8745 manat pensiya kapitalı əsasında təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6791,87 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 393,16 manat, ötən dövr üçün hesablanmış əmək pensiyasının fərq məbləği 209,68 manat müəyyən edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək 25 il 04 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10760 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 234,15 manat müəyyən edilmişdir. Həmçinin qeyd edirlər ki, İddiaçı 1972-1977-ci il tarixlərdə əyani təhsil alması barədə arayışı təqdim etdiyi təqdirdə qeyd edilən dövrlər onun sığorta stajına daxil ediləcəkdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmənin yardım etmək vəzifəsi nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin iddiaçıya hüquqi yardım etmək vəzifəsi olduğu halda iddiaçının vəkillə təmsil olunaraq həmin məhkəmə prosesində məhkəmə xərcləri kimi nəzərə alınmış və vəkilə ödənilmiş 400 manat məbləğ ağlabatan məbləğ hesab oluna bilməz. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Cavabdehin nümayəndəsi – Filialın Hüquq, daxili nəzarət və monitorinq departamentinin Daxili nəzarət şöbəsinin böyük mütəxəssisi izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - Qaydalar) 1.3-cü bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçı yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2016cı il tarixdən yaranır. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Vətəndaşın hüququ 2016-cı il tarixində yarandığı üçün vətəndaşın pensiyası sözügedən Qanunun tələblərinə uyğun hesablanmalı idi. Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanın 2006-cı il yanvarın 1-dək qazanmış olduğu iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixinə qeydə alınır. İddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq iş stajı olmuş, 1 yanvar 2006-cı ildən sonrakı dövr isə qanunvericiliklə müəyyən edilmiş qaydada məhz onun dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir. Mübahisələndirilmə haqqında iddia tələbi ilə iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğvini tələb etmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmədə baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işin faktiki hallarından məlum olur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddiası aşağıdakı tələblərdən ibarətdir: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması; 2) İddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 2 ay müddət daxil olmaqla 44 il 6 ay ümumi sosial sığorta stajı kimi qəbul edilərək onun yaşa görə pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; 3) Bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya nəzərə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə qərar qəbul etməzdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən nə iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nədə ki, müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsi mövqeyi qanuni və əsaslı olmuşdur. Bundan başqa, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, “iddiaçı 1972-1977-ci il tarixlərdə əyani təhsil alması barədə arayışı təqdim etdiyi təqdirdə qeyd edilən dövrlər onun sığorta stajına daxil ediləcəkdir.” Göstərilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək iddiaçının əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, X4 həqiqətən, 22 avqust 1972-ci il tarixli 661 (t) saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “Fizika” ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. Fizika ixtisası üzrə əyani şöbənin ikinci kurs tələbəsi X2 iki aylıq körpə uşağı olduğundan 11 noyabr 1973-cü tarixli 861(t) saylı əmrə əsasən ona xx.xx.1974-cü il tarixədək möhlət verilmişdir. X4 08 iyul 1977-ci tarixli 3/410 (t) saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bitirmiş, ona orta məktəbdə Fizika müəllimi ixtisası və B – İ № 009817 (qeydiyyat:85) saylı adi diplom verilmişdir. İş materiallarında olan 009817 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1972-ci il tarixindən 1977-ci il tarixinədək Azərbaycan Dövlət Pedaqoji Universitetində (o zamankı V.İ.Lenin adına ADPİ) təhsil almışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrdə əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Apellyasiya şikayətinin “vəkil üçün ödənilmiş xərcin məhkəmə xərci kimi nəzərə alınmasının əsassız olması” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, İPMin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göründüyü kimi, prosessual qanunvericilikdə hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi xərclər zəruri xərclər hesab edilərək prosessual xərclərə aid edilmişdir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə əsasən isə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh məhkəmənin İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya hüquqi yardım etmək vəzifəsi olduğu halda iddiaçının vəkillə təmsil olunmasını ağlabatan hesab etməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən mövqeyini əsassız hesab edərək bildirir ki, İPM-in 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Göründüyü kimi, iddiaçı qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, vəkillə təmsil olunmuş və iddiası əsaslı olduğundan vəkilə çəkilən xərcin tələb edilməsində əsaslı olmuşdur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddia “xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsində mümkünsüz sayıldığından birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qalan hissədə təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5563/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarı qismən ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiası “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla İddiaçı pensiyasından tutulmuş vəsait birdəfəlik olaraq iddiaçıya geri qaytarılması, İddiaçı 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, hazırkı iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-614/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-614/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver