Məhkəmə qərarları › İş №2-1(103)-614/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-614/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-614/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 0.12 ha torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli, 898 nömrəli qərarına əsasən, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 0.12 ha torpaq sahəli 3859“a" nömrəli bağ sahəsi 42 nömrəli orderlə iddiaçıya ayrılmışdır. Həmin tarixdən bu günədək bağ sahəsi onun sahibliyində və istifadəsindədir. Hətta hazırkı iddia ərizəsinə əlavə edilmiş Sabunçu rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 274/22 nömrəli arayışından da görünür ki, qeyd edilən torpaq sahəsinə görə iddiaçı bələdiyyə ödənişlərini də vaxtı-vaxtında ödəyir, borcu yoxdur. Bağ sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, idarə iddiaçının müraciətini təmin etməmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********75 saylı məktubunda idarənin arxiv məlumatlarında 42 saylı orderin möhürlə təsdiq edilməmiş arxiv nüsxəsinin idarənin arxivində mövcud olduğu qeyd edilmişdir. Bundan sonra iddiaçı orderin notarial qaydada təsdiq edilmiş surətini də əlavə etməklə təkrar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubunda isə qeyd etmişdir ki, “...Vahid elektron kadastr bazasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3859"a" saylı bağ sahəsi nömrəsi keçmiş Bağlar təsərrüfatının inkişafı və İstismarı Birliyi tərəfindən əyani şəkildə tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğun təşkil edir. Həmçinin bildiririk ki, öncəki müraciətdə göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir". Cavabdeh inzibati orqanın bu məktubunda qeyd edilənlər həqiqəti əks etdirmədiyindən iddaçı növbəti dəfə ərizə ilə cavabdehə müraciət etmiş və torpaq sahəsinin yerində yoxlanılmasısm xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubunda isə cavabdeh bu dəfə yenidən guya onlara fərqli ərazi göstərildiyini bəhanə etmiş və orderin əslinin təqdim edilmədiyini bildirilmişdir. Cavabdehin bu iradlarını da aradan qaldırmaq üçün iddiaçı növbəti ərizə ilə müraciət etsə də bu dəfə cavabdeh xx.xx.2022-ci il tarixli **********70 saylı məktubla iddaçının hüquqlarını qeydə almaqdan imtina elmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbinin Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 1131 kv.metr torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı idarəyə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ərizələrlə müraciət etmişdir. İddiaçının xx.xx.2022- ci il tarixli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən digər (3993 saylı) bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi faktiki olaraq sənəd üzrə qeyd edilən 1200 kv.mdən 69 kv.m azdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı cavabdeh qeyd edir ki, şərti olaraq göstərilən ərazi ilə öncəki müraciətdə göstərilən ərazi fərqlidir. Bu səbəblərdən ərizələrin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********85 saylı, xx.xx.2022-ci il tarixli və **********55 saylı, xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 1131 kv.metr torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı məktubundan görünür ki, vahid elektron kadastr bazasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3859”A” saylı bağ sahəsinin nömrəsinin keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunluq təşkil edildiyi bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3859a nömrəli torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövltə reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılaraq bildirilmişdir ki, texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı şərti olaraq göstərilən ərazi ilə öncəki müraciətdə göstərilən ərazinin fərqli olduğu, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddələrinə istinad edilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 127 nömrəli kooperativin 42 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1992-ci il tarixli, 898 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 127 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3859 a saylı bağ sahəsi ayrılmışdır. -Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 274/92 №li arayışdan görünür ki, İddiaçı istifadəsində olan Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 3859A saylı 1200 kv.metr torpaq sahəsinin vergilərini Nardaran Bələdiyyəsinə ödəyir, 2022-ci ilə qədər vergi borcu yoxdur. - Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3993 saylı bağ sahəsinə dair sənəd (arxiv qovluğu) İdarənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubundan bildirilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 898 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 nömrəli sərəncamının arxiv arayışından görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli, 195 №li qətnaməsinə əsasən İddiaçı Ləhic ərazisində 127№li BTK tərkibində bağ sahəsi ayrılmışdır. - Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ləhiş bağ massivində yerləşən 3859a saylı bağ sahəsi kimi iddia olunan torpaq sahəsinə digər şəxsin müraciəti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 42 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1992-ci il tarixli, 898 saylı qərarına uyğun olaraq Ləhiş bağlar sahəsində 127 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3859a saylı bağ sahəsi İddiaçı adına ayrılmışdır. İddiaçı qeyd olunan orderə istinad edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X3 bağlar sahəsindəki 127 nömrəli kooperativin 42 nömrəli orderi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya bağ sahəsi ayrılmasına dair orderin mövcudluğu iş üzrə mübahisəli hal deyil. Belə ki, orderin təsdiqlənməmiş surəti cavabdehin arxivində mövcuddur. Mübahisə həmin orderin təsdiq edilmiş nüsxəsinin cavabdehin arxivində aşkar edilməməsi bağlıdır. Bu isə iddiaçının iradəsindən asılı olan hal deyil və onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, istinad olunan orderin verilməsi üçün əsas olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 nömrəli sərəncamının arxiv əsasları mövcuddur və həmin sərəncamda iddiaçıya 127 saylı BTK nəzdindən bağ sahəsinin ayrıldığı görünür. Belə olan halda, iddiaçının təqdim etdiyi 42 nömrəli orderin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən bu halın əksini təsdiq edən əsaslı dəlil təqdim edilmədiyindən, həmin order mötəbər sübut kimi qəbul edilməlidir. Digər tərəfdən 3859a saylı bağ sahəsinin bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən digər bağ sahəsinin ərazisinə uyğun gəlməsi ilə bağlı da cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sxematik xəritə ilə uyğunsuzluğun olması təsdiq edilsə belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası cavabdehin digər dəlili olan iddiaçıya ayrılmış torpaq sahəsinin onun istifadəsində olmamasına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən bu qənaətin səbəbləri lazımi qaydada əsaslandırılmamışdır. İddiaçı isə 3859a saylı bağ sahəsinin torpaq vergisi ödənişlərinin aparılması ilə bağlı müvafiq arayışı məhkəməyə təqdim etmiş, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Göstərilən hallar, mübahisəli bağ sahəsinin nəticə etibarı ilə iddiaçı tərəfin qanuni istifadəsində olmasını deməyə zəmin yaradır. Torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə qeyd edilən 1200 kv.metrdən 69 kv.metr az olmasına münasibətdə qeyd edilməlidir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 1131 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar