Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-615/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı təşkilatın qeydiyyata alınmasından imtinanın qanunsuz hesab olunması və təşkilatın qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2021 saylı, 21.09.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Din və X3» İctimai Birliyini əsassız olaraq qeydiyyata almaqdan imtina etməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, «Din və X3» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 fevral 2021-ci il tarixdə «Din və X3» İctimai Birliyini təsis edərək həmin qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 23 aprel 2021-ci tarixli, 05/1920-13 saylı məktubu ilə «Din və X3» İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 23 aprel 2021-ci tarixli 05/1920-13 saylı məktubu iddiaçılara 24 may 2021-ci il tarixdə təqdim edilib. 23 aprel 2021-ci tarixli 05/1920-13 saylı məktubda aşağıdakılar göstərilir: “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim edilməmişdir”. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Din və X3» İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilməli və «Din və X3» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehin mübahisələndirilən 23 aprel 2021-ci il tarixli, 05/1920-13 saylı imtina məktubunun dəlillərinin hüquqi əsasları yoxdur. Belə ki, təsis etmək istədikləri təşkilat dini təşkilat deyil. X1 2.2-ci bəndinə əsasən birlik məqsədlərinə çatmaq üçün cəmiyyətdə humanizm, bəşəri dəyərlər və sülhü təbliğ etməyi, demokratik proseslərə dəstək verməyi, vətəndaşlarn dini etiqad azadlıqlarının müdafiəsini həyata keçirməyi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tədqiqatlar aparmağı, söz mətbuat və ifadə azadlıqlarını müdafiə etməyi, idarəetmədə şəffaflığın təmin olunmasına kömək etməyi, vətəndaş təşəbbüslərini inkişaf etdirmək və vətəndaşların hüquqi biliklərinin artırılmasına yardım etməyi əsas vəzifə kimi qəbul edib. Göründüyü kimi, cavabdeh inzibati orqan heç bir qanuni əsas olmadan təsis etmək istədikləri təşkilatı dini təşkilat kimi qəbul etmiş və rəy alınmasını əsas göstərərək təşkilatın qeydiyyata alınmasından imtina etmişdir. İşin faktiki halları ilə təsdiq edilir ki, Ədliyyə Nazirliyi İctimai Birliyin dövlət qeydiyyatına alınmasından əsassız və qanunsuz olaraq imtina edib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2021 saylı, 21.09.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2021 saylı, 21.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıların təsis etmək istədikləri birlik dini təşkilat deyil. X2 2.2-ci bəndinə əsasən birlik məqsədlərinə çatmaq üçün cəmiyyətdə humanizmi, bəşəri dəyərləri və sülhü təbliğ etməyi, demokratik proseslərə dəstək verməyi, vətəndaşların dini etiqad azadlıqlarının müdafiəsini həyata keçirməyi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tədqiqatlar aparmağı, söz, mətbuat və ifadə azdlıqlarım müdafiə etməyi, idarəetmədə şəffaflığın təmin olunmasına kömək etməyi, vətəndaş təşəbbüslərini inkişaf etdirmək və vətəndaşların hüquqi biliklərinin artırılmasına yardım etməyi əsas vəzifəsi kimi qəbul edib. Göründüyü kimi, cavabdeh inzibati orqan heç bir qanuni əsas olmadan təsis etmək istədikləri təşkilatı dini təşkilat kimi qəbul etmiş və rəy alınmamasını əsas göstərərək təşkilatın qeydiyyata alınmasından imtina etmişdir. İşin faktiki halları ilə təsdiq edilir ki, Ədliyyə Nazirliyi İctimai Birliyin dövlət qeydiyyatına alınmasından əsassız və qanunsuz olaraq imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - «Din və X3» İctimai Birliyinin təsisçilərinin yığıncağının 22 fevral 2021-ci il tarixli, 1 saylı Qərarına əsasən Birliyin nizamnaməsi təsdiq edilmiş, İddiaçı1 «Din və X3» İctimai Birliyinin sədri və qanuni təmsilçisi seçilmiş, «Din və X3» İctimai Birliyinin qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 23.04.2021-ci il tarixli, 05/1920-13 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən nizamnamədə dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim olunmamışdır. Göstərilənlərə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1, 5.4.9, 11.3.1-ci maddələrini, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli, 48 nömrəli Fərmanının 2.7-ci bəndini, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7, 14.1, 14.2, 14.3-cü maddələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, qanuna və normativ aktlara əsasən ictimai birliyin qeydə alınıb-alınmaması məsələsi cavabdeh tərəfindən araşdırılmalı olduğundan; göstərilən ictimai birliyin qeydə alınıb-alınmaması və ya müvafiq qərarın qəbul edilməsi diskresion səlahiyyət olub cavabdehin mülahizəsinə əsasən müəyyən olunduğundan, cavabdehin göstərilən ictimai birliyinin qeydə alınmasından imtina etməsi qanuni və əsaslı olub, bu imtinada iddiaçıların hüququnun və ya qanuni mənafelərinin pozulması halı müəyyən olunmur. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.4.9-cu maddəsinə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi ərizəyə əlavə edilməlidir. Həmin Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli, 48 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması və ya qeydiyyata alınmasından imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Cavabdehin 05/1920-13 nömrəli, 23.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıların Nazirliyə təqdim etdikləri sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən nizamnamədə dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim olunmamışdır. Göstərilənlərə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, inzibati orqan müraciətə baxaraq iddiaçılar tərəfindən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilmədiyini müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətləri qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2021 saylı, 21.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-615/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-615/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver