Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-616/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 saylı, 13.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 57 yaşı tamam olduğu 20.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 saylı, 13.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 saylı, 13.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 avqust 1978-ci il tarixli əmək kitabçasında 24.05.1983-08.07.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə onun işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin 1999-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün 01.01.1999-01.01.2006-cı il tarixləri arasındakı dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (20 il 9 ay 7 gün) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 41.000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15.827,43 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 saylı, 13.10.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə doğulmuş İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 19.11.1980-cı il tarixdən 24.12.1982ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - 30.08.1978-ci il tarixli əmək kitabçasının təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 01.09.1977-ci ildən 14.07.1978-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhəri 44 saylı DPTM-də təhsil almışdır. 26.07.1978-ci ildə Sumqayıt İstilik Elektrik Stansiyasının Tikinti İdarəsinə 2-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 12.09.1979-cu ildə digər işə keçməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 19.09.1979-cu ildə Sumqayıt şüşə zavodu əsas istehsalat sexinin maşın şöbəsinə yükləyici şagirdi vəzifəsinə qəbul edilmişdir. 25.02.1980-ci ildə ixtisas komissiyasının təyin etdiyi dərəcəyə uyğun olaraq 3-cü dərəcə ilə həmin sexə köçürülmüş, 03.11.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir (həqiqi hərbi xidmətə çağırış). 01.02.1983-cü ildə 3-cü dərəcə ilə 1 saylı istehsalata maşın sexinə yükləyici vəzifəsinə qəbul edilmiş, 25.04.1983-cü ildə işdən azad edilmişdir. 24.05.1983-cü ildə “Azərneftkimyazavodtəmir” Trestinin 9 saylı təmir tikinti idarəsinə 3-cü dərəcə ilə elektrikqaynaqçısı təyin edilmişdir. 10.06.1985-ci ildə 4-cü dərəcə ilə elektrikqaynaqçı təyin edilmişdir. 04.05.1987-ci ildə 5-ci dərəcə elektrik-qaynaqçı təyin edilmişdir. 01.01.1988-ci ildə əməyin yeni tarif şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 4-cü dərəcə əl ilə qaynaqda elektrik yaqnaqçısı təyin edilmişdir. 02.01.1989-cu ildə əl ilə qaynaqda 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmişdir. 08.05.1990-cı ildə həmin trestin TQİ-3 5-ci dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmişdir. 03.12.1990-cı ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmişdir. 02.08.1999-cu ildə vaxta muzd əmək haqqı ilə müvəqqəti çilingər quraşdırma sahəsindən BMŞ-yə keçirilmişdir (1 aylıq). 01.02.2002-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 11.07.2001-ci il tarixli 11 saylı sərəncamına görə 3 saylı TQX-ın bazasında "xxxx" ASC-i yaradıldığına görə ARDNŞ-ın 06.11.2001-ci il tarixli 188 saylı əmri ilə 3 saylı TQX-si ARDNŞ-ın və 07.11.2001-ci il tarixli 26 saylı əmr ilə isə “Azneftkimyazavodtəmir” trestinin strukturundan çıxarılır və "xxxx" ASC-i kimi fəaliyyətə başlayır. 09.07.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 26 №li 12.06.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 24.05.1983-cü il tarixində 41-k saylı 24.05.1983-cü il tarixli əmrlə “Azərneftkimyazavodtəmir” trestinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul olunmuş və 09.07.2013-cü il tarixində 29 saylı 08.07.2013-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisad İnkişaf Nazirliyi Dövlət Departamentinin 11.07.2001-ci il tarixli 11 saylı sərəncamına görə 3 saylı TQX-nın bazasında "xxxx" ASC-i yarandığına görə ARDNŞ-nin 06.11.2001-ci il tarixli 188 saylı əmri ilə 3 saylı TQX-si ARDNŞ-in və 04.11.2001-ci il tarixli 26 saylı əmri ilə isə “Azərbeftkimyazavodtəmir” trestinin strukturundan çıxarılır və "xxxx" ASC-i kimi fəaliyyətə başlayır. Elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə əmək pensiya hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən istehsalat peşələr və vəzifələrin siyahısının 35-ci bölməsində nəzərdə tutulmuşdur. - Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin 16.09.2021-ci il tarixli **********835100 nömrəli məktubu ilə "xxxx" ASC-nin təsis sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X3 Üzrə Bakı Bölgə Şöbəsi X1 Reyestrinin çıxarışından görünür ki, "xxxx" ASC kimi 04 aprel 2003-cü ildə 0103-p/o-37526 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir (İlkin qeydiyyat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində D-3278 saylı şəhadətnamə ilə 14.09.2001-ci ildə aparılmışdır). - İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən 30 avqust 1978-ci il tarixli əmək kitabçasında 24.05.1983- 08.07.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin 1999-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) 01.01.1999- 01.01.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (20 il 9 ay 7 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 41.000,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15.827,43 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 9.1, 9.8, 21.1, 31.2-1-ci maddələrini, 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, 67-ci maddəsinin 1-ci bəndini, 67ci maddəsinin 3-cü bəndinin “g” yarımbəndini, 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndini, 69-cu maddəsini, ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1, 3-cü bəndlərini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 20.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (08.01.2021-ci il) əvvəlki illər üçün, yəni 20.04.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Baxılan iş üzrə iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 20.04.2018-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasındakı qeydlər (26.07.1978-12.09.1979; 19.09.1979- 03.11.1980; 01.02.1983-25.04.1983; 24.05.1983-01.01.2006;-25 il 1 ay 1 gün), təhsil (01.09.1977-dən -14.07.1978-dək – 10 ay 13 gün) və hərbi xidmət dövrü (19.11.1980- 24.12.1982 - 02 il 35 gün) də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 il 19 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş üzrə müəyyən edilir ki, iddiaçı 24.05.1983 – 08.07.2013-cü illərdə (bu iş üçün əhəmiyyətli olan 24.05.1983 – 01.01.2006-cı illərdə) "xxxx" ASC-də işləmiş, cavabdehin etirazlarına görə, ASC bu müddətin 01.01.1999 – 01.01.2006-cı illərə aid dövrdə sığortaedən qismində öz öhdəliklərini yerinə yetirməmiş və məcburi dövlət sosial sığorta haqlarını Dövlət Sosial Müdafiəsi Fonduna köçürməmişdir, bu əsasla iddiaçının ümumi iş stajı qeyd edilən müddət baxımından azalmalı, nəticədə onun tələb olunan ümumi iş stajı 25 ilə çatmır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqlarını DSMF-ya vaxtında ödəməmsi onun təqsiri üzündən baş verməmişdir, cavabdeh bunu təkzib etmir, ona görə də, iddiaçı pensiya hüququnun təmin edilməsindən məhrum edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Beləliklə, 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması da iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, İddiaçı 20.04.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (08.01.2021-ci il) əvvəlki illər üçün, yəni 20.04.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 saylı, 13.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-616/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-616/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver