Məhkəmə qərarları › İş №2-1(103)-617/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-617/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-617/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (üçüncü şəxs Müasir İnnovasiyalar Liseyinə) qarşı “müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-776/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı üçüncü şəxs Müasir İnnovasiyalar Liseyi cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin maaş kartına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10.01.2019-cu il tarixdən ingilis dili müəllimi kimi işlədiyi Müasir İnnovasiyalar Liseyindən 12.07.2019-cu il tarixdən hamiləliyə və doğuma görə ödənişli 126 təqvim günü məzuniyyətə çıxmışdır. Lakin müavinətin məbləği hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və cari ilin avqust ayında maaş kartına 794 manat 77 qəpik vəsait köçürülmüşdür. İlk iş yeri Müasir İnnovasiyalar Liseyi olduğundan sosial məzuniyyətə çıxanda cəmi 6 ay iş stajı olmasına baxmayaraq, müavinətin məbləği hesablanarkən 6 aylıq əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür. Buna görə də orta gündəlik qazancı 2 dəfədən çox azalmış və 1700-1800 manat müavinət almalı olduğu halda 794 manat pul almışdır. Qeyd olunan qanunvericilik aktlarına əsasən 6 aylıq əməkhaqqı toplanaraq həmin aylardakı iş günlərinin sayına bölünməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci hissəsinin 6-cı abzasına əsasən orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər çıxılmalıdır. Yəni o, hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı aydan əvvəlki 12 ayın 6-da ümumiyyətlə işləmədiyi üçün həmin müddət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövr kimi orta gündəlik qazanc hesablanarkən çıxılmalı və həmin aylardakı iş günlərinin sayı nəzərə alınmamalı idi. Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə (əmək, təhsil, sosial) çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Həmçinin, hamilələrə bütün qanunvericilik aktlarında maksimum güzəştlər nəzərdə tutulduğu halda, 189 nömrəli qərarda ümumi əsaslarla 12 ay qeyd olunduğuna görə həmin qərarın 28-ci hissəsinin 6-cı abzasını nəzərə almadan ağırlaşdırıcı hal olaraq 6 aylıq əmək haqqının toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi qeyri-qanunidir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlə əlaqədar 23.10.2019-cu il tarixli **********4 nömrəli cavab məktubunu 04.11.2019-cu il tarixində qəbul etmişdir. Sözügedən məktubda qeyd olunur ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Burada söhbət şəxsin əvvəlki son 12 tam təqvim ayında ümumiyyətlə əmək fəaliyyətinin olmamasından, yəni hamiləliyə və doğuma görə məzuniyyətə çıxmış şəxsin işə qayıtmadan yenidən analıq məzuniyyətinə çıxmasından gedir.Cavab məktubunda pozuntuya görə müəssisənin müdiriyyətinin və baş mühasibinin məsuliyyət daşıdığı qeyd olunmuşdur. Lakin məsələ ilə bağlı müəssisənin müavinətin hesablanmasına məsul olan əməkdaşı ilə işçi qaydada keçirilmiş görüş zamanı aydın oldu ki, o, sadəcə 6 aylıq gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına daxil etmiş və yekun məbləği portal hesablamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün yaradılmış müvafiq portalı müavinətin məbləğini düzgün hesablamamışdır. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona, yəni İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Haqq-hesab cədvəlləri X1 Sisteminin “Sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərin emalı” alt-sisteminə daxil edilərkən sığortaolunanlar haqqında məlumatların daxil edilməsi bölməsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər xanasından istifadə etmək hüququ həmin dövrdə əmək fəaliyyəti olan sığoratolunanlara aiddir. İddiaçı iddia tələbini əsaslandırdığı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsində 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanması qeyd olunur. Göstərilən bu hesablama əmək məzuniyyətinə aid olduğundan iddia tələbinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarının 3cü hissəsində hamiləliyə və doğuma görə müavinət verilməsinə dair aşağıdakı bəndlər nəzərdə tutulmuşdur: 65. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

67. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. 68. Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. 70. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 72. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Göründüyü kimi hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci bəndinə əsasən hesablanır. Əlavə olaraq İddiaçı müavinətinin yenidən hesablanmasına dair müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmış və 23 oktyabr 2019-cu il tarixli **********4 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə göstərilən qaydada həyata keçirilir. Həmin əsasnamənin 119-cu bəndinə əsasən “müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır”. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-776/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Bu maddə həmçinin, məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması ilə yanaşı, ödənilməsi qaydasını da müəyyən edir. 140-cı maddənin 2-ci bəndində müəyyən olunmuş qaydanın predmeti orta əmək haqqıdır, iddiaçının mübahisələndirdiyi məsələdə nəzərdə tutulan ödəniş isə əmək haqqı deyil, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” 18 fevral 1997-ci il tarixli № 250-İQ nömrəli Qanununun 6-cı maddəsində müəyyən edilən sosial sığorta ödəmələrindən biri olan hamiləliyə və doğuma görə müavinətdir. Bununla yanaşı, Məcəllənin 142-ci maddəsindən də aydın olur ki, bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulan məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Burada diqqət edilməli məqam budur ki, əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait sığortaedən tərəfindən formalaşır. Lakin hamiləliyə və doğuma görə müavinət sosial sığorta ödəməsi olduğundan məcburi dövlət sosial sığortası hesabına ödənilir. Ümumiyyətlə sosial sığorta ödəmələrinin, o cümlədən hamiləliyə və doğuma görə müavinətin məbləği, hesablanması, təyin edilməsi və ödənilməsi şərtləri ilə bağ məsələlər Əmək Məcəlləsi ilə deyil, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sosial sığorta haqqında” Qanunun 16-cı maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir, işin mahiyyəti üzrə qanunvericilik dedikdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” nəzərdə tutulur və hamiləliyə və doğuma görə müavinət həmin "Əsasnamə”nin 3-cü hissəsinə əsasən aşağıdakı qaydada təyin edilir: Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verir. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiiiyyətirin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Göründüyü kimi, hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və “Əsasnamə”nin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın hesablanması qaydasını özündə əks etdirən 28-ci bəndinə əsasən hesablanır. Müasir İnnovasiyalar Liseyi tərəfindən İddiaçı aid 12.07.2019- 14.11.2019-cu il dövrü əhatə edən hamiləliyə və doğuma görə 794,75 manat məbləğində müavinətlə bağlı haqq-hesab cədvəli müvafiq sənədlərlə birlikdə “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı” alt-sisteminə daxil edilmişdir. Həmin haqq-hesab cədvəli Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən emal edilmiş və qeyd olunan rekvizitlər üzrə ödənişə göndərilmişdir. İddiaçı müavinət ödənildikdən sonra o müavinətin yenidən hesablanmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etmişdir. Həmin müraciət baxılması üçün aidiyyəti üzrə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala göndərilmişdir. İİddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancın hesablanması işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əlavə olaraq, orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər dedikdə, qüvvədə olan əmək müqaviləsi olan sığortaolunanın müavinətin hesablanması zamanı nəzərə alınan, lakin həmin dövrdə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrü nəzərdə tutulur (məsələn: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən sığortaolunan ödənişsiz məzuniyyətdə olduğu dövr). Məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməyən dövr dedikdə isə şəxsin əmək müqaviləsi olmadığı, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmadığı müddət hesab edilir. Lakin məhkəmə tərəfindən İddiaçı iddia ərizəsində hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı tarixdən müavinətin hesablanması üçün nəzərə alınan əvvəlki 12 aydan məcburi dövlət sosial sığortasına cəlb edilməyən 6 ayın əsassız olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövr kimi çıxılan iş günlərinə aid edilməsi qanunauyğun deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı 10.01.2019-cu il tarixdən Müasir İnnovasiyalar Liseyində işə başlamış və 12.07.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. Ona məzuniyyətə görə müavinət hesablanarkən, işlədiyi 06 aylıq müddət üzrə əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür. Halbuki əmək qanunvericiliyinin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Belə olan halda iddiaçıya məzuniyyət hesablanarkən ağırlaşdırıcı hal olaraq 6 aylıq əməkhaqqı toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi əsassız olmuşdur. Cavabdeh etirazının əsası kimi hamiləliyə və doğuşa görə müavinətin müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablandığını göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra – sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclər sadalanmış və həmin ödənclərin arasına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) və hamiləliyə və doğuma görə müavinət ayrı-ayrılıqda müəyyən edilmişdir. Həmin Əsasnamənin 28-ci bəndinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əsasnamənin 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Əsasnamənin 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilməsi müəyyən edilsə də, Əmək Məcəlləsi ilə 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmin Qanunun 2.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Belə olan halda iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə göstərilən tələblər deyil, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalı olduğundan, iddiaçı hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin ona ödənilməsi tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalı olduğundan, iddiaçı hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-776/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-776/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar