Məhkəmə qərarları › İş №2-1(103)-617/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-617/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-617/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6026/2021 saylı iş üzrə qəbul etdiyi 09 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan, yəni 01.11.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6026/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək məhkəmənin güzəştli arayışı nəzərə almadan qərar verdiyini bildirmiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan birinci əmək kitabçasından müəyyən edilmişdir ki iddiaçı, 06.09.1982-ci il tarixdən 31.12.1983-cü il tarixədək sovxozda fəhlə işləmiş; 12.03.1987-ci il tarixdə "xxxx"nda “Qummirovka” sahəsinə 1-ci dərəcəli sistern vulkanizatoru vəzifəsinə qəbul edilmiş, 20.09.1990-ci il tarixində zavodun Texniki şöbəsinə İİİ kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, 13.04.1992-ci il tarixində Mülki Müdafiə qərargahına rəis vəzifəsinə keçirilmiş və 08.12.1993-cü il tarixdə köçürmə yolu ilə işdən azad edilmiş; 08.12.1993-cü il tarixdə “Yapışdırıcı” koopeativinə sədr vəzifəsinə təyin olunmuş, 01.09.1997-ci il tarixdə “Qummirovka” sahəsinə rəis vəzifəsinə qəbul edilmiş, 03.11.1997- ci il tarixdə “Bakı Neft Qaz Mədən Avadanlıqları zavodu”na köçürmə yolu ilə işdən azad olunmuş; 30.10.1997-ci il tarixindən zavoda köçürmə yolu ilə “Qummirovka “ sahəsinə rəis vəzifəsinə qəbul olunmuş, 27.12.2007-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş digər əmək kitabçasından görünür ki, o, 15.11.2001-ci il tarixdə X4 Cəmiyyəti Biləcəri Su Təchizatı və X2 Müəssisəsinə su müfəttişi vəzifəsinə qəbul edilmiş və 01.04.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 03.10.2005-ci il tarixdə "xxxx" ASC Azərenerjitikinti” MMC EVX və YST və Tİ Binəqədi YST 5-ci dərəcəli suvaqçı peşəsinə qəbul edilmiş, 01.10.2007-ci il tarixdə həmin İdarədə 5-ci dərəcəli elektrik xətt quraşdırıcısı vəzifəsinə keçirilmiş; 01.11.2008-ci il tarixdə EVX Tikintisi və Yenidənqurulması İdarəsinin EVXT və Y 1 №-li tikinti sahəsinə keçirilmiş, 01.10.2014-cü il tarixdə X1 İdarəsinin 6 saylı tikinti sahəsinə keçirilmiş və 28.01.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 23.05.2016-cı il tarixdə Bakıxanov Bələdiyyəsinə fəhlə işinə qəbul edilmiş, 04.01.2018-ci il tarixdə Bələdiyyənin Vergi Xidməti Orqanına vergi müffətişi vəzifəsinə keçirilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün dörd halı əsas götürmüşdür: 03.08.1998-01.10.2007-ci il tarixləri arasındaki dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olması; 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması; 01.01.2006-cı il tarixədək güzəştli iş stajının toplanmaması; fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 52 yaşının tamam olduğu, 01.11.2016-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. ... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 52 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajı olmalıdır; İşin hallarından isə iddiaçının bu tələblərə cavab vermədiyi aydın olur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsə pensiya təyin edilən zaman yetərli stajın hesablanmasında nəzərə alınan əsas sənəd onun əmək kitabçasıdır. İddiaçının əmək kitabçasına əsasən, 01.01.2006-cı il tarixə ümumi stajının tələb edilən müddətdən az olduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 01.09.1983 - 03.07.1990-ci il tarixlərdə Azərbaycan Respublikası Politexnik İnstitutunda oxumuşdur. Lakin əmək kitabçasından da göründüyü kimi həmin dövr 06.09.1982-31.12.1983 və 12.03.1987-20.09.1990-cı illərdəki əmək fəaliyyəti dövrləri və 08.05.1984-25.05.1986-cı illərdəki hərbi xidmət dövrü ilə üst-üstə düşdüyü müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” AR Qanunun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının seçimi əsasında əmək fəaliyyəti dövrlərinə üstünlük verilmiş və iddiaçının təhsil dövrü 01.09.1983-12.03.1987-ci illər olaraq hesablanmışdır. Belə olan halda, iddiaçının iş stajı təhsil illəri ilə cəmləndikdə onun cəmi 16 il 08 ay 18 gün (01.09.1983 - 06.09.1982 = 11 ay 25 gün) + (12.03.1987 - 01.09.1983 = 3 il 06 ay 11 gün) + (03.11.1997 - 12.03.1987 = 10 il 07 ay 21 gün) + (03.11.1997 – 01.09.1997 = 02 ay 02 gün) + (03.08.1998 - 30.10.1997 = 09 ay 03 gün) + (01.04.2002 - 15.11.2001 = 04 ay 16 gün) + (01.01.2006 - 03.10.2005 = 02 ay 28 gün) ümumi iş stajı olduğu müəyyən edilir. İddiaçı güzəştli stajına münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir. İddiaçı apelyasiya şikayətində "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışa əsaslanmışdır. "xxxx" ASC tərəfindən verilmiş həmin güzəştli arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 07 il 03 ay 21 gün təşkil edir ki, həmin dövr onun 03.10.2005-ci il tarixdən "xxxx" ASC-nin "xxxx" MMC-nin X3 və Yarımstansiyalarının tikinti və təmiri İdarəsində, bundan sonra "xxxx" ASC işlədiyi dövrü əhatə edir. İddiaçının həmin dövrdə işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a—19829 kod altında nəzərdə tutulmuş yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər peşəsinə aid edilmişdir. Bu dəlilə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, “...iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, ona münasibətdə güzəştli iş stajı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı ilə deyil, 1 №-li Siyahının əhatə dairəsinə düşməlidir.” Məhkəmə eyni zamanda qeyd etmişdir ki, “... Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının “Yapışdırıcı” və “Qummirovka” sahəsi üzrə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısına görə güzəştli iş stajı kimi nəzərə alınsa belə, məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu və “Qummirovka” sahəsinin rəisi kimi göstərildiyi dövrü güzəştli iş stajı kimi nəzərə almır.” Kollegiya məhkəmənin mövqeyilə razılaşaraq bildirir ki, iddiaçı tərəfindən məhkəməyə 2 əmək kitabçası təqdim edilmişdir. Həmin kitabçalara baxış keçirilən zaman iddiaçının əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edilən məlumatlarda ziddiyyətlər olduğu görünür. Belə ki, əmək kitabçasında qeyd edilən əmrlərdə işə qəbul və işdən azad olunma tarixlərinin üst-üstə düşməməsi müəyyən olunur. Bir əmək kitabçasına görə iddiaçı "xxxx"nun Qumirovka sahəsində rəis vəzifəsində olarkən, 03.08.1998-ci il tarixindən 01.10.2007-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, lakin digər əmək kitabçasına görə isə o, 15.11.2001-ci il tarixdən 01.04.2002-ci il tarixədək və 03.10.2005-ci il tarixdən digər sahələr üzrə əmək fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Oxşar müddəalar 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələrində də nəzərdə tutulmuşdu. 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşları pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə isə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin, o cümlədən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinin tələbinə görə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsaitin əmələ gəlmə əsaslarından biri kimi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları çıxış edir. Göründüyü kimi, işçiyə pensiya ödənilməsi üçün onun faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması, işlədiyi müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişlərinin aparılması mütləqdir. Yalnız bu şərt ödənildiyi halda iş müddəti sosial sığorta stajına və ya əmək stajına daxil edilir. Bunun üçün isə işçinin zəruridir. Birinci instansiya məhkəməsi sadalanan normalara istinad edərək bildirmişdir ki, “...yuxarıda adıçəkilən qanunda və Əmək Məcəlləsində ödənişsiz məzuniyyətin leqal anlayışı verilmiş olmasa da, həmin məzuniyyət növünün əsas səciyyəvi cəhəti əmək haqqının ödənilməməsidir. Başqa sözlə, ödənişsiz məzuniyyət işçinin iş yeri (peşəsi) saxlanılmaqla, lakin əmək haqqı ödənilmədən əmək vəzifələrinin yerinə yetirilməsindən azad olunduğu vaxtdır.” Sadalananlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödənişli məzuniyyətdə olduğu 03.08.1998-01.10.2007-ci illər onun nə ümumi, nə də güzəştli sığorta stajına daxil edilməməlidir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı isə apelyasiya şikayətində mövqeyini hər hansı dəlillə əsaslandırmamış, digər bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6026/2021 saylı iş üzrə qəbul etdiyi 09 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar