Məhkəmə qərarları › İş №2-1(103)-618/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-618/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-618/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə, üçüncü şəxslər 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə, X2, X3, X1, X4 və X9 qarşı kirayə müqaviləsinin bağlanması barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3858/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3858/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini, üçüncü şəxs kimi isə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2- 1(112)-3858/2020 saylı qərardadı ilə X10, X11, X5, X12 və X16 3-cü şəxslər qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X17 03 mart 2016-cı ildə vəfat etmişdir. Dörd ilə yaxındır ki, 1 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi ilə kirayə müqaviləsi bağlaya bilmir, səbəbi isə mənzildə yaşayanların razılığa gələ bilməməsidir. Belə ki, onun qızları və oğlu razıdırlar, lakin keçmiş gəlini və nəvələri kirayə müqaviləsinin onun adına bağlanmasına razılıq vermirlər. Mənzilə aid order mərhum yoldaşının X6 adına verilmiş, ailə tərkibli kimi həyat yoldaşı və dörd övladının olan üç qızlar və bir oğlunun adı qeyd edilmişdir. Həmin şəxslər birinci dərəcəli vərəsələridirlər. Cavabdehin imtinası qanunsuz və əsassızıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, qeydiyyatda olan şəxslər müxtəlif vaxtlarda X5 05.01.1995-ci ildə, X12 06.02.1998-ci ildə, X16 28.02.2002-ci ildə, X11 24.09.1993-cü ildə, X13 (keçmiş gəlin) 10.08.2007-ci ildə qeydiyyata düşmüşlər. Onların Bakı Mənzil Kommunal Təsərrüfat Departamenti ilə kirayə müqaviləsi bağlamağa razılıq verib-verməmələrinin əhəmiyyəti yoxdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, üçüncü şəxslər 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi, X10, X11, X5, X12 və X16 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 453 nömrəli 22 iyun 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı A.Manafov küçəsi, 15/21 nömrəli evin 65 nömrəli mənzilində qeydiyyatdadır. AZ-İ №-li 796225 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 ürək çatışmamazılığından 29 mart 2016-cı ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışdan görünür ki, İddiaçı-xx.xx.1946, X505.01.1995, X12-06.02.1998, X1410.08.2007, X10-24.07.1971, X1628.02.2002, X11-24.09.1993, X1310.08.2007, X15-27.12.1968 Bakı şəhəri, A.Manafov küçəsi, ev 15/21, mənzil 65-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinat Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 03 mart 2020-ci il tarixli K-01 nömrəli imtina məktubdan görünür ki, mənzilin onun adına kirayə müqaviləsi bağlanması üçün mənzildə qeydiyyatda olan vətəndaşların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmədiyindən müraciətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı maddi hüquq normalara istinad etmişdir. İPM-in 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. . Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 15/21, 65 nömrəli mənzildə qeydiyyatda olaraq yaşayan şəxslər X10, X11, X5, X12 və X7 müvafiq razılıq ərizəsi, eləcə də həmin şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından, cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin həmin mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlməmişdir. İşdə olan sənədlərdən görünür ki,mənzilə aid order iddiaçının məhrum həyat yoldaşın X6 adına verilmişdir. Ailə tərkibi kimi iddiaçı.onun həyat yoldaşı dörd övladın – üç qızının və bir oğlunun adları qeyd edilmişdir. AR Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli, 80 saylı qərarın 82.4.3-cu maddəsində qeyd edilir ki, xüsusi təyinatlı kommunal mənzillərin kirayə müqaviləsi kirayənşin öldükdə onun ailə üzvlərindən biri ilə bağlanır. AR Mülki Məcəlləsinin 182.5-ci maddəsində isə ailə üzvləri dedikdə ər-arvad, ata, ana və uşaqları başa düşülür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3858/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar