Məhkəmə qərarları › İş №2-1(103)-618/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-618/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-618/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı «vergi uçotundan çıxarılması və VÖEN şahadətnaməsinin ləğv edilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5032/2021 saylı 10.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi uçotundan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsini 08.10.2013-cü il tarixində 28 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında 60.000,00 manata satmış, sonradan devalvasiyadan ehtiyatlanaraq əldə etdiyi həmin pulun bir hissəsini konvertasiya edərək 15.000 ABŞ dollarına çevirmişdir. Bundan sonra vergi orqanın əməkdaşı telefon vasitəsi ilə əldə etdiyi gəlirin mənbəsi barədə məlumat verməsini ondan tələb etmiş, daha sonra iddiaçıya rəsmi məktub ünvanlayaraq, ********** nömrəli VÖEN açılaraq ona 3575,25 manat vergi borcu hesablandığı bildirilərək ödənilməsi tələb olunmuşdur. O, dəfələrlə vergi orqanına müraciət etsə də vergi borcunun yaranma səbəbi izah olunmamış, hesablanmış borcun silinməsi üçün müvafiq tədbirlər görülməmişdir. Vergi Məcəlləsinin 13.2.37 və 34.1-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, vergi ödəyicisi kimi uçota alınaraq ona VÖEN açılması qanuna ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5032/2021 saylı 10.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “... məhkəmənin qərarı ilə razılaşmır. Belə ki, iddiaçı 06.06.2020-ci il tarixində 5 saylı Ərazi Vergilər İdarəsinin 13.05.2020-ci il tarixli xidməti məktubu əsasında vergi uçotuna alınmış, bu barədə ona 08.06.2020ci il tarili bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara əsasən iddiaçı 25537,50 manat məbləği konvertasiya etməsinə baxmayaraq həmin vəsaitin mənbəyi haqqında hər hansı izahat və ya təsdiqedici sənəd təqdim etməmiş, nəticədə ona 30.06.2020-ci il tarixli (No**********302700) qərarla bunla, gəlir vergisi bəyannamsi üzrə 3.575,00 manat məbləğində vergi hesablanmışdır. Daha sonra, cavabdeh Vergi Məcəlləsinin 33.3-cü maddəsinə istinadən qeyd edir ki, gəlirin əldə olunması ilə bağlı bəyannamə verməli olan rezident olması onun vergi orqanı tərəfindən məcburi uçota alınmasına əsas verir. Məhkəmə tərəfindən iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Fiziki şəxsin uçotdan çıxarılması Azərbaycan Respublikası Vergilər Nazirdiyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydaları ilə tənzimlənir. İddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir ( İPM-in 33.1, 35.1 və 38.2-ci maddələrinə istinad olunur). İddiaçı vergi uçotunun ləğvi üçün “fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə idarəyə müraciət etmədiyindən iddia mümkün sayılmamalıdır (İPM-in 81.1 və 87.6-cı maddələrinə istinad olunur)...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, İddiaçı isə onunla razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindəndən göründüyü kimi, cavabdeh iddiaçının tələbini məcburetmə haqqında iddia növünə ad edərək onun vergi uçotunun ləğvi üçün “fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə idarəyə müraciət etmədiyini əsas gətirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi qərarında, cavabdehin iddia ərizəsinə etirazında ifadə olunan oxşar dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “...iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçı vergi ödəyicisi kimi uçota alınmasını mübahisələndirdiyindən, həmçinin hansı vergi orqanında uçotda olması ilə bağlı məlumatı olmadığından, o, müvafiq olaraq aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Cəbrayıl rayon Vergi Şöbəsinə VÖEN-nin ləğv edilməsinə dair ərizə ilə müraciət etmiş (müraciəti təsdiq edən xəbərnamələr mövcuddur), lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. Məhkəmə hesab edir ki, həmin dövrdə iddiaçının vergi orqanın hansı qurumu tərəfindən vergi uçotuna alınması ilə bağlı məlumatı olmadığından, onun vergi orqanına və onun nəzdində olan aidiyyəti İdarələrə ünvanladığı müraciətlər hazırki iddia tələbinin mümkün sayılması üçün kifayət edir. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, vergi ödəyicisi qismində iddiaçı 5 saylı Vergilər İdarəsi tərəfindən deyil, həmin İdarənin xidməti məktubu əsasında Bakı şəhəri X2 üzrə Baş İdarə tərəfindən VÖEN verilməklə 06.06.2020-ci il tarixdə vergi uçotuna alınmış, qanuni əsaslar müəyyən edildiyi təqdirdə vergi uçotundan çıxarılması səlahiyyəti də həmin quruma verilmişdir ki, bunun davamı qismində iddiaçının VÖEN şəhadətnaməsinin ləğvi, eləcə də vergi uçotundan çıxarılması ilə bağlı iddiası da həmin hərəkətlərin edilməsi səlahiyyətinə malik olan Bakı şəhəri X2 üzrə Baş İdarə tərəfindən həyata keçirilməli olması da cavabdehin həmin inzibati orqan qismində müəyyən edilməsi, nəticədə iddianın cavabdehin düzgün hesab edilməsi əsası ilə mümkün sayılması, işə mahiyyəti üzrə baxılması imkanının mövcudluğuna dəlalət edir. Göründüyü kimi iddia bütün mümkünlük şərtlərinə riayət edir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. İşdən görünür ki, iddiaçının cavabdeh tərəfindən ona açılımış VÖEN-in ləğv ilə əlaqədar qeyd edilən vergi orqanlarına ilkin müraciət etdiyi iş materiallarının 23-27-ci vərəqlərində olan vergi orqanlarına ünvanladğı ərizələri və 10-12-ci vərəqlərində olan poçt qəbzləri (xəbərnamələr) ilə təsdiq olunur. Belə olan halda, inzibati icraat haqqında hüquq normalarının qeyd olunan tələbləri baxımından, məhkəmə kollegiyası iddiaçının müvafiq ərizəsi məhkəməyə məhkəməyə qədər təqdim olumuş hesab edilir. Lakin sonuncu tərəfindən onun həmin müraciəti cavablandırılmamışdır. İPM-in 39.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilir. İşdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi verilərkən prosessual qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmişdir. Əslində, cavabdehin iddianı məcburetmə haqqında iddia növünə aid etməsi düzgün mülahizə deyil. Çünki, maraqlı şəxsin müraciətinə əsasən maraqlı şəxsin vergi uçotuna götürülməsi və ona VÖEN verilməsi və əksinə uçotdan çıxarılaraq VÖEN-in ləğv edilməsi - vergi qanunvericiliyinə (o cümlədən Vergi Məcəlləsinin 24.0.6 - 24.0.7-ci və 34-cü maddələri) əsasən vergi orqanının üzərinə üzərinə düşən öhdəliyidir. İPM-in 2.2.3-cü maddəsindən isə görünür ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia növünə aid olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinin tələbindən isə görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hər bir halda, hazırkı iddia cavabdehin qeyd etdiyi kimi məcburetmə haqında iddia kimi qiymətləndirilsə belə iddia müddəti buraxılmamış, öhdəliyin icrası haqqında iddia kimi olsun, burada müddətin buraxulmasından söhbət gedə bilməz. İddia ərizəsi İPM-in 35.1-ci maddəsi baxımdan formal olaraq əsaslandırılmış məhkəmə icraatı mümkün iddiadır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddianın mümkünsüz olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. Cavabdehin apellyasiya şikayətinin, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara və 5 saylı Ərazi Vergilər İdarəsinin 13.05.2020-ci il tarixli xidməti məktubuna əsaslanaraq iddiaçının 25.537,50 manat məbləği konvertasiya etməsinə baxmayaraq, onun həmin vəsaitin mənbəyi haqqında izahat və ya təsdiqedici sənəd təqdim etmədiyinə istinad olunaraq Vergi Məcəlləsinin 33.3 və 34.4-cü maddələrinə əsasən onun vergi uçotuna alınmasını və ********** nömrəli VÖEN verilməsini əsaslı hesab edən dəlilləri ilə də razılaşmır. Belə ki, birincisi, iddia ərizəsinə və iddiaçının işdə olan vergi orqanına ünvanladığı ərizələrinə əsasən müəyyən olunur ki, o, 08.10.2013-cü il tarixində 28 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 60.000,00 manata satışından əldə etdiyi puldan, devalvasiyadan ehtiyatlanaraq 25.537,50 manat məbləğində hissəsini konvertasiya edərək 15.000 ABŞ dollarına çevirdiyini bildirmiş və həmin alqı-satqı müqaviləsini vergi orqanına təqdim etmişdir. İkincisi, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeyddiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir. Belə ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsindən görünür ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.1-ci maddəsinin məzmunundan görünür ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinin məzmunundan isə görünür ki, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinin məzmunundan isə görünür ki, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin məzmunundan isə görünür ki, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli **********003100 nömrəli qərarı ilə (14.06.2016-cı il tarixli **********005500 nömrəli, 19.01.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 1.5-ci bəndi də onu nəzərdə tutur ki: -“ Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir...” Vergi qanunvericiliyinin qeyd olunan imperativ tələbləri onu deməyə əsas verir ki, vergi orqanında fərdi sahibkar statusunda vergi ödəyicisi kimi qeydə alınması və VÖEN şəhadətnaməsi almaq üçün mütləq qaydada “Qaydalara” müvafiq ərizə formasına uyğun olaraq doldurulmuş və vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ərizənin verilməsi tələb olunur. Konkret halda isə vergi orqanına iddiaçı və ya onun hər hansı bir səlahiyyət verdiyi nümayəndəsi tərəfindən belə bir ərizə verilməmişdir. Qeyd olunmalıdır ki, cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib olunmur. İş materiallarından da görünür ki, məhkəmənin müvafiq sorğusu cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Əslində, cavabdeh apellyasiya şikayətində faktiki olaraq özü də təsdiq edir ki, İddiaçı vergi ödəyicisi kimi onun ərizəsinə əsasən deyil, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş, iddiaçının 25537,50 manat məbləğində pul vəsaitini konvertasiya etməsinə dair məlumatlara və 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubuna əsasən vergi uçotuna alınaraq, VÖEN şəhadətnaməsi verilmişdir. Halbuki, həmin hallar onun vergi uçotuna alınması üçün əsas kimi deyil, vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə vergi məsuliyyətinəə cəlb edilməsi əsas ola bilərdi. Belə ki, ən azından, Vergi Məcəllənin 58.2-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin cavabdeh orqan qeyd edilən səlahiyyətindən istifadə edərək, iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi qanunvericiliyində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Halbuki, Vergi Məcəlləsinin 1.3-cü maddəsininin imperativ tələbinə görə bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlara və vergi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almış və iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5032/2021 saylı 10.09.2021-ci il tarixli qərarı dəyişşdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5032/2021 saylı 10.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Aytən Oruczadə Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar