Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-618/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı prosessual hüquq varis İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair dair Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-1904/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsinə dair X3 adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Gülüstan” bağçılıq yoldaşlığı cəmiyyəti üzvlərinin 10 sentyabr 1989-cu il tarixli 03 saylı protokoluna əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 500 kv.m. olan 58 saylı bağ sahəsi daimi istifadə etmək üçün iddiaçıya verilmiş, bu hal lazımi qaydada rəsmiləşdirilmiş və iddiaçıya 58 saylı üzvük kitabçası verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Sözügedən bağ sahəsinin kimə, nə vaxt, hansı sənədlərə əsasən keçməsi iddiaçıya məlum deyildir və cavabdeh bu sənədlərin surətlərini onlara verməkdən imtina etmişdir. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsinin başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə əsas olmuş sənədləri və mülkiyyəti təsdiq edən sənədin surətinin ona təqdim olunması üçün müraciət etmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-1904/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi olmuş İddiaçı məhkəməyə vəsatət ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı (atası) X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin qərardadı ilə hazırkı inzibati iş üzrə İddiaçı X3 prosessual hüquq varisi kimi tanınmış və iddiaçı X5 prosessual hüquq varisi İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-1904/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 6/255 nömrəli, 21 iyul 1989-cu il tarixli qərarı ilə rayon şuraları icraiyyə komitələri yanında işçi komissiyalar tərəfindən baxılmış materiallara əsasən qeyd olunan rayonlarda idarələr, təşkilatlar və müəssisələr tərəfindən kollektiv bağların yaradılması üçün Lenin rayonunun Nardaran qəsəbəsinin şimal-qərbində bağçılıq ortaqlıqlarının ayrılmış massivi ərazisində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna ortaqlığın 150 üzvü üçün torpaq sahələri ayrılmışdır. - Azərbaycan Dövlət Neft X1 Yoldaşlığı Üzvlərinin “Gülüstan – 1” sahəsi üzrə siyahısından görünür ki, bağ sahəsi sahibləri qrafasında iddiaçı X3 adı 58-ci sırada olmuşdur. - Azərbaycan Neft və Kimya İnstitunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışın (dublikat) surətindən görünür ki, “Gülüstan-1” bağ sahəsində 58 saylı torpaq sahəsi (500 kv.m) X3 hesab olunmuş və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Protokol Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Universitetin Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 58 nömrəli üzvlük kitabçasının (dublikat) surətindən görünür ki, X5 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1989-cu il tarixli 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları sahəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 58 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün ona verilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Universitetin Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Həmkarlar İttifaqı Komitəsi “Gülüstan-1” Bağçılıq-yoldaşlığının üzvü X4 məxsus 58 nömrəli torpaq sahəsinin cizgisindən görünür ki, həmin torpaq sahəsi 500 kv.m-dir, torpaq sahəsi şimaldan – 59 saylı, cənubdan 57 saylı, qərbdən 29 saylı torpaq sahəsi və şərqdən isə keçidlə əhatə olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, X4 1989-cu ildə torpaq ayrılarkən qüvvədə olan (1971- ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan stifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin əlində hər hansı bir hüquqmüəyyənedici sənədin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, X5 58 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, ona ayrılmış torpaq sahəsini naturada göstərə bilməmişdir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktından görünür ki, daşınmaz əmlaka baxış keçirilməsi məqsədilə onunla telefon əlaqəsi saxlanılan zaman bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Eyni zamanda işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdehin mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilməsi üçün müddət verilmiş, həmin baxışın nəticəsi olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mübahisəli ünvana keçirilmiş baxışda mütəxəssisin iştirakı təmin edilmiş, iddiaçının istifadəsində bağ sahəsinin olmaması səbəbindən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsi digər şəxsin istifadəsinə verilmiş ərazi daxilindədir. Həmin şəxslə bağlı məlumatın əldə edilməsi məqsədilə verilmiş məhkəmə sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan hissənin hansı bağ sahəsinin ərazisi olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi X4 bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, o, həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan göstərdiyi torpaq sahəsi isə digər şəxslər tərəfindən hasara alınmaqla onların istifadəsində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X3 təqdim etdiyi Azərbaycan Neft və Kimya İnstitunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışın (dublikat) və Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 58 nömrəli üzvlük kitabçasının (dublikat) surətindən görünür ki, həmin sənədlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin möhürü ilə təsdiqlənmişdir. Lakin işdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli 06- 228 saylı məktubundan görünür ki, Universitetin arxivində yalnız “Azərbaycan Dövlət Neft X1 yoldaşlığı üzvülərinin Gülüstan-1 sahəsi üzrə siyahısı” mövcuddur. Həmin siyahının surəti məktuba əlavə edilmiş və o dövrün arxiv sənədləri isə 1989-cu ildə dövlət arxivinə göndərildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-1904/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-1904/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-618/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-618/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver