Məhkəmə qərarları › İş №2-1(103)-618/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-618/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-618/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “dərman vasitələrinin və təqdim edilməyən preparatların təqdim edilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı,xx.xx.2022-ci il tarixli məktub ilə “1-ci tip şəkər xəstəsi olduğunu və Nazirlər Kabinetininin 13 may 2005-ci il 87 nömrəli qərarına əsasən, İnsilun dərman vasitəsindən əlavə digər vasitələrin verilmədiyi qeyd etmiş və ərizəsində göstərdiyi vəsitələrin verilmədiyi ilə bağlı bir neçə inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh 13 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən iddiaçıya müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq qeyd edilmişdir ki, vətəndaş 1-ci tip şəkər xəstəliyinə görə tibb müəssisəsində həkim-endokrinoloq tərəfindən son 1-ildə 2 dəfə insulin testlə təmin edilmiş, hər ay 6 insulin şpris qələm (1 Levemir, Lantus, və ya İnsulin Qlaraginə 4 ədəd Novorepit və ya Apidra) peraparatı ilə təmin olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh 13 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nazirlər Kabinetin qərarına əsasən bu günə qədər, diabet xəstəsi kimi qeydiyyatda olduğu gündən bütün təqdim edilməyən prepartların iddiaçıya təqdim edilməsinə dair qərar qəbul olunması və qanunsuzluq edən poliklinika əməkdaşları barədə xüsusi qərardad qəbul edərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1-ci qrup diabet xəstəsidir və uzun illərdir ki, qanunsuzluqlarla qarşılaşır. Nazirlər Kabinetin 87 nömrəli qərarına əsasən dövlət tərəfindən diabet xəstələrinə pulsuz olaraq aşağıda qeyd edilən preparatlar təqdim edilir: “insulin şpiris qələmlər üçün ucluq gündə 2 ədəd, hər 5 gündən bir olmaqla illik 144 ədəd. “Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqları (1 qutuda 50 ədəd) ayda 1 qutu”. “Sidik şəkəri təyin etmək üçün vizual test-çubuqları(1 qutuda 50 ədəd) 3 aya 1 qutu”. “Sidikdə asetonun təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 əd) 3 aya 1 qutu. Buna baxmayaraq onlardan cəmi 2 ədəd qanda şəkəri təyin etmək üçün vizual test çubuqları verilib 1 il ərzində. İddiaçı hesab edir ki, bununla onun səhhətinə ziyan vurulur və həyatına qəsd edilir. Eyni zamanda ona maddi ziyan vurulur. İddiaçı qeyd edilən preparatları almamağına görə qeydiyyatda olduğu 13 saylı birləşmiş şəhər poliklinikanın baş həkiminə pretenziya göndərərək cavab almış və həmin cavabın əsasında məhkəməyə müraciyyət edərək poliklinikanın qanunsuz hərəkətlərin və hərəkətsizliyin qarşısını almaq məqasədi ilə bir vətəndaş kimi kömək istiyir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair 2-1(112)- 11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, “Diabet xəstəsi olan İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən preparatların ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” xahiş etmişdir. 8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

9. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dəqiqləşmə ərizəsi təqdim edərək, “İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh 13 saylı Birləşmiş Şəhər Xəstəxanası əsl olan cavabdeh “Cavabdeh” publik hüquqi şəxs ilə əvəz edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi Cavabdeh publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarında nəzərdə tutulmuş sayda inyeksiya və özünənəzarət vasitələri təqdim edilməmişdir. Belə ki, 25 iyul 2002-ci tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarından və ona əlavə edilmiş ödənişsiz reseptlərdən də müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş sayda inyeksiya və özünənəzarət vasitələri iddiaçıya təqdim edilməmişdir.

15. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi Cavabdeh publik hüquqi şəxsin üzərinə qoyulmalıdır.

16. Birinci instansiya məhkəməsi “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından zəruri məlumatlar tələb edilmişdir. Xəstəxana tərəfindən təqdim olunan məlumatlarda İddiaçı hansı tarixdən adıçəkilən tibb müəssisəsində qeydiyyatda olduğu və hansı dərman preparatları ilə təmin olunduğu göstərilmişdir. Məhkəmə işinin faktiki hallarını tam araşdırmadan, bəzi məqamlara aydınlıq gətirmədən, sübutlara qiymət vermədən öz mülahizəsinə görə vətəndaş E.Əliyevin xeyrinə qərar qəbul edilmişdir.Qeyd edilən məsələlərlə bağlı məhkəmənin qərarı əsassızdır, qəbul edilməzdir və bu səbəbdən ləğv edilməlidir. Bununla yanaşı qeyd etmək istəyirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı 12 avqust 2023-cü il tarixdə Mərkəzə daxil olmuşdur.Məlumat üçün bildirirlər ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in icraçı direktorunun PHŞ-6/3-1-334/2023 nömrəli 13 mart 2023-cü il tarixli əmrinə əsasən, 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Stasionar fəaliyyəti dayandırılmaqla çarpayı fondu ləğv edilmiş və yalnız ambulator-poliklinika fəaliyyəti təmin edilməklə 42 nömrəli Şəhər Poliklinkası adlandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının suallarına cavab olaraq hal-hazırda da 42 nömrəli Şəhər Poliklinkasında qeydiyyatda olduğunu bildirmiş və bunu təsdiq edən elektron qeydiyyata dair çıxarışı təqdim etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci bəndinə əsasən şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik hesab edilir. 7.2-ci bəndinə əsasən Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7.3-cü maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 9-cu bəndinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

27. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normalarının (Bu qərarın 22-ci bəndləri) təhlili göstərir ki, iddia tələbi əsaslıdır və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın ləğvinə yaxud dəyişdirilməsinə əsas təşkil etmir. 28.Belə ki, işin hallarından görünür ki, iddiaçı 1-ci qrup diabet xəstəsidir və dövlət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarına əsasən diabet xəstələrinə pulsuz olaraq aşağıda qeyd edilən preparatlar təqdim edilir: “insulin şpiris qələmlər üçün ucluq gündə 2 ədəd, hər 5 gündən bir olmaqla illik 144 ədəd. “Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqları (1 qutuda 50 ədəd) ayda 1 qutu”. “Sidik şəkəri təyin etmək üçün vizual test-çubuqları(1 qutuda 50 ədəd) 3 aya 1 qutu”. “Sidikdə asetonun təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 əd) 3 aya 1 qutu. Buna baxmayaraq onlardan cəmi 2 ədəd qanda şəkəri təyin etmək üçün vizual test çubuqları verilib 1 il ərzində.

29. İddiaçı hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarına əsasən diabet xəstəsi kimi qeydiyyatda olduğu gündən bütün təqdim edilməyən prepartların iddiaçıya təqdim edilməsini xahiş edir.

30. Cavabdeh iddiaçının tələb etdiyi prepartların iddiaçıya təqdim edilmiş olduğunu, yaxud təqdim edilməli olmadığını mübahisələndirmir.

31. İddiaçının müraciətinin təmin olunmamasının səbəbini isə onunla əsaslandırır ki, tibb müəssisəsində aptek olmadığı üçün 24 nömrəli Şəhər Poliklinikasının apteki tərəfindən imtiyazlı qrup xəstələri pulsuz dərman ressept ilə dərman təmin olunur. Həmin poliklinikanın aptekinə, Buzovna tibb anbarından imtiyazlı dərmanlar gətirilir, amma vətəndaşın istədiyi yuxarıda qeyd edilən (insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları) inyeksiya vasitələri imtiyazlı dərmanların əlavə edilməsi elektron sistemində olmadığından hər ay təmin etmək mümkün olmayıb.

32. Həmçinin, xx.xx.2021-ci ildən xəstənin aldığı dərmanlar barədə məlumat qoşma olaraq məhkəməyə təqdim edilmişdir.

33. Məhkəmə Kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, yuxarıda istinad olunan (bu qərarın 31ci bəndi) səbəb Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarına əsasən diabet xəstələrinə pulsuz olaraq təqdim edilməli preparatların verilməsindən imtina üçün əsas ola bilməz.

34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə Məhkəmənin işinin faktiki hallarını tam araşdırmadan, bəzi məqamlara aydınlıq gətirmədən, sübutlara qiymət vermədən öz mülahizəsinə görə vətəndaş E.Əliyevin xeyrinə qərar qəbul edildiyi göstərilsə də, işinin hansı faktiki hallarının tam araşdırmamasının, hansı məqamlara aydınlıq gətirməməsinin, hansı sübutlara qiymət verilməməsinin nədən ibarət olmasına cavabdeh istinad etməmişdir. 35.Həmçinin, cavabdeh apellyasiya şikayətində məhkəmənin qərarının niyə əsassız və qəbul edilməz olması barədə hər hansı dəlilə istinad etməməklə formal mülahizəsini bildirmişdir.

36. Apellyasiya şikayətində həmçinin məlumat üçün bildirilmişdir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in icraçı direktorunun PHŞ-6/3-1-334/2023 nömrəli 13 mart 2023-cü il tarixli əmrinə əsasən, 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Stasionar fəaliyyəti dayandırılmaqla çarpayı fondu ləğv edilmiş və yalnız ambulatorpoliklinika fəaliyyəti təmin edilməklə 42 nömrəli Şəhər Poliklinkası adlandırılmışdır.

37. Yuxarıda qeyd edilən məlumatın məhkəmənin qərarının ləğvinə hansı təsirinin olmasını da cavabdeh açıqlamasa da, məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə Kollegiyasının suallarına cavab olaraq iddiaçı hal-hazırda da 42 nömrəli Şəhər Poliklinkasında qeydiyyatda olduğunu bildirmiş və bunu təsdiq edən elektron qeydiyyata dair çıxarışı təqdim etmişdir. 38.Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 39.Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla mübahisələndirilən qərarın ləğvinə yaxud dəyişdirilməsinə əsas təşkil etmir.

40. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1889/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar