Məhkəmə qərarları › İş №2-1(103)-618/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-618/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-618/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8073/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1960-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur və xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Əmək kitabçamdan görünür ki, iddiaçının əmək stajı 25 ildən artıq dövrü əhatə edir. Buna görə də o, cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir və ona xx.xx.2024-cü il tarixli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna əsas kimi xx.xx.1978-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi əmək kitabçamın doldurulması qaydasının pozulmasını əsas gətirmişlər. Bildirir ki, cavabdehin qeyd etdiyi əsas tamamilə qanunsuz və əsassızdır. Çünki əmək kitabçasının doldurulma qaydasında problemin olması iddiaçının sığorta stajının olmaması anlamına gəlmir. Belə ki, “Əmək Pensiyaları haqqında” qanunda 25 il sığorta stajının olması əmək pensiyasının təyin edilməsinə əsas verdiyi qeyd edilmişdir. Əmək kitabçası sığorta stajının olmasını müəyyən edir və həmin sənəd işəgötürən tərəfindən doldurulur. İndiki halda onun doldurulma qaydasında işəgötürən tərəfindən səhvin edilməsi (əgər həqiqətən pozulmuşdursa) onun həmin dövrlərdə sığorta stajının olmaması anlamına gəlməsi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əmək kitabçasının doldurulma qaydasında yol verilmiş qüsurlara görə məsuliyyət işəgötürən məsuliyyət daşıyır və həmin məsuliyyətə görə iddiaçının sığorta stajının nəzərə alınmaması hüququn bütün prinsiplərinə ziddir. Ümumiyyətlə qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasında qüsurun olması sığorta stajının nəzərə alınmaması üçün əsas olması barədə heç bir müddəa mövcud deyildir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8073/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8073/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü Səfərova X2 rayonu, Quycaq kəndi ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus xx.xx.1996-cı il tarixli İT-1 ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Ə.Ç.Əmirov adına Neft və Qazların idarəsi 89 saylı körpələr evi uşaq bağçasında tərbiyəçi-köməkçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. - xx.xx.1992-ci il tarixli İT-1 ******* nömrəli əmək kitabçasının (İİ hissə) surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə D.Xankişiyev adına kolxoza kolxozçu təyin edilmişdir. xx.xx.1979-cu ildə C.Əhmədov adına sovxoza fəhlə təyin edilmişdir. xx.xx.1990-cı ildə kolxoz üzvlüyünə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə erməni təcavüzü nəticəsinə görə kolxoz üzvlüyündən azad edilmişdir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 11/30 nömrəli məktubunda bildirilir ki, Cəbrayıl rayon xx.xx.1993 cü il tarixdə işğal olunan zaman arxiv sənədləri işğal zonasında qaldığı üçün D.Xankişiyev adına kolxoz haqqında heç bir məlumat yoxdur odur ki, Vətəndaş İddiaçı haqqında Cəbrayıl rayon Dövlət arxivində məlumat yoxdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi X1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-S-55785/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim hesablanır. ili üçün bir il azaldılmaqla Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajınız 15 il 7 ay 25 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 3 il 9 ay 25 gün sığorta stajınıza uyğun olaraq 3848,70 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək (11 il 10 ay sığorta stajınıza uyğun) 7571,53 manat olmaqla, ümumilikdə 11420,23 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019- cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, sizə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017- ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22- 1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilrnəyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2023-cü il tarixdən qadınlar üçün pensiya yaşı həddi 63 yaş 06 aydır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 63 yaş 06 ayını xx.xx.2024-cü il tarixdə tamamlamışdır. İddiaçının pensiya təminatı üçün tələb olunan 25 il ümumi stajı toplanmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Göründüyü kimi əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin imtinasının əsasları ilə razılaşır. Belə ki, məhkəməyə təqdim edilmiş ******* nömrəli əmək kitabçası 2 hissədən ibarətdir. Əmək kitabçasının birinci hissəsi xx.xx.1996-cı il tarixdə doldurulmuş, həmin hissə iddiaçının xx.xx.1996-xx.xx.1998, xx.xx.2003-xx.xx.2017-ci il tarixədək olan 15 il 06 ay 28 gün mübahisələndirilməyən əmək fəaliyyəti dövrlərini əks etdirir. İddiaçının xx.xx.1978-ci il, yəni daha əvvəl başlanan əmək fəaliyyəti qeydləri isə eyni əmək kitabçasının birinci hissəsində deyil, xx.xx.2017-ci il tarixli işdən azad olmadan sonra ikinci hissəsində qeyd edilməklə həmin hissənin xx.xx.1992-ci ildə doldurulduğu qeyd edilmişdir. Əmək kitabçasının xx.xx.1978-xx.xx.1993-cü ilədək kolxoz və sovxozda işlədiyi dövr qeydlərində əmrlərin tarixləri göstərilməmiş, qeydlər səlahiyyətli şəxslərin imza və möhürləri ilə təsdiq edilməmişdir. Yalnız sonuncu qeyd imzalanaraq kolxoza aid möhürlə təsdiq edilsə də, 1978ci ildən etibarən 1993-cü il tarix də daxil olmaqla qeydlərin eyni şəxs və eyni qələmlə icra olunduğu adi gözlə müşahidə olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajı kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Belə ki, şəxsin kolxozda işləməsini təsdiq edən kolxozçunun kitabçası və ya əmək kitabçasında kolxozçunun işlədiyi kolxozda qəbul edilən minimum adam günü (əmək günü) norması, həmçinin il ərzində kolxozçunun faktiki işləmiş olduğu adam günü (əmək günü) qeyd olunur. Eyni zamanda, kolxozların arxivlərdə saxlanılan şəxsi hesab kitablarında kolxozda işləyən kişi və qadınlar üçün il ərzində işləməsi tələb olunan minimum iş günləri və işləmiş olduqları faktiki iş günləri də qeyd olunur. Bu zaman kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınır. Belə ki, kolxozda işləmiş kişi və qadınlar üçün il ərzində işləməsi müəyyən olunmuş minimum adam günü (əmək günü) və ondan çox olduqda - tam il, minimum adam günü (əmək günü) iş günlərindən az olan olduqda isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır. Beləliklə, qanunla kolxozçunun ümumi iş stajı kolxoza işə qəbul və işdən çıxma barədə tarixlər əsas götürülməklə deyil, kolxozdakı minimum iştirak norması əsasında müəyyən edilir. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1978-xx.xx.1993- cü illərdə Xankişiyev adına kolxozda işə qəbul edilməsi, işdən azad edilməsi barədə qeydlər edilsə də kitabçada iddiaçının kolxozda işlədiyi dövr üzrə kolxozda minimum adam günü və iddiaçının işlədiyi faktiki müddət göstərilməmişdir. Eyni zamanda iddiaçının adıçəkilən kolxozda işləməsi arxiv sənədləri ilə də təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8073/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8073/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar