Məhkəmə qərarları › İş №2-1(103)-619/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-619/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-619/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1900/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 30 ildən artıq istifadəsində olan mərhum atası X4 adına olan 117 B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Soveti İcrayə Komitəsinin xx xxxx 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSRİ Nazirlər Kabinetinin xx xxxx 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bağ tikinti kooperativ tərkibində başqa vətəndaşlar kimi iddiaçının mərhum atası X6 Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 107 B nömrəli bağ sahəsi ayrılmışdır. X3, Bakı şəhər icra Hakimiyyətinin xx xxxxxx 1993-cu il tarixli 230 nömrəli qərarı ilə həmin sahəyə 72 saylı order verilmişdir. Həmin torpaq sahəsi 30 ildən artıq müddətdə istifadələrində olsa da, daşınmaz əmlakın Reystr Xidmətində hüquqi qeydiyyata aldıra bilmir. Heç bir mübahisə predmeti olmayan Dövlət Torpaq Komitəsi tərəfindən xx xxxxx 2012-ci ildə qanunu sənədlər əsasında AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin məsul əməkdaşları bağ sahəsinə baxış keçirərək, həmin torpaq sahəsinin plan və ölçüsü müəyyən edilərək AR N 39 6971 nömrəli katastr planı tərtib edilmişdir. Uzun illərdir ki, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 117 B sayılı sahəsi 0,12 Ha bağ olan sahəsinin hüququ qeydiyyata alınması çıxarış verilməsi üçün Bakı şəhəri 1 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti idarəsinə rəsmi müraciət etsə də xx xxxxxxx 2018-ci il tarixli **********43 saylı məktubla cavab verirlər ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair oderin nüsxəsi aşkar olunmamış, bundan əlavə elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən sahə 117B saylı bağ ərazisindən 45 metr aralı məsafədə yerləşir. Bu səbəblərdən cavabdeh təşkilat imtina verir. 30 ildən artıq bugünə kimi iddiaçının istifadə etdiyi mərhum atasının adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 117 B sayılı sahəsinə zəbt olunma, artıq sahədən istifadə digər heç bir mübahisəsi olmasa da daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının qeydiyyata alınmaması hüquqi sənədlərinin tərtdib edilməsində iddiaçı üçün problemlər yaradır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 30 ildən artıq istifadəsində olan mərhum atası X4 adına olan 117 B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 117b saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1900/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 117b saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın(arayışın) və plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin arxiv sənədlərində bağ sahəsinə dair orderin nüsxəsi aşkar olunmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “117B” saylı bağın ərazisindən 145 metr aralı məsafədə yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunauyğun imtina məktubları ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin X3 Buzovna bağlar sahəsindəki 37 nömrəli kooperativin 72 nömrəli orderinə əsasən Səfərov X17 Buzovna bağlar sahəsində 37 nömrəli BTK nəzdinə 0.12 ha torpaq sahəsi olan 117B nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən mərhum X6 Bakı şəhər İH-nin xx.xx.1993-cü il tarixli 230 saylı qərarı və BTİ və İBnin 72 saylı orderi ilə 1200 kv.m. olan 117b saylı bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət kadastr kitabında xx.xx.2012-ci il tarixdə 30796 nömrə ilə uçota alınmış, A 396971 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 230 saylı sərəncamında çıxarışa əsasən X6 Buzovna 37 saylı BTK nəzdində bağ sahəsi ayrılmışdır. X4 xx.xx.2008-ci il tarixdə vəfatı ilə əlaqədar X5, X9, X11, İddiaçı və X7 ərizələri əsasında tərəflərindən vərəsəlik işi açıldığı, vərəsələrin dairəsi müəyyən olunduğu və onlar miras qoyanın vərəsəi kimi tanındıqları qeyd olunmuşdur. X4 adına olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi, 117b saylı bağ evi ünvanında yerləşən torpaq sahəsinə və tikililərə dair müvafiq sənəd verildikdə sonra onun vərəsələrinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 30 ildən artıq istifadəsində olan mərhum atası X4 adına olan 117 B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh inzibati orqan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi əsası ilə iddiaçının müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 117b saylı bağ sahəsinin iddiaçının mərhum atası X6 məxsus olmasının iş materiallarında olan 37 saylı BTK-nın 72 saylı orderi ilə öz təsdiqini tapdığı qənaətinə gəlib cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab etmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2008-ci ildə vəfat etmiş atasının, yəni mülki hüquq qabiliyyətinə xitam verilmiş X4 adına mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhum atasının miras əmlakına dair vərəsəlik şəhadətnaməsiniə malik olmadığı üçün, vəfat etmiş atasına ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.12-ci bəndinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xidməti vəzifələrindən biri də daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etməkdən ibarətdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin X3 Buzovna bağlar sahəsindəki 37 nömrəli kooperativin 72 nömrəli orderinə əsasən Buzovna bağlar sahəsində 37 nömrəli BTK nəzdinə 0.12 ha torpaq sahəsi olan 117B nömrəli bağ sahəsi Səfərov X17 ayrılmış, Səfərov X20 xx.xx.2008-ci ildə vəfat etmiş, mərhumun vərəsəsi İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qeyd olunan bağ sahəsinə arayış verilməsi tələbi ilə müraciət etməli olduğu halda, ölən şəxsin adına çıxarış verilməsini xahiş etmiş, onun müraciəti təmin edilməmiş, birinci instansiya məhkəməsi mərhumun adına qanunsuz olaraq çıxarış verilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbindən göründüyü kimi, sübütetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2018-ci il tarixli, **********93 nömrəli imtinası mahiyyətcəqanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri) Lakin, şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının pozuntusuna yol verməklə, səhv qərar qəbul etmişdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1900/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar